Ötən həftə Hacı Şahinin YouTube kanalı ələ keçirildiyi və videoların silindiyi xəbəri yayıldı. Bu hadisə cəmiyyətdə ciddi hiddət doğurdu. Bu işin müəlliflərinin konkret kimliyi bilinməsə də arxasında məkrli planların olduğu deyilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, insan oğlu yarandığı gündən dini duyğular onun mənəvi dünyasının vazkeçilməz hissəsi olub.
Onun sözlərinə görə, cəmiyyətlərin idarə olunmasında belə, dini çəkindirmə metodu qanunlar qədər önəmli rol oynayıb:
“Bəzən insanlar “prokuror, polis, məhkəmə görməz” deyib həyata keçirmək istədiyi cinayətlərdən “Allah görər” qorxusu ilə yayınıb. Odur ki, din duyğusu bütün toplumları ayaqda tutan əsas amillərdən biridir. Bu istinadgahını itirən toplumlar həm cinayətlərin qurbanına çevrilir, həm də yadelli düşmənlərə qarşı uğurlu döyüş apara bilmirlər”.
H.Oğuz deyib ki, Sovet hakimiyyəti illərində ateist təbliğatının dini duyğularımızı korşaltması nəticəsində bu boşluğu İran və Səudiyyə Ərəbistanı kimi dövlətlər öz rəsmi ideologiyaları ilə doldurmağa çalışırdı:
Heydər Oğuz
“Bu isə ölkəmiz üçün milli təhlükəsizlik problemi doğururdu. Çünki xaricdən ölkəmizə idxal olunan dini duyğular həm də başqa dövlətin vətəndaşını yetişdirmək məqsədi güdürdü. Belə bir çətin zamanda Azərbaycan özünün ciddi dinşünaslarını hazırlamaq məcburiyyətində idi və milli dövlətçiliyə bağlı dindarlıq sahəsində Hacı Şahin ən yaxşı mütəxəssis kimi parıldayırdı. Belə bir zamanda Hacı Şahin müəmmalı dünyasını dəyişdi. Hesab edirəm ki, onun ölümü də təsadüfi deyildi və bəlkə də hansısa xarici dövlətin bu ölümdə barmağı vardı. Hansının olduğunu soruşursunuzsa, mən ancaq gümanlarımı deyə bilərəm. Güman isə mütləq həqiqət olmaya bilər. Sadəcə onu xatırlatmaq istərdim ki, Hacı Şahinin müəmmalı ölümü əsnasında Azərbaycanın haqq savaşını özünün “qırmızı cizgisi” elan edib özünə bağlı qüvvələri hərəkətə gətirməyə çalışan güc mərkəzləri vardı. Onların bu siyasətini heçə endirəcək milli dövlətçiliyimizə bağlı dindar yetişdirmə proqramı da həmin güc mərkəzlərinin əleyhinə idi. Məncə, Hacı Şahinin ölümündə əsas şübhəli də məhz bu qüvvələr olmalıdır”.
Heydər Oğuz onu da bildirib ki, Hacı Şahinin videolarının silinməsi bu mülahizələrin fonunda təsadüfi görünmür:
“Maraqlı dairələr üçün qorxulu olan Hacı Şahinin bədəni yox, fikirləri idi. Onun sadəcə ölümü bu təhlükəni ortadan qaldırmırdı. Hacı Şahinin fikirləri də silinməli və insanlarımızın fitrətindən gələn dini duyğuları boş buraxılmalı idi ki, xaricdən idarə edilən düşüncələr bu boşluqda tam otura bilsin. Bu mənada mən Hacı Şahinin videolarının silinməsini də həmin güc mərkəzlərinin əl işi hesab edirəm”.
Həmsöhbətimiz deyib ki, təhlükəsizlik orqanları Hacı Şahinin videolarının silinməsi faktı ilə yanaşı, onun müəmmalı ölümünü də araşdırmalı və dövlətçiliyimizə qarşı yönəlmiş bu ardıcıl təxribatların əsl mahiyyətini üzə çıxarmalıdır.
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: