"İranın Ermənistandakı səfiri Mehdi Sübhani son vaxtlar yenidən fəallaşıb. Özü də bunu diplomatik fəallıqdan daha çox, siyasi fəallıq kimi qiymətləndirmək mümkündür".
Bu barədə "Azad İran"ın "YouTube" kanalında yayımlanan videosüjetində qeyd olunub.
Bildirilib ki, bu fəallıq kontekstində səfirin verdiyi şərh və müsahibələr isə təkcə İran-Ermənistan münasibətlərini deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərini ehtiva edir.
"İyunun 28-də İranda keçirilən növbədənkənar prezident seçkisinin birinci turunda İrəvanda səs verən Sübhani jurnalistlərə açıqlamasında Ermənistanı İranın "səmimi qonşusu" adlandıraraq seçkidən sonra Tehranın İrəvanla bağlı siyasətinin dəyişməyəcəyini bəyan edib, həmçinin Ermənistanla İranın təhlükəsizliyinin, maraqlarının bir-birinə bağlı olduğunu, bu prinsipial siyasətin hökumətin dəyişməsi ilə dəyişməyəcəyini vurğulayıb. İranın Ermənistanla hərbi əməkdaşlığının mümkünlüyü barədə suala isə səfir - "Biz Ermənistanla ölkələrimizin maraqlarına cavab verən bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq", - şəklində cavab verib.
Erməni jurnalistin guya Bakının Ermənistana qarşı aqressiv ritorikası haqqında sualının cavabında isə İran diplomatı deyib: "Əgər ölkələr sülh bağlamaq istəyirlərsə, təhdid dilində danışmamalıdırlar". Səfir eyni zamanda Ermənistanın Fələstin dövlətini tanımasını "cəsarətli addım" adlandırıb".
Süjetdə xatırladılıb ki, iyulun 4-də Mehdi Sübhani Ermənistan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Qafqazda baş verən son proseslər, regionun əhəmiyyəti və İran-Ermənistan münasibətləri haqqında çıxış edib və dinləyicilərin suallarını cavablandırıb.
"Tədbirdə Ermənistanla yanaşı, Argentina, Keniya, Efiopiya, Meksika, Botsvana, Çili və Qanadan olan gənc diplomatlar iştirak ediblər. Ertəsi gün İranda prezident seçkisinin ikinci turunda Sübhani səsvermə məntəqəsində jurnalistlərlə geniş söhbət edib və onların suallarını cavablandırıb. O cümlədən, prezidentliyə namizədlərdən birinin - Məsud Pezeşkianın azərbaycanlı olması və prezident seçiləcəyi təqdirdə bunun Ermənistanla münasibətlərə təsir göstərəcəyi barədə ermənilərin keçirdiyi narahatlıqla əlaqədar deyib: "İranda müxtəlif xalqlar yaşayırlar və onlardan hansısa birinin təmsilçisi prezident ola bilər, lakin prezidentin etnik mənşəyi İranın prinsipial siyasətinə təsir göstərmir. Siz yaradılan atmosferin və bəzi kütləvi informasiya vasitələrinin apardığı təbliğatın təsiri altına düşməməlisiniz".
Sübhani əmin edib ki, "İran Ermənistanın dostu olub, dostudur və dostu olaraq qalacaq".
Paylaş: