Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi rekord hədd olan 3,94 lirə səviyyəsinə yaxınlaşır. "Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsinin sürətlə artmasına səbəb Mərkəzi Bankın (TCMB) dünənki iclasında uçot dərəcəsinin sabit saxlanılması, Türkiyə-ABŞ və Türkiyə-Aİ münasibətlərinin, xüsusilə də Almaniya ilə siyasi gərginliyin yaşanması amilləridir. Yüksək inflyasiya fonunda uçot dərəcəsinin artırılmaması xarici portfel investorlarının Türkiyə maliyyə bazarlarından tədricən çəkilməyə başlamasına gətirib çıxarır.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə nağd valyuta bazarında dolların məzənnəsi 3,84 lirə səviyyəsinə yüksəlib. Bu da 2017-ci il yanvar ayının 10-da qeydə alınmış 3,94 TRY/USD səviyyəsinə çox yaxındır.
Xatırladaq ki, qlobal bazarda dolların ucuzlaşması səbəbindən bu il sentyabr ayının 12-də Türkiyədə ABŞ valyutasının məzənnəsi 3,38 lirə səviyyəsinə kimi geriləyib: "Lakin yuxarıda sadalanan səbəblərdən dollar 1,5 ay ərzində 14%-ə yaxın bahalaşıb. Artıq ilin sonuna qədər dollar 4 TRY/USD həddini də ötə bilər".
Paylaş: