Xəbər lenti


 

Rusiyanın Azərbaycanda və Mərkəzi Asiyada daralan təsir dairəsi

 

Rusiyanın Azərbaycan və Mərkəzi Asiyaya qarşı təzyiqlərinin önəmli səbəblərindən biri həmin ölkələrin tədricən Kremlin təsir dairəsindən çıxıb yeni özünə partnyorlar axtarması ilə əlaqədardır. Bu iddiamızın nə qədər doğru olduğunu anlamaq üçün, gəlin, faktlara nəzər salaq.

 

Sirr deyil ki, hər bir ölkənin təsir dairəsi onun xaricdəki hər hansı bir ölkə ilə qurduğu iqtisadi, mədəni, hərbi və ya siyasi əlaqələrlə bağlıdır. Bu əlaqələr nə qədər güclü olarsa, dövlətlər arasında bir-birindən təsirlənmə də o ölçüdə olur. Belə çıxır ki, imperialist ölkələrin də təsir dairəsi əsasən 4 amil üzərində şəkillənir:

 

  1. İqtisadi bağlılıq:

Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Rusiyaya iqtisadi asılığını aydınlaşdırmaq üçün ilk növbədə onların iqtisadi əlaqələrini araşdırmağın lazım olduğuna inanıram. Bəs, son illər bu əlaqələr Rusiyanın əleyhinə necə inkişaf edir ki, Moskvanı qəzəbləndirir?

 

Gəlin, bərabər gözdən keçirək.

 

Azərbaycan 

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayının nəticələrinə görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yerdədir. Haqqında danışdığımız dövrdə Rusiya Federasiyası ilə ticarət əməliyyatları respublikamızın xarici ticarət dövriyyəsinin 10,78%-ni təşkil edib. Bununla belə, Azərbaycanın məhsullarını idxal etdiyi ölkələr arasında Rusiya liderdir. Yanvar-aprel aylarında idxal olunan məhsulların ümumi həcmində onun xüsusi çəkisi 18,45% təşkil edib. Bir sözlə, Rusiya bizə öz donqili məhsullarını idxal edərək ticarət dövriyyəsindəki payını artırıb. Amma yenə də bizə qarşı aqressiv hərəkətlərindən geri qalmaq istəmir.

 

Qeyd edək ki, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi hardasa 5 milyard dollar olub. Bunun da hardasa 70%-i Rusiyanın ölkəmizə satdığı malların payına düşüb. Deməli, ticarət dövriyyəsində Rusiya bizdən 70%, biz isə ondan 30% asılıyıq. Ən böyük ticarət ortağımızın İtaliya və Türkiyə olduğunu nəzərə alsaq, biz Rusiyadan asılılığımızı digər alternativlərin hesabına rahatlıqla sıfırlaya bilərik.

 

Qazaxıstan

 

Qazaxıstanın ticarət tərəfdaşları arasında Rusiya ikinci yerdədir. Son dörd ildə bu ölkələr arasında qarşılıqlı ticarət 1,5 dəfə artıb. 2024-cü ilin sonuna ticarət dövriyyəsi 28 milyard dollardan çox olub və Rusiyanın Qazaxıstana tədarükü 4,9% böyüyüb. Hər iki istiqamətdə maşın, avadanlıq, nəqliyyat vasitələri, mineral məhsullar və kimya məhsullarının tədarükü artmışdır. Nəzərə alsaq ki, bu artım əsasən Ukrayna-Rusiya savaşı başlayandan etibarən baş verib, o zaman bu nəticə ortaya çıxır. Qazaxıstan Rusiyanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmağa çalışdığı halda, onun xəyanətkar addımları ilə qarşılaşır. 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

Maraqlıdır ki, Qazaxıstanın ən böyük ticarət ortağı Çindir. Qazaxıstanla Çin arasında ticarət dövriyyəsi 2024-cü ilin sonuna 44 milyard dollara yaxınlaşıb. Bu isə Rusiya ilə ticarət dövriyyəsindən hardasa 2 dəfə çox iqtisadi əlaqə deməkdir.

 

Özbəkistan


 Özbəkistanın Rusiya ilə ticarət dövriyyəsi bu illin birinci rübündə ötən illə müqayisədə 8,2 faiz azalaraq 2,58 milyard dollar təşkil edib. Qardaş ölkənin Statistika Komitəsi bu barədə məlumat yayıb.

 

Məlumata görə, xarici ticarət dövriyyəsində ən böyük hissə Çinin payına düşür – 22.1%. Rusiya (17,7%) isə bu göstəricidə Çindən təxminən 5% geri qalır. Hesabatlar göstərir ki, Rusiya ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi aşağı düşdüyü halda, Çinlə artır.

 

Türkmənistan

 

Statistik məlumatlara görə, 2024-cü ildə Türkmənistanla Çin arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 11% artaraq 10,6 milyard dollar təşkil edib. 

 

İyunun 12-də Rusiyanın Aşqabaddakı səfirliyində “Rusiya Günü” münasibəti ilə keçirilən tədbirdə çıxış edən Türkmənistan baş nazirinin müavini Xocamirat Gəldimiradov bildirib ki, Rusiya, illik ticarət dövriyyəsi 1,6 milyard dollardan çox olan Türkmənistanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Onun sözlərinə görə, təkcə bu ilin yanvar-may aylarında ikitərəfli ticarət 58% artıb. Bu artım davam edərsə, Gəldimiradovun fikrincə, 2025-ci ilə qədər Rusiya ilə Türkmənistan arasında ikitərəfli ticarətin həcmi 2,5 milyard dolları keçəcək.

 

Cənab Gəldimuradovun arzularının nə qədər reallaşacağını deməkdə çətinlik çəkirəm. Amma orası danılmazdır ki, Rusiya Türkmənistanla nə qədər ticarət dövriyyəsini artırsa belə, yenə gəlib Çinin 4-də birinə belə çata bilməyəcək.

 

Qırğızıstan

 

Qırğızıstan və Çin arasında ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 2,9 milyard dollar artaraq 22,7 milyard dollara çatıb. Qırğızıstan Çinlə ticarət həcminə görə, Mərkəzi Asiya ölkələri arasında Qazaxıstandan sonra ikinci yerdədir. CGTN xəbər verir ki, 2024-cü ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5% artıb.

 

Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayev ötən ilin noyabr ayında Moskvada Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə bildirmişdi ki, həmin ilin 9 ayında Rusiya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% artıb. 2023-cü ildə Qırğızıstan-Rusiya ixrac-idxal əməliyyatlarının həcmi təxminən 3,2 milyard dollar təşkil etdiyini bildirən səfir qeyd edib ki, bu artım tempi “yaxın gələcəkdə ticarət dövriyyəsinin 5 milyard dollar həddinə çatdırmaq" imkanları barədə "çox nikbin olmağa imkan verir". Cənab səfirin bir az erməni budaq cümləsinə bənzəyən bu nikbin proqnozlarının özünü nə qədər doğrultduğu bizə məlum deyil. Amma bu nikbin proqnozlar belə Çinin 22.7 milyard dollarlıq ticarət dövriyyəsi ilə müqayisədə dəvədə qulaq təsiri bağışlayır. 

 

Üstəlik, Qırğızıstan Nazirlər Kabinetinin məlumatına görə, bu ilin 5 ayında Rusiya ilə ticarət dövriyyəsi cəmi 1.3 milyard dollar olub. Qalan 7 ay ərzində eyni temp davam edərsə, belə çıxır ki, bu göstərici 3 milyard dolları belə keçə bilməyəcək.

 

 Tacikistan

 

Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev TASS-a müsahibəsində bildirib ki, 2024-cü ilin sonuna Rusiya ilə Tacikistan arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 15,6% artaraq, demək olar ki, 2 milyard dollar təşkil edib. Yəni 2 milyard dollar da olmayıb.

 

Çin Tacikistanda bu sahədə Rusiyadan bir qədər geri qalır. Rəsmi məlumata görə, Tacikistanın xarici ticarət dövriyyəsinin ümumi həcmində Çinin payı 21,2 faiz, Rusiyanın payı isə 22,3 faiz təşkil edib. Yəni arada cəmi 1.1% fərq var. Amma yaxın zamanlarda Çinin iri addımlarla irəliləyərək Rusiyanı geridə buraxacağı güman olunur. Son 5-6 ilin statistik məlumatları da onu göstərir. Belə ki, 2019-cu ildə Çinin ticarət dövriyyəsindəki payı 14,6%, Rusiyanın isə 23,3% idi. Xüsusilə də Ukrayna-Rusiya savaşının davam etdiyi son üç ildə Tacikistan-Çin ticarət dövriyyəsində ciddi artım müşahidə olunur. 2021-ci ildə bu artım 77,5%, 2022-ci ildə 44,2%, 2023-cü ildə isə 24,2% təşkil edib. Rusiya ilə ticarət dövriyyəsinin artımı isə 2021-ci ildə 39%, 2022-ci ildə 23,7%, 2023-cü ildə isə cəmi 2,5% olub. 

 

Bir sözlə, Mərkəzi Asiya ölkələrində ticarət dövriyyəsində Çin Rusiyanı geri buraxmaq əzmindədir. Üstəlik, həm bizim, həm də Mərkəzi Asiya ölkələrinin hökumətlərinin ehtiyatlı açıqlamalarından da hiss olunur ki, türk dövlətləri Rusiya ilə ticarət əlaqələrinə rəsmən məcbur olunduqları halda, şimal qonşumuz bu coğrafiyalarda öz rəqiblərinə uduzur. Rusiyayla ticari əlaqələri qoruyanlar sırasında yalnız Tacikistan qalıb ki, Zəngəzur dəhlizinin aktiv fəaliyyətə keçməsi ilə o da bu fərqi böyük ehtimalla qapadacaq.

 

P.S. Yazı uzun olmasın deyə, Rusiyanın Türkistanda daralan təsir dairəsi barədə digər amilləri haqqında fikirlərimi sabaha saxladım.

 

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 4 114          Tarix: Bu gün, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma