Xəbər lenti

Dövlət Təhlükəsizliyi Xidmətinin ardınca Türkiyə Milli Kəşfiyyat Təşkilatı da fransız agenturasını ifşa etdi - təhlükəsizlik və siyasi ekspertlər gizlinləri açıqladılar 

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa Kəşfiyyat İdarəsinin Türkiyədəki fəaliyyətini ifşa edib. Bir ildir Fransa Kəşfiyyat Xidməti üçün casusluq etdiyi müəyyən edilən 3 nəfər saxlanılıb. Casuslar arasında olan Ahmet Kati və digər 2 şəxs Fransa Kəşfiyyat Xidmətinin xəbərdarlığından sonra Türkiyəni tərk edərkən MİT və İstanbul polisi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Casuslar həbs edilərək həbsxanaya göndərilib. “Yeni Müsavat” qeyd edir ki, Fransanın casus şəbəkəsi vasitəsilə hansısa siyasət həyata keçirmək planları bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da ifşa olunub. Azərbaycanda casusluğa cəlb edilmiş şirkət rəhbəri bir müddət öncə qandallanıb. Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin kimliyi məlum olub. Onun adı Martin Ryandır.

Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. "Merkorama" MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib. Daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Son olaraq Fransanın 3 casusunun da Türkiyədə ələ keçməsi ondan xəbər verir ki, Fransa daha çox türk dövlətlərində, xüsusən Azərbaycan və Türkiyədə hansısa eybəcər fəaliyyət həyata keçirmək planları qurub və bundan hələ daşınmayıb. Paris casusları nə axtarır, nəyə nail olmaq istəyirlər? Bu siyasət Fransaya nə vəd edir? 

2023-cü il dekabr ayının 20-də Fransa prezidenti Emmanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib. Təhlilçilərin qənaətinə görə, Fransanın anti-Azərbaycan mövqeyinin, hətta Azərbaycanda casus şəbəkəsi yaratmağa qədər getməsinin arxasında rəsmi Bakının tutduğu mövqe, Fransanın kolonial siyasətinə qarşı çıxması, bununla bağlı beynəlxalq tədbirlər keçirməsidir. Ehtimal etmək olar ki, onun casus şəbəkəsi topladıqları məlumatları Ermənistana ötürmək niyyəti güdüb. 

Azərbaycanda ifşa olunan şəbəkə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif məqsədli əməliyyatlar icra edib. "Trend"in məlumatına görə, agentura şəbəkəsi Fransa səfirliyi daxilində fəaliyyət göstərib. Onlar bir sıra ölkələrin nümayəndələri ilə bağlı kəşfiyyat aparıblar. Şəbəkə regionda yeni məqsədlər formalaşdırmaqla təsir dairəsini genişləndirməyə çalışıb. Şəbəkəyə daxil olan üzvlərin bir çoxu əvvəllər və ya indi Azərbaycanda xidmət edib, bəziləri isə müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda çalışırlar. Həmçinin Türkiyədə də oxşar casus şəbəkəsi mövcud olub. Faktiki olaraq, Makron və Fransa xüsusi xidmət orqanları iki qardaş ölkə ərazisində hansısa kəşfiyyat xarakterli addımlar atmaq, “şpiyon”luq etmək istəyində olublar. Amma bu yolla nə əldə edə biliblər? Fransa agenturasının məqsədi nə ola bilər? 

Təhlükəsizlik eksperti Alp Arslan İmamqulunun “Yeni Müsavat”a bildirdiyinə görə, Fransanın Cənubi Qafqazda casus şəbəkəsinin olması normaldır: “Çünki bu region onun maraq dairəsidir. Təbii ki, bölgəyə müdaxilə və nüfuz etmək istəyən dövlətin agentura şəbəkəsi də aktivləşir. Ona görə bu şəbəkə bizim regionda fəaliyyət göstərir. Amma biz milli təhlükəsizlik naminə diqqətli olmalıyıq. Vətəndaşlarımız da ayıq-sayıq olmalıdır. Çünki insanlar xəbəri olmadan casus şəbəkəsinə cəlb edilə, yaxud maddi maraq qarşılığında ələ alına bilərlər”. Ekspertin sözlərinə görə, casus şəbəkəsi informasiya əldə edir, sonra qarşı tərəfə satıla da bilər, düşmənə xidmət göstərilməsi belə mümkündür: “Fransa üçün fərq etmir ki, Azərbaycandır, ya Ermənistandır, topladığı məlumatlardan istifadə edir. O baxımdan diqqətli yanaşmalıyıq”. 

Siyasi ekspert Ramiyə Məmmədova isə fransız agenturasının iki türk dövlətində fəallaşmasının arxasında gizlinlər olduğunu bildirir. Onun qənaətinə görə, Fransa Türkiyə və Azərbaycanı düşmən görür, ona görə də casus şəbəkəsini yerləşdirməyə çalışır: “Hər iki əməliyyat arasında zaman fərqi böyük deyil. Deməli, Türkiyə və Azərbaycan hər iki agent şəbəkəsinin ifşasında qarşılıqlı informasiya dəstəyi vermiş ola bilərlər. Çünki hər iki dövlət üçün milli təhlükəsizliyə təhdid sayılır. Biz istintaq materialları ilə tanış olmadığımız üçün konkret hansı addımlar atdıqlarını bilmirik. Lakin Fransanın həm informasiya, həm kəşfiyyat xarakterli bir savaş apardığını görmək mümkündür”. 

Emil SALAMOĞLU,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 5 001          Tarix: 22-02-2024, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma