Xəbər lenti

Məmməd TAHİR



ÇİYNİNDƏ MƏLƏKLƏR DURAN ADAM


 


Başımı qaldırdım, gördüm göy üzü,


Aşağı endirdim, gördüm ki, yerdi.


Göy üzü könlümə ilahi sözü,


Yer gülü burnunda duyğular verdi.


Rübəndi açıldı, göründü üzü,


Gördüm ki, könlündən axan şeirdi.


 


Başımı qaldırıb baxdım yuxarı,


Gördüm göy üzündən bir adam enir.


Fikirdi gəliri, sözdü çıxarı,


O adam əlində yanar şam enir.


Səhər uçur göyə günəş doğmamış,


İçi sözlə dolu hər axşam enir.


 


Yuyur ürəyini ay işığıyla,


Bir təzə arzu var, təzə dilək var.


Uçur, qanadı yox, enir qanadsız,


Qorxmur, bu adamda, vallah, ürək var.


Başımı qaldırıb baxdım, ilahi,


Gördüm ki, çiynində bir cüt mələk var.


 


Başımı endirib baxdım aşağı,


Gördüm ki ovunub, kiriyib gedir.


Çiynində mələklər duran adamın


İçində yanan şam əriyib gedir.


O şam işığında


Ağ kölgə üstüylə yeriyib gedir.


Ağlamır, ovunub, kiriyib, gedir.


 


ARTIR ŞEYTANLARIN PAYI


 


Artır qətllərin sayı günbəgün,


Artır şeytanın da payı günbəgün,


Adam öldürülür cəzası on il.


İnam öldürülür, cəzası yoxdu,


Cəzalar azalıb elə bil son il,


Azalan cəzanın davası yoxdu.


Təbəssüm azalıb, gülüş azalıb,


Dostlar arasında görüş azalıb.


Səbəbkar aranır,


Səbəb aranmır.


Dostluğun qiyməti, tələb aranmır.


Qohumlar soyuyub biri-birindən,


Baxır, yıxılanın tutmur əlindən.


Gəzir aramızda gülüş qatili,


Təbəssüm qatili gəzir, görmürük.


Uzundur hamıdam qatilin dili,


Öldürür birini, əzir, görmürük.


Sənin duyğuların, mənim hisslərim


Onun gülüşünün hədəfi olur.


Yaxın adamların, doğma kəslərin,


Elə şərəfsizin tərəfi olur.



Artır şeytanların sayı günbəgün,


Artır qatillərin payı günbəgün.

YER EYLƏ


 


İsitmir canımı soyuq nəfəsi,


Bu ömrü təzədən yarat, var eylə.


Yaman daralıbdı bu yer kürəsi,


İlahi, sən mənə bir az yer eylə.


 


Əyilib ucalan yuxarı qatda,


Yıxılan yıxılır, durur, əl çalır.


İstedad əzilir ayaqlar altda,


Dişsiz iddialar basabas salır.


 


Qısalıb bir güllə mənzili qədər,


Dünyanın o başı, bu başı yoxdu.


Axşam yediyini unudur səhər,


Biləsən, dünyanın yaddaşı yoxdu.


 


Verdin, nə verdinsə, hər cürəsindən,


Açmadım, açmıram, sən də sirr eylə.


Köçmək istəyirəm yer kürəsindən,


İlahi, yanında mənə yer eylə.


 


CAN YİYƏSİ


 


Canın çoxdan torpaq olub,


Xəbərin yox, can yiyəsi.


Pöhrələyib yarpaq olub,


Sən cuvardın, qan yiyəsi.


 


Əcəl səndən baxtı çalıb,


Bir kəmfürsət taxtı çalıb,


Biri yeyib, toxdu, çalıb,


Olub şöhrət, şan yiyəsi.


 


Yer haqqını halal edər,


Göy haqqını halal edər,


Bir gün sorğu-sual edər,


Vaxt yiyəsi, an yiyəsi.


 


BU GECƏ NƏ GÖZƏL GECƏ

Bu gecə nə gözəl gecədi, allah,


Bir meşə içində, dağ ətəyində,


Qurd-quş yuvasında,


Arılar pətəyində.


Hələ duyğular var, beçədi, vallah.


Yer zülmət içində, göy də zülmətdi,


Bu an, bu dəqiqə bir qənimətdi.


İlbizlər səs-səsə verib oxuyur,


Belə bir gecədə


Yaşamaq bəlkə də bir səadətdi.


Yarpaq xışıldayır, budaq tərpənir,


Başımın üstündən uçur yarasa,


Bir ulduz sürüşür, külək ürpənir,


O ulduz quş olub qonur harasa.


Ay yerdən əyilib baxır özünə,


Ulduzlar adamın gülür üzünə.


Meşə, dağ ətəyi,


Sərin bir gecə,


Yoxdu bu gecənin əvəzi vallah.


Sərxoş cırcırama aravermədən


Birinin eşqiylə oxuyur elə,


Bu gecə nə gözəl gecədi, allah.


Ancaq yaşamaqdı


Bu gözəl gecənin əvəzi vallah.


 


EH...


 


Ev, yol, həyət,


Hər guşəsi üzümə açıq məmləkət.


Nə pəncərəsində barmaqlıq,


Nə də qapısında kilid var.


Nə yolumu kəsəcək polis,


Nə məni tutacaq it var.


Azadam, hey, azadam,


Sevincdən var gücüylə


Çığırmaq istəyir adam.


Eh, insan ürəyi sirr.


Bir anda könlündən nələr keçir.


Məmləkətlər gəzmək,


Görməli yerləri görmək.


Dünya böyük,


Dünya geniş.


Yollar açıq,


Hər yer mənə qucaq açır.


Gəzməyə, görməyə hara yox ki.


Eh...


Amma mənim cibimdə


O qədər para yox ki.

SƏNDƏN UZAQLARDA


 


Səndən uzaqlarda xatırlamağa,


Nə ay var, nə gün var, nə də işıq var.


Nə güldə, çiçəkdə yar-yaraşıq var


Səndən uzaqlarda xatırlamağa.


 


Səndən uzaqlarda soyuq bir sükut,


Nə torpaq tərpənir,nə daş danışır.


Bir nazlı göy üzü, işvəli bulud,


Astaca yeriyir, yavaş danışır.


 


Nə yarpaq həniri, nə titrəyən meh,


Nə də səhər üzü gül üzündə şeh.


Kimsəyə könlünün odunu vermir.


Öpürəm çiçəyin, gülün üzündən,


Görürəm heç sənin dadını vermir.


 


Bir dağ ətəyində, meşə içində,


Üç günlük beş günlük müsafir olsan.


Sevgi ürəyində, ümid içində,


Yerlə dostluq etsən, göylə bir olsan,


Səndən uzaqlarda xatırlayaram,


Könlümü oxşayan bir şeir olsan.


 


Çiçəyin ətri var, gülün qoxusu,


Göyün göylüyü də xoşdu damağa.


Səndən uzaqlarda


Başqa bir dünya var xatırlamağa.


 


ÇİMƏRLİK MÖVSÜMÜ


 


Dəniz, sahil, göy üzü,


Sular çırpır qanadını.


Qumlu sahil


Qırır dalğaların inadını.


İsti yay mövsümü,


Dalğalar aşıb-daşır.


Adamlar çimərlik paltarında


Dalğalarla qucaqlaşır.

 Könlüm sulara əsir.


Dalğalar hiddətli,


Ləpələr tir-tir əsir.


Sular qaynayıb qalxır.


Qırmızı çimərlik paltarlı bir qız


Qoşulub dalğalara axır.


Ləpələr o qıza baxır,


Dalğalar o qıza baxır,


Adamlar o qıza baxır.


Bir sözlə, hər kəs o qıza baxır.


Qız isə sulara qoşulub axır.


Qaçdı-tutdu oynayır,


Dalğalar bir-birini


Aldadır, ötüb keçir.


O qızın ağappaq çiyinlərini sığallamaq


Sahildə dayanıb


Suya girməkdən qorxan


Yaşlı bir kişinin də


Ağlından keçir,


Qız da həyəcanlıdı,


Dalğaların arasında


Kimisə axtarır gözü.


Ləpəli dəniz,


Qaynar sahil,


Bir də...


Günəşli göy üzü.


 


SƏN HƏLƏ PAYIZSAN


 


Bir də belə qalxsan altdan yuxarı,


Könlünü incidib, canını yorsan.


Görərsən gedirsən payıza sarı,


Özünü tapmazsan, kimsədən sorsan.


 


Bir də görərsən ki, payızsan elə,


Saçından sapsarı yarpaqlar düşür


Yaşılı baharın, yayın bəxtinə,


Payızına sarı yarpaqlar düşür.

Gecələrin uzun, gündüzün qısa,


Özün öz içində yalqız olarsan.


Yoxuşu ağaran, yamacı solan,


Suları buz kimi payız olarsan


 


Quruyar çiçəyin, saralar gülün


Bir çimir havana gün soyuq düşər


Göyün yuxuludu, yerin mürgülü,


Ayları gizlərsən, gün duyuq düşər.


 


Üşüyən ağacsan, soyuyan bulaq,


Bir də görərsən ki, elə yalqızsan.


Dağlar at belində bahara köçür,


Sən elə payızsan, hələ payızsan.


 


KÖNLÜM UNUDUR


 


Günəşun işığı düşür torpağa,


Gecə əzabını gündüz unudur.


Çiçəklər könlünü açır torpağa,


Yağan yağışın da sevgisi budur.


Yetməz ulduzlara ayın çəkdiyi,


Yükü var hərənin özünə görə.


Yerin daşıdığı, göyün çəkdiyi


Ölçülür oduna, közünə görə.


Adamlar daşıyır adam yükünü,


Adam olmağın da dərdi böyükdü.


Arılar daşıyır bir şam yükünü,


Balı süzüləndə pətək də yükdü.


Çiçəklər solğundu, yarpaqlar quru,


Üstündə soyuğun sığalı durur.


Tanrı yuvasənda yedirir koru,


Sərçə yuvasını təzədən qurur.


Axır qızıl qanım, dönür yarpağa,


Canım ya bir çiçək, ya ot unudur.


Günəşin işığı düşür torpağa,


Gecəki əzabı könlüm unudur.


 


BU KÜÇƏ, BU ŞƏHƏR

Toxuyub yolları, əyirib gəlir,


Yollar ayaq tutub yeriyib gəlir,


Gedirəm, arxamca yüyürüb gəlir


Bu payız, bu küçə, bir də bu şəhər.


 


Ağlama, inanmır göz yaşlarına,


Dən atmaz, su verməz, çöl quşlarına,


Yol olmaz bir yetim baxışlarına,


Bu payız, bu küçə, bir də bu şəhər.


 


Çiçəyə toxunan yeli söz eylər,


Gülün üzündəki şehi köz eylər,


Şeytana söz atar, cinə göz eylər


Bu payız, bu küçə, bir də bu şəhər.


 


Səni tanımaza, bilməzə sevməz,


Nə yeyər, nə içər, mey-məzə sevməz,


Məsələ inanmaz, bilməcə sevməz


Bu payız, bu küçə, bir də bi şəhər


 


Bəd xəbər gətirən, gələn çapardı,


Mərəkə eylədi, tufan qopardı,


Əlimdə nə vardı, alıb apardı


Bu payız, bu küçə, bir də bu şəhər.


 


İNDİ SƏN ALDAT


 


Nə var aldatmağa məni bu yaşda,


Ömrün o başında çox aldatmışam.


Sən də aldatırsan indi bu başda.


 


Səni istəmədən çox üzdüm, düzü,


Bəzən sən dözmədin, mən dözdüm düzü.


 


Vaxt oldu halına acımadım heç,


Demirəm sən indi günahımdan keç.


Bu, sənə təsəlli olsun demirəm,


Aldatan aldanır bəlkə də tez-gec.


 


Bəzən zəif-zəif döyünüb durdun,


Bəzən gileyləndin, deyinib durdun.


Bir dünya yaratdın, ulduzu, ayı,


Yerini toxudun, göyünü qurdun.


 


Könül, köhnə ömrə mən də bir xışam,


Ək təzə günlərə təzə dən, aldat.


Ömrün o başında mən aldatmışam,


Ömrün bu başıdı, indi sən aldat.




Ana səhifəyə qayıt        Baxış: 1 337          Tarix: Dünən, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma