
Ötən gün İsrailin Müdafiə Ordusu Livanın cənubunda Dov dağı bölgəsində "Hizbullah"ın mövqelərini məhv edib. Ordu rəsmilərinin məlumatına əsasən, bu əməliyyat terror təşkilatının İsraillə sərhədyanı zonada möhkəmlənməsinin qarşısını almaq məqsədilə aparılıb. Bildirilib ki, oradakı mühəndis qurğusundan qruplaşmanın infrastrukturunun bərpası üçün istifadə olunurmuş.
2023-cü il oktyabrın 7-dan İsrail Qəzza zolağındakı HƏMAS-a, Livandakı "Hizbullah"a, Yəməndəki husi qiyamçılarına, habelə Suriyadakı Bəşşar Əsəd rejiminə qarşı müharibə aparıb. İran da daxil olmaqla onların hədəfi İsraili məhv etmək olub.
Oktyabrın 7-də HƏMAS-la İsrail arasında atəşkəslə bağlı razılaşma əldə edildiyi bir zamanda "Hizbullah" da yaddan çıxmayıb.
İsrail hökuməti HƏMAS-la müharibə başlayandan sonra ölkəsinin təhlükəsizliyini təhdid edən bütün silahlı qruplaşmalara qarşı mübarizə aparacağını bəyan etdi. Bununla yanaşı o, həmin silahlıların başçılarının yerləşdikləri ərazinin daxildə, xaricdə olmasına baxmayaraq, zərərsizləşdirəcəyini də bildirmişdi.
Rəsmi Təl-Əviv qarşısına qoyduğu bu məqsədlərə çatmaqdadır. Bu əməliyyat HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Həniyənin Tehranda qətlə yetirilməsi ilə başlayıb. Bu hadisədən təxminən yüz gün sonra "Hizbullah" lideri Həsən Nəsrullah sığındığı bunkerə havadan zərbə endirilməsi nəticəsində öldü.
Bununla da İsrail "Hizbullah" daxilində çaşqınlığa nail ola bildi. İsrailin güc qurumları bu istiqamətdə əməliyyatı davam etdirərək, qruplaşmaların liderlərini bir neçəsini sıradan çıxardılar.
ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında sülh planında HƏMAS-ın tərk-silah olunması nəzərdə tutulur. Düzdür, hərəkat hələ ki bu maddəyə razılıq vermir. Onun başlıca sponsoru olmuş İran hakimiyyəti isə artıq bu məsələnin məsuliyyətini qruplaşmanın üzərinə atmış kimi görünür. Tehran rəsmiləri bildirib ki, tərk-silah olunmaq HƏMAS-ın daxili işidir.
Bunu İran tərəfindən hərəkatın silahsızlaşdırılmasına razılıq siqnalı saymaq olar.
Belə qənaətə gəlmək olar ki, HƏMAS tərk-silaha gedən yolun başlanğıcındadır.
Bu halda ondan sonra "Hizbullah"ın növbəsinin gəldiyini ehtimal etmək olar. Çünki bu qruplaşmanın da istifadə müddəti bitmək üzrədir.
Qruplaşma Livanda niyə dövlət içində dövlət rolundadır? Livanı hansı qüvvələr idarə edir, "Hizbullah" orada nəyə qadirdir?
Oktyabrın əvvəlində, iki həftə ərzində İsrailin davamlı raket hücumu nəticəsində mindən çox insanın öldüyünə dair xəbərlər yayılıb. Bunu qruplaşmanın pozuculuq fəaliyyətinə cavab addımı sayırlar. Ona görə də Livanda İsrailə görünən iki münasibət mövcuddur: biri rəsmi Beyrutun, o biri isə "Hizbullah"ın.
"Hizbullah" dövlət qurumu deyil. Bu onun son 45 ildə Livanda dominantlıq edən qüvvəyə çevrilməsinə mane olmayıb. Qruplaşma yaxşı silahlanıb. Məlumatlara əsasən, onun döyüşçü dəstələri Livanın milli ordusundan daha güclüdür. Şiə müsəlmanların təəssübkeşliyindən istifadə edir.
Çünki Livanda siyasi hakimiyyət müxtəlif din və məzhəblər arasında bölünüb. 1943-cü ildə qəbul edilən konvensiyaya əsasən, Livan Fransadan müstəqillik qazandığı zaman, ölkənin prezidenti maronit məzhəbindən olan xristian, Baş nazir sünni müsəlman, parlament sədri isə şiə müsəlman olmalıdır.
Praktiki olaraq Livanda heç bir partiya və ya dini məzhəb tam hakimiyyətə malik deyil. Hökumətlər parlament koalisiyalarından formalaşır və hər hansı vacib qərarlar hər kəs üçün məqbul konsensus tapılaraq qəbul edilir. Bu da ölkədə tez-tez siyasi böhran yaradır.
Bu bölünmə "Hizbullah"ın fəaliyyətinə yol açır. Qruplaşma 1982-ci il Livanda vətəndaş müharibəsi zamanı Livanın cənub hissəsini tutmuş İsrail qüvvələrinə qarşı mübarizə aparmaq üçün şiələrin silahlı qüvvələri kimi yaradılıb.
Yarandığı gündən onu İran hakimiyyəti aktiv şəkildə silahlandırır və maliyyələşdirirdi. 1985-ci ildə mövcudluğunun rəsmi olaraq elan etmiş "Hizbullah" Livanda İrandakı kimi İslam Respublikası qurmağı qarşısına məqsəd olaraq qoyub. O, həm də İsrail tərəfindən nəzarət edilən Livanın cənubu və Fələstin ərazilərinin azad etməyə and içib. 2009-cu ildəki manifestində İslam Respublikası qurmaq məsələsinin elan etməsə də, İsraillə münasibəti dəyişməz qalıb.
Livanda vətəndaş müharibəsi başa çatdıqdan sonra bütün silahlı qruplaşmalar öz döyüşçü dəstələrini buraxsa da, "Hizbullah" bunu etmədi. Qruplaşma ölkənin cənubunda İsrail işğalına qarşı mübarizə aparacağını bildirdi və həmin ərazidə düşərgə saldı. 2000-ci ildə İsrailin Livanı tərk etməsini isə "Hizbullah" öz qələbəsi kimi elan etdi.
Sonrakı dövrdə o parlamentdə, hökumətdə təmsil olunmağa başladı. O, ölkənin şiələr yaşayan ərazilərində təhsil, səhiyyə və başqa sosial sahələrə dəstək verir.
"Hizbullah" silahlı qüvvəsi sayəsində Livanda güclü qüvvəyə çevrilib. Qruplaşma yüz min döyüşçüsünün olduğunu bildirib. Müstəqil mənbələr isə onların sayının təxminən 20-50 min olduğunu qeyd ediblər.
ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi ekspertlərinin qiymətləndirmələrinə görə, "Hizbullah" mükəmməl silahlanıb və çox təsirli arsenala malikdir. Onun ən azı 120 min raket və mərmisi var. O, dünyanın ən güclü qeyri-dövlət ordularından biri hesab olunur. Livan ordusundan daha böyük qüvvəni təmsil edir.
Bu və başqa belə cəhətləri qruplaşmanı mərkəzi hakimiyyətə dövləti idarə etməkdə maneəyə çevrilib. Nəticədə "Hizbullah" dövlət içində dövlət yaradıb.
Bunu başqa cür də təsvir etmək mümkündür. Livanda vətəndaş müharibəsi və İsrailin hücumundan istifadə edən İran bu ölkənin cənubunda, İsraillə həmsərhəd bölgəsində "İslam Respublikası"nı qurub.
Yeri gəlmişkən, Tehran hakimiyyəti Qəzza zolağında HƏMAS-ın timsalında da oxşar hökumət və idarəetmə strukturu qurmuşdu.
Hərəkatın süqutu başlayıb. Bu baxımdan növbə qruplaşmaya çatıb. HƏMAS-ı itirmək üzrə olsa da, Tehran "Hizbullah"ın tərk-silahını qəbul etmək istəmir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu vəzifəyə təyin olunandan sonra ilk səfərlərindən birini Livana edib. O, sentyabrın 27-də Həsən Nəsrullahın ölümünün ildönümü mərasimində iştirak edib. O, buradakı çıxışında bildirib ki, İran Livana və onun müqavimətinə istənilən dəstəyi verməyə hazırdır. Əli Laricani "Hizbullah"ın İsrailə qarşı müqavimətin başlıca qüvvələrindən biri adlandırıb.
Qəzza zolağında hərəkata qarşı mübarizədə olduğu kimi ABŞ, İsrailin anti-Hizbullah əməliyyatını da dəstəkləyir. Ağ evin Suriya üzrə xüsusi elçisi və Ankaradakı səfiri Tom Barak bildirib ki, İsrail Livana hücum edə bilər: "Rəsmi Beyrut "Hizbullah"ın tərk-silah olunmasında tərəddüd etməkdə davam edərsə, İsrail birtərəfli qaydada hərəkət edə bilər. Bunun nəticələr isə ağır olacaq".
Tom Barak vurğulayıb ki, Livan fəaliyyətsiz qalarsa, İran və onun müttəfiqlərinin zəifliyi vaxtında "Hizbullah"ın hərbi qanadı İsrailin gücü genişmiqyaslı qarşıdurması ilə üzləşəcək. O, Səudiyyə Ərəbistanının da İbrahim sazişlərinə rəsmi olaraq qoşulmaq ərəfəsində olduğunu qeyd etməklə vəziyyətin heç də Livanın və qruplaşmanın xeyrinə olmayacağının anonsunu verib.
Yeri gəlmişkən, rəsmi Beyrut qruplaşma silahsızlaşdırılması tərəfdarı olduğunu bildirməsinə, hökumətin uyğun qərar qəbul etdiyinə baxmayaraq, "Hizbullah" tərk-silah olunmayacağını açıqlayır.
Oktyabrın 21-də isə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailə gəlib. O, Baş nazir Binyamin Netanyahu ilə görüşəcək. Səfərin əsas məqsədinin İsrailin HƏMAS-a qarşı döyüş əməliyyatlarını yenidən başlamamağa inandırmaq və atəşkəs şərtlərinin yerinə yetirilməsini yoxlamaq olsa da, ziyarət çərçivəsində "Hizbullah"ın tərk-silah olunacağı da ehtimal edilir.
Ötən gün Qəzza zolağında İsrailin iki əsgərinin öldürülməsi nəticəsində atəşkəs rejimi pozulmuşdu. Bir müddət sonra atəşkəs bərpa olunub. Bununla belə hərəkat təmsilçiləri rejimə əməl etdiklərini bildiriblər. O zaman zolaqda HƏMAS-la bağlılığı olmayan silahlı dəstə, yaxud şəxslərin fəaliyyət göstərməsinin mümkünlüyü ehtimalını da irəli sürmək olar. Bu baxımdan Qəzzada atəşkəsi zolağa sızmış "Hizbulah"çı (lar) da poza bilər. Çünki Qəzzada sabitlik, sülh, əməkdaşlıq və rifah, nə qrublaşmanın, nə də sponsorunun marağındadır.
Odur ki, Qəzza zolağında əmin-amanlıq, bütövlükdə Fələstinin dövlət olaraq vahid mərkəzdən idarə olunması, İsraillə münasibətlərin qurulmasının düyünlərindən biri HƏMAS, o biri "Hizbullah"dırsa, onu vuran isə İrandır. Onun proksilərinin tərk-silah olunması Tehranın düyün nöqtələrinin sıradan çıxması ilə nəticələnər. Elə ona görə də yaxın zamanda 45 yaşlı qruplaşmanın tarixə göndəriləcəyi əməliyyatının başlayacağı ehtimalı artır. Çünki o, iki dövlətin və regionun təhlükəsizliyini təhdid edən qlobal terror şəbəkəsi sayılır...
Sədrəddin İsmayılov
Report.az
Paylaş: