Xəbər lenti

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib. 

Mərkəzdən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və ya Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq olar. Jurnalı həmçinin  www.abiturient.az saytından sifariş etmək mümkündür.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 072          Tarix: 12-08-2017, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma