Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
Hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.
Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.
Bəs İrana qayıdan səfirimiz kimdir?
Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə 7 avqust 2021-ci il tarixində bu vəzifəyə təyinat alıb.
Əli Fikrət oğlu Əlizadə 21 iyun 1978-ci ildə Naxçıvanda anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib.
2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb.
2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.
2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib.
Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
16 iyul 2021 tarixində vəzifəsindən geri çağırılıb.
Ə.Əlizadə 2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı ilə təltif olunub. 2014-cü ildə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı" adına layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, üç övladı var.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu həyata keçirilib.
Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Bu hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq, diplomatları təxliyə etmişdi.
Paylaş: