
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı əsasında bu bayram təsis edilib.
Dövlət başçısının imzaladığı sənəddə Ermənistanın işğalçılıq siyasəti həyata keçirməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etməsi faktı vurğulanıb.
Sənəddə 1989-92-ci illərdə Ermənistanda və Azərbaycanın işğal edilən torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığı, insanlığa qarşı törədilən cinayətlər nəticəsində şəhər və kəndlərin viran edilməsi qeyd olunub. Sənəddə müasir dövrün faciələrindən olan Xocalı soyqırımından da bəhs edilib.
Ermənistan havadarlarının yardımı ilə Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıları zor gücü ilə çıxarıb, onların vətəndaşlıq hüquqlarını pozub. 37 ildir qərbi azərbaycanlıların repatriasiya və vətəndaşlıq hüququ bərpa olunmayıb.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Qarabağ və ətraf rayonlarında da oxşar hadisə baş vermişdi. Ümumiyyətlə, Cənubi Qafqazda Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı dövlət təsis ediləndən azərbaycanlılara qarşı qətliamlar törədilib, etnik təmizləmə aparılıb. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərindən biri də o dövrün Ermənistanının apardığı müharibə olub.
Bu baxımdan Azərbaycanın suveren hüququ həmin dövrdən pozulmuş sayılır.
Prezidentin imzaladığı sənəddə bu belə vurğulanıb: "Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur".
Zəfərdən sonra rəsmi Bakı Qarabağda yaşayan ermənilərə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağı təklif etdi. Ancaq onlar uzun illər düşmənlik etdikləri, mövcudluğuna qarşı çıxdıqları, vətəndaşlarını soyqırımına məruz qoyduqları bir dövlətdə qalıb, ona inteqrasiya olmaq istəmədilər. Bölgədə Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsindən istifadə edərək, yenə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə qarşı qanunsuz fəaliyyətlə məşğul olmağa başladılar. Sülhməramlıların yardımı ilə onlar müxtəlif qanunsuz qruplar yaratmaqla terror fəaliyyəti ilə məşğul olmağı hədəfləmişdilər.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi, həmin ərazilərdə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı keçirib.
Bu əməliyyat 23 saat davam edib. Prezidentin məlum sərəncamında bu əməliyyat belə dəyərləndirilib: "Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir".
Bu il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu illiyidir. Dövlət başçısı ötən il dekabrın 28-də 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Odur ki, bu ilki Dövlət Suverenliyi günü həm də Konstitusiyanın yubileyinə təsadüf edir.
Azərbaycan ziyalıları iki əsr müstəmləkə zülmündən xilas olmaq uğrunda mübarizə aparıb. Cümhuriyyəti məğlub edən amillər 2020-ci il noyabrın 8-də 44 günlük müharibədə qazanılan Zəfərlə aradan qaldırılıb. İki il öncə yenidən dirçəlmək istəyən həmin səbəblər 23 saata məhv edilmişdi. Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyəti, apardığı islahatlar və yürütdüyü doğru siyasi kurs nəticəsində 44 gün 23 saata Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Yeri gəlmişkən, suverenlik fransızcada "souveraineté" - ali hakimiyyət deməkdir. O, ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub, onun daxili və xarici funksiyalarını azad, sərbəst şəkildə dövlətin konstitusiyası, qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri, normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Bir dövlətin iqtisadi gücü, qüdrəti də suverenlik üçün təminat sayılır. 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində "Əsrin müqaviləsi" imzalanıb. Bu siyasət 2020-ci ildə Qələbəni, 2023-cü il sentyabrın 19-da 23 saatlıq əməliyyat nəticəsində suverenliyin tam bərpasını təmin etdi.
Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazın aparıcı dövləti, güc mərkəzi olduğunu təsdiqlədi. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olaraq nüfuzu artdı. Azərbaycan dünyanın təhlükəsiz energetika təminatında aparıcılardan biri olduğunu isbatladı. O, 31 il əvvəl imzalanmış "Əsrin müqaviləsi"nin şərtlərinə əməl etməklə özünü etibarlılıq imicini gücləndirib.
Azərbaycan regional və qlobal miqyasda sülh, əməkdaşlığın təşəbbüskarları, carçılarından biri olaraq bu istiqamətdə töhfələrini verir.
O, Türkiyə ilə birlikdə Cənubi Qafqazda sülh və əməkdaşlığın güclənməsi istiqamətində birgə fəaliyyət göstərir. Rəsmi Ankara və Bakı bununla türk dövlətləri əməkdaşlığının dünyaya üçün faydasını da nümayiş etdirir.
Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçı əməllər, qətliamlar, etnik təmizləmələr, iqtisadiyyata milyardlarla dollar ziyan vurub. Lakin bu gün bölgədə sülh və əməkdaşlığın təşəbbüsçüsü Azərbaycandır. İki tərəf arasında sülh danışığı və normallaşdırma prosesinə dair təkliflər paketini də rəsmi Bakı irəli sürüb.
Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam tənin etməklə Ermənistana da yardım etmiş olub. Ölkənin Baş naziri Nikol Paşinyanın "Real Ermənistan" konsepsiyası da məhz bundan sonra meydana çıxıb. O, suverenliyi və müstəqilliyi ilə Ermənistanın da suveren və müstəqil olmasına yol açıb.
Azərbaycan Cənubi Qafqazla yanaşı, Yaxın Şərqin də aparıcı dövlətlərindən biridir. O, bu regionda baş verən hadisələrə müstəqil münasibətini bildirir. Bölgə dövlətlərini danışıq və müzakirələr aparması üçün ev sahibliyi etməklə etibarlı, təhlükəsiz ölkə olduğunu da göstərib.
Bütün bunlar və başqa üstünlüklər Azərbaycana müstəqillik, suverenlik, ərazi bütövlüyü qazandırıb.
Dövlət Suverenliyi günün mübarək, Azərbaycan!
Report.az
Paylaş: