Xəbər lenti

 On mindən artıq türk əsgəri Birinci Dünya Müharibəsinin gedişində əsir götürülərək Nargin adasına gətirilib
 Birinci  Dünya Müharibəsində 10 mindən artıq türk əsgərinin əsir saxlanıldığı Xəzər dənizindəki Nargin adası ilk dəfə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral tərəfindən ziyarət edilib. Bu barədə Sputnik Azərbaycan Milliyet-ə istinadən məlumat verir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə həyata keçirilən ziyarətdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, onun həyat yoldaşı Meltem Özoral, hərbi attaşe Zafer Ocak, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan müavini Natiq Bağırov, Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız və digər şəxslər qatılıblar. Adaya çatan heyət burada həlak olmuş türk əsgərlərinin ruhuna dua oxuyub. Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız isə adadakı torpaqdan Sarıkamışa aparmaq üçün götürüb. Səfir Erkan Özoral adada verdiyi açıqlamada türk tarixinin şanlı və eyni zamanda Sarıkamış kimi acı səhifələrlə dolu olduğunu bildirib: "Bundan da acı olanı bu səhifələrimizi yetərincə bilməməyimizdir.  Bu gün tariximizin o acı səhifələrinin yaşandığı bir yerdəyik. Bura Xəzər dənizindəki Nargin adasıdır. Nargin adası Birinci Dünya Müharibəsi zamanı ruslar tərəfindən Anadoludan əsir alınan, yəni Sarıkamışda donaraq şəhid olmaqdan qurtulub rusların əlinə əsir düşən əsgərlərimizin gətirilərək əsir saxlanıldığı bir düşərgədir. Hazırda əsgərlərimizin böyük ehtimalla kütləvi şəkildə öldürüldükləri bir ərazidəyik. Buraya 12-20 min arası əsirin gətirildiyi söylənir.  O dövrdə əsirlərin saxlanma şəraiti barədə məlumatın Bakıdakı xalqa çatmasından sonra tariximizin ən gözəl səhifələrindən biri yazılıb. Biz tarixdən böyük dərslər çıxarmalıyıq. Dərs çıxarmaq üçün də nələrin baş verdiyini bilməliyik. Sarıkamışdan götürülən əsgərlərin bura gətirilməsinin, hətta buradan bir qisminin Sibirə aparılmasının detallarının təəssüf ki, yetərincə bilmirik".  Səfir adadakı kədərli durumu bir qədər yumşaldan bir məsələnin də olduğunu deyib. "Söhbət buradakı əsirlərə qarşı Azərbaycan xalqının göstərdiuyi qonaqpərvərlikdən gedir. Adadakı əsirlərin vəziyyətini öyrəndikdən sonra Bakı əhalisi rus yetkililərlə təmas qurur.  Ondan sonra adaya qida gönderməyə başlayırlar. Əsirlərə paltar gətirməyə başlayırlar. Bir müddətdən sonra isə onlar üçün həftə sonu icazəsi almağı bacara bilirlər. İcazə müddətində əsirləri evlərində saxlayıb yedirir-içirirlər. Öz həyatlarını 

təhlükəyə atıb onların qaçması üçün şərait yaradırlar.  Azərbaycanda bizim tariximizin önəmli bir parçası gizli qalır. Bunu mutləq ortaya çıxarmalıyıq. Türkiyə ilə Azərbaycan xalqlarının bir-birini daha sıx qucaqlamalıdırlar. Türkiyənin hər bir vətəndaşının gəlib Azərbaycanı görməsini ürəkdən arzu edirəm.  Bizim qardaşlığımız ancaq belə möhkəmlənəcək" — o bildirib.  Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız ildə bir dəfə türk yetkililər tərəfindən bu adaya ziyarətin təşkil olunmasının vacibliyini vurğulayıb. O, məşhur türk pilot Vechi Hürkuşun da vaxtilə Nargində əsir olduğunu, lakin azərbaycanlıların köməyilə əsirlikdən qaçdığını deyib. 





Ana səhifəyə qayıt        Baxış: 1 042          Tarix: 28-05-2017, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma