Rusiyalı ekspert: “Bazarda hansısa kollapsın yaranması real deyil”
ABŞ-ın Rusiyanın neft satışından əldə edəcəyi gəlirləri minimuma endirmək üçün irəli sürdüyü qiymət tavanı ideyasının reallaşması istiqamətində fəaliyyətlər güclənir. Ötən həftə keçirilən G7 sammitində inkişaf etmiş dövlətlərin rəhbərləri bu məsələ ilə bağlı ümumi razılığa gələrək, işlək mexanizmin yaradılması üçün işçi qrupun fəaliyyətə başlamasını məqbul hesab ediblər.
G7 sammitindən az sonra Cənubi Koreyanın maliyyə naziri Çu Gen Xo ilə ABŞ maliyyə naziri Canet Yellen Vaşinqtonun Rusiya neftinə qiymət tavanı qoyulması təklifini müzakirə ediblər. Cənubi Koreya Maliyyə Nazirliyinin rəsmi məlumatına əsasən məsələ C.Yellenin iyulun 19-20-də bu ölkəyə rəsmi səfəri zamanı detallı müzakirə olunacaq: “Xanım Yellen enerjidaşıyıcıları bazarında qiymət stabilliyini təmin etmək, Rusiyanın neft ixracından gəlirlərini kəskin azaltmaq üçün bu ölkənin neftinə qiymət həddinin tətbiq olunmasının zəruriliyini qeyd edib”. Çu Gen Xo isə öz növbəsində məsələni müzakirə etməyə, həmçinin konkretləşdikdən sonra prosesə dəstək verməyə hazır olduqlarını bildirib.
ABŞ prezidenti Co Bayden isə iyunun 30-da Rusiya neftinə qiymət tavanının müəyyənləşdirilməsini mümkün hesab etdiyini açıqlayıb. Onun sözlərinə görə, artıq müvafiq mexanizm üzərində iş apaılır və onun tətbiqi enerjidaşıyıcıları bazarında qiymətlərin aşağı düşməsini şərtləndirəcək. Həmçinin Baydenin bu ay gözlənilən Yaxın Şərq səfəri zamanı ərəb ölkələri - daha dəqiqi, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə neft hasilatının artırılması məsələsini müzakirə edəcəyi gözlənilir.
ABŞ-ın təklif etdiyi plana əsasən Rusiya neftini tətbiq olunacaq qiymətə alan ölkələrə və şirkətlərə hər hansı sanksiya tətbiq olunmayacaq. Lakin bu həddən yuxarı qiymətə alınan nefti daşıyan tankerləri sanksiyaya qoşulan ölkələrə məxsus sığorta şirkətlərinin sığortalaması, həmin tankerlərə texniki qulluğun göstərilməsi qadağan ediləcək. Sanksiyaya qoşulan ölkələrə məxsus daşıyıcılara da müəyyənləşdirilən qiymətdən yuxarı alınan Rusiya neftini daşımaq qadağan olunacaq.
Yaponiyanın baş naziri Fumio Kisidanın yerli mətbuata verdiyi məlumata görə, Rusiya neftinin yuxarı qiymət tavanı hazırkı satış qiymətinin 50 faizi həcmində müəyyənləşdiriləcək: “Rusiya nefti üçün qiymət tavanı olaraq onun hazırkı qiymətinin 50 faizinin müəyyən olunması gözlənilir. Biz Rusiya neftinin bu qiymətdən baha alınmasına imkan verməyəcək təkmil mexanizm də yaradacağıq”.
Kremldə Qərbin neft qiymətinə məhdudiyyət qoymaq planını şərh edərkən neftin hazırda yüksək tələbat olan xammal olduğu vurğulanıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən, neftin aşağı qiymət təklif edən alıcılardan bazar dəyərini verəcək alıcılara yönəldilməsinin elə də çətin olmayacağını bildirib: “Şübhəsiz ki, risklər var. Bayden sizin qeyd etdiyiniz çıxışında bildirib ki, neft daşıyan gəmi və tankerlərin sığortalanmasını dayandıracaqlar. Bu, bir sıra alıcılar üçün əlavə problemlər yaratsa da, digərləri üçün daha az çətinlik demək olacar. Nəticədə, biz neft çatdırılması marşrutlarını dəyişməyə davam edəcəyik. Hər bir halda, neft bazarı yetərincə rəngarəngdir. Və əgər hansısa səbəbdən bir istiqamət ləngiyəcəksə, bu zaman neft təbii olaraq başqa istiqamətlərə yönələcək. Hazırda neft bazarında neft təklifi bolluğu mövcud deyil, bu məhsul lazımlıdır və ona tələbat getdikcə artacaq”.
“Bloomberg” agentliyinin məlumatlı mənbəyə istinadən yazdığına görə, Avropa Birliyi çərçivəsində müzakirələr aparılsa da, yaxınmüddətli dövrdə Rusiya neftinə qiymət tavanı tətbiq olunması mexanizminin işə salınması mümkün deyil: “Birlik ölkələri səfirlərinə yaxın gələcəkdə bu mexanizmin işə salınmasının mümkün olmayacağı bildirilib”.
“JPMorgan Chase & Co” şirkətinin analitikləri hesab edirlər ki, ABŞ və Avropa sanksiyaları Rusiyanı neft hasilatını azaltmaqla cavab tədbirləri görməyə məcbur edərsə, dünya neft qiymətləri bir barel üçün 380 dollara çata bilər. Ekspertlər “G7" ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün kompleks mexanizm hazırladığını bildiriblər.
“JPMorgan” analitikləri Moskvanın sabit maliyyə vəziyyətinə malik olması halında ölkə iqtisadiyyatına yersiz zərər vurmadan gündəlik neft hasilatını 5 milyon barel azaltmağa qadir olduğunu vurğulayıblar. Onların fikrincə, bu, dünyanın qalan hissəsi üçün fəlakətli nəticələr törədə bilər. Belə ki, gündəlik tədarükün 3 milyon barel azaldılması neftin qiymətini Londonda 190 dollara, 5 milyon barel azalması isə 380 dollara çatmasına səbəb ola bilər.
Rusiyanın ekspertləri isə “JP Morgan”dakılar qədər optimist deyillər. Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov hesab edir ki, Rusiyanın hasilatı azaltması bazarda hansısa kollapsa səbəb olmayacaq. Rusiya mətbuatına danışan mütəxəssis “JP Morgan” ekspertlərinin gündəlik neft hasilatının 5 milyon barel azalacağı təqdirdə, qiymətlərin 380 dollara çatacağı proqnozunu real hesab etmir: “”Bu, yalnız o halda ola bilər ki, Rusiya ixracı tam dayandırsın. Yəni Asiya bazarına da neft çıxarmasın. Biz gündə təxminə 10 milyon barel neft hasil edir, bunun da yarısını ixrac edirik. Bu həcm bazardan çıxarsa, dünya bazarındakı yerini doldurmaq mümkün olmayacaq. Hazırda bazara əlavə heç 1 milyon barel də çıxarılması imkanı yoxdur. Burada əlbəttə, sanksiya altında olan İran və Venesueladan söhbət getmir. Söhbət hazırda ixracı mümkün olan ölkələrdən gedir".
Yuşkovun sözlərinə görə, Rusiya Qərb marşrutuna gündə 2-2,5 milyon barel neft çıxarır. Neft embarqosu, yaxud qiymət tavanı şəraitində bu ixrac dayandırıla bilər. Lakin bu zaman “JP Morgan” analitiklərinin dediyi kimi, neftin 190 dollara qədər bahalaşması mümkün deyil: “İdeal variantda Rusiya Asiya bazarlarına istiqamətlənəcək, neftini bura yönəldəcək. Hazırda mart-aprel aylarında böyük vüsət alan bu proses xeyli yavaşıyıb. Çünki sanksiyalar qüvvəyə minənədək Avropa şirkətləri Rusiyadan neft alışını tam sürətilə bərpa ediblər. Onlar 2022-ci ilin sonunadək bunu davam etdirəcəklər. Buna görə də Rusiyanın neftini Asiyaya daha çox istiqamətləndirməsinə kəskin ehtiyac yoxdur. Lakin sanksiyalar və qiymət tavanı qüvvəyə minərsə, buna məcbur olacaq”.
Mütəxəssisin fikrincə, qiymət tavanı mexanizmi işə salınarsa, bu, Rusiya üçün ciddi problemlər yaradar. Belə ki, tavandan yuxarı satılacaq məhsulu daşımağa gəmi-tanker tapmaq mümkün olmayacaq: “Sığorta şirkətlərinin mühüm əksəriyyəti Qərb ölkələrinə məxsusdur. Bu isə tavandan yuxarı satılan neftin daşınmasını mümkünsüz hala gətirəcək. Hazırda Rusiya neftini daşıyan kiçik sayda gəmiləri Rusiya dövlətinin zəmanəti ilə yerli şirkətlər sığortalayır. Lakin belə gəmilərin sayı çox azdır. Əgər Rusiya şirkətləri Asiya bazarında özlərinə qısa müddətdə yer tuta bilsələr, qiymətlər hazırkı səviyyədə - 1 barel üçün 111-120 dollar qalacaq. Bu, alınmasa, biz hasilatın və ixracın azalması, qiymətlərin 150-160 dollara qədər qalxmasını görə bilərik. Lakin bundan yüksək qiymətlərin olması mümkün deyil”.
Qeyd edək ki, son vaxtlar Rusiyada embarqo üzündən satışı təmin etmək mümkün olmayacağı halda, hasilatın 2-3 milyon barel azaldılması təklifləri artmaqdadır. Ölkənin ən böyük özəl neft şirkəti olan “LUKoyl”un vitse-prezidenti Leonid Fedunun ilk dəfə səsləndirdiyi təklifə əsasən Rusiya aşağı qiymətə çox neft satmaqdansa, yuxarı qiymətə az neft satmaq planına keçməlidir. Bu təklif artıq Rusiyada rəsmi səviyyələrdə də səsləndirilir. ABŞ isə Rusiyanı bu imkandan məhrum etməyə çalışır. Belə ki, qiymət tavanı müəyyənləşdirilərsə, Rusiya iqtisadiyyatını sabit saxlamaq üçün ixracı maksimum artırmağa çalışacaq. Nəzərə alsaq ki, Rusiyanın qızılına embarqo qoyulur, qazın alışı minimuma endirilir, bu zaman ölkənin maliyyə sabitliyi üçün daha çox neft satışını təmin etmək məcburiyyətində qalacağını söyləyə bilərik. Rusiyanın mövcud əlçatan maliyyə resursları iqtisadiyyatı bir neçə aydan artıq təmin etməyə imkan vermir: ölkənin valyuta ehtiyatlarının əsas hissəsi dondurulub. Bu şəraitdə Rusiya makroiqtisadi sabitliyi qorumaq üçün ucuz da olsa, neft ixracını davam etdirməyə, sadəcə, məcbur olacaq.
Digər tərəfdən, yüksək enerji qiymətlərinin dünya iqtisadiyyatında yaratdığı problemlər getdikcə dərinləşir: inflyasiya inkişaf etmiş ölkələrin ən böyük probleminə çevrilib. Artıq yüksək inflyasiyanın cilovlanması üçün yürüdülməyə başlanan sərt monetar siyasətin qlobal iqtisadiyyatda kiçilməyə səbəb olacağına dair gözləntilərin reallığa çevriləcəyi qaçılmaz görünür. Həm Avropa, həm də ABŞ-da resessiya variantı diqqət mərkəzindədir. Qlobal iqtisadiyyatda başlamaqda olan resessiyanın tezliklə enerjidaşıyıcılarına olan tələbatı kəskin azaldacağı şübhəsizdir. Bu isə o deməkdir ki, hətta Rusiya hasilatı və ixracı azaltsa belə, bu, bazarda böyük ajiotaja səbəb olmaya bilər. Çünki avqustun sonundan etibarən OPEK+ çərçivəsində azaldılan hasilat həcmlərinin tam bərpasına başlanacaq. Bu isə bazara əlavə olaraq 700 min barelə yaxın neftin çıxması demək olacaq. Tələbatın azalması fonunda təklifin çoxalması da neft qiymətlərinə azaldıcı təsir göstərəcək.
Müsavat.com
Paylaş: