Başlarına İkinci Qarabağdan da pis müsibət gələndə bu dəfə də ona “müsəlmanın sonrakı ağlı” desələr...
Sərlövhəyə çıxarılan sual yeni deyil, amma son günlər erməni mediası, xüsusilə müxalifət və revanşist dairələr yenidən Paşinyanı türk adı ilə şərəfləndirirlər. “Daşdan keçən arqumentləri” də var. O hakimiyyətə gəldikdən sonra Ermənistan “artsax” adlı “dövləti” itirib, 100 illik erməniçilik ideolojisinin içinə “gül qoyub”. Hər halda, erməni mediası indiyədək “Paşinyan ölkədəki sosial problemlərə görə hakimiyyətdən getməlidir” tələbi ilə küçələrə çıxdıqlarına rast gəlməmişik. Ona tez-tez avtoritar da deyirlər ki, bu da yəqin ki, sırf idarəçiliklə bağlı deyil. Erməni revanşistləri istəyirlər ki, Paşinyan İrəvanın mərkəzi meydanda məsələn, Azərbaycana qarşı yeni müharibə elan etsin, üstəlik hərəyə bir avtomat da verib sərhədə göndərsin. Həm də təkcə Paşinyanı deyil, onun bütün hökumətini “yadellilər” hesab edirlər.
Məsələn, deyirlər ki, Paşinyan və onun hökumətinin ermənilərlə ümumi baxışları, hətta ortaq dili yoxdur. Ermənistanın ilk prezidenti Suriyada doğulmuş Ter-Petrosyanı heç yadelli hesab etmirdilər, Köçəryan və Sərkisyanın da “yad eldə”-Azərbaycanda doğulduqlarını arada yada salsalar da, onlara belə, bu cür yarlıq(etiket) vurmurdular.
Paşinyan gərək ki, ona türk deməklə hakimiyyətdən aşırmağın mümkün olmadığın deyib. Əlbəttə, erməni dövlətinin başında bunca tarixi düşmənçiliyə rəğmən türk oturubsa, buna sevinmək də olardı. Amma iş burasındadır ki, Azərbaycanda içi mən qarışıq, tam əksəriyyət düşünür ki, Paşinyan məhz ermənidir.
Biz torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan erməni hakimiyyətlərinə qarşı həmişə sərt mövqedə olmuşuq, Paşinyan da onlardan fərqli deyil. Erməniləri o da silahlandırır, Ermənistanı dövlət olaraq qorumaq və gücləndirmək istəyir. Fərqindəyik ki, Paşinyanı ənənəvi erməni toplumundan fərləndirən cəhətləri də var. O, Ermənistanın inkişafının özgə torpaqlarını işğal etmək, düşmənçiliyin davam etməsi ilə mümkünsüzlüyünü də anlayır. Kim bilmir ki, Paşinyan Qərbin projesidir, onu hakimiyyətə Ermənistana “dimdiyində”nə demokratiya, nə regiona təməlli sülh təmin etmək üçün gətiriblər. Paşinyan onlara məhz indiki zaman üçün gərək idi ki, Rusiyaya qarşı qoysunlar. O səbəbdən ona maddi, siyasi və hətta silah dəstəyini də hərtərəfli artırıblar ki, Rusiyaya qarşı gücəndirsinlər. Bakının Ermənistanın silahlandırılmasına narahatçılığı anlaşılandır, çünki təməlli sülh sazişi yoxdur, xəstə erməni cəmiyyətinin sağalması gecikir. Amma Ermənistan daha Azərbaycan üçün əsas təhlükə deyil. Ermənilərin Paşinyana “turk damğası”nın əsas səbəbi də budur. Ermənilər barışa bilmirlər ki, vaxtilə quş tüfəngi ilə torpaqlarını qoruya bilməyən xalq indi ən müasir silahlara malikdir, 100 ildir(1923-cü ildən bəri) Azərbaycana tabe olmayan Xankəndinə indi azərbaycanlılar qayıdıb. Yadınızda, “erməni saqqallıları” mifi vardı. “Saqqallılar” hücum etdikləri hər şəhərimizi, kəndimizi alıb, bayram edirdilər. Paşinyanı həm də ona görə bağışlamırlar ki, ermənilərin saqqalı Azərbaycan əsgərinin əlinə keçdi, oldular yüngül saqqal...
Avropa Birliyi və Vaşinqton indi Ermənistanı gücləndirmək, sərhəd problemini tezliklə həll etmək üçün çalışır. Xüsusilə Amerikadan gələn bəyanatlara diqqət edin, Ermənistanın suverenliyini ən ön plana çıxarırlar.
Ermənistan isə indi iki səmimiyyətsiz, odioz və qarşı-qarşıya durmuş Qərblə Rusiya arasında “haça-paça” qalıb.
Ağılları olsa, Ermənistanı KTMT-dən çıxarıb başqa bir bloka calaq erməzdilər, əksinə bloklara qoşulmayan dövlət statusu alması imkanlarını müzakirə edərdilər. Ona görə ki, başlarına İkinci Qarabağdan da pis müsibət gələndə Paşinyana bu dəfə də “müsəlmanın sonrakı ağlı” deməsinlər...
Nazim SABİROĞLU,
Musavat.com
Paylaş: