
Ekspert: “Putin onun sözünü dinləməsə və müharibəni dayandırmasa, o raketləri Ukraynaya verəcək”
Avropa Birliyinin 18 sanksiyalar paketi və ABŞ, Böyük Britaniya və s. ölkələrin onlarla digər məhdudiyyətləri Rusiyanın iqtisadiyyatını zəiflətsə də, müharibəni davam etdirmək əzminə təsir göstərmədi.
Nəşrə açıqlamasında Böyük Britaniyanın “Chatham House” analitik mərkəzinin Rusiya üzrə tədqiqatçısı Timoti Eş qeyd edib ki, Rusiyaya qarşı daha ağıllı olmaq lazımdır. Bildirilir ki, hərbi xərclərin kütləvi artımı Rusiya iqtisadiyyatının 2023 və 2024-cü illərdə 4%-dən çox böyüməsinə kömək edib, lakin hökumət bu il yalnız 1% artım gözləyir. Bundan əlavə, hökumət 2025-ci ilin sonuna inflyasiyanı 6-7%, faiz dərəcələrini isə 17% səviyyəsində proqnozlaşdırır.
“Kremlin mühüm neft və təbii qaz gəlirləri azalır, büdcə kəsiri - dövlət xərcləri ilə gəlirlər arasında uçurum genişlənir. Bununla belə, sentyabrın sonunda parlamentə təqdim edilən son üçillik büdcə planı göstərir ki, hərbi xərclər müharibədən əvvəlki səviyyədən təxminən dörd dəfə yüksək olaraq qalacaq. Və bu, böyük ölçüdə Rusiya vergi ödəyicilərinin sayəsindədir”, - nəşr yazıb.
Timoti Eş hesab edir ki, ABŞ Konqresində iki partiyanın dəstəyi ilə qəbul edilən, lakin hələ səsverməyə çıxarılmayan Rusiya Sanksiyaları Aktında təklif edilən Rusiyadan enerji alan istənilən ölkəyə 500% tarif tətbiqi ciddi tədbirlərdən biri olacaq: “Bu, Rusiya iqtisadiyyatını tamamilə məhv edəcək və Rusiya hərbi maşınının fəaliyyətini dayandıracaq”.
Belədirmi? Tramp buna gedərmi?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Ukrayna-Rusiya müharibəsinin yaxın zamanlarda başa çatması ehtimalı azdır: “Əksinə, müharibə yeni mərhələyə qədəm qoyub və getdikcə şiddətlənə bilər. Xüsusilə də Trampın Rusiyadan üz döndərməsi və Putin hakimiyyətinin Çinlə əlaqələrini inkişaf etdirməsi fonunda”.
Bununla belə, Heydər Oğuz Rusiya ilə iqtisadi-ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı Aİ və ABŞ-nin 500 faizlik gömrük rüsumu tətbiq edəcəyinə də inanmır: “Bu, dünyada neftin qiymətlərinin dəfələrlə artması ilə nəticələnə və Avropa ölkələrinin özlərini çətin vəziyyətə sala bilər. Hesab edirəm ki, Qərb ölkələri Rusiyanın əsas neft və qaz alıcısı olan Çin, Hindistan və Türkiyə ilə bağlı daha təsirli alternativlər tapacaq, Rusiyanın neft gəlirlərini ən minimuma endirməyə çalışacaqlar. Bunlardan bəziləri artıq həyata keçirilir. Məsələn, Rusiyanın ən böyük müştərisi olan Çin alternativ enerji mənbələrinə yönəlib. Yəqin ki, yaxın illərdə rus enerjisindən asılılığını tamamilə azaldacaq. Türkiyənin də qarşısında fərqli alternativlər var. Məsələn, yaxın müttəfiqi sayılan Qətər qazı və ərəb nefti. Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ərəb enerji mənbələrinin Suriya üzərindən Türkiyəyə nəqli projeləri yenidən gündəmə gələ və qardaş ölkə bu təbii sərvətlərin Avropaya nəqlindən xeyli qazanc da əldə edə bilər. Bu tənlikdə yeganə həll edilməyən məchul Hindistan olacaq ki, fikrimcə, son zamanlar Pakistan-Hindistan-Əfqanıstan xəttində münasibətlərin kəskinləşməsi də təsadüfi deyil. Eyni şəkildə, Nepal və Banqladeşdə "Zet" nəsli inqilablarının baş verməsinin əsas hədəfi Hindistanı yalnızlaşdırmaqdır. Böyük ehtimalla, yaxın zamanlarda Çin də bu münaqişə xəttinə daxil olacaq. Çünki Hindistanla Çin arasında ciddi rəqabət var və regionda baş verən hadisələr bu rəqabəti canlandırmaqla qalmır, onu yeni müstəviyə gətirir".
ABŞ-nin Ukraynaya hətta uzaqmənzilli Tomahaqv raketləri verəcəyi barədə məlumatların yayılmasının da Rusiya-Ukrayna savaşının yeni mərhələyə qədəm qoyacağını göstərdiyini düşünən Heydər Oğuzun fikrincə, Trampın bunu şəxsən təsdiqləməsi də sözügedən ehtimalı gücləndirir: “Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, ABŞ Ukraynaya Tomahaqv raketləri vermək barədə düşünür. Sadəcə, bundan əvvəl Rusiya ilə danışması lazımdır. Əgər Putin onun sözünü dinləməsə və müharibəni dayandırmasa, raketləri o zaman Ukraynaya verəcək. Tramp ümid edir ki, Moskva Ukraynanın "Tomahaqv" raketləri ilə ona zərbə vurmasını istəməz və müharibəni dayandırmaq tələbi ilə razılaşa bilər. Amma indiyə qədərki hadisələr Putinin belə bir təkliflə razılaşacağın istisna edir. Əks halda, artıq 4 ildir davam edən qanlı müharibədən heç bir hədəfini reallaşdırmadan ayrılar və indiyədək özünün yemləyərək böyütdüyü rus şovinizminin qurbanına çevrilər. ”Kəlilə və Dimnə"də deyildiyi kimi, “aslanları öz əlinlə yemləmə, bir gün yem bitər, sən özün aslanların yeminə çevrilərsən”. Bu gün Putin də məhz belə bir problemlə qarşı-qarşıyadır. Öz əli ilə böyütdüyü rus şovinizminin qurbanı olmaq qorxusu onun müharibədən ayrılması qarşısında dayanan ən böyük əngəldir".
Siyasi şərhçinin fikrincə, Ukraynanın Avropadakı müttəfiqləri də Rusiyanın getdikcə zəiflədiyi bir zamanda müharibənin səngiməsini istəməzlər: “Əksinə, onlar əldə fürsət varkən Avropanı təhdid edən rus canavarının birdəfəlik məhvində maraqlıdırlar və onu Ukraynanın fədakarlığı bahasına tam tükəndirmək niyyətindədirlər. Son zamanlar Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun ortaya çıxıb yenidən müharibə tərəfdarlığı etməsi də bunu göstərir. Düşünürəm ki, İngiltərə və Avropa İttifaqı nəyin bahasına olsun-olsun, bu müharibənin davam etməsinə çalışacaqlar. Üstəlik, onların tək hədəfi Putin də deyil. Lideralizmə qarşı açıq müharibə elan edən Trampın öz yerini möhkəmləndirə bilməməsi üçün də onlar bu savaşı körükləmək xəttini tutacaqlar. Ən əsası isə idarə etdikləri Avropa İttifaqı vətəndaşları üzərindəki təsir gücünü itirməmələri də Ukrayna savaşının getdikcə şiddətlənməsinə bağlıdır. Yalnız belə olacağı təqdirdə, onlar xalqı müharibə xofu ilə öz ətraflarında birləşdirə və Rusiyaya qarşı təşkilatlandıra bilərlər. Bunun üçün isə Avropa insanları savaşın dəhşətlərini öz dərilərində hiss etməlidirlər”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat"
Paylaş: