Xəbər lenti

Gürcüstanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında 12 faiz artaraq, 7,56 milyard ABŞ dollarına çatıb.

“Report”un Gürcüstan bürosu bu ölkənin Milli Statistika Xidmətinə istinadla xəbər verir ki, hesabat dövründə Gürcüstanda ixracat 28,3 faiz artaraq (2016-cı ilin 9 ayı ilə müqayisədə) 1,94 milyard dollar olub. İdxalın da həcmi 7,4 faiz artaraq, 5,62 milyard dollar təşkil edib.

Gürcüstanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 5,6 faiz artaraq, 2,06 milyard dollar olub. Avropa İttifaqı ölkələri ilə Gürcüstanın ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artaraq, 462 milyon dollar, idxal isə 2,3 faiz artaraq 1,6 milyard dollar təşkil edib.

MDB dövlətləri ilə ticarət dövriyyəsi cari ilin 9 ayında 31,2 faiz artaraq, 2,42 milyard dollar təşkil edib. İxracat isə 59 faiz artaraq, 784,4 milyon dollar, idxal isə 21 faiz artaraq, 1,64 milyard dollara çatıb.

Hesabat dövründə Gürcüstanın ən böyük ticarət dövriyyəsi Türkiyə ilə olub - 1,11 milyard dollar. Bu göstərici ilə Türkiyə Gürcüstanın ticarət tərəfdaşları sırasında birinci yerdədir. Siyahıda 806 milyon dollarla Rusiya ikinci, 640 milyon dollarla Çin üçüncü yerdədir. Azərbaycan isə 567 milyon dollarla dördüncü yerdədir.

Gürcüstan 2017-ci ilin 9 ayında ən çox Rusiyaya mal ixrac edib - 273 milyon dollar. Bu siyahıda ikinci yerdə 167 milyon dollarlıq malla Azərbaycan dayanır. Üçüncü yerdə 165 milyon dollarla Türkiyə, 160 milyon dollar Çin dayanır.

Gürcüstanın həmin dövrdə Türkiyədən 952 milyon dollarlı mal idxal edib. Bu siyahıda ikinci yerdə Rusiya (532 milyon dollar), üçüncü yerdə Çin (480 milyon dollar), dördüncü yerdə isə 399 milyon dollarla Azərbaycan dayanır.




Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 20-10-2017, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma