Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı, habelə həmin qanunsuz əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nəticədə qanunsuz dövriyyədən 33 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayonun Kürdborakı kənd sakini Taleh Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Onun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, həmçinin yaşadığı evdən əlavə olaraq 13 kiloqram 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Paylaş: