Xəbər lenti

Rusiyanın siyasi hakimiyyəti vətəndaşlarını, xüsusilə etnik rusları Rusiyanın Moskvoviyaya çevrilmə təhlükəsi ilə qorxudurlar. Ukraynaya genişmiqyaslı hərbi müdaxilədən bir neçə ay öncə, 2021-ci ilin dekabrında Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn görüşdə islahatların zəruriliyi ilə bağlı kinorejissor Aleksandr Sokurovun sözlərinə qəzəbli reaksiya verərək, Rusiyaya qarşı 2000 ərazi iddiasının olduğunu, NATO-nun Rusiyanı Moskoviyaya çevirmək istədiyini bildirmişdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.

O qeyd edib ki, Qərbin Rusiyanı Moskvoviyaya çevirmək niyyətində olduğunu Putindən sonra 2023-cü ilin yanvarında o zaman Təhlükəsizlik Şurasının katibi olan Nikolay Patruşev bəyan etdi:

“Qərbin Rusiyanı Moskoviyaya çevirmək niyyətini sübut edəcək hər hansısa bir dəlil, sübut yoxdur. Ancaq Rusiyanın Ukraynaya qarşı müharibədə məruz qaldığı fəlakətli itkilərdən və Qərblə qarşıdurmasından sui-istifadə edən Çin Rusiyanı Moskvoviyaya çevirməyə başlayıb.

Rusiyanın şərq bölgələrində, İrkutsk vilayətindən Primorsk diyarına kimi ərazinin iqtisadiyyatı tamamilə Çindən asılı vəziyyətə düşüb. İrkutsk vilayətinin xarici ticarətində Çinin payı 68 faiz, Primorsk diyarının xarici ticarətində payı 90 faizdir.

İrkutsk vilayətindən Primorsk diyarına qədər ərazidə hərbi qüvvələrin şəxsi heyəti bir neçə faizə qədər azalıb. Rusiyanın ümumi ərazsinin 40 faizini təşkil edən Uzaq Şərq Federal Dairəsini xarici müdaxilədən, ilk növbədə Çindən qorumalı olan əsas hərbi birliklər, 5-ci, 29-cu, 35-ci və 36-cı ümumqoşun orduları, eləcə də 68-ci Ordu Korpusunun 100.000 nəfərlik qrupu hazırda Ukraynaya qarşı müharibəyə cəlb edilib. Çox ağır itkilər verən bu orduların Çinin nəhəng quru qoşunlarına qarşı bir neçə saat müqavimət göstərəcək gücü belə qalmayıb.

Ərazisi təxminən 7 milyon kvadrat kilometr olan Uzaq Şərq Federal Dairəsininin sakinlərinin sayı 8 milyon, bu ərazidə məskunlaşmış Çin vətəndaşlarının sayı nə az, nə çox, bir milyon yarımdır. Demək olar ki, onların hamısı 20-50 yaş arası sağlam kişilərdir. Həmin 1.5 milyon çinlinin yaşadıqları əraziyə silah daşıdıqlarını təsdiq edən videolar Yutubda “narazı sibirlilər” tərəfindən 2014-2018-ci illərdə çox paylaşılıb.

On minlərlə çinli Amur və Yəhudi Muxtar Vilayətlərində, eləcə də Primorsk diyarında düyü və soya becərir. Bu bölgələrdə çinlilərin icarəyə götürdüyü torpaqlar bütün yerli kənd təsərrüfatı təyinatlı torpaqların yarısından çoxdur. Zabaykalsk diyarında çinlilərin icarəyə götürdüyü torpaq sahəsi Krımın ərazisindən üç dəfə böyük olmaqla, 76 000 kvadrat kilometrə çatıb. Çinlilər əsasən bu ərazidə Çinə göndərmək üçün ağacların kəsilməsi ilə məşğul olurlar.

Tədqiqatçılar hesab edirlər ki, yerli hakimiyyət orqanları Çin tərəfindən satın alınıb. Saxa-Yakutiya Respublikasının başçısı Aysen Nikolayevin 2018-ci ildən başlayaraq hər altı aydan bir Çinin Xabarovskdakı baş konsulu ilə görüşdüyü və ona hesabat verdiyini Rusiyanın rəsmi dairələrində hər kəs yaxşı bilir. Amur vilayətinin qubernatoru Vasili Orlov Moskvadan daha çox Pekinin “adamı” hesab olunur. Çin dilində də çıxışlar edən qubernatorun əmrinə uyğun olaraq sentyabr ayının ilk günündən Amur vilayətinin bütün orta məktəblərində Çin dilində siniflər yaradılıb. Həmin siniflərdə Çindən gəlmiş müəllimlər özləri ilə gətirdikləri dərs vəsaiti əsasında dərs keçirlər. Buryatiyanın başçısı Aleksey Tsydenov, Zabaykalsk diyarının qubernatoru Aleksandr Osipovun da Çinin regionda mövcudluğunu genişləndirmək üçün hər şeyi etdiyini Moskvanın siyasi dairələrində bilməyən yoxdur. Bütün bunlar Kremlə tam bəlli olsa da, Putin onları vəzifədən kənarlaşdırmaqdan qorxur. Çünki bununla Çini qəzəbləndirəcəyini bilir. Çinin qəzəblənməsi isə Rusiya üçün Qərbin sanksiyalarından daha qorxuludur. Çünki Rusiya 2023-cü ildən Çinin vassalına çevrilib.

Bu qənaəti təsdiq edən ən bariz dəlillərdən biri də Çinin Təbii Sərvətlər Nazirliyinin 2023-cü ildə tətbiq etdiyi xəritə toponimikası ilə bağlı yeni qaydalara əsasən rəsmi toponimik xəritələrdə Rusiyanın şərq hissəsindəki bir çox şəhər və ərazilərin Çin adları ilə əvəzlənməsinə Moskvanın etiraz etməkdən çəkinməsi oldu. Rusiyanın Çindən asılılığı o qədər artıb ki, Moskva Vladivostokun “Hayşenvay” (Dəniz Xiyar Körfəzi kimi tərcümə olunur), Saxalin adasının isə “Kuedao”, Blaqoveşensk şəhərinin “Hailanpao”, Xabarovsk şəhərinin “Boli”, Ussuriyskin “Şuanqçenzi” adlandırılmasına etiraz etməyə də özündə cəsarət tapmadı.

Bir neçə gün öncə, sentyabrın 3-də Vladivostokda keçirilmiş Şərq İqtisadi Forumunda Çinin yüksək rütbəli rəsmilərindən bir nəfər də iştirak etmədi. Halbuki 2015-ci ildə keçirilən Forumda Çinin dövlət başçııs Si Szinpin şəxsən iştirak etmişdi. İndi isə Çin hökumətinin rəsmiləri nümayişkaranə surətdə Putinin şəxsən iştirak etdiyi Forumu boykot edir, bununla sanki bu ərazilər üzərində Moskvanın hakimiyyətini tanımadıqlarını nümayiş etdirirlər”.

Ekspertin fikrincə, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı Pekinin Tiananmen meydanında təşkil olunan hərbi paradda Çinin “əzələ nümayişi” də Rusiyanı qorxutmağa yönəlmişdi:

“Məlum olduğu kimi, Çin ərazisi beş hərbi əməliyyat dairəsinə bölünüb. Bu hərbi əməliyyat dairələri arasında Rusiya istiqamətinə cavabdeh Şimal Komandanlığı ən güclü hərbi birləşmə sayılır. Şimal Komandanlığının sərəncamındakı çoxsaylı ordu birliklərinin canlı qüvvəsinin dəqiq sayı məlum deyil. Bu hərbi sirr olduğu üçün heç bir açıq mənbədə əsgər və zabitlərin sayı barədə dəqiq məlumat yoxdur. Ancaq Şimal Komandanlığının tabeçiliyindəki Şenyan Hərbi Dairəsinin şəxsi heyətinin 400 minə yaxın olduğunu nəzərə alanda, Rusiya ilə sərhəddə Çinin necə böyük bir hərbi güc formalaşdırdığını təsəvvür etmək çətin deyil.

Çinin qurucu lideri Mao Tszedun Rusiyanın Çinə 1.5 milyon kvadrat kilometrdən çox ərazini qaytarmalı olduğunu dəfələrlə bəyan edib. Hətta 1949-cu ildə Moskvada Stalinlə apardığı danışıqlarda Mao Çinin tələbini dilə gətirmişdi. Stalindən rədd cavabı alan Mao bu vəzifəni həyata keçirməyi özündən sonrakı nəsillərin əsas vəzifəsi olaraq müəyyən etmişdir. İndi isə belə görünür ki, Si Szinpin Rusiyanın təxminən 7 milyon kvadrat kilometrdən ibarət Uzaq Şərq Federal Dairəsini tamamilə ələ keçirməklə Çin tarixinə ən böyük dövlət adamı kimi düşmək istəyir.

Putin başda olmaqla, Rusiyanın hərbi-siyasi elitasının axmaqlığından uğurla istifadə edən Çin hərbi üstünlüyünü təsəvvüredilməz dərəcədə artırmaqla bərabər, iqtisadi cəhətdən özündən asılı salaraq Rusiyanı Moskoviyaya çevirrməkdədir. Rusiyanın bundan sonra öz gücünə bu aqibətdən xilas olmaq imkanı yoxdur”




Ana səhifəyə qayıt        Baxış: 5 677          Tarix: Bu gün, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma