Xəbər lenti

Rusiya-Ukrayna müharibəsi başlandığı gündən Ukrayna taxılının ixracında ciddi problemlər yarandı. Bir çox ölkələr idxal etdikləri Ukrayna taxılı ilə öz ərzaq təhlükəsizliklərini təmin edirdilər. Bu problemi aradan qaldırmaq üçün Türkiyə təşəbbüs göstərərək münaqişə tərəflərini razılığa gətirdi. Nəticə etibarı ilə Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də taxıl sazişi imzalandı. Sazişə əsasən, Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracı nəzərdə tutulurdu. Ötən müddət ərzində gəmilərin hərəkəti İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən tənzimlənir. 2023-cü il martın 18-də Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb. Amma son günlər Rusiya tərəfinin verdiyi açıqlamalardan bəlli olur ki, rəsmi Kreml sazişi uzatmaq istəmir. Buna səbəb kimi isə ABŞ, Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları göstərir. Sazişin müddəalarının tam yerinə yetirilmədiyi, Rusiyanın taxıl və gübrəsinin dünya bazarlarına tədarükündə süni əngəllər yaradıldığı iddia edilir.

Bəs görəsən sazişin müddəti uzadılmayacağı halda dünyada taxılın qiyməti artacaq? Qiymət artımının Azərbaycana təsiri olacaq?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Mövzu ilə bağlı açıqlamasında iqtisadçı Rauf Qarayev bildirib ki, Rusiyanın indiki açıqlamalarından çıxış edərək Kremlin taxıl sazişinin uzadılmasından birmənalı imtina etdiyini demək olmaz. Kreml rəsmilərinin məlum açıqlamaları şantaj xarakterlidir:

“Yəni hansısa istəyi nəzərə alınmazsa, o halda bu addımı ata bilər. Türkiyə tərəfi bu təşəbbüslə çıxış edəndə belə Rusiya sazişi imzalamaqdan qaçırdı. O zaman bu, baş vermədi. İndiki məqamda Türkiyənin özünü də sıxırlar və mövcud sanksiyalarla türk şirkətləri də üz-üzə qalıb. Hətta istəyirlər ki, Türkiyə boğazları bağlasın və Rusiya gəmiləri ümumiyyətlə ora daxil olmasın”. 

İqtisadçı hesab edir ki, Rusiyanın taxıl sazişi ilə bağlı mövqeyi hələlik bəyanat səviyyəsindədir:

“Rusiya bu addımı atsa, yəni taxıl sazişindən imtina etsə, dünya bazarına təsiri o olacaq ki, qiymət müəyyən qədər artacaq. Lakin qiymət artımı tam şəkildə baş verməyəcək. Çünki Ukrayna taxılının alternativləri də var. Hansı ki, digər taxıl istehsal edən ölkələr Ukrayna taxılının yerini doldurmağa hazırdırlar. Məsələn, Hindistan dəfələrlə bəyan edib ki, taxıl sahələrini artırıb, daha ucuz qiymətə taxıl sata bilər. Taxıl satışı ilə məşğul olan başqa ölkələrin də digər məhsulların yerinə taxıl əkərək bu boşluğu doldurması mümkündür. Hesab edirəm ki, bu halda belə taxılın qiyməti çox yüksək olmayacaq. Haradasa 5-7 faiz qiymət artımı ola bilər”.

Bu məsələnin Azərbaycana təsirinə gəlincə, R.Qarayev bildirdi ki, bu sahədə xarici asılılığı azaltmaq üçün dövlət tərəfindən müəyyən addımlar atılır:

“Azərbaycan çalışır ki, özü taxılı əkərək bu problemi aradan qaldırsın. Amma hələlik bu, alınmır. Çünki Qarabağda yenidənqurma işləri yekunlaşmayıb. Mina təhlükəsi qalıb, Ağdamda təmizləmə işləri başa çatmayıb. Hansı ki, Ağdam özü taxıl ehtiyat bazasına çevrilə bilər. Orada torpaq elədir ki, ildə iki dəfə məhsul götürmək mümkündür. Tam olmasa da, faiz nisbətində Azərbaycan özünün taxıl bazasını genişləndirə və müəyyən qədər xarici asılılığı azalda bilər. Hazırda ölkədə əkilən taxıl keyfiyyət baxımından Ukrayna və Rusiya taxılından geri qalır. Yerli taxıl daha çox heyvandarlıq və quşçuluq sahəsində yem kimi istifadə olunur. Bu keyfiyyət göstəricisini artırmaq lazımdır.

Əgər dünyada taxılın qiyməti artarsa, bu, müəyyən qədər bizə də təsir edəcək. Düzdür, Azərbaycanın taxıl ehtiyatları var və dünyadakı proseslər nəzərə alınaraq addımlar atılıb”.

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli də bildirdi ki, Ukraynadan taxıl ixracının dayandırılması dünya bazarındakı qiymətə təsir göstərir:

“Ötənilki təcrübə bir daha bunu təsdiq etdi. Amma indiki vəziyyətdə əvvəl olduğu kimi, taxıl ixracının tam dayandırılacağını gözləmirəm. Bu və ya digər şəkildə razılaşıb Ukrayna taxılının dünya bazarına çıxışı davam etdiriləcək. Bütün mübahisələrin fonunda taxılın qiymətində yüksəlmə müşahidə olunmur. Xeyli vaxtdır qiymətlər sabit şəkildə dayanıb”. 

C.İbrahimli vurğuladı ki, onsuz da ötən illərlə müqayisədə Azərbaycana daha çox Rusiyadan taxıl idxal olunub:

“Ukraynadan taxıl ixrac edilməsə və dünya bazarında qiymətlər yüksəlsə belə, bu, bizə o qədər təsir etməyəcək. Nəzərə alaq ki, bir çox ölkələrlə müqayisədə Rusiya taxılının idxalı Azərbaycan üçün rahatdır. Kifayət qədər məhsul idxal olunub, anbarlar doludur. Həmçinin, 45-50 gün sonra Azərbaycanın özündə taxıl biçilməyə başlanacaq. Amma Ukrayna taxılının ixracı ilə bağlı kəskin qərar verilərsə, bu, istər-istəməz dünya bazarında qiyməti bir az yüksəldə bilər”.




Ana səhifəyə qayıt        Baxış: 4 701          Tarix: 30-04-2023, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma