Xəbər lenti

Liviya Milli Neft Korporasiyası (NOC) ölkənin ən böyük Əl-Şarara yatağında fors-major vəziyyət elan edib.

Musavat.com xəbər verir ki, buna səbəb kütləvi etirazlara görə yataqda neft hasilatının tamamilə dayandırılmasıdır.

Şirkətin facebook hesabında yerləşdirilən məlumatda qeyd olunur ki, yataq etirazçılar tərəfindən mühasirəyə alınıb. MOK Zaviyə limanına xam neft nəqlinin tamamilə dayandığını vurğulayıb. Hazırda korporasiya neft hasilatının bərpası ilə bağlı danışıqlar aparır.

Yanvarın 3-də Reuters iki mənbəyə istinadən xəbər vermişdi ki, yerli qəbilələrin nümayəndələrinin etirazları Əş-Şarara yatağında hasilatın tamamilə dayanmasına səbəb olub. Yanvarın 2-də ölkənin cənub-qərbində yerləşən Fezzan bölgəsinin sakinləri etiraz aksiyalarının başladığını elan ediblər. Onlar öz hərəkətlərini ölkədə və yaşadıqları regionda mövcud vəziyyətlə razılaşmamaqla izah edirlər. Yerli sakinlər müntəzəm olaraq benzin və qaz təchizatında fasilələr, infrastrukturun kifayət qədər inkişaf etməməsi, habelə qaçaqmalçılıq əməliyyatlarının sayının nəzərəçarpacaq dərəcədə artmasından şikayət edirlər. Əgər onların regionda həyat keyfiyyətinin yaxşılaşdırılması tələbləri yerinə yetirilməsə, etirazçılar daha bir böyük neft yatağı olan “El Fil”i bloklamaqla hədələyirlər.

Keçən ilin iyulunda Əs-Sarara və El-Fil yataqlarında keçmiş maliyyə naziri Fərəc Bumatarinin saxlanmasından narazı olan yerli qəbilələrin nümayəndələrinin etirazları səbəbindən işlər dayandırılmışdı. Onun nəzarətə götürülməsinə görə məsuliyyət Abdel Həmid Dbeibahın rəhbərlik etdiyi Milli Birlik Hökumətinin üzərinə qoyulmuşdu. Etirazçılar keçmiş məmur azad olunmayacağı təqdirdə, yataqları bloklamaqla yanaşı, Tripolini şirin su ilə təmin edən su təchizatı sistemini də bağlayacaqları ilə hədələyirdilər. Tezliklə Butamari həbsdən azad edildi. KİV-in məlumatına görə, bu, Liviya baş prokurorunun şəxsi müdaxiləsindən sonra baş verib.

Əl-Şarara yatağı Liviyanın cənub-qərbində yerləşir və ölkədəki ən böyük yataqlardan biridir: onun təsdiq edilmiş ehtiyatları ən azı 3 milyard barel təşkil edir və gündə təxminən 300 min barel neft hasil edilir.

Qeyd edək ki, Liviyada hasilatın bu və ya başqa səbəbdən məhdudlaşması dünya bazarında neft qiymətlərinə bir qayda olaraq artırıcı təsir göstərir. Bu baxımdan, sabah ilk hərraclarda neftin qiymətində bahalaşma olacağı gözlənilir. Yanvarın 5-də keçirilən sonuncu hərraclarda Brent markalı neftin qiyməti 78.76 dollar təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 2 992          Tarix: 7-01-2024, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma