Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Ermənistanda enerji bahalaşır, çünki... - araşdırma
Azərbaycanın qələbə ilə sonuclanan Vətən müharibəsi Ermənistan üçün yalnız döyüş meydanında məğlubiyyətə səbəb olmayıb. Müharibədən sonra açıqlanan məlumatlardan aydın olur ki, Ermənistan Qarabağ torpaqlarından kifayət qədər yüksək həcmdə gəlir əldə edirmiş. Ermənistanın maddi-mal itkiləri barədə danışanlardan biri Vazgen Manukyan işğal zonasında 100 min hektar əkinə yararlı torpaq sahəsi, 315 min hektar meşə massivi, 100 meqavatt enerji istehsal edən 17 elektrik stansiyası itirildiyini bildirib.Araşdırmalar göstərir ki, Ermənistan Qarabağdan ildə 150-200 min tona yaxın buğda əldə edirmiş. Eyni zamanda, Qarabağda çıxarılan mis, qızıl, digər filizlər Ermənistanın emal zavodlarını xammalla təchiz edən əsas mənbələrdən biri olub.
İndi isə aydın olur ki, Ermənistan Qarabağdakı su elektrik stansiyalarından əldə olunan yüz milyonlarla kilovatt/saat elektrik enerjisindən də məhrum olub. Bu isə cari ildə ölkədə elektrik enerjisinin bahalaşması ilə nəticələnəcək.
Ermənistanın İstehlakçı Konsaltinq Mərkəzi Qeyri-Hökumət Təşkilatının rəhbəri Karen Çilingəryanın dediyinə görə, 2021-ci ildə Qarabağdan Ermənistana 330 milyon kVt/saat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulurmuş. Bundan əlavə, Ermənistan Qarabağ torpaqlarında yetişdirilən 200 min tona yaxın buğdanı da demək olar ki, pulsuz əldə edirmiş. İndi isə nəinki Qarabağdan enerji və buğda almaq mümkün olacaq, əksinə, Ermənistan orada qalan erməniləri də təmin etməyə məcbur qalıb.
Rəsmi məlumata əsasən, cari ilin fevralından Ermənistanda elektrik enerjisinin bahalanması nəzərdə tutulur. Ermənistan Tarif Şurasının ictimai xidmətlər idarəsinin rəisi Aşot Ulixanyanın verdiyi məlumata görə, buna səbəb ölkədəki Metsamor AES-də istehsalın azalmasıdır. Belə ki, stansiya əsaslı təmir işlərinə görə bu il ümumilikdə 141 gün işləməyəcək - nəticədə 560 milyon kVt/saat az enerji istehsal olunacaq. Eyni zamanda Ermənistan Qarabağdan aldığı ucuz enerjidən də məhrum olub. Nəticədə, çatışmayan enerjini Razdan İstilik Elektrik Stansiyasından əldə etmək lazım gələcək. Razdandan əldə olunan enerji isə kifayət qədər baha başa gəlir. Belə ki, 2020-ci ilin iyulunda Ermənistanda iri müəssisələr üçün qazın qiyməti 6 faizə qədər artırılıb. Və qiymət dolların kursuna bağlıdır. Son iki ayda isə Ermənistanda dollar 7-8 faiz bahalaşıb. Beləliklə, qazın qiyməti bahalaşdığı üçün Razdan İES-dən əldə olunan enerji də bahalaşır.
Ulixanyan deyir ki, 1 kVt/saatı 2,27 dramla hesabladıqda ümumilikdə enerji sistemində maliyyə boşluğu qalır. Dövlət əhali qrupu üzrə enerji tariflərini artırmamaq qərarı qəbul etdiyinə görə bahalaşmanın bütün ağırlığı biznes və iri istehlakçıların üzərinə düşəcək. Ayda 400 kVt/saat-dan çox enerji istifadə edənlərin hamısı 3 dram - 7-10 faiz daha artıq pul ödəməli olacaq.
Ermənistan rəsmisi Qarabağdan ucuz elektrik enerjisinin alınmayacağını da ölkənin enerji təminatı üçün problem yaradan amillər sırasında qeyd edib.
Açıqlanan məlumatlardan aydın olur ki, ilk dəfə 2018-ci ildə Qarabağdan Ermənistana 17 milyon kVt/saat elektrik enerjisi ixrac olunub. 2019-cu ildə Qarabağdakı 31 SES-də 475 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 85 milyon kVt/saatı Ermənistana ixrac olunub. Heç də qəribə deyil ki, Ermənistan rəsmilərinin “ucuz” adlandırdığı bu enerjinin Qarabağdan məhz neçəyə alındığı heç zaman açıqlanmır. Eyni gizlilik Qarabağdan daşınan digər sərvətlərə, məhsullara da aiddir: buğdadan tutmuş, üzümə, nara, mis və qızıl-gümüşə qədər.
2019-cu ildə Qarabağda 12 SES-in tikintisi davam edirdi. 2020-ci ilin birinci yarısında ərazidə elektrik enerjisi istehsalı 324,8 milyon kVt/saat təşkil edib. Bu, 2019-cu ilin eyni dövründən 50 faizə yaxın çox deməkdir. Beləliklə, sentyabrda başlayan Vətən müharibəsi olmasaydı, 2020-ci ildə
Qarabağdan Ermənistana təxminən 200 milyon kVt/saat həcmində enerji ötürüləcəkdi. Nəzərə alsaq ki, Qarabağda daha 12 SES-in tikintisi aparılırdı, onda Ermənistanın bu il iki dəfə artıq pulsuz enerji əldə etmək imkanından məhrum olduğunu söyləyə bilərik. Vətən müharibəsindən sonra aydın olub ki, Qarabağda fəaliyyət göstərən 36 SES-dən 30-u Azərbaycanın azad olunmuş ərazilərində yerləşirmiş.
Nəzərə almaq lazımdır ki, Qarabağdan Ermənistana ötürülən digər sərvətlər kimi, elektrik enerjisi ilə bağlı statistika da mötəbər sayıla bilməz. Belə ki, 2017-ci ilin birinci yarısında Qarabağda elektrik enerjisi istehlakı 166 milyon kVt/saata yaxın olub. Bu hesabla illik enerji istehlakı 300 milyon kVt/saatdan yuxarı olmayan ərazidə 2019-cu ildə istehsal 475 milyon kVt/saat olub. Bu isə
Ermənistana daha çox həcmdə enerjinin verilməsi ehtimalını artırır.
Ermənistan ekspertləri hesab edirlər ki, enerjinin qiymətini aşağı salmağın əsas yolu İranla qaz əvəzinə enerji mübadiləsinin həcmini artırmaqdır. Belə ki, yazda SES-lər aktiv işlədiyi üçün enerji artıqlığı yaranır ki, bu da İrana ötürülür. İran isə əvəzini SES-lərin demək olar ki, fəaliyyətsiz qaldığı payız və qışda qaytarır. Nəticədə Ermənistan İES-ləri daha az işlədir, sistemə daha az miqdarda bahalı enerji daxil olur.
Erməni ekspertlər açıq bildirirlər ki, İranın şimal əyalətlərinin Ermənistandan alınan enerjiyə demək olar ki, ehtiyacı yoxdur. Xüsusilə Xudafərin və Qız qalası SES-lər işə düşəndən sonra bu ehtiyac sıfıra bərabərdir. Lakin İranın Ermənistan “sevgisi” o qədər böyükdür ki, bu ölkəyə elektrikötürücü xətləri öz hesabına çəkir.
İran Ermənistanın istilik elektrik stansiyalarına qazı da ciddi güzəştlə verir. Belə ki, İranın verdiyi hər kubmetr qazdan Ermənistanda 4-4,5 kVtsaat elektrik enerjisi istehsal olunur ki, bunun 3 kVtsaatı İrana, qalanı isə Ermənistanın enerji şəbəkəsinə ötürülür. İldə 400-500 milyon kubmetrə yaxın İran qazı Ermənistana nəql olunur. Beləliklə, İran qazı hesabına Ermənistan ildə 700-750 milyon kVt/saata qədər pulsuz enerji əldə edir.
Yeri gəlmişkən, 2018-ci ildə ermənilərə verilən İran qazının min kubmetri 165 dollar təşkil edib. Müqayisə üçün deyək ki, 2019-cu ilin 1 yanvarından etibarən Ermənistan Rusiyadan da qazın min kubmetrini 165 dollara alır. 2020-ci ilin birinci yarısında Paşinyan hökuməti bu qiymətin azaldılması üçün bir neçə dəfə cəhd etsə də, Rusiya prezidenti Vladimir Putin qiymətlərin dəyişməyəcəyini bəyan etməklə bu cəhdlərin qarşısını aldı.
Hazırda Ermənistanda ev təsərrüfatlarına qaz 139 min drama (min kubmetri təxminən 290 dollara) satılır. Yalnız aztəminatlı ailələrə qiymətdə iki dəfəyə yaxın güzəşt olunur.
Artıq 20 ilə yaxındır İranla Ermənistan arasında qaz-enerji mübadiləsinin həcminin artırılması məsələsi həllini tapmır. Məsələ burasındadır ki, İrandan Ermənistana daha çox qaz ötürmək imkanı var - mövcud boru xətti tam gücü ilə işləmir. Amma Ermənistandan İrana elektrikötürücü xətlərin gücü aşağıdır. Hazırda hər biri 200 kilovolt olan iki xətt fəaliyyət göstərir. İyirimi ilə yaxındır daha 2 xəttin çəkilməsi ilə bağlı müzakirələr gedir. 2017-ci ildə tikinti işləri başlansa da, hələ də başa çatdırılmayıb. Dekabr ayında İrana gedən Ermənistan nümayəndə heyəti bu prosesin sürətləndirilməsi məsələsini də müzakirə edib. Maraqlıdır ki, yeni xətlərin maliyyə yükünü İran çəkir - tikintini də özü aparır. Mövcud işlək xətləri də İran tərəfi çəkib. Və Ermənistan üçün bu işləri pulsuz icra edən İran Azərbaycanla svop əməliyyatı çərçivəsində Naxçıvana verilən qazın 15 faizi həcmində tranzit haqqı alır. İldə 400-500 milyon kubmetr qazı Naxçıvana verən İran Astaradakı ötürmə məntəqəsindən Azərbaycandan bu həcmdən əlavə 60-75 milyon kubmetr də qaz alır.
Dünya SAKİT,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar