Sabunçu rayon Polis İdarəsinin rəisi, Nardaran əməliyyatının iştirakçısı, polis polkovniki Eldar İlyasov APA-ya müsahibə verib.
Ovqat.com müsahibəni təqdim edir:
- Hüquq-mühafizə orqanları tərəfindən Nardaranda xüsusi əməliyyat keçirilməsindən iki il ötür. Heç kimə sirr deyil ki, Nardaran qəsəbəsində dini radikalizmə meyllilik hər zaman olub. Niyə məhz 2015-ci ilin noyabrında bu qəsəbədə belə bir əməliyyatın keçirilməsinə zərurət yarandı?
- Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaranda uzun illər qayda-qanun olmayıb. Bu qəsəbənin sakinləri uzun illər dövlət qanunlarına hörmətsizlik nümayiş etdiriblər. Hələ müstəqillik illərindən əvvəl Nardaranda sovet qanunları belə işləmirdi. O zamanlar da Nardaran sakinləri hökuməti tanımırdı və qəsəbə "dədə-baba" qanunları ilə idarə olunurdu. Vətəndaşlar bu qəsəbədə qanunla, icra hakimiyyətinin müvafiq sərəncamı ilə onlara verilmiş torpaqlarda ev tikə bilmirdilər. Bir qrup qəsəbə sakini həmin vətəndaşı açıq-aşkar hədələyirdi, ölümlə təhdid edirdi. Deyirdilər ki, bura bizim dədə-baba torpaqlarımızdı, burda ev tikə bilməzsən, əgər tikəcəksənsə, o evi yandıracağıq. Təbii ki, bütün bunlar dövlətimizin nəzarətində idi. Qəsəbə sakinləri ilə daim profilaktiki söhbətlər aparılırdı, onlara ölkənin qanunları izah edilirdi, bir sözlə, qəsəbədə nizam-intizam yaratmağa çalışırdıq. Təəssüflər olsun ki, qəsəbə sakinləri dövlət qanunları ilə hərəkət etmək istəmirdilər. Onlar başa düşmürdülər ki, Azərbaycanın dövlətinin qanunları var və bu qanunları heç kim poza bilməz.
Müstəqillik illərindən əvvəl Nardaranda sovet qanunları belə işləmirdi. O zamanlar da Nardaran sakinləri hökuməti tanımırdı və qəsəbə "dədə-baba" qanunları ilə idarə olunurdu.
2015-ci il noyabr ayının əvvəlində Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən özlərini "Müsəlman Birliyi" adlandıran təşkilatın nümayəndəsi Elçin Qasımov hakimiyyət nümayəndəsinə zor tətbiq edərək müqavimət göstərdiyi üçün saxlanıldı. Noyabrın 5-də saxlanılan şəxsin atası və bir qrup Nardaran sakini polis idarəsinin qarşısına toplaşaraq Elçin Qasımovun azad edilməsini tələb etdi. Biz onun atasını qəbul elədik və ona başa salmağa çalışdıq ki, oğlunuz qanunu pozub, o da qanunu pozan hər bir vətəndaş kimi qanun qarşısında cavab verməlidir. Bura toplaşıb yersiz tələblər irəli sürməklə bu məsələ həll olunmayacaq. Lakin onlar bizi eşitmədilər. Əksinə, sosial şəbəkələrdə dövlətimizə və dövlətçiliyə qarşı müxtəlif çağırışlar etməyə başladılar. İdarənin qarşısına toplaşan kütlə polisə hücum çəkdi. Bir neçə polis əməkdaşına xəsarət yetirdilər. Lakin qısa müddətdə onların hücumu dəf edildi və xeyli sayda şəxs saxlanıldı.
Bizə məlumatlar daxil olurdu ki, onların sakitləşmək niyyəti yoxdur və respublikanın müxtəlif rayonlarından Nardarana adam toplayırlar. Onların məqsədi polis idarəsinə daxil olaraq silah-sursat əldə etmək və respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror törətmək idi. Məlum məsələdir ki, dini radikalizm və ekstremizmin genişlənməsi təhlükəsizlik risklərini artmasına səbəb olur. Belə məqamlarda müəyyən xarici qüvvələr də ölkədəki vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq üçün radikallardan istifadə edirlər. Fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmağa cəhd göstərirlər. İki il əvvəl Nardaranda baş verənlər də bu cəhdlərin nəticəsi idi.
Nardaranda dövlətçiliyə qarşı çıxanların başı üstündə Azərbaycanın deyil, "Hizbullah"ın bayrağı dalğalanıb.
Bizə məlumat daxil oldu ki, Taleh Bağırov dövlətimizin konstitusiya quruluşunu zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıb. Onlar Bakıda və respublikanın digər bölgələrində özlərinə tərəfdarlar toplayaraq onları odlu silah, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmin şəxslər Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə ediblər və əhaliyə çağırış vərəqələri paylayıblar. Bu məsələyə qeyri-ciddi yanaşmaq olmazdı. Azərbaycan dövləti vaxtında buna müdaxilə etməsəydi, sizə əmin edirəm ki, bunun nəticələri çox ağır ola bilərdi. Bütün bunları nəzərə alan Daxili İşlər Nazirliyinin rəhbərliyi həmin şəxslərin tutulması məqsədilə Nardaranda xüsusi əməliyyat keçirilməsinə qərar verdi. Noyabrın 26-da baş tutan əməliyyat zamanı cinayətkar qrup polis əməkdaşlarına silahlı müqavimət göstərərək, avtomat silahlardan atəş açdı və polisə əl qumbarası atdı. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edildi, dəstənin digər üzvləri ələ keçirildi. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis əməkdaşları öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirdi və 2 əməkdaşımız qəhrəmancasına həlak oldu. Azərbaycan dövlətinin vaxtında müdaxiləsi nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin planlarını ifşa olundu.
Nardaranda gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib.
Bu gün özlərini müxalifət adlandıran bəzi qüvvələr utanmazcasına iddia edir ki, guya Nardaran hadisələrini elə polis özü düzüb-qoşub. Xalqdan dəstək ala bilməyən bu adamlar Nardaranda dövlətçiliyə qarşı çıxan şəxsləri müdafiə etməklə özlərinə tərəfdar toplamağa çalışırlar. Onlara xatırlatmaq istəyirəm ki, müdafiəsinə qalxdıqları həmin şəxslər, müstəqil Azərbaycan dövlətinə, dövlət atributlarımıza hörmətsizlik edən adamlar olub. O adamlar ki, onların başının üstündə Azərbaycanın üç rəngli bayrağı deyil, "Hizbullah"ın bayrağı dalğalanıb.
- Məlum olduğu kimi, son hadisələrə qədər Nardaran qəsəbəsi Bakının digər kənd və qəsəbələrindən tam fərqlənirdi. Bu qəsəbə sanki dini qayda-qanunlarla idarə olunurdu, valideynlər qız uşaqlarını məktəbə buraxmırdılar, qəsəbəni ağsaqqallar idarə edirdi. Əməliyyatlardan sonra Nardaranda nələr dəyişib?
- Bəli, 2015-ci ilədək Nardaranda təhsil yox səviyyəsində idi. Nardaranlılar hər zaman uşaqlarının təhsil almasının əleyhinə olublar. Onlar qız uşaqlarını ümumiyyətlə dərsə göndərmirdilər. Valideynlər azyaşlı uşaqlarını dini mərasimlərə aparırdı, lakin məktəbdə təhsil almağa göndərmirdilər. Bu gün isə vəziyyət tamam dəyişib. Polis Nardaranda yalnız təhlükəsizlik işləri ilə məşğul olmur. Polis həm də təhsildən yayınan uşaqların ailələri ilə maraqlanır. Uşaqların məktəbə getməsi üçün valideynlərlə danışıqlar aparır. Hətta elə valideynlər olub ki, bəhanə ediblər ki, paltarı olmadığı üçün uşağını məktəbə göndərə bilmirlər. Polis həmin uşaqların geyimini təmin edib. Baxırsan ki, yenə o valideynlər uşaqlarının təhsil almasını istəmirlər. Aparılan təbliğat işləri nəticəsində 2016-cı ildə təhsildən yayınan əksəriyyəti qız uşağı olmaqla 55 nəfərin hamısı yenidən məktəbə qaytarılıb. 2017-ci ildə isə təhsildən yayınan 23 nəfərdən 20-si məktəbə qaytarılıb. Qalan 3 nəfər isə yaşayış yerini dəyişdirdiyi üçün başqa məktəblərə gedib. Bu gün Nardaran məktəbində davamiyyətə 100 % əməl olunur.
Onu da qeyd etməliyəm ki, əvvəlki illərdə Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar. Bu qəsəbədə gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib. Qalanları müxtəlif səbəblərə görə hərbi xidmətə düşməyənlərdir.
Son hadisələrə qədər Nardaranda cinayət törədən şəxslər məsuliyyətdən yayınırdı. Kimsə kiməsə bıçaqla xəsarət yetirdikdə onlar bunu öz aralarında həll edirdilər. Bunların "qanun"ları ilə bıçaqlanan şəxs sağaldıqdan sonra onu bıçaqlayanı bıçaqlamalıydı, bununla da iş bitirdi.
Nardaran sakinləri 2015-ci ilədək birmənalı olaraq kommunal xərcləri ödəmirdilər. Qəsəbə sakinləri ilə aparılan profilaktiki tədbirlər nəticəsində 2016-cı ildə 43 min 608 manat, bu il isə 13 min 819 manat (ümumilikdə 54 min 427 manat) dövlət nəfinə pul ödəyiblər.
Əvvəlki illərdə Nardaran sakinləri arasında polisə müraciət edən demək olar ki, olmurdu. Onlar problemlərini öz "qanun"ları ilə həll edirdilər. Son hadisələrə qədər bu qəsəbədə cinayət törədən şəxslər məsuliyyətdən yayınırdı. Kimsə kiməsə bıçaqla xəsarət yetirdikdə onlar bunu öz aralarında həll edirdilər. Bunların "qanun"ları ilə bıçaqlanan şəxs sağaldıqdan sonra onu bıçaqlayanı bıçaqlamalıydı, bununla da iş bitirdi. Nardaranda belə bir özbaşınalıq hökm sürürdü. Lakin artıq belə deyil. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə hadisələrdən dərhal sonra Nardaranda yeni polis bölməsi tikilərək istifadəyə verildi. Bu bölmənin hər bir əməkdaşını, polis nəfərindən tutmuş bölmə rəisinə qədər hamısını cənab Ramil Usubov qəbul etdi. Onların qarşısına mühüm vəzifələr qoydu və tövsiyələrini verdi. Bu gün Nardaranda demək olar ki, ağır cinayət hadisələri qeydə alınmır. Baş verən cinayət hadisələrinin 96 faizinin açılması təmin edilib. Son hadisələrdən bu günədək (2016-2017-ci illər) qəsəbədə 5291 nəfər polis tərəfindən qəbul edilib, 896 nəfərin şikayət və ərizəsinə baxılıb. Son iki ildə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Nardaran qəsəbəsindən 306 müraciət daxil olub.
- Daxili İşlər Nazirliyinin rəhbərliyi Nardaranda əməliyyatların həyata keçirildiyi zaman sakinlərə müraciət edərək qanunsuz saxladıqları silah-sursatı polisə təhvil vermələri barədə çağırış etdi. Bu çağırış nəticə verdimi? Ötən müddət ərzində Nardaran sakinlərindən nə qədər silah-sursat götürülüb?
- Qeyd etdiyiniz kimi, 2015-ci il noyabrın 30-u daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov bizə göstəriş verdi ki, Nardaran sakinləri ilə danışın silahları təhvil versinlər. Rayonun icra başçısı və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə biz onları görüşə dəvət etdik. Onlara başa salmağa çalışdıq ki, sakinlərdə olan silahları polisə təhvil vermək lazımdır. 2015-ci il dekabrın 1-dən 27-dək keçirilmiş tədbirlər nəticəsində 32 nəfər Nardaran sakini saxlanılaraq onlardan 22 ədəd qumbara, 5 ədəd "AK" avtomatı, 361 ədəd patron, 2 ədəd tapança, 10 ədəd molotov kokteli, 7 ədəd bıçaq, 2 ədəd "obrez", 4 ədəd ov tüfəngi, 1 ədəd fişəng tapança, 1 ədəd kustar üsulla hazırlanmış "3C" partlayıcı, 1 ədəd qələm tapança, 2 qutu barıt, 1 qutu alışdırıcı patron, 1 ədəd beşbarmaq, 1 ədəd "TT "markalı tapança və 6 patron könüllü olaraq təhvil alınıb.
2016-ci ildə sakinlərdən 5 ədəd avtomat, 6 ədəd tapança, 41 ədəd ov tüfəngi, 6 ədəd molotov kokteli, 2 ədəd sandıqça, 2 ədəd daraq, 3 ədəd "F1" əl qumbarası, 28 ədəd qumbara alışqanı və 269 ədəd müxtəlif çaplı avtomat güllələri götürülüb.
Bu il isə həyata keçirilən profilaktiki tədbirlər nəticəsində Nardaran sakinlərindən 2 ədəd avtomat, 2 ədəd sandıqça, 6 ədəd tapança, 39 ədəd ov tüfəngi, 2 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 9 ədəd əl qumbarası, 10 ədəd alışqan, 1 ədəd "TT" markalı tapançaya məxsus sandıqça, 1 ədəd daraq və 820 ədəd müxtəlif çaplı avtomat güllələri aşkar edilərək götürülüb.
2016-cı ildə Nardaranda narkotiklərlə bağlı 14 fakt aşkar edilib. Onlardan 12 fakt narkotik vasitələrdən istifadə və 2-si isə becərilmə olub.
2017-ci ildə isə narkotiklərlə bağlı 20 fakt aşkar edilib ki, onlardan 13-ü istifadə, 5-i becərilmə, 2-si satış təşkil edib.
Ötən müddət ərzində Nardaranda qeydiyyata düşməyən 20 ədəd yük maşının olması müəyyən edilib və həyata keçirilən tədbirlər nəticəsində həmin avtomobillərin dövlət qeydiyyatına alınması təmin edilib.
- Nardaran hadisələrdən iki il ötməsinə baxmayaraq, qəsəbənin giriş-çıxışındakı polis postları hələ də qalır. Bu, Nardaranda təhlükənin hələ də sovuşmadığından xəbər verir?
- Yuxarıda qeyd etdiyim faktlar onu deməyə əsas verir ki, bu gün Nardaranda təhlükəsizlik və profilaktiki tədbirlərin davam etdirilməsi zəruridir. Tədbirlərimizin təhlili onu göstərir ki, Nardaranda hələ də silah olması ehtimalı var. Bu o demək deyil ki, orada təhlükə gözlənilir. Polis istənilən təhlükəyə hazır olmalıdır.
Nardaranın giriş-çıxışındakı polis postlarının yaxın vaxtlarda götürülməsi yığışdırılması gözlənilmir
Bu postlar heç kimin gediş-gəlişinə mane olmur. Əksinə polis postları Nardaran sakinlərinin təhlükəsizliyini təmin etmək üçün ordadır. Ona görə də yaxın vaxtlarda postların yığışdırılması gözlənilmir.
- Nardaran hadisələrinə görə məsuliyyətdən yayınaraq ölkədən qaçan, axtarışda olan varmı?
- Nardaran hadisələri ilə bağlı məsuliyyətdən yayınan heç kim qalmayıb. Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin hamısı tutularaq istintaq orqanlarına təhvil verilib.
- Ötən müddət ərzində Nardaranda hansı infrastruktur və yenidənqurma işləri aparılıb?
- Çox sevindirici haldır ki, bu gün Nardaran əvvəlki Nardaran deyil. Orada bir sıra infrastruktur və yenidənqurma işləri aparılıb və proses davam etməkdədir. Son iki ildə Nardaranda 6 sosial obyekt tikilib. Bura 42-ci Polis Bölməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli bölməsi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Evi, İşıq İdarəsi, Sabunçu rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəliyi, ATS və poçt binası daxildir. Hazırda Nardaranda "ASAN Xidmət" üçün bina inşa olunur və yaxın zamanlarda qəsəbə sakinləri bu xidmətdən yararlana biləcəklər.
Əvvəllər Nardaranda heç kim işləmirdi. Hamı küçədə-bacada vaxt keçirməklə məşğul idi. Əksəriyyəti həyətində narkotik becərib satırdı. Bu gün isə vəziyyət dəyişib. Nardaran sakinləri görürlər ki, işıq pulunu, qaz pulunu ödəmək üçün işləmək lazımdır. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin bilavasitə köməkliyi ilə bu günədək 300-dən çox Nardaran sakini işlə təmin olunub. Onu da deyə bilərəm ki, Nardaran sakinləri arasında polisə ictimai dəstək verən şəxslər də var.
Paylaş: