Elşən NƏSİBOV
Siyasətşünas alim
Dövlət və onun hüquq fəlsəfəsi haqqında
İnsan varlığı dövləti şərtləndirir. Dövlət münasibətlər və əlaqələr zərurətindən meydana gələn sosial fenomen kimi çıxış edir. İnsanların müəyyən məkanlarda sosiallaşma ilə kollektivləşmə prosesləri və onun vəhdət mexanizmləri elə dövləti meydana gətirir.
Dövlət təşkilati baxımdan yuxarıda dayanır. Ancaq insan hüquqlarının təminatında bir vasitədir. Bu baxımdan da insanları üçün təşkilati qurumdur.
Dövlət hüququ insan hüquqlarının təminatını həyata keçirən mexanizm kompleksindən ibarət olan vəzifələr cəmidir. Dövlət bir vasitəçi qurum olaraq hüquq araşdırıcı, müəyyən edici, vəsaitlərlə maraqlar üzərində əlaqə yaradıcı canlı fenomendir. Dövlət hakimiyyətinin hüquqları və vəzifələri insanların hüquqlarını müəyyən edən və icra edən mexanizmlərdən ibarətdir. Dövlət nəzəri hüquq mənbəyini yaradan əsas qurumdur. Enerji potensialıdır. Dövlət enerji mənbəyini yaradır və bu mənbə vasitəsilə insan hüquqlarını kateqoriyalara salır və nizamlayır. Dövlət iyerarxiya ilə hüquqları tənzim edir.
Dövlət öz hüququ ilə o halda geniş məzmunlu tərkibdə olur ki, onun obyektini əhatə edən elementlərin zəngin hüquqları yaranmış olur.Yəni, dövlət hüququnun təkmil forması onun tərkibinin təkmilliyi ilə birbaşa bağlıdır. Burada dövlətin hüquqları onun obyektinin hüquqları ilə üzviləşir, tamamlanır. Dövlət obyektini təmin edir, obyektindən hüquqi səlahiyyətlər alır. Hüquqları təmin etmək üçün vəsaitlər mənbəyini formalaşdırır. Dövlətin tərkibini təşkil edən elementlərin müstəvi üzrə zənginləşməsi, mürəkkəbləşməsi özlüyündə dövlət hüququnun zənginləşməsini ehtiva edir. Dövlət ali qurum kimi öz vətəndaşlarının hüquqlarını ali səviyyəyə qaldırır və özündə iştirak prinsiplərini meydana gətirir. Dövlət elementlərinin zəngin hüquqları (nəzəri və praktiki olaraq təmin olunmaq imkanları olan hüquqları – bu, o deməkdir ki, hüquq normaları resursların mövcudluğuna uyğun şəkildə tətbiq olunur, icra edilə bilir. Nəzəri hüquq insanın müəyyən olunan haqqını təmin edə bilir. Bunun üçün resurs da çatışır) daxildə dövlət hüququnu böyüdür, eləcə də xaricə çıxarır. Dövlət öz hüquq elementlərinin hüquqlarını xarici mühitdən də zənginləşdirir. Hüquq elementlərinin zənginləşməsi fəaliyyəti üçün lazımi resursları kənardan, xaricdən gətirir. Bu halda hüquq və imkanlar sferası uyğun, əlaqəli tənasüb formasında böyüyür, zənginləşir. Dövlət öz hüquqlarını obyektinin hüquqları ilə tamamlayır, mütəşəkkil edir, təkmilləşdirir. Dövlətin daxili fəaliyyəti ilə xarici fəaliyyəti arasında olan bağlılıq hüquq təminatında bütövlük yaradır.
Dövlətin hüquq fəlsəfəsində onun müəyyən etdiyi hüquq normalarının praktiki olaraq yerinə yetirilməsi qeyri-mümkün hala çevrilə bilir. Bu ona görə baş verir ki, resurs çatışmır, digər tərəfdən də hüquqları müəyyən olunan tərəfin hüquqlarının təminatı üçün mexanizm yoxdur. Gələcək hüquq formalaşa bilir. Dövlət gələcək hüquqlar üçün normativ funksiya daşıya bilir. Gələcək hüquqları təmin etmək üçün hüquq obyektlərini ona tərəf darta, cəlb edə bilir. Lakin bunun üçün kifayət etməyən, tələbatlara lazımı səviyyədə cavab verə bilməyən hallar, vəziyyətlər yarana bilir. Bu baxımdan da dövlətin hüquq fəlsəfəsində tamamlana bilməyən hüquqlar yarana bilir.
İnsanların müəyyən bir məkanda mövcudluğu, ictimai-sosial münasibətlər və əlaqələr sferası, yaşayış məskənləri, toplu əlaqələr dövlətin varlığını və zəruri fəaliyyətini şərtləndirir. Çünki dövlətin maraq obyekti elə insan maraqlarını hüquqi tənzimləmədən ibarətdir. Bu maraq sferası dövlətin daxilini və xarici fəaliyyət sferasını əhatə edir. Dövlət öz sakinlərinin maraqlarını təmin etmək məqsədilə kənara çıxır. Başqa dövlətlərin uzanan əlaqələr telləri şəbəkəsinə qoşulur. Bununla da əhalisinin, vətəndaşlarının hüquq və maraq sferasını da genişləndirir. Dövlət hüququ dövlət gücünə haqq verir. Dövlət öz leqal gücündən istifadə edərək kriteriyalar ilə insan hüquqlarını müəyyən edir. Dövlət vəsaitlərinə görə öz gücünü müəyyən edir və insanların hüquqlarını təmin edir.
Dövlət hüququ özünə insan hüquqlarından haqq qazandırır. İnsanların hüquqları dövlət hüququ üçün mənbə rolunu oynayır. Elə buna görə də dövlət öz siyasətini insan hüquqlarının təminatına doğru yönəldir. Nəticə etibarilə dövlət hüququnun mövcudluğu insanların bütün hüquqlarından törəyir. Dövlət hüquqlu tərəf kimi insanların hüquqlarından mənbə alır, qərarlaşır. Dövlət zaman-zaman öz vətəndaşlarının və xaricilərin hüquqlarını təmin edir, silsilə hüquqlar meydana gətirir.
İnsanların ardıcıl hərəkətləri və daimi maraqları (əvəzlənən maraqlar) dövlətin əbədi və uzunmüddətli varlığını təmin edir. İnsanlar dövlətə öz ardıcıl hüquqlarını təmin edən ümumiləşdirici mexanizm vasitəsi kimi baxırlar.
Dövləti insanlar təşkil edirlər. Ona görə ki, dövlətə himayəçi, tənzimləyici, təminedici və qoruyucu tərəf kimi baxırlar. İnsanların hüquq müstəvisini dövlətlər böyüdə bilirlər. Bu böyümə həm dövlət daxilində, həm də kənarlarda baş verir. İnsanlar dövlətlərə öz hüquqları çərçivəsində vəzifələr, səlahiyyətlər, məsuliyyət və öhdəliklər verirlər. İnsanlar dövləti tərəf kimi mütləq konkret və mücərrəd gücə çevirirlər. İnsanlar dövlətə hüquq müəyyənedici mənbə kimi baxırlar. Məsələn, insan hüquqlarının nəzəri əsasları dövlətin qəbul etdiyi hüquq qanunvericiliyində, konsepsiyalarında əksini tapır. İnsanlar müəyyənedici tərəf kimi dövləti mənbələrdə görürlər. Dövlət hüququ məcmulaşdıran, onu konsepsiyalara və strateji tərəflərə çevirən subyekt və obyekt rolunu oynayır. Dövlət hüququ insan hüquqlarından ibarət olduğundan dövlət və insan konsepsiyaları hüquqi müstəvidə harmoniyalaşır.
Dövlətin hüququna ümumforma baxımından iki baza əsaslarda yanaşmaq olar: birincisi, dövlətin hüququ insan hüquqlarında bir vasitədir; ikincisi, dövlətin özü də ayrıca tərəf kimi hüquq subyektidir.Lakin bu məna və forma mexanizmlərdən formalaşır. Yəni dövlətin ayrıca hüququ da elə insan hüquqlarına xidmətlər məqsədilə təşkil edilir. Burada şərti deyək ki, baza hüququ insan hüququdur, üst hüquq isə dövlət hüququdür. Burada üst hüquq alt hüququ təmin edir. Təmin etməklə səlahiyyətlər əldə edir. Dövlət zəruri hallarda insan hüquqlarını həm də məhdudlaşdırır. Məsələn, dövlətin inzibati və cinayət məsələlərində olan cəza müəyyən etmək və təyin etmək hüquqlarının dövlətin öz vəzifələrini yerinə yetirməsi ilə icrası dövlətin insan hüquqlarının məhdudlaşdırılması səlahiyyətlərinin olmasını sübuta yetirir. Dövlət insan hüquqlarını məkanda sərhədləyir. Bu baxımdan da paylayıcı və bölücü funksiya daşıyır.
Dövlət insanların siyasi hüquqlarının (idarəçilik hüquqları və onun tərkibi olaraq hakimiyyəti təşkil etmək, hakimiyyətdə təmsil olunmaq, seçmək və seçilmək hüquqları) təminat vasitəçisidir. Dövlət həm də insan hüquqlarını (mülki hüquqlarını, inzibati, ailə-sosial hüquqlarını, mənəviyyat hüquqlarını) müəyyən edən, mahiyyətini aşkarlayan, üzə çıxaran tərəfdir. Dövlət insan hüquqlarını incələyir, sahələrə bölür və tərkibləri birləşdirərək bütövləşdirir.
Qeyd olundu ki, dövlət özü də insan tərəfindən müəyyən edilən hüquq tərəfidir. Bu baxımdan da insan hüquqlarının iradə məzmununa tabedir. Yəni, dövlət iradə məzmunudur. Dövlət insan hüquqlarını müəyyən edərək hüquqların tanınması vəzifəsi və öhdəliyini öz üzərinə götürür. Dövlət öz tənzim etdiyi obyekti özünə hüquq subyekti tərəfi kimi qəbul edir. Məsələn, uşaq hüquqlarını tanıyır, müəyyən edir (dövlətdaxili məsələlərdə və xarici əlaqələrdə, ümumdünya və beynəlxalq müstəvidə), eləcə də təminatını həyata keçirir. Təminatla resurs və norma arasında imkan uyğunluqlarını müəyyənləşdirir. Norma, qayda və resurs nisbətini zaman xətti ilə müəyyən edir. İnsan hüquqlarının müəyyən etdikdə hüquqları təyin edir. Maraq obyekti ilə maraq subyektinin maraq və iradələrinin uyğunluğunu təyin edir. Dövlətin hüquq fəlsəfəsində onun obyektində olan subyektlərin vəzifə və səlahiyyətlərinin təsdiqi amili dayanır.
Biz dövlət hüququna insan hüququnun tərkibi kimi şərh verdik. Bu bağlayıcılıqdan tərəflər arasında əksini də düşünmək olur. Belə ki, dövlət hüququ insan hüquqlarının tərkibidirsə, insan dövlətdə yaşayırsa, onda insan hüququ da dövlət hüququnun tərkibini təşkil edir. Dövlət insanlara öz hüquqlarının təminatında ciddi nəzarət edir, siyasətini hüquqla vəhdətləşdirir. Dövlət insanlara istiqamətlər verir. Burada mücərrədlik də var. Çünki dövlət özü həm mütləq konkretdir, həm də mücərrəddir, düşüncələrdə, şüurlarda hakimdir. Təbii ki, insan hüququnun dövlət hüququnun tərkibində olması daha çox formallıqdır. İnsanlar dövləti yaradıb öz hüquqlarını müəyyən edən səlahiyyətli tərəfə çevirirlər. Dövlətin hüququ insan hüquqlarını müəyyən etməkdən və normalara salmaqdan, ölçülər və kəmiyyətlər müəyyən etməkdən ibarət olur. Dövlət burada təminedici, təşkiledici vasitəçi qismində iştirak edir. Dövlət həm üstdür, həm də əhatələndiricidir. Həmçinin bazadır. Eləcə də vasitədir. İnsan hüquqlarından dövlət yaranır-dövlətdən də insan hüquqları müəyyən edilir, kəmiyyətlərlə, sahələrlə əksini tapır.
Beynəlxalq əlaqələri insanlar dövlətləri vasitələri ilə təşkil edirlər. Ancaq burada da tənzimləyici tərəf kimi insanlar çıxış edirlər. Çünki dövlətin mənbəyini insanlar təşkil edirlər, dövlətin fəaliyyətini öz iradələrinə uyğun şəkildə yönləndirirlər.
Beynəlxalq əlaqələr hüququ insan hüququnun tərkibidir. Beynəlxalq əlaqələr insan birliyinin (dövlət formasında, təşkilat formasında) tərkibir. Deməli, insan hüquqları beynəlxalq əlaqələr hüququnun tərkibidir, çünki beynəlxalq əlaqələr hüququ (beynəlxalq birlik, əməkdaşlıq hüququ) insan hüquqlarının obyektidir.
Qısaca olaraq,
-dövlət hüququ insan hüququnun tərkibidir-insan hüququ dövlət hüququnun tərkibidir;
-beynəlxalq əlaqələr hüququ insan hüquqlarının tərkibidir-insan hüquqları beynəlxalq əlaqələr hüquqlarının tərkibidir;
-beynəlxalq əlaqələr hüququ dövlət hüququnun tərkibidir-dövlət hüququ beynəlxalq əlaqələr hüququnun tərkibidir.
Bu baxımdan da hüquqlarda vəzifə və funksiyalar şərtləndiricidir. Törəmə və genişlənmə xassəsinə malikdir.
Dövlətin hüquq fəlsəfəsində bir bitkinlik var. Bu bitkinlik özündə tamı və gücü yaradır. İnsanlar dövlətə mövcud hüquqlarının təminatçısı və gələcək hüquqlarının müəyyənliyi məkanı kimi baxırlar. İnsan hüquqları siyasi müstəvidə və siyasi mənbədə formalaşır.
Dövlətin hüquq fəlsəfəsində bir etika, mənəviyyat var. İnsanlar dövlətə əxlaq normalarının məcmusu kompleksi gözü ilə baxırlar. Dövlət hüquqda müəyyənliklə törədici funksiya da daşıyır. Yeni hüquqların yaranmasında, buna görə də hüquq müstəvisində sadələşdirici islahatların həyata keçirilməsində dövlətə inam və etibarlılıq mövcud olur.
Hüquqların müdafiəsi əsasları
Hər bir pozitiv hərəkət, yəni fayda gətirən, başqalarının maraq və mənafeyinə toxunmayan hərəkət özlüyündə müdafiə olunur. Burada müdafiə fərdi və kollektiv əsaslarla olur. Həmçinin daxildən və kənardan həyata keçirilir.
Müdafiə elə bir aktdır ki, özündə xətti hərəkətləri, istiqamətləri, struktur və sistemli müstəvi yaradan anları birləşdirir. Müdafiə hərəkətə rəvac verən, hərəkəti şərtləndirən məcmu halını alan və fərdi və universal xarakter kəsb edən hərəkətlər kompleksidir. İnsan hüquqlarının müdafiəsi təminat və bərpa proseslərindən ibarət olur. Müdafiə insan hüquqlarının təminatı üçün sərbəst, azad hərəkətlərdən ibarət olan aktlardır.
Hüquq elə bir anlayışdır ki, onun konseptual məzmunu müdafiə və təminat strategiyasına yönəlir. Hüquq üçün cari və taktiki aktlar müdafiəni yaradır. Haqq özündə ixtiyar, vəzifə və məsuliyyət kriteriyası ilə yayılır və təsbit olunur. Müdafiə təminat və pozulmuş hüquqların bərpası ilə bağlı olur. Hüquqların müdafiəsi dəyərlər sisteminin formalaşmasına aid olan məsələdir.
Hüquqların müdafiəsi təminat, mühafizə və qoruma, həmçinin bərpa etmə kimi aktlardan ibarət olan bir haldır. Müdafiə məxsusluğu, mənsubluğu, aidiyyatlılığı əks etdirən aktdır, aktlar cəmidir. Müdafiədə iradi, şüurlu qoruma, rasional mühafizə prosesləri həyata keçirilir. Müdafiə hüquqi aktlarda qurşaqlar, qoruyucu sədlər yaradır. Dövlətin tənzimləmə funksiyası elə müdafiə aktlarından ibarət olur. Tənzimləmənin özündə bir təminat mövcud olur. Tənzimləmə paylama (burada məxsusluğu, aidiyyatı olmanı bölmə, paylara ayırma) funksiyasından və aktlarından ibarət olur. Deməli, normalara və qaydalara salma, norma və qaydalarla vəziyyətin, əhatə olunmuş məqamın əsaslarını daxilən qoruma, eləcə də normaları kənardan qorumaq üçün qaydalar və normalar müəyyən etmək elə müdafiə, mühafizə aktlarından ibarət olan hadisələr cəmidir. Dövlət mövcud normaları normada əksini tapan şərtlərlə qoruyur, eləcə də normadan “kənar” yeni norma və qaydalarla həmin normanı qorumuş olur. Məsələn, konstitusiya ilə ana normaları müəyyən və təyin edərək müdafə edir. Eləcə də konstitusiyadan törəyən hüquq normalarını müdafiə edir. Burada baza normalar ətrafında, üzərində, ondan törəyən əlavə normalar yaranır. Əlavə normalar müstəvinin tərkibi olaraq şaxələndirmə funksiyasını həyata keçirir. Baza normalar da baza sahələr üzrə müstəvi yaradır. Bu baxımdan da sistem daxildən və kənardan genişlənir. Bununla da dövlətin forma və məzmun yaratmaq funksiyaları təmin olunmuş olur.
Dövlət hüquqları ona görə müəyyən edir və müdafiə edir ki, özünün və insanlığın əsaslarını qorumuş olsun. Eləcə də insanlığa dəyər vermiş olsun. Bu, bir öhdəlik, həm də vəzifə və məsuliyyətdir. Dövlət nəticədir, ancaq daxili daima zənginləşən, həmçinin müəyyən xətlərdə kasıblaşan xətti nəticədir. Dövlət insan hüquqlarının təminatı və müdafiəsində bir təşkilatçıdır. Dövlət tarazlaşan, harmonik vəziyyətlər alan, eləcə də disharmoniya meydana gətirən kompleksdir. Hüquqlar (insanların fərdi və kollektiv hüquqları) səlahiyyətlər və vəzifələr olaraq dövlətin daxilən hüquq və səlahiyyətlərini meydana gətirir. Dövlət hüquqları müdafiə edir, ona görə ki, özü əxlaq simvolu və modeli olaraq insan hüquqlarının cəmləşməsindən meydana gəlir. Dövlət insan hüquqlarını kompleksləşdirən universal və məxsusi kriteriyadır. Cəmdir, cəmlərin vəhdətini yaradan unitdir, vəhdətdir. Dövlət insan hüquqlarının öz tərkibi olaraq dəyərini yaradan vəhdətləşdirici kompleksdir. İnsan hüquqları həm tərkibinə görə, həm də bölgüsünə görə komponentlərdən təşkil olunur. Dövlətin hər bir addımı insan hüquqlarının qorunmasına yönəlir. Ona görə ki, dövlət öz mövcudluğu üçün tərkibini qorumaq zərurəti ilə üzbəüz qalır.
Dövlətin hüquqları onun tərkibini təşkil edən və təbii haqqa məxsus olan hüquqlardan yaranır. Dövlətin daxili hüquqları məzmunca insanların hüquqlarından təşkil olunur. Dövlət insanın əl əməyinin nəticəsi olan resurslardan istifadə edir. Bu istifadə sayəsində həm özünü zənginləşdirir, həm də obyektinin və tərkib subyektinin, yəni insanın hüquqlarının müəyyənlik sferasını zənginləşdirir.
Dövlət hüquqları mövcud resursları qorumaq və yeni resurslar qazanmaq üçün də müdafiə edir. Ona görə ki, resurslar dövlətlə vətəndaşlar, dövlətlə xaricilər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) arasında əlaqələrin əsaslarını təşkil edir. Yalnız hüquqlu cəmiyyətlər sabit dövlətlərə nail ola bilirlər. Dövlətlər hüquqları ona görə müdafiə edirlər ki, sağlam və insanlığa xidmət edən cəmiyyətlər qurmuş olsunlar. Dövlət hüquqları ona görə müdafiə edir ki, dövlətin özünün səlahiyyətləri təmin edilsin. Hüquqları qorunan cəmiyyətin və dövlətin fəaliyyəti də sabit dəyişən əsaslarla təmin olunur. Dövlət sabit dinamika ilə hüquqların təminatı funksiyasını o halda həyata keçirir ki, mövcud resurslar üzərində cari təminat hüquqlarını ifadə edərək tanıyır, qəbul edir, həmçinin mövcud hüquqlarla gələcəkdə qəbul edilməsi nəzərdə tutulan hüquqlara doğru inkişafı yönləndirir. Dövlət bu halda gələcək hüquq konsepsiyasını yaradır. Bunun da daxilində strategiyanı, konseptuallığı meydana gətirir. Dövlət inkişaf strategiyası ilə insan hüquqlarının müdafiə trayektoriyasını, yəni gələcəyə yönəlik tənzimləmə istiqamətlərini və trrayektoriyasını, cızıq xətlərini formalaşdırır.
Hüquq özü insanı müəyyən edən, təyin edən, xarakterini formalaşdıran amildir. Hüquq insanın maddi və mənəvi aləmini müəyyən edir, ifadə edir, təsbitləyir. Hüquq ona məxsus olan tərəfi təyin edir. Yəni, hüquq tərəfinin vəzifə və səlahiyyətlərini təsdiqləyir, isbatlayır. Bununla da hərəkət sferasını təyin edir.
Hüquq onu daşıyan şəxs üçün müdafiə sipəridir, örtükdür. Hüquqlar birbaşa müdafiə edir. Yəni, dövlətin müəyyən etdiyi qanunvericilik elə hüquq daşıyıcısının özünün müdafiə əsaslarını ortaya qoyur. Norma və qaydalar birbaşa hüquqi müdafiəni meydana gətirir. Dövlət qanunvericilik mexanizmisi vasitəsilə insan hüquqlarını qoruyur. Buna birbaşa qoruma adını vermək olar. Dövlət həmçinin insanların (onların təmsil olunduqları qurumların) birbaşa hüquqlarının (buna daxilən əhatə olunmuş hüquq da demək olar) təmini və müdafiəsi üçün kənardan şərait yaradır. Buna vasitəli təminat və qorumaq adını da vermək olar.
Dövlət həmçinin insan hüquqlarını mərhələli şəkildə də müdafiə edir. Bu məqsədlə hüquqi qüvvəsi olan pilləli, mərhələli qanunvericilik aktları qəbul edir. Qanunvericiliyin hüquqi təsirinə görə aktlar pilləsini formalşaşdırır. Dövlət insan hüquqlarını mərkəzi-unitar və federal və yerli, regional əsaslarla da təmin edir. Bu məqsədlə qanunvericilik aktlarını qəbul edir və qanunvericilik aktlarının hüquqi qüvvəsini müəyyən edir.
Dövlət zaman və imkanlara görə də hüquqların müdafiəsi siyasətini həyata keçirir. İmkanlar hüquqları böyüdür. Böyüdükcə ətraf müdafiə zolağı, qurşağı da böyüyür. Hüquqların müdafiəsi hüquq normalarının özündə əksini tapır. Burada təminatla müdafiə aktlarının mahiyyəti təsdiq olunur. Hüquqların normalarla ifadə olunmasında tətbiq olunan ölçülər və meyarlar, diapazonlar, məkanlar, ayırd olunmalar məhz hüquqların müdafiə əsaslarını meydana gətirmiş olur. “Hüquqların idarə olunması” aktları hüquqların təminat və mühafizə şərtlərinə söykənir. Dövlət insanın iştirakı ilə insanın maraq və məqsədlərinə uyğun hüquqlarını idarə edir.
Uşaq hüquqlarının müdafiəsi əsasları
Hər bir məxluq kimi uşaq da maddi və mənəvi haqqı olan tərəf olaraq hüquq düşüncəsinin obyektini təşkil edir. Uşaq üçün düşüncələrdə hüquqi məkan meydana gəlir. Hüquq varsa, onu daşıyan tərəf də səlahiyyətlərə, vəzifələrə və öhdəliklərə məxsus olur. Uşaqlarda erkən yaşlarda vəzifə və məsuliyyət, eləcə də öhdəlik anlayışları qeyri-yetişkən, qeyri-təkmil və sadə orijinal olur. Buna görə də hüququn qazanc tərəfi daha çox şamil edilir. Bu da onunla əlaqəli olur ki, uşaqlarda hələ fiziki qabiliyyət tam təkmilləşmir. Uşaq düşüncələrinin yetişkən olması qeyri-mümkün olur. Buna görə də tam sərbəst dolana bilməyən uşaqlar daha çox imtiyazlı tərəflər olurlar. Uşaqların vəzifə və məsuliyyətləri arasında erkən yaşlarda tarazlıq olmur. Belə ki, hüququn biz iki tərəfini götürsək, dərk edə bilərik ki, onun birinci tərəfi baza tərəfidir, yəni, qazanc tərəfidir. Qazanc tərəfi digər tərəfi üstələyir. Hüquqda digər tərəf mexanizm xarakterinə malik olan əhatəli tərəfdir. Hüququn baza tərəfini təmin edir. Bu o deməkdir ki, hüququn vəzifə anlayışı, səlahiyyət, ixtiyar anlayışı hüququn qazanc anlayışını təmin etmək məqsədilə düşünülür. Məsuliyyət tərəfi isə hüququ qorumaq üçündür. Hüquqda belə qəbul etmək olar ki, əlavə, ətraf və mühafizə tərəfləri məhz hüququn qazanc tərəfinə xidmət edir. Hüququn qazanc tərəfi aksioma kimi dərk olunmalıdır. Onun üst-ətraf tərəfləri isə müəyyənedici, təyinedici, isbatlayıcı, ifadəedici, təsdiqləyici, təminedici məna kəsb etməlidir. Hüquq anlayışının qazanc tərəfi baza və ümumiləşdirici, bütövləşdirici, mərkəzləşdirici tərəfdir. Uşaqlarda erkən yaşlarda bu iki tərəf arasında tarazlıq olmur. Onların hüquqlarının əlavə tərəflərini, ətraflarını, mexanizmlərini özləri yox, valideynləri və dövlət təmin edir. Uşaqların hüquqlarında qazanc tərəflərə xidmət edən əlavə hissələr vasitəli təmin olunur. Valideynlər, ümumiyyətlə böyüklər, dövlət və cəmiyyət uşaqların hüquqlarının qazanc təminatında onların nümayəndələri kimi çıxış edirlər. Bu hal yaşlı və qoca vəziyyətlərində də şamil edilir. Belə insanlara imtiyazlı hüquqlu insanlar kimi ad vermək olar. İmtiyazlılıq məsələsinə də iki aspektdən yanaşmaq olar: birincisi, ümumilikdə, istər qazanc, istərsə də əhatə, ətraf tərəfi olsun, hüquqların özünün tərkib kimi elementlərinin zənginliyi və bu baxımdan tətbiqi və müəyyənlik dairəsinin böyük olması; ikincisi, qazanc tərəfinin mərkəz olmaqla, ətraf tərəfin daha zəngin elementlərdən ibarət olması. Birinci hal böyüklərdə də mümkün olur. İnsanlar imtiyazlı, əlavə hüquqlar, güzəştlər qazanırlar. İkinci hal daha çox əmək qabiliyyətinə, əqli və psixi qabiliyyətə şamil oluna bilir. Məsələn, əlillərin imtiyazlı hüquqlarında bu hallar var. Onların hüquqlarında qazanc ətraf vasitəsilə daha çox təsbit edilir.
Hüquq düşüncəsinin obyekti hər bir hüquq subyekti və obyekti ola bilir. Uşaq hüquqları fərdi hüquq və ailə hüquqlarının tərkibi kimi düşünülə bilir. Hamiləlik hüquqları da ailə və uşaq hüquqlarının tərkibini təşkil edə bilir. Uşaq hüquqlarının qorunması ona məxsus olan hüquqlardan istifadə prinsiplərini əks etdirir, eləcə də uşağın əl əməyinin qadağan olunduğu yerləri təsnif edir, qruplaşdırır. Uşağın əməyinin istismarının qadağan olunması da hüquqların təminatında mühüm faktordur. Əməyin qadağan olunması hüququn qazanc tərəfinin təminatı üçün ətraf mexanizmlərin işə düşməsindən ibarət olur.
Uşaq hüquqlarının təsbiti, müəyyən olunması və qorunması onların təbii mövcudluqlarından, xassələrindən, fizioloji və psixoloji amillərdən yaranır. İlk növbədə nəzərə almaq lazımdır ki, uşaq hüquqları insan hüquqlarının tərkibi kimi təmin olunur və qorunur. Uşaqlar üçün lazım olan hüquq tərkibi zəngindir. Uşaqların hüquqları böyüklərinkindən onunla fərqlənə bilir ki, uşaqların hüquqlarının təsbit olunmuş forması hüquqları özündə qorumağı və təminatı zəruri edir. Uşaq hüquqlarının mövcudluğu bir tərəfdən uşaqların hüquqlardan istifadə zərurətini yaradır. Uşaq öz xarakterinə uyğun müəyyən olunmuş hüquqlarla yaşayır. Azadlıq və sərbəstliklərdən istifadə edir. Hüquqlarından aktiv şəkildə faydalanır. Digər tərəfdən də uşaq hüquqları dövlət, cəmiyyət və valideynləri tərəfindən təmin olunur. Valideynləri uşaqlara məxsus olan hüquqların aktiv şəkildə təmin olunmasında iştirak edirlər. Bu hal da valideynlərdə əlavə hüquqları meydana gətirir.
Uşaq hüquqları hansı səbəblərə görə müdafiə olunur:
-uşaq irsi amildir, hüquqların irsi əsaslarını təmin edəndir;
-uşaqlar dövləti və cəmiyyəti təşkil edən komponentlərdəndir;
-uşaqlar dövlətin və cəmiyyətin əsas hüquq fondlarıdırlar;
-uşaqlar gələcək və davamedici hüquqların əsas daşıyıcılarıdır;
-uşaqlar rəngarəng hüquqların (burada sahələr üzrə növlü hüquqların) daşıyıcılarıdır;
-uşaqlar hüquq müstəvisində başlanğıc hüquq elementləridir;
-uşaqlar valideyn hüquqlarını yaradırlar və böyüklərin hüquqlarını genişləndirirlər;
-uşaqlar valideyn hüquqlarına güzəştlər, imtiyazlar bəxş edirlər və bu da özlüyündə uşaqların hüquqi müdafiəsini yaradır;
-uşaqlar irsi davam etdirən ünsürlər olduqlarından dövlət, cəmiyyət və valideyn, fiziki və əqli qabiliyyətli yaxın qohumlar uşaqların müdafiəsi borcunu öz üzərlərinə götürürlər;
-uşaqlar dövlətin əbədi mövcudluğu üçün resurs amilini təşkil edirlər. Dövlət özü də gələcək nəslin mövcudluğunda maraqlı olur.
İmmunitet və imtiyazlar fəlsəfəsi
Hər kəs öz hüququna görə müəyyən məkanda imtiyazlıdır və immunitetlidir. Buna ümumi, hamıya şamil olunan immunitet və imtiyaz kimi baxmaq olar. Çünki hər kəs insandır. Lakin elə peşələr, mövqelər var ki, çox dəyərlidir, ali əhəmiyyətə malikdir. Ali dərəcəli peşələr, postlar digər postların, mövqelərin əldə saxlanılmasını təmin edir. Bu baxımdan da onda təmsil olunan şəxslərin immuniteti və imtiyazı da fərqlidir. Kəmiyyətcə üstündür. Eləcə də elə vasitələr var ki, öz dəyərinə görə fərqlidir. Məsələn, dövlət əmlakı, muzeylər, irsi daşıyan tarixi maddi-mənəvi amillər buna aiddir. Ona görə də toxunulmazdır, hamının xüsusi diqqətini və hörmətini tələb edir. Digər baxımdan onu da qeyd etmək olar ki, elə şəxslər də var ki, onların cəmiyyətdə iştirakının təbii səviyyəsi immunitet və imtiyazları zəruri edir. Məsələn, hamilə qadınlar, ümumən qadınlar, uşaqlar, əlillər, müharibə iştirakçıları, vətən yolunda can qoymuş şəxslər və onların ailələri, ölkəyə ad-san qazandıran elm adamları, idmançılar və digər bu kimi şəxslər bu qəbildəndirlər. Toxunulmazlıq hüquq normaları sisteminə də aid olur. Məsələn, konstitusiya normaları toxunulmazdır. Yalnız onu pozduqda məsuliyyət yaradır. Normanın özündə toxunulmazlıq əks olunur. Qanunlar da bu qəbildəndir. Qanunlar və qaydalar toxunulmazlığın və immunitetin əsaslarını ifadə edirlər, təsdiqləyirlər. Aktlarda (sənədlərdə) əksini tapan normalarla immunitetin və imtiyazın əhatə dairələri, tətbiqi sferaları və elementləri müəyyən olunur. Normalarda müəyyənlik, statusun müəyyən olunması, təyinlik, vəzifələr və məsuliyyət, öhdəliklər və zaman amili immunitet və imtiyazların kompleks tərkibini müəyyən edir. İmmunitet və imtiyazlar beynəlxalq hüquqla da müəyyən olunur.
İmmunitet və imtiyazlar universal hüquq olaraq hər kəsə şamil olunur. Ancaq bu kriteriyaların məkan və zamanda dərəcələnməsi var. Dəyişən kəmiyyətlərdə həmçinin şərait və zərurət də mövcud olur. Dərəcələnmə zərurətdən yaranır. Tərkib elementləri ehtiva edən vəsaitlər də rol oynayır. Kimlərsə daha çox imtiyaz sahibidir, kimlərdə isə bu dəyərlər bir qədər azlıq təşkil edir. İmmunitet və imtiyaz kriteriyaları məkanlara da aid olur. Bir qrup şəxs bir məkanda olan münasibətlər sferasında immunitetlidir, başqa qrup şəxs isə başqa məkanda bu dəyərlərə sahibdir. İmmunitet və imtiyaz sahəvi olur, eləcə də bütün sahələrdə şamil oluna bilir. Məsələn, dövlət və onun əmlakı, xalqın maddi-mənəvi irsi bütün hallarda toxunulmazdır. Bu toxunulmazlıq ölkə daxilində və xaricində (əgər dövlətin başqa bir dövlətdə əmlakı olursa) tətbiq olunur. Dövlət rəhbəri həm ölkə daxilində, həm də ölkə xaricində müəyyən olunmuş imtiyazlardan istifadə edir. Sahəvi o halda yaranır ki, gərək şəxs həmin sahədə iştirak etsin. Məsələn, şəxs dövlət rəhbəri seçiləndə və xalqın parlamentdə nümayəndəsi olduqda immunitetli olur və dövlət imtiyazlarından (dövlətin müəyyən etdiyi əlavə hüquqlardan) istifadə edir. İmmunitet və imtiyazlar fərdi aspektdə dövlətin müəyyən etdiyi, dövlət tərəfindən verilən ali hərbi və xüsusi rütbələrdə, fəxri adlarda, mükafatlarda, orden, bayraq, nişan və medallarda ifadə oluna bilir. Dövlət təyinatlarında və ali hakimiyyətdə, xüsusi nomenklatur vəzifələrdə işləyən şəxslərdə də immunitet və imtiyazlar müəyyən oluna bilir.
İmmunitet və imtiyazlar həm universal tətbiq kriteriyalarıdır; məsələn, hüquq hər şəxsə, hər tərəfə-təmsil olunan tərəfə-aiddir. Bu baxımdan da immunitet və imtiyazlar da bu və ya da digər dərəcədə hər tərəfə şamil olunur. Həm də məxsusidir, ona görə ki, məxsusi peşələrə aid edilir. Məsələn, dövlət rəhbəri peşəsi məxsusidir, təkdir. Onun immuniteti də genişdir. Dövlət rəhbəri dövlət hesabına yaşayır, buna görə imtiyazlara sahibdir.
Qeyd olunduğu kimi, immunitet və imtiyaz həm ümumi, həm də konkret, məxsusi hallara şamil olunur. Hüquq özü immunitet və imtiyazlar olduğundan dərəcələr hüquq normaları və qaydalarında ifadə olunur. İmmunitet (toxunulmazlıq) və imtiyaz (əlavə hüquqlar, güzəştlər, mövcud vəzifələrin bir qismindən azad olunma, mövcud məsuliyyətlərin məkan üzrə bir qismindən azad olunma. Əlavə sosial güzəştlərin verilməsi, icazələrin kateqoriyalar üzrə müəyyən olunması və s.) bir-birini şərtləndirə bilir. Toxunulmaz şəxsin başqaları ilə müqayisədə əlavə hüquqları ola bilir. Bu da özlüyündə bir toxunulmazlıq yaradır. Əsil toxunulmazlıq isə hüququn fəlsəfəsində qərarlaşan mühafizə zolağının “qalınlaşması”ndan ibarətdir. Təminat zolağı da qalınlaşarkən hüquq daşıyıcısının immuniteti güclənmiş olur. Yəni, immunitet və imtiyazları olan şəxslərin baza hüquqlarını təmin edən və mühafizəyə alan ətraf hüquqlarının sferası daha da qalınlaşmış, zəngin elementlərlə dolmuş olur. Toxunulmzalıq zolağı əlavə hüquqlarla zənginləşir və sərhədlər möhkəmlənir.
Cəmiyyətdə imtiyazlı təbəqələr çoxluq təşkil edir. Məsələn, uşaqlar ən imtiyazlı təbəqədir. Bunlarla bərabər əlillər və qocalar, yaşlı insanlar, eləcə də qadınlar imtiyazlı təbəqələr hesab olunurlar. İmtiyazlı olmaq həm əlavə güzəştlərlə hüquqlar qazanmaq deməkdir, həm də qadağan olunmuş (zərərli və ağır iş şəraitinə görə) məkanlarda qeyri-iştirakdan ibarətdir. Güzəştlər ümumiyyətlə, çoxluq təşkil edə bilir. Hamilə qadınlara, uşaqlara olan güzəştlər elə onların toxunulmazlığını şərtləndirən amillər sırasındadır.
İmtiyazlar hüquqlara hörmət fəlsəfəsini yaradır. Hörmət əlaməti olaraq məsafələr müəyyən oluna bilir. Hüquq əxlaqı toxunulmazlığı, həmçinin imtiyazları şərtləndirir. Hüquq əxlaqı fəlsəfəsində toxunulmazlıq özündə status əks etdirməklə yanaşı, həm də dəyərlərə olan hörmətdən irəli gələn hadisələrin gerçəkliyidir, ifadəsidir, dəyərlərdir. İmtiyazlar da hüquq əxlaqının tərkibidir, hüququn dərin mənasıdır. İmmunitet və imtiyaz özünəməxsus məzmun əks etdirir. Məsələn, ictimai nəqliyyatdan güzəştlərlə istifadə özü bir insanlığa hörmət və hüquqi tərbiyədir. Dövlət başçısının, onun ailə üzvlərinin, deputatların, diplomatların və ailə üzvlərinin, əmlaklarının (səfirlik, konsulluq və s.), onlara məxsus poçt daşımalarının, məktubların toxunulmazlığı özündə hörməti, sayğını, hesaba almanı və dəyəri bildirir. İmmunitetli və imtiyazlı (burada xüsusi qorunan və tez çatdırılan) məktubların başqaları tərəfindən açılıb oxunulmağı həm əxlaqa ziddir, həm də immuniteti pozan hadisə kimi ifadə olunur. Deməli, immunitet hüququ immunitetli əşyalardan məxsusi (qapalı və gizli) istifadəni özündə daşıyır. Deməli, məlumatların da immuniteti mövcud olur. Dövlət sirri təşkil edən məlumatlar toxunulmazdır, məxsusi, fərdi istifadədə olanlardır.
Toxunulmazlıq hüquqların məhdudlaşdırılmasını, təqibləri inkar edən hallardan ibarətdir. Toxunulmaz şəxsin şərəf və ləyaqəti ciddi qorunur. O, daha çox sərbəstdir və azaddır. Buna görə də təqib oluna bilmir, lakin o hala qədər ki, ciddi şübhələr ortaya çıxmamış olsun. Məsələn, dövlət rəhbəri toxunulmazdır, azaddır – o həddə qədər ki, səlahiyyətlərini aşır, vəzifəsini yerinə yetirə bilmir. Qəsdən öz işinin öhdəsindən gəlmək istəmir. Yaxud da cinayət törədir, vəzifəsindən sui-istifadə edir. Deməli, onun üzərində xalq nəzarəti, eləcə də beynəlxalq nəzarət var. Dövlət hakimiyyəti o həddə qədər toxunulmazdır ki, xalqın hüquqlarını lazımi səviyyədə təmin edə bilir. Deməli, toxunulmazlıq və imtiyazlar vəzifələrlə, səlahiyyət, öhdəlik və məsuliyyətlərlə müəyyən olunur.
Toxunulmzalıq məsələsində “ehtiyatlı sərhədlər” rejimi müəyyən olunur. Məsələn, dövlət əmlakına münasibətdə bu sərhədlər mövcud olur. Eləcə də diplomatlara qarşı bu siyasət tətbiq olunur. Mədəni irsə qarşı münasibətlərdə də müvafiq prinsiplər tətbiq olunur.
İmmunitetlikdə və imtiyazlar məsələsində ümumiləşdirmə və məxsusiləşdirmə mövcud olur. Məsələn, dövlət özü bir immunitet obyektidir. Dövlətin atributları, rəmzləri, nişanları hamılıqla məxsusi olaraq qorunur. Burada dövlət əmlakı toxunulmazdır, ümumi tətbiqə malikdir. Hər kəsin eyni qaydada istifadəsi halları tətbiq olunur. Dövlət muzeyləri, dövlətin siyasi institutları və onların əmlakı, xalqın ümumi mədəni irsi, ictimai binalar, yollar, parklar, qoruqlar və s. kimi obyektlər ümumi istifadədə olur. Buna görə belə obyektlər immunitetli olur. Şəxslərə münasibətdə immuniteti olanlar imtiyazlardan istifadə edirlər. Məsələn, müəyyən tədbirlərdə güzəştli iştirak hüquqlarına malik olurlar.
İmmunitet məsələsi həm də aliləşdirici kriteriya kəsb edir. Məsələn, mədəniyyət xalqın toxunulmaz dəyəridir. Dövlət özü bir mədəniyyət kompleksidir. Dövlətin hamılıqla qorunması elə özlüyündə immunitetin aliləşdirilməsinə səbəb verir.
İmmunitetə malik olan əşyalar hamılıqla geniş istifadə oluna bilir. Məsələn, pul dövlətin əlamətlərindən biridir. Puldan hər kəs istifadə edir. Hər kəs pulun toxunulmazlığın, yəni onun hüquqlarına hörmət etməkdə borcludur. Pula münasibətdə yüksək davranış nümayiş etdirilməlidir.
İmtiyaz məsələsində xüsusi icazə amili də tətbiq olunur. Məsələn, növbəlilikdə bu, tətbiq oluna bilir. Diplomatik və xidməti pasportları olan şəxslər üçün icazə güzəştləri tətbiq olunur. Onlar “yumşaq sərhəd rejimi”ndən adlayırlar. Müəyyən ölkələrə vizasız gedib-gəlmək hüquqlarına məxsus olurlar. Onların yükləri üçün də imtiyazlar və immunitet rejimləri tətbiq olunur.
İmmunitet və imtiyaz məsələsi (tətbiq məsələsi) məkanla sıx bağlı olur. Belə ki, tərkib hüquqlar dəyişə, azala və ya da arta bilir. Məsələn, bir şəxs deputat olduğu müddətdə immunitetli olur. Səlahiyyət müddəti bitdikdən sonra deputatlılğa görə verilmiş hüquqlardan məhrum olur. Bu halda immunitet və imtiyaz da həmin şəxsdən alınır. Deputat cinayət törətdikdə onun toxunulmazlığı götürülür.
İmmunitet və imtiyazlar statusu və hüququ heç də hüquq pozuntusuna haqq vermir. Məsələn, belə statusa malik olan şəxslər öz toxunulmazlığından və əlavə hüquqlardan istifadə edib cinayət hadisələrini törətmək haqqına sahib ola bilməzlər. Nəticə etibarilə məsuliyyətlə cəzalanmalıdırlar. Məsələn, diplomat təyinat ölkədə yox (törətdiyi cinayət həmin ölkədə baş veribsə), göndərən ölkədə cinayətə görə məsuliyyət daşıyır. Ciddi hüquq pozuntusu üçün toxunulmazlıq və imtiyazlar haqq verə bilməz. Məsələn, əlillərin imtiyazları olsa da onlar cinayət törətməkdə haqlı ola bilməzlər. Eləcə də əqli qabiliyyətləri çatışmayan, psixi sarsıntı yaşayan şəxslərin də cinayət törətməyə haqları yoxdur. Onların cinayət hadisələrinə yol verməmələi üçün dövlət xüsusi müəssisələrlə, metodlarla onları qoruyur, əməllərinə nəzarət edir.
Şəxsin immunitet və imtiyazlı olması həmin şəxsin törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunması qaydalarını bir qədər fərqli edə bilər. Məsələn, dövlət rəhbəri cinayət törədərsə, onun məsuliyyətə cəlb olunması hamıya aid olunduğu kimi yox, xüsusi qaydada həyata keçirilir. İstintaqa cəlb olunması üçün qanunverici qurumdan, konstitusiya məhkəməsindən və digər ali dövlət qurumundan (konstitusion səlahiyyəti olan aidiyyatı qurumlardan) icazə alınır, istintaq cəlb olunmaq üçün toxunulmazlığı ləğv olunur. Xüsusi hüquqları və toxunulmazlığı olan vasitələrə, şəxslərə qarşı olan qəsdlər (cinayət hadisələri) də xüsusi normalarla cəzalandırıla bilir. Məsələn, dövlətə, onun atributlarına olan qəsdlər, dövlətin ali rəhbərlərinə olan qəsdlərin cəzası xüsusi və ağır ola bilir.
İmmuniteti olan şəxlsər ola bilər ki, müəyyən inzibati məsuliyyətlərdən azad olunsunlar. Hamıya aid olan qaydaların bəziləri onlara aid olmaya bilər. Məsələn, öz statuslarına görə (diplomatk status, əlillik və s. kriteriyaları ilə) cərimələrin cüzi bir qismindən azad oluna bilərlər.
İmmunitet təkcə şəxslərə yox, eləcə də əşyalara aid olur. Məsələn, tarixi abidələr (açıq və qapalı muzeylərdə qorunan abidələr) toxunulmazdır. Xalqın ümumi istifadəsindədir, irsidir. Hər hansısa bir şəxs tərəfindən məxsusi olaraq istifadə oluna bilməz. Tarixi-mədəni irsi özündə daşıyan əşyalar toxunulmazdır. Tarixi incəsənət əsərləri, əlyazmalar, xüsusi qorunan fondlar, vəsaitlər toxunulmazdır. Xalqın gələcəyinə hesablanmış irsi xəzinələr toxunulmazdır.
İmmunitetlik və imtiyazlıqda bu kimi amillər mövcuddur:
-təbiilik-fiziki, fizioloji və xarakterik əsaslarla;
-alilik;
-məzmunluluq;
-ümumilik və məxsusilik-tətbiq və istifadə məsələsində;
-ehtiyatlılıq;
-etik davranış və hörmət;
-məsafə saxlamaq;
-məxsusi icazəlilik;
-hamı tərəfindən verilən dəyər;
-toxunulmazlıq və bərk mühafizə olunan sərhədlər;
-əlavə icazələr və keçidlər;
-növbəsiz istifadə;
-zamanın qısa olması;
-universal və məxsusi-fərdi prinsiplilik, şərtlilik və s.
Paylaş: