Xəbər lenti
Bu gün, 16:28
Bu gün, 14:16
Bu gün, 12:15
Bu gün, 12:00
Bu gün, 10:50
Bu gün, 10:24
Bu gün, 09:37
Dünən, 22:32
Dünən, 21:21
Dünən, 20:20
Dünən, 19:16
Dünən, 18:19
Dünən, 17:33
Dünən, 16:06
Dünən, 15:21
Dünən, 14:36
Dünən, 13:19
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni diasporunun, ermənilərin millət olaraq qurduqları dövlətdən daha güclü bir siyasi təsisat olduğunu desək, fikrimizcə, yanılmarıq. Bir çox ölkələrdə, xüsusilə də aparıcı dövlətlərdə fəaliyyət göstərən erməni diasporu və onun siyasi maraqlarını ifadə edən lobbi qrupları, son yüz ildə ermənilərin düşmən hesab etdikləri xalqlara, dövlətlərə qarşı əsas “silahlarından” birinə çevrilib.
Dünya ermənilərinin və Ermənistanın xəyali maraqlarını qorumaq ideyası əsasında formalaşan bu lobbi qruplarının əsas mərkəzlərindən biri də Fransada yerləşir. Dünyada üçüncü, Avropada birinci ən böyük erməni diasporunun yaşadığı (təxminən 500 minə yaxın) Fransada erməni lobbiçiliyinin həm ictimai rəyə, həm də Parisin xarici siyasətinə ciddi təsir imkanları var. Ümumiyyətlə, Fransada xüsusi fəallığı ilə seçilən erməni diasporunun və lobbisinin əsas məqsədlərini belə sıralamaq olar : erməni diasporunun siyasi proseslərdə fəal iştirakını təmin etmək, qondarma erməni soyqırımı məsələsini bəlli məqsədlərlə daim gündəmdə saxlamaq, Fransa – Ermənistan əlaqələrinin gücləndirilməsi, erməni kimliyinin qorunması, Ermənistana və Qarabağla bağlı bu ölkənin əsassız ərazi iddialarına dəstək əldə etmək, erməni diasporunun maraqlarına uyğun olaraq Fransanın xarici siyasətinə, xüsusilə də bu siyasətin Türkiyə və Cənubi Qafqaz aspektlərinə təsir göstərmək.
Fransada erməni diasporunun formalaşmasının tarixi kökləri və müasir vəziyyəti
Ermənilərin Fransada məskunlaşma tarixinə nəzər saldıqda bu tarixin çoxəsrlik bir dövrü əhatə etdiyini görmək olar. Bir sıra tarixi mənbələrdə hətta erkən orta əsrlərdə ayrı – ayrı erməni ailələrinin Orta Şərqdən Fransaya miqrasiya etməsi ilə bağlı məlumatlar var. Buna baxmayaraq XIX əsrin ortalarına kimi ermənilərin Fransada bir icma olaraq həm kəmiyyət, həm də keyfiyyət baxımından xüsusi fəallığı ilə seçildiyi müşahidə olunmur. Ancaq 1850 – ci illərin ortalarından erməni diasporunun ölkənin ictimai-siyasi mühitində xeyli fəallaşdığını və bu fəallaşmanın nəticəsi olaraq bir sıra mətbuat orqanları yaratdıqlarını görmək olar. Məsələn, həmin dövrdə Fransada erməni dilində nəşr olunan qəzet və jurnallara misal kimi “Qərb”, “Şərq”, “Paris”, “Ermənistan” və s. mətbuat orqanlarını göstərmək mümkündür. Ümumiyyətlə isə, ermənilər 1920 – ci ilə kimi Fransada 30-a yaxın nəşr çap edib.
1850 – 1860 – cı illərdən başlayaraq ermənilərin Fransada və digər Qərb dövlətlərində fəallaşmasının bir çox səbəblərini qeyd etmək olar ki, onların da ən əsaslarından biri sözsüz ki, “erməni məsələsi”nin beynəlxalq səviyyədə aktuallaşması ilə bağlı idi. XIX əsrin ikinci yarısında Rusiya və imperialist siyasət həyata keçirən bir sıra böyük Qərb dövlətlərinin (Fransa, Böyük Britaniya) “erməni məsələsi“ ni aktuallaşdırmaqda məqsədi həmin dövrdə özünün tənəzzül mərhələsini yaşayan Osmanlı dövlətini daha da zəiflətmək, sultan hakimiyyəti üzərində əlavə təsir rıçaqları əldə etməkdən ibarət idi.
I Dünya müharibəsinə qədər Fransada yaşayan ermənilərin sayı əksər tarixi mənbələrdə təxminən 4 minə yaxın qeyd olunur. Ermənilərin Avropaya, xüsusilə də Fransaya kütləvi emmiqrasiyası isə əsasən I Dünya müharibəsi illərinə və ondan sonrakı dövrlərə təsadüf edir. Belə ki, 1914-1918 – ci illəri əhatə edən dünya müharibəsi zamanında Orta Şərqdə, Osmanlıda, Rusiyada baş verən kəskin hərbi, siyasi-sosial təbəddülatlar ermənilərin bu ölkələrdən, regionlardan köç edərək bir çox dünya dövlətlərində məskunlaşmasına səbəb olmuşdur. Artıq 1920 – ci illərin əvvəllərində Fransada 50-60 min ermənin yaşadığı qeyd olunur. Sonrakı onilliklərdə də dünyanın müxtəlif yerlərindən ermənilərin Fransada məskunlaşması davam edir və hal-hazırda 500 minə yaxın erməninin bu ölkədə yaşadığı təxmin edilir. O da qeyd olunmalıdır ki, Fransaya köçmüş ermənilərin böyük qismi Paris, Marsel, Lion şəhərlərində yerləşmişdir və indi də bu şəhərlər ermənilərin kompakt yaşadığı ərazilər kimi qəbul edilir.
Ermənilərin Fransaya köç etməsində iqtisadi-ticari, təhsillə bağlı amilləri xüsusi qeyd etmək olar. Son 100 ildə Fransanın erməni köçünə münasibətdə “açıq qapı” siyasəti həyata keçirməsi də onların bu ölkəyə üz tutmasında böyük rol oynamışdır. Ümumiyyətlə, bir çox ermənilər Fransanı özlərinin ikinci vətəni hesab etdiklərini ifadə etməkdən çəkinmirlər.
Onu da əlavə etmək istərdim ki, Fransada məhz 1920-ci illərdən erməni diasporunun dayaqları, strukturları formalaşmağa başlayır və bu strukturlar hal-hazırda çoxsaylı təşkilatlar şəbəkəsini əhatə edir. 1920-1930-cu illərdə 90-a yaxın erməni nəşri çap olunmuşdur. Ermənilərin yaratdığı diaspor strukturları (onların sayı yüzlərlə ölçülür) Fransadakı əksər sahələri təmsil edən dövlət və qeyri – dövlət təşkilatları, elm mərkəzləri, siyasi partiyalar, kilsə, media və digər qurumlarla yaxından əməkdaşlıq siyasəti həyata keçirir. Fransada təsir gücünə görə seçilən erməni təşkilatlarına misal olaraq Ramqavar, Daşnaksütyun, Hınçak, Fransa Ermənilərinin Göy Xaçı, Fransa Erməni Fondları, Torpaq və Mədəniyyət Assossasiyasını və nəhayət, 44 erməni diaspora təşkilatını birləşdirən Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasını (CCAF) göstərmək olar. Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) erməni diaspor qrumları arasında qarşılıqlı əlaqəni, təşkilatı fəaliyyəti koordinasiya edərək bu qrupların siyasi proseslərdə daha fəal və effektiv olmasını təmin edir. Bir vacib məqamı da qeyd etmək istərdim ki, ermənilərin diaspor strukturlarında yaratdıqları siyasi partiyalar da xüsusi yer tutur. Erməni İnqilab Federasiyası (Daşnaksütyun), Sosial Demokrat Partiyası (Hınçak), Erməni Liberal Demokrat Partiyası (Ramqavar) kimi tarixi siyasi partiyalarının ən güclü mərkəzlərindən biri Fransada yerləşir və qeyd etdiyimiz siyasi partiyalar ermənilərin ölkədə təşkilatlanmasında mühüm rol oynayır.
Yazının əvvəlində də qeyd etdiyim kimi, Fransadakı erməni diasporunun və lobbi qruplarının son onilliklərdə fəaliyyətinin əsas məqsədlərindən biri qondarma erməni soyqrımının rəsmi Paris tərəfindən tanınmasına nail olmaq və daim bu məsələni gündəmdə saxlamaqdan ibarət olmuşdur. “Erməni soyqırımı“ nın ilk dəfə olaraq Uruqvay parlamenti tərəfindən 1965-ci ildə tanınmasından sonra Fransa Milli Assambleyası da bu mövzunu məhz həmin il öz müzakirəsinə çıxartdı. Həmçinin, 1965-ci ildə Daşnaksütyun partiyasının yaratdığı erməni məsələlərinə dair Komitənin təşəbbüsü ilə qondarma soyqırımın 50 illiyi ilə bağlı Fransanın müxtəlif şəhərlərində kütləvi aksiyalar da keçirilmişdi. 1976-cı ildə yaradılan erməni diasporunun tədqiqi ilə məşğul olan Mərkəzin fəaliyyətinin əsas məqsədlərindən biri saxta soyqırım iddiaları ilə bağlı olmuşdur.
Qeyd edilən bu iki qurumun rəhbərliyi ilə “soyqırım“ ın ölkə parlamenti tərəfindən tanınmasını hədəfləmiş fəaliyyət 1990-cı illərin sonlarına kimi nəticəsiz qalmışdır. Baxmayaraq ki, bir neçə dəfə, xüsusilə də 1994, 1995, 1997-ci illərdə “soyqırım”ın tanınması ilə bağlı irəli sürülən qanunvericilik təşəbbüsləri fransız parlamentariləri və hökuməti tərəfindən rədd edilmişdir. Yalnız 19 may 1998-ci ildə Fransa Milli Assambleyası sosialist fraksiyasının hazırladığı saxta “soyqırımı”n tanınması ilə bağlı qanunvericilik aktını qəbul edir. Daha sonra Fransa Senatı da 2000-ci ildə “Osmanlı imperiyasında 1915 – ci il soyqırımı haqqında“ qətnaməni qəbul edir və bu qətnamə 2001-ci ilin yanvarında prezident Şirak tərəfindən təsdiq edilərək qüvvəyə minir. Onu da qeyd etmək lazımdır ki, bu qətnamənin qəbul edilməsində çoxsaylı erməni diasporunun və lobbisinin Şirak hökumətinə ciddi təzyiqləri böyük rol oynamışdır.
Fransa parlamenti tərəfindən qəbul edilən və hər hansı tarixi fakta, siyasi məntiqə uyğun olmayan məlum qətnamə həmin dövrdə Paris-Ankara münasibətlərinin pisləşməsinə də səbəb olmuşdur. Belə ki, məhz bu qətnamənin təsdiqindən sonra Türkiyə Fransa ilə iqtisadi əlaqələrini xeyli məhdudlaşdırdı, ölkə ərazisində fəaliyyət göstərən bir çox fransız şirkətinin fəaliyyətini dayandırdı, onlara qarşı sanksiyalar tətbiq edildi və s. Həmçinin qeyd olunan qətnaməni qəbul etməklə Fransa NATO üzrə əsas müttəfiqlərindən biri olan Türkiyə ilə siyasi-diplomatik, hərbi-texniki münasibətlərin də pisləşməsinə rəvac verdi.
Onu da qeyd etmək lazımdır ki, saxta soyqırım qətnaməsinin fransız parlamenti tərəfindən qəbulundan sonra da erməni diasporu, lobbisi bu məsələni daim ölkənin gündəmində saxlamağa çalışmış və yeni absurd qanun layihəsinin Fransa parlamentində qəbul edilməsinə nail olmuşdur. Belə ki, Fransa Milli Assambleyası 12 oktyabr 2006-cı ildə Avropa İnsan Haqqları Konvensiyasının düşüncə və vicdan azadlıqları barəsində müddəasına zidd olmasına baxmayaraq erməni “soyqırımı”nın inkar edilməsinə görə 5 il həbs və 45 min avro pul cəzasının verilməsini özündə əks etdirən yeni qanun layihəsini qəbul etmiş və onu Senatın təsdiqinə göndərmişdir. Nəhayət, uzun müzakirələrdən sonra Senat 2012 – ci ilin yanvarında qeyd olunan qanun layihəsini təsdiq etmişdir. Buna baxmayaraq, Konstitusiya Məhkəməsi qeyd olunan qanunun Konstitusiyaya uyğun olmadığını əsas gətirərək qəbul etməmişdir.
Ümumiyyətlə, bir vacib məqamı da qeyd etmək istərdim ki, ölkənin ictimai-siyasi sektorundan fərqli olaraq məhkəmə hakimiyyəti üzərində erməni diasporunun, lobbisinin təsir gücü xeyli zəifdir. Son illərdə Konstitusiya Məhkəməsindən başqa da bəzi yerli məhkəmələr Ermənistanın və erməni diasporunun maraqlarına zidd qərarlar qəbul edib. Məsələn, 2019-cu ilin oktyabrın 17-də Fransanın Lion inzibati məhkəməsi ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 2015-ci il mayın 18-də imzalanmış “xartiyanı” Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olduğu üçün ləğv edib. Yeri gəlmişkən onu da vurğulamaq lazımdır ki, Fransa məhkəməsinin bu qərarı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də alqışlanmışdır.
Beləliklə, Fransada yaşayan ermənilər və onların yaratdıqları diaspor qrupları ortaya qoyduqları sistemli fəaliyyət nəticəsində həm ölkənin daxilində cərəyan edən siyasi proseslərdə, eyni zamanda Parisin xarici siyasət prioritetlərinin müəyyənləşməsində vacib təsir imkanı əldə ediblər. Xüsusilə, Fransada keçirilən bütün seçkilərdə (bələdiyyə, parlament, prezident) erməni diasporu həm sayı, həm də fəallığı ilə fransız siyasətinə istiqamət verməyə çalışır. Fransada ideoloji mənşəyindən asılı olmayaraq əsas siyasi qüvvələr (sağ, sol, mərkəz) məhz bu güclü təşkilatlanmış diaspor qruplarının səsinə, dəstəyinə ciddi ehtiyac duyurlar və bu amil də nəticədə Parisdəki siyasi mühitə təsir edir.
Fransanın Türkiyə və Cənubi Qafqazla bağlı siyasətinə konseptual baxış
Fransanı malik olduğu bir sıra güc və qeyri-güc ünsürlərinə (yüksək döyüş qabiliyyətli ordu və moderin hərbi-sənaye, nüvə silahı, iqtisadi potensial, BMT TŞ-da daimi üzvlük, Avropa siyasətinin mərkəzi olması, imperial keçmiş və dünyanın bir sıra regionlarında ənənəvi təsir dairəsinin mövcudluğu, zəngin mədəni, tarixi miras və s.) görə müasir dünya nizamının aparıcı, böyük dövlətlərindən hesab etmək olar. Məhz qeyd etdiyimiz amillər Fransanı xarici siyasətlərinin həm qlobal, həm də regional aspektlərində daha fəal və iddialı olmağa təşviq edir. Nəticədə, xüsusilə, Avrasiya məkanının müxtəlif bölgələrində Paris özünün təsir dairəsini gücləndirmək üçün ayrı-ayrı qlobal və regional güclərlə sərt rəqabətə, bəzi hallarda isə münaqişəyə girməli olur. Orta Şərqdə Fransanın davamlı olaraq maraqlarının toqquşduğu regional güc mərkəzlərindən biri də Türkiyədir. İki ölkə arasında münasibətlərə həm retrospektiv yanaşdıqda, həm də müasir vəziyyətinə nəzər saldıqda bu əlaqələrin kifayət qədər ziddiyyətli, dəyişkən xarakter daşıdığını görmək olar.
Fransa-Türkiyə (Osmanlı) münasibətləri XVI əsrdən başlayır və bu günə qədər müxtəlif mərhələlərdən keçərək davam edib. 1535 – ci ildə Fransanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. XVI əsrin ilk yarısından Fransa kralı I Fransis ilə Osmanlı sultanı Qanuni Sultan Süleyman arasında müttəfiqlik münasibətləri yaranıb və iki ölkə arasında dostluq əlaqələri təxminən 300 ilə yaxın mövcud olub. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə Habsburqlar imperiyasına qarşı ortaq düşmən mövqe iki ölkə arasında dostluq əlaqələrinin yaranmasında əsas rol oynamışdır. Ümumiyyətlə, fransızlarla türklər arasında tarixdə 3 dəfə müharibə olub, birincisi, Napoleon Bonapartın 1798-1800-ci illər Misir-Suriya (hər iki ölkə həmin dövrdə Osmanlı əraziləri idi) hərbi kampaniyası zamanı, ikincisi, I Dünya müharibəsi illərində, nəhayət, üçüncüsü, 1919 – 1921 – ci illərdə Türkiyədə baş verən Milli Mücadilə hərəkatı dövründə. Maraqlıdır ki, Sevr müqaviləsindən imtina edən və Atatürk Türkiyəsini tanıyan ilk Qərb dövləti də Fransa olmuşdur.
Son 70 ildə eyni hərbi-siyasi blokda (NATO) təmsil olunan hər iki dövlətin münasibətləri əksər hallarda müttəfiqlik ruhundan uzaq olmuşdur. Xüsusilə də soyuq müharibə başa çatdıqdan sonra formalaşan yeni dünya düzənində Paris-Ankara münasibətlərində permanent gərginliklərin sayının artması müşahidə olunmağa başladı. Türkiyənin Avropa İttifaqına daxil olmaq istəyinin qarşısında maneə yaradan əsas dövlətlərdən biri də Fransa olmuşdur. Fransanın 23-cü prezidenti Nikolya Sarkozi (2007 – 2012) ölkəsinin bu məsələdə mövqeyini daha açıq və konkret ifadə etmişdir : “Avropa İttifaqında Türkiyəyə yer yoxdur”.
Əhalisinin sayına görə Avropanın ən böyük müsəlman dövləti olan Türkiyə rəsmiləri də son illərdə Aİ-nın artıq bir xristian klubuna çevrildiyini açıqlamaqdan çəkinmirlər. İki ölkə arasında münasibətləri gərginləşdirən məqamlardan biri də fransız ictimai rəyində anti-islam, anti-Türkiyə ovqatının güclü olmasıdır. Məsələn, Fransanın məşhur nəşrlərindən olan “Charlie-Hebdo” jurnalının davamlı olaraq Məhəmməd peyğəmbəri təhqir edən karikaturaların dərcini və ölkə hakimiyyətinin jurnalın məlum qızışdırıcı yazılarını “ifadə azadlığının təcəssümü“ kimi təqdim etməsini bu baxımdan təsadüfi hesab etmək olmaz. Fransa ictimai rəyində islam dünyasına, onun dəyərlərinə qarşı bu kimi faktlar heç də az deyil və paradoksal haldır ki, belə neqativ tendensiyalar Qərbi Avropanın ən böyük müsəlman icmasının yaşadığı ölkədə baş verir.
Fransa və Türkiyə münasibətlərinin davamlı olaraq pisləşməsinə səbəb olan əsas məqamlardan biri və fikrimizcə, birincisi, hər iki ölkənin geostrateji maraqlarının Orta Şərqdə və digər regionlarda toqquşmasıdır. Orta Şərqin bir sıra ölkələrində, Şərqi Aralıq dənizi hövzəsində Paris və Ankaranın geostrateji, iqtisadi maraqları diametral olaraq toqquşur. Fransa bu böyük coğrafiyanı əhatə edən regionu ənənəvi təsir dairəsi hesab etdiyi halda, Türkiyə də regional güc mərkəzi kimi bölgəni özünün həyati – vacib maraqları zonasına daxil edib. Türkiyənin “strateji dərinlik”dən qaynaqlanan xarici siyasəti son 20 ilə yaxın dövrdə Anakaranın regionda daha fəal olmasını şərtləndirir. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, regionda Fransa-Türkiyə rəqabətini kəskinləşdirən digər amil son illərdə, xüsusilə də, Tramp dövründə ABŞ-nın regionda təsirinin azalması ilə yaranan müəyyən geosiyasi boşluqdur. ABŞ-nın Suriyadan, İraqdan hərbi qüvvələrinin əhəmiyyətli hissəsini çıxartması və s. addımlar bu geosiyasi boşluğu şərtləndirməklə yanaşı, həm də regional, qlobal güclərin bölgədə daha da fəallaşmasını stimullaşdırmışdır.
Orta Şərqdə Fransa – Türkiyə rəqabətinə fraqmental nəzər salaq. Liviyada başlanan vətəndaş müharibəsində Türkiyə BMT tərəfindən tanınan qanuni hökuməti dəsdəklədiyi halda, Fransa qiyamçı general Haftarı müdafiə etdi. Enerji resurlarının zənginliyinə, coğrafi yerləşməsinə görə vacib geostrateji əhəmiyyətə malik olan Liviya həm Parisin, həm də Ankaranın regional strategiyasında mühüm yer tutur. Xüsusilə Liviyanın Fransanın keçmiş müstəmləkələri ilə əhatə olunması bu ölkənin fransızlar üçün əhəmiyyətini bir qədər də artırır.
Orta Şərqdə iki dövlətin maraqlarının toqquşduğu ölkələrdən biri də Livandır. Fransanın keçmiş müstəmləkəsi olan Livanın Türkiyənin təsir dairəsinə düşməsi Parisin regional maraqlarına cavab vermir və bu səbəbdən də fransızlar üçün türkləri bu ölkədə nüfuz uğrunda mübarizədə əsas rəqiblərdən hesab etmək olar. Ötən il Fransa prezidenti Makron qısa aralıqlarla Beyruta iki dəfə səfər etdi və bu səfərlər müddətində o, belə bir açıqlama verdi ki, Fransa Livanın regional güclərin təsir dairəsinə düşməsinə, ölkədə yenidən vətəndaş müharibəsinin başlanmasına qarşıdır. Türkiyə, İran, Səudiyyə Ərəbistanın maraqlarının toqquşduğu Livanda Fransa 4-cü tərəf olmaq iddiasındadır.
Suriya və İraqı da Fransa-Türkiyə arasında mövcud olan regional rəqabətin obyektlərindən hesab etmək olar. Türkiyə Suriyada kürd hərbi-siyasi birləşmələri olan PYD-YPG-ni özünün milli təhlükəsizliyinə təhdid hesab etdiyi halda Fransa bu birliklərlə İŞİD-ə qarşı mübarizə adı altında əməkdaşlıq edir. Bütövlükdə, Fransanı Suriyadakı kürdlərə yardım edən əsas beynəlxalq donor dövlətlərdən hesab etmək olar. Həmçinin İraqda da Türkiyənin PKK-ya qarşı apardığı hərbi əməliyyatlar Fransanı qane etmir və Suriyada olduğu kimi burada da Paris kürdlərlə əməkdaşlıq siyasətini həyata keçirir. Ümumiyyətlə, Fransa kürd faktorunu Orta Şərqdə Türkiyənin regional iddialarının qarşısında dayanan amillərdən biri kimi qəbul edir.
Son dövrlərdə Fransa-Türkiyə qarşıdurmasına meydan olan bölgələrdən biri də Şərqi Aralıq dənizidir. Türkiyənin Aralıq dənizinin şərqində enerji resurslarını istismar etməyə cəhd etməsi Yunanıstan, Kipr kimi ənənəvi rəqibləri ilə münaqişəyə girməsinə səbəb oldu və bu münaqişədə Fransa Ankaranın barışmaz rəqiblərini müdafiə etdi. Türkiyənin son illərdə qəbul etdiyi və özündə ölkənin hərbi-dəniz gücünün artırılmasını, milli maraqların dəniz sularında bütün vasitələrlə (hərbi, diplomatik) qorunmasını ehtiva edən “Mavi Vətən“ doktrinasına əsasən Aralıq dənizində həyata keçirməyə çalışdığı strategiya Ankaranın regional rəqibləri ilə yanaşı Fransa kimi bölgədə neoimperialist siyasət həyata keçirən dünya dövlətlərini də narahat edir. Fransa regionda qaz yataqlarının işlənməsində və nəqlində Türkiyənin mümkün qədər kənarda qalmasına çalışır və bu məqsədlə, Ankaranın Misir, İsrail, Yunanıstan kimi regional rəqiblərinə ciddi dəstək verir. Bununla Paris bölgədə Türkiyənin təsir gücünü zəiflətməklə yanaşı özünün Şərqi Aralıq dənizində və bütövlükdə, Orta Şərqdə dominant mövqe əldə etməsinə çalışır.
Haşiyəyə çıxaraq onu da qeyd etmək istərdim ki, son zamanlar Fransa – Türkiyə münasibətlərində müəyyən yumşalmalar müşahidə olunmaqdadır. Hər iki ölkənin başçısının münasibətlərin normallaşması istiqamətində qarşılıqlı xoşməramlı açıqlamaları, Türkiyə Xarici İşlər nazirinin Parisə son rəsmi səfəri və bu səfər müddətində səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrdə yaranmış ciddi gərginliyin artıq aradan qalxmaq üzrə olduğunu təsdiq edir. Yeri gəlmişkən, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransaya son rəsmi səfərində fransız mediasına verdiyi müsahibədə iki ölkənin dost və müttəfiq olduğunu bildirdi.
Fransa-Türkiyə maraqlarının toqquşduğu daha bir region ölkəmizin də yerləşdiyi Cənubi Qafqazdır. Fransanın regional geostrategiyasında Cənubi Qafqazın əhəmiyyətini artıran əsas məqamları belə sıralamaq olar: regionun geosiyasi mövqeyi (Şərqlə Qərb arasında körpü rolunu oynaması, Orta Şərq regionuna yaxınlığı), zəngin enerji resurslarına malik olması, tarixi keçmişi və s. Cənubi Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan, Ermənistan) 1991 - ci ildə Sovet İttifaqının süqutu ilə beynəlxalq hüququn müstəqil subyektinə çevrildikdən sonra Fransa regionun hər üç ölkəsi ilə münasibətləri inkişaf etdirmək strategiyası həyata keçirmişdir.
Eyni zamanda region dövlətləri də Fransanın Avropa və dünya siyasətində yerini, təsir imkanlarını nəzərə alaraq Parislə münasibətlərə ciddi önəm vermişdir. Məsələn, son 28 ildə Azərbaycan xarici siyasətində Fransa ilə əlaqələrə xüsusi əhəmiyyət verilib və təsadüfi deyil ki, həm mərhum prezident Heydər Əliyevin, həm də hazırki ölkə başçısı cənab İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi xarici səfərləri məhz Parisə olmuşdur.
Fransa-Azərbaycan arasında yalnız siyasi- diplomatik deyil, həmçinin iqtisadi, enerji, təhsil, mədəniyyət sahələrində də yüksək səviyyəli münasibətlər formalaşmışdır. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Fransanın Cənubi Qafqazla ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür. Eyni zamanda Fransa digər Cənubi Qafqaz respublikaları olan Gürcüstan və Ermənistanla da siyasi, iqtisadi, təhsil-mədəniyyət sahələrində ciddi əsasları olan tərəfdaşlıq münasibətləri qurmuşdur.
Fransanın Cənubi Qafqaz siyasətində nəzərə alınmalı olan nüanslardan biri də Parisin bölgədə həm də Avropa İttifaqının adından çıxış etməsidir. İttifaqın lider dövlətlərindən biri kimi Fransa regional siyasətini Aİ ilə koordinasiya etməyə çalışır.
Son 30 ilə yaxın dövrdə regionda formalaşmış geosiyasi reallıqlara nəzər saldıqda aydın görmək olar ki, Fransanın Cənubi Qafqaz siyasətinin mərkəzində dayanan dövlət Ermənistandır və Parisin İrəvanla münasibətlərə verdiyi önəmi bir sıra səbəblərlə əlaqələndirmək olar. İlk növbədə əsas səbəblərdən biri kimi erməni lobbisinin, diasporunun fransız siyasətinə, elitasına təsir imkanlarının böyüklüyü ilə izah edilə bilər. Digər vacib səbəb, Fransanın regionda olan geosiyasi maraqları ilə bağlıdır. Paris regionda cərəyan edən proseslərdə müstəqil oyunçu kimi davranır və bölgə üzərində digər regional və qlobal oyunçuların təsirinin artmasını məhdudlaşdırmaq siyasəti həyata keçirir. Fransa bölgədə maraqlarını təmin etmək üçün, xüsusilə, Türkiyə, Rusiya kimi ənənəvi regional oyunçularla sərt rəqabətə girməkdən çəkinmir və bu rəqabətdə Ermənistan fransızlara daha cəlbedici görünür. Ermənistan-Türkiyə münasibətlərinin kəskin xarakteri, İrəvanın Rusiyadan ciddi hərbi-siyasi, iqtisadi asılılığı Fransanın Ermənistanı regionda əsas tərəfdaş kimi görməsində mühüm rol oynayır. Ermənistanla münasibətləri müttəfiqlik səviyyəsinə çatdırmaqla Fransa bir tərəfdən Türkiyənin regionda təsirini azaltmağa çalışır, digər tərəfdən də İrəvanı tədricən Rusiyanın nüfuz dairəsindən uzaqlaşmağa təşviq edir. Bu məqsədlərinin reallaşmasında Fransanın istinad etdiyi məqamlardan biri Avropa İttifaqının bölgədə həyata keçirdiyi strategiyadır. İttifaqın “Şərq Tərəfdaşlığı” proqramı və digər layihələrlə region dövlətlərini “qoca qitəyə“ yaxınlaşdırmaq siyasəti bu baxımdan Parisin bölgə ilə bağlı geostrateji maraqlarına cavab verir.
Fransanın Cənubi Qafqazda cərəyan edən proseslərə təsir imkanını təmin edən məqamlardan biri də son 30 ilə yaxın dövr ərzində Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi ilə bağlı olmuşdur. 1997-ci ildən ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik funksiyasını həyata keçirən Fransa bu illər ərzində Ermənistana açıq və gizli dəstəyini ifadə etməkdən çəkinməmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Fransa özünün vasitəçilik missiyasına uyğun olmayaraq təcavüzkar Ermənistanı ciddi-cəhdlə müdafiə etməsi Parisin ermənipərəst siyasətinin zirvəsi hesab oluna bilər. İkinci Qarabağ müharibəsi bitdikdən qısa müddət sonra (25.11.2020) Fransa Senatının heç bir hüquqi qüvvəsi olmayan “Dağlıq Qarabağ Respublikası”nı tanıyan qətnamə qəbul etməsini bu ölkədə müəyyən dairələrin ermənilərin ağır məğlubiyyətindən yaranan narahatlığı kimi qəbul edə bilərik. Burada bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, İkinci Qarabağ müharibəsinin gedişində və ondan sonra baş verən proseslərdə Rusiya və Türkiyənin fəallığının artması, bu iki ölkənin bir çox məsələlərdə uzlaşması da Fransanı qayğılandıran məqamlardan biri kimi qəbul oluna bilər.
Beləliklə, təhlilimizin nəticəsində gəldiyimiz əsas qənaət ondan ibarətdir ki, erməni diasporunun və lobbisinin Fransa xarici siyasətinə təsiri inkarolunmaz həqiqətdir. Bununla belə, siyasi, elmi, mədəni müstəvidən fərqli olaraq erməni diasporunun ölkənin məhkəmə sistemi üzərində təsir imkanları məhduddur və buna misal olaraq erməni “soyqırımı”nın inkar edilməsinə görə müəyyən cəza tədbirlərini nəzərdə tutan qanunun Konstitusiya Məhkəməsi tərəfindən rədd edilməsini, yerli məhkəmələrin bəzi lokal fransız kommunaları ilə qondarma DQ arasında imzalanmış müqavilələri ləğv etməsini göstərə bilərik.
Fransada yaşayan ermənilər ölkədə uzun onilliklər ərzində ciddi və çoxşaxəli diaspor strukturları formalaşdırmağa nail olub ki, bu da fransız siyasətində “erməni izi”ni xeyli qabardır. Məhz ölkədə keçirilən yerli və milli seçkilərdə bu təşkilatlanmış diaspor qrupları xüsusi fəallığı ilə seçilərək siyasi gündəmin müəyyənləşməsində yaxından iştirak etməyə çalışır. “Erməni faktoru” artıq daxili siyasi proseslərdə fransalı siyasətçilərin nəzərə almalı olduğu vacib elementlərdən birinə çevrilib. Həmçinin, ölkənin xarici siyasətinə də qeyd etdiyimiz kimi erməni diaspor, lobbi qruplarının təsirini qəbul etməmək mümkün deyil. Hətta bu təsir bir çox hallarda Fransanın həm ikitərəfli münasibətlərində (Fransa-Türkiyə, Fransa-Azərbaycan), həm də ayrı-ayrı regionlarda (Cənubi Qafqaz) mövcud olan geosiyasi, iqtisadi maraqlarına zərər vuracaq həddə qədər inkişaf edib.
Fransanın Türkiyə və Cənubi Qafqazla bağlı siyasətində meydana çıxan ziddiyyətli məqamları yalnız erməni lobbisinin təsiri ilə əlaqələndirmək, fikrimizcə, doğru olmazdı. Beynəlxalq münasibətlərin xarakterini müəyyən edən maraqlar amili Fransanın Türkiyə və digər regional-qlobal güc mərkəzləri ilə dünyanın müxtəlif regionlarında sərt rəqabətə girməsində mühüm rol oynayır. Orta Şərq, Şimali Afrika, Şərqi Aralıq dənizi regionu, Cənubi Qafqaz Paris və Ankaranın geostrateji maraqlarının toqquşduğu bölgələrdən hesab oluna bilər. Məhz bu maraqlar toqquşmasından yaranan ziddiyyətlər Fransanın Türkiyə və Cənubi Qafqazla bağlı xarici siyasət prioritetlərinin müəyyənləşməsinə ciddi təsir edir.
Bütün bunlarla bərabər, son zamanlar Fransa-Türkiyə münasibətlərində müşahidə olunan pozitiv tendensiyalar Parisin xarici siyasətdə reallıq hissini və “strateji ağlı” nı itirmədiyini də təsdiq edir. İkitərəfli və çoxtərəfli münasibətlər sistemində iki ölkəni ayıran məqamlarla yanaşı onları yaxınlaşdıran amillərin də xüsusi çəkisi (təhlükəsizlik, iqtisadi və s. maraqlar) Fransa-Türkiyə əlaqələrinin son qırılma nöqtəsinə qədər irəliləməsinə imkan vermir.
Mətin Məmmədli
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar