Xəbər lenti

Fransa Olimpiya Oyunlarını siyasi maraqlarının oyuncağına çevirir.

Bunu "Report"a açıqlamasında “Azərbaycan İdman Jurnalistləri” İctimai Birliyinin sədri Azər İsmayıl deyib.

"Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində dünəndən bəri baş verənlər bizi çox məyus edir. Dünya idman tarixinin ən üzücü və xoşagəlməz hadisələrindən biri yaşandı. Dünən açılış mərasimində baş verənlər Fransanın tamamilə siyasi maraqlarının, prinsiplərinin təbliği idi. Halbuki olimpiada özlüyündə sülh, sevgi kimi böyük dəyərləri birləşdirməlidir. Şərhçinin Azərbaycanla bağlı dedikləri birbaşa təxribat xarakteri daşıyırdı. İdman bunu qəbul etmir. Eyni zamanda, xristianların təhqir olunması, cinsi azlıqların təbliği kimi detallar dünya idman tarixinə böyük bir ləkədir", - deyə ekspert qeyd edib.

O bildirib ki, baş verən hadisələr birbaşa idman yarışlarının keyfiyyətinə də təsir edəcək:

"Fransanın təşkilatçılıqla bağlı da ciddi problemləri var və bütün bunlar yarışların çox çətin, problemli keçəcəyindən xəbər verir. Açılış mərasimi həm texniki, həm də yaradıcı tərəfdən çox uğursuz idi. Bunların fonunda bəzi çağırışlar, mesajlar, təhqirlərin mövcud olması vəziyyəti daha da gərginləşdirir. Beynəlxalq media və idman mətbuatı dünəndən bu hadisələrdən yazır. Fransa böyük bir fiasko ilə üz-üzədir. Olimpiya kəndindən dayanmadan şikayətlər edilir. Çünki orada yemək, yataqla bağlı problemlərin olması idman zallarının uzaqda yerləşməsi idmançılar üçün ciddi problem yaradır. Problemlər saydıqca bitmir. Ən başlıca məsələlərdən biri də təhlükəsizliklə bağlıdır".

A.İsmayıl vurğulayıb ki, bunlar idman tarixində rast gəlinməyən hadisələrdir və növbəti günlərdə özünü daha qabarıq şəkildə göstərəcək.

Onun sözlərinə görə, Azərbaycan bu cür haqsızlıqlara çox məruz qalıb, amma əsassız ittihamların cavabı meydanda verilib: "Arzu edirəm ki, idmançılarımız tamamilə yarışa fokuslanacaq və cavab yenə meydanda veriləcək".

Həmsöhbətimiz sözügedən hadisə ilə bağlı beynəlxalq qurumlara müraciət olunacağını da diqqətə çatdırıb:

"Amma müraciətdən də vacib olan Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin hadisəyə özünün reaksiya verməsidir. Çünki olimpiya oyunlarını riskə atırlar. Sabah insanların bu oyunlara sevgisi azalacaq və ya hansısa ölkələr bu oyunlarda iştirakdan imtina edəcək. Ona görə də komitələr Fransanı bu cür əməllərdən çəkinməyə məcbur etməlidirlər".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılışında Azərbaycana qarşı qərəz nümayiş etdirilib. Belə ki, tədbirin açılış mərasimini yayımlayan Fransanın "Fr2" telekanalının efirində aparıcı Ermənistan oyunçuları keçərkən "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların qəlbinə yaxın olan ölkə. Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu" ifadələrini işlədib, Azərbaycan komandası keçəndə isə ölkə “Ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.




Ana səhifəyə qayıt        Baxış: 3 071          Tarix: 27-07-2024, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma