Xəbər lenti

Ağ Ev Qəzza sektorunda atəşkəslə bağlı razılaşmanın tam mətnini yayıb.

Musavat.com xəbər verir ki, sənəd ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqton, Ankara, Doha və Qahirə arasında əldə olunmuş yeni sülh anlaşmasını təsdiqləyir.

Mətnə əsasən, ABŞ, Türkiyə, Qətər və Misir tərəfləri Qəzza ilə bağlı əldə edilən sülh razılaşmasını alqışlayır və onun qorunması üçün birgə fəaliyyət göstərməyi öhdələrinə götürürlər.

Sənəddə açıq şəkildə qeyd olunur ki, tərəflər ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının vasitəçilik səylərini dəstəkləyir. Bu səylərin əsas məqsədi əsirlərin azad edilməsi, döyüşlərin dayandırılması və İsrail ilə Fələstin arasında davamlı sülhün təmin edilməsidir.

Mətnin növbəti hissəsində qeyd edilir ki, davamlı sülh yalnız qarşılıqlı hörmət, insan hüquqlarının təminatı, təhlükəsizlik və ləyaqət prinsipləri əsasında mümkündür. Tərəflər həm fələstinlilərin, həm də israillilərin hüquqlarının bərabər şəkildə qorunmasını vurğulayırlar.

Yeni mərhələ: terrora qarşı birgə mübarizə və təhsil

Razılaşmada tərəflər ekstremizmin kökündən aradan qaldırılması, gənclər üçün təhsil və inkişaf imkanlarının genişləndirilməsi ilə bağlı öhdəlik götürürlər. Bu, bölgənin gələcəyi üçün sabitlik və rifahın əsas dayağı kimi göstərilir.

Dinlərarası harmoniya və müqəddəs yerlərin qorunması

Sənəddə Yaxın Şərqin xristianlıq, islam və yəhudilik üçün mənəvi və tarixi əhəmiyyətinə ayrıca bənd həsr olunub. Tərəflər mədəni və dini irsin qorunmasını, eləcə də müqəddəs məkanlara hörmətin beynəlxalq hüquq çərçivəsində təmin olunmasını vacib sayırlar.

Anlaşma iştirakçıları bildirirlər ki, bölgədəki bütün gələcək mübahisələr və ziddiyyətlər yalnız diplomatik vasitələrlə, sülh və əməkdaşlıq əsasında həll olunmalıdır.

Mətnin yekun hissəsində qeyd olunur ki, imzalanan tərəflər bölgədə təhlükəsizliyi, sülhü və iqtisadi tərəqqini gücləndirmək məqsədilə ortaq planlar həyata keçirmək niyyətindədirlər.

Bu razılaşma, müşahidəçilərin fikrincə, Tramp administrasiyasının Yaxın Şərq siyasətində dönüş nöqtəsi ola bilər. Çünki Vaşinqton ilk dəfədir ki, Qəzza məsələsində həm müsəlman, həm yəhudi, həm də Qərb tərəfdaşlarını eyni masa arxasında toplaya bilib.

Musavat.com xəbər verir ki, sənədin tam mətni artıq Ağ Evin rəsmi saytında dərc olunub və Tramp bu anlaşmanı “XXI əsrin sülh manifesti” adlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 060          Tarix: Bu gün, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma