Xəbər lenti

  

41 il bundan əvvəl İranda  təkcə bu ölkənin deyil, həm də bütün Yaxın Şərqin simasını dəyişən böyük hadisə baş verdi. 14 illik sürgündən sonra 1979-cu il 1 fevral tarixində Fransadan İrana qayıdan ayətullah Xomeyni şah rejimini dəyişərək İran İslam inqilabının əsasını qoydu. Bəs bu inqilabi şəraiti yetişdirən amillər nələr idi?

Maraqlıdır ki, regionda bütün geopolitik münasibətləri alt-üst edən bu inqilabi prosesin tətiklənməsində söyüş kampaniyasının da mühüm rolu olmuşdur. Azərbaycanda da beynəlxalq güc mərkəzlərinin söyüş kampaniyası apardığını nəzərə alsaq, İran İslam İnqilabının yaranma səbəblərini, tətiklənmə faktorlarını dərindən araşdırmağa ehtiyac var

Müsavat partiyasının tanınmış simalarından olan tarixçı alim Yadigar Sadıqlının bir araşdırması da məhz bu həqiqətlərə işıq tutur. Aktuallığını nəzərə alıb həmin araşdırmanı Ovqat.com oxucularına təqdim edirik

  

 

İran inqilabı

 

1978-ci ilin ilk günlərində bir neçə iri məmur Məhəmməd Rza şah Pəhləviyə növbəti dəfə yarınmaq həvəsinə düşdülər. İdeya özlüyündə original deyildi: şahın əsas tənqidçilərindən biri, ölkədən sürgün olunmuş ayətullah Xomeyni haqqında təhqiramiz məqalə yazılacaqdı.

Bu məqalənin əsl müəlliflərinin kim olması indiyə qədər tam dəqiqliklə məlum deyil. Ən müxtəlif adamların adı çəkilir. Lakin ideyanın hökumətin ən yüksək eşalonundan gəlməsi, şahın özünün də məqalənin məzmunundan xəbərdar olması şübhə doğurmur.

"İran və qırmızı-qara müstəmləçilik" adlanan məqalənin altında Əhməd Rəşidi Motlaq kimi mövcud olmayan müəllif göstərilirdi. Burada Xomeyninin gəncliyində eyş-işrət dolu həyat keçirməsi, imperialistlər və kommunistlərlə işbirliyində olması kimi fikirlər yer alırdı. Məqalə çap edilmək üçün eyni zamanda “Keyhan” və “Ettelaat” adlı iki qəzetə göndərildi.

Ancaq “Keyhan” qəzetinin baş redaktoru məqaləni çap etməkdən imtina etdi. O, bunun arzuolunmaz nəticələr doğura biləcəyini əsas gətirirdi. “Ettelaat” qəzeti isə məqaləni 7 yanvar tarixli nömrəsində çap etdi. Bununla da həm müəlliflər, həm də qəzetin rəhbərliyi şaha "ayı xidməti" göstərdilər. Tarixçilərdən birinin bu haqda yazdığı kimi, tarixdə axmaqlığın rolunu əsla kiçiltmək olmaz.

Məqalə dindarların kəskin etirazına səbəb oldu. İranın dini mərkəzi olan Qum şəhərindəki mədrəsə tələbələri yanvarın 8-də etiraz aksiyası keçirdilər. Onlar məqaləyə görə üzr istənilməsini, siyasi məhbusların azad olunmasını, Xomeyninin geri qayıtmasını, siyasi hüquqların və mətbuat azadlığını təmin olunmasını və digər tələblər irəli sürdülər.

Bir gün sonra isə etirazlar daha aqressiv şəkil aldı. Tələbələr bir sıra obyektlərə, o cümlədən, ölkədə yeganə partiya olan şahyönümlü Rəstaxizin ofisinə hücum etdilər. Polisin açdığı atəş nəticəsində rəsmi məlumatlara görə 2, müxalifətə görə isə 70 nəfər öldürüldü, 500-dən çox adam yaralandı.

 

Bundan sonra İranda Ərbəin (Qırxıncı gün) etirazları başladı. Qumda həlak olanların 40-cı anım günündə, fevralın 18-də İranın bir çox şəhərində etiraz aksiyaları keçirildi. Nüfuzlu azərbaycanlı ayətullah Şəriətmədarinin dinc etirazlar çağırışına baxmayaraq, məhz Təbrizdə etirazlar iğtişaşa çevrildi.

Burada hakimiyyət orqanlarına və "Qərb simvolları"na aid edilən binalara - polis məntəqələrinə, Rəstaxiz Partiyasının ofisinə, otellərə, bank binalarına, kinoteatrlara və barlara od vuruldu. Məhz Təbrizdə ilk dəfə "Şaha ölüm" şüarının səsləndirildiyi iddia olunur.

Üsyanın qarşısını almaq üçün şəhərə ordu qüvvələri yeridildi. Açılan atəş nəticəsində ölənlərin sayı barədə fikirlər yenə müxtəlif idi. Hakimiyyət 6, müxalifət isə yüzdən çox adamın öldüyünü iddia edirdi.

***

 

Hadisələr şahın ciddi bir nöqsanını aşkar etdi. İran polisi kütləvi etirazları yatırmaq üçün nə xüsusi qüvvələrə, nə təlimə, nə də vasitələrə malik deyildi. 1970-ci illərdə orduya onmilyardlarla dollar xərcləyərək ən müasir silahlarla təmin edən Məhəmməd Rza şah polisin ehtiyaclarını nəzərə almamışdı.

İndi genişmiqyaslı etirazlarla üzləşərkən kömək üçün orduya müraciət edilirdi. Ordu isə polis vəsaitlərinə və gərəkən vərdişlərə malik deyildi. Şahın atəş açmaqdan bacardıqa çəkinmək tapşırığına baxmayaraq, atəş açılır, insanlar həlak olur, şaha qarşı nifrət və etirazlar daha da güclənirdi.

Qeyd etmək lazımdır ki, ilk dövrdə hərəkatın şəriksiz rəhbərinin Xomeyni olduğunu söyləmək olmaz. İlk etiraz aksiyası Xomeyniyə yönələn təhqirə qarşı keçirilsə də, digər aksiyalarda daha geniş etirazlar səsləndirilir.

Doğrudur, 1953-cü ildə Müsəddiqin rəhbərlik etdiyi Milli Cəbhə hökumətinin devrilməsindən sonra aramsız davam edən repressiyalar liberal və sol müxalifəti əsaslı dərəcədə zəiflətdiyindən din xadimləri rejimin əsas müxalifətinə çevriliblər. Məscidlər isə müəyyən tənqidi fikirlərin səsləndiyi yeganə yer idi.

Lakin dini düşərgədə də Xomeyni yeganə lider deyil. Digər ayətullahlar, Şəritmədari və Tələqani də kifayət qədər nüfuzludurlar və Xomeyni onlarla hesablaşmalı olur. Bununla belə, bir sıra səbəblər daha radikal Xomeyninin nüfuzunu artırır. Onlardan birincisi ordunu etirazçılara qarşı silah işlətməsi idi.

 

***

Martın 29-da İran müxalifəti Təbriz qurbanlarının 40 mərasimini qeyd etdi. Bununla əlaqədar ölkənin irili-xırdalı 55 şəhərində etiraz aksiyaları keçirildi. Bu dəfə Yəzd şəhərində qan axıdıldı.

Mayın 9-da artıq Yəzd qurbanlarının 40-cı anım günü ilə əlaqədar etiraz aksiyaları keçirildi. Tehranda, Qumda və bəzi digər yerlərdə yenə iğtişaşa çevrildi. Açılan atəş nəticəsində yenə ölənlər oldu.

İran ənənələrinə görə, dini obyektlər, ali dərəcəli ruhanilərin evi sığınacaq sayılırdı. Buna görə də iki etirazçı böyük ayətullah Şəriətmədarinin evinə sığınmağa çalışarkən polis içəri daxil olaraq onları güllələdi. Bu müctəhidə qarşı böyük hörmətsizlik idi.

Mülayim mövqe tutan və etiraz aksiyalarının dinc üsullarla keçirilməsinə çağıran Şəriətmədari ilk dəfə yetərincə sərt bəyanat verərək 1906-cı il konstitusiyasının bərpa edilməsindən danışdı. Hökumət isə baş verən hadisəyə görə ayətullahdan üzr istədi.

 

1906-cı il konstitusiyası isə parlamentin və hökumətin qəbul etdikləri qərar və qanunların şəriətə uyğun olub-olmamasını yoxlamaq üçün ruhanilərdən ibarət dini nəzarət şurasının yaradılmasını nəzərdə tuturdu. Bir müddət fəaliyyət göstərən bu şura Pəhləvi sülaləsinin banisi Rza şah tərəfindən 1930-cu illərdə ləğv edilmişdi.

Hadisələri bir qədər qabaqlayaraq qeyd edim ki, 1978-ci ilin payızında müəyyən güzəştlərlə etirazları yatırtmaq istəyən şah şuranın bərpasına razılıq verdi və quruma rəhbərliyi məhz Şəriətmədariyə təklif etdi. O, bununla müxalif ali ruhanilər arasında parçalanma yaratmağa ümid edirdi. Lakin Şəriətmədari təklifi qəbul etmədi.

***

Şah etirazları yatırmaq üçün ordunun gücündən əlavə müxtəlif üsullara əl atır. Ölkənin müxtəlif yerlərində rejimə dəstək mitinqləri keçirilir. Rəstaxiz partiyasının üzvlərindən müxalif fəallara hücum etmək üçün qruplar yaradılır. Əhalinin dini hisslərini istismar edən şah Məşhədə yollanır, burada şiələrin səkkizinci imamı Rzanın məzarını ziyarət edir.

Ən önəmli addımlardan biri müxalifətə qarşı repressiyaları ilə məşhur olan SAVAK təşkilatının rəhbəri Nemətolla Nəsirinin iyunun 6-da vəzifəsindən götürülərək Pakistana səfir göndərilməsi oldu.

 

Şah insan hüquq və azadlıqlarına hörmət ediləciyini, bir sıra siyasi azadlıqların təmin olunacağını vəd etdi. Təkpartiyalı sistemdən imtina olunması, çoxpartiyalı və azad seçkilərin keçirilməsi də verilən vədlər arasında idi.
Belə addımlar nəticəsində, eləcə də Şəriətmədarinin çağırışları sayəsində növbəti Ərbəin günü - iyunun 18-də keçirilən aksiyalar iğtişaşsız və qurbansız ötüşdü. Bu baş nazir Cəmşid Amuzegərə böhranın bitdiyini söyləməyə əsas verdi.

Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ hökuməti üçün hazırladığı təhlildə "İranda nəinki inqilabi, hətta inqilab ərəfəsi vəziyyət belə yoxdur" yazılırdı. Ümumiyyətlə, İranda baş verənlər MKİ-nin ən böyük fiaskolarından biri sayılır.

Hökumətin və müxalifətin etiraz qurbanları haqqında məlumatların bir-birindən kəskin fərqlənirdi. Hökumət hadisələr başlayandan 22 nəfərin, müxalifət isə 250 nəfərin həlak olduğunu iddia edirdi. Xalq isə daha çox müxalifətə inanmağa meylli idi.

Bütün bu dövrdə şah rejiminin xalqın etimadını itirdiyi müşahidə olunur. Hətta haqlı olduğu hallarda belə kimsə onun məlumatlarına inanmır, müxalifətin dediklərini həqiqət sayırdı. Gələcək hadisələrdə, xüsusən "Reks" kinoteatrında baş verən faciə zamanı bunun hökumət üçün nə qədər acınacaqlı olduğunu görəcəyik.

Avqustun əvvəllərində Ramazan ayının başlaması ilə etirazlar yenidən vüsət aldı. İsfahan şəhərində soyuq silahlarla silahlanan kütlə şəhərin nəzarəti tamamilə ələ keçirdi. Onları zərərsizləşdirmək üçün hökumət şəhərdə hərbi vəziyyət elanına və silah tətbiqinə əl atdı. Ölənlər oldu və hakimiyyət yeni Ərbəin silsilələrinə hazırlaşmağa başladı. Lakin fəlakət daha tez baş verdi.

***

 

Avqustun 19-da Abadan şəhərində yerləşən "Reks" kinoteatrında baş verən yanğın nəticəsində xeyli sayda (müxtəlif rəqəmlər göstərilir, Amnesty İnternational təşkilatına görə 438 nəfər) insan həlak oldu. İddialara görə, yanğın SAVAK agentlərinin təqib etdikləri şəxslərin zalda gizlənməsindən sonra başlamışdı.

Müxalifət bildirirdi ki, SAVAK agentləri axtardıqları adamları çölə çıxmağa məcbur etmək üçün kinoteatrı yandırmışdılar. Hakimiyyət nümayəndələri isə yanğınla heç bir əlaqələrinin olmadığını iddia edirdilər.

Hərçənd, olduqca həssas bir zamanda hansı cinayət törətdiyi məlum olmayan 4 nəfəri həbs etməkdən ötrü SAVAK-ın bütöv kinoteatrı yandırması ağlabatan deyildi. Amma insanlar buna inandı.

11 sentyabr hadisələrinə qədər ən böyük terror aktı sayılan "Reks" faciəsi İranda gedən siyasi proseslərdə çox önəmli rol oynadı. O zamana qədər "siyasətə qarışmıram" mövqeyi sərgiləyən insanların çoxu inandı ki, bir gün film izləyərkən, çayxanada çay içərkən, avtobusda gedərkən hakimiyyət qüvvələri tərəfindən öldürülə bilərlər.

Hökumət xadimlərinin, hətta şahın özünün onları bu fikirlərindən daşındırmaq üçün etdikləri and-aman faydasız oldu. Çünki yuxarıda dediyimiz kimi, cəmiyyətdə rejimə etimad limiti tükənmişdi. Nəticədə sonrakı etiraz aksiyalarına qoşulanların sayında sıçrayış baş verdi.

İnqilabın qələbəsindən dərhal sonra ordu kapitanı Moner Taheri "Reks" yanğınını törətməkdə ittiham olundu. Kapitanın ömründə Abadanda olmamasını iddia etməsinə baxmayaraq günahkar sayıldı və 1979-cu il fevralın 23-də asıldı.

İlyarım sonra isə Hüseyn Takbalizadə adlı bir nəfər həbs edildi. Məlum oldu ki, narkoman olan Hüseyn kinoteatrı yandıran 4 nəfərdən biri və onlardan sağ qalan yeganə şəxsdir. Hökmdə əksinin iddia olunmasına baxmayaraq, əslində SAVAK-la və ümumiyyətlə, şah rejimi ilə heç bir əlaqəsi aşkar edilmədi. Takbalizadə 1980-ci ilin sentyabrında edam olundu.
 
***

"Reks" faciəsinin nəticəsiz ötüşməyəcəyini anlayan Məhəmməd Rza şah etirazları yumşaltmaq üçün bir sıra addımlar atdı. Baş nazir Cəmşid Amuzegər istefaya göndərildi, yerinə Cəfər Şərif-Emami təyin olundu.

Bu dövrdə hökumət daha bir qeyri-populyar, dindarların xüsusi etirazına səbəb olmuş yenilikdən imtina edir. 1976-cı ildən tətbiq edilən və e.ə. 559-cu ildə Kirin Əhəməni taxtına çıxmasından hesablanan şahənşahi təqvimi ləğv edildi, yenidən hicri-şəmsi təqviminə qayıdıldı.

Yeni hökumət hədəfinin "milli barışıq" olduğunu elan etdi. Avqustun son günlərində 261 siyasi məhbus azadlığa buraxıldı, onların arasında din xadimləri də vardı. Mətbuat azadlığı təmin olundu. İndi mətbuatda hakimiyyətin tənqidinə rast gəlmək nadir hal deyildi.

Sentyabrın 4-də Ramazan bayramı idi. Bayram namazı qılındıqdan sonra sayı yarım milyona çatan insan kütləsi Tehranda yürüş etdi. Onlar "Allahu əkbər, Xomeyni rəhbər", "Hüseyn sərvərimiz, Xomeyni rəhbərimiz" şüarlarını səsləndirirdilər. Deyilənə görə, şah bu nümayişi şəxsi helikopterində üzərindən uçaraq təəccüb və məyusluqla izləyirdi.

Etirazlar bayram günündəki sayda olmasa da sonrakı 3 gündə davam etdi. Tehranın cənub hissəsində məskunlaşan kasıblar etirazlarda xüsusən fəal iştirak edirdilər. Şah isə kömək üçün ABŞ-a müraciət etmək qərarına gəldi.

Qərb mətbuatının və beynəlxalq hüquq müdafiə təşkilatlarının kəskin tənqid etdiyi şah rejiminin müraciəti ABŞ prezidentinin administrasiyasında fikir ayrılığı yaratdı. Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski şaha kömək etməyə tərəfdar idi. Lakin əksəriyyət, o cümlədən, dövlət katibi Sayrus Vens müdaxilənin qəti əleyhinə idilər. Nəticədə şaha müsbət cavab verilmədi.

Belə olduqda şah öz gücü ilə hərəkət etməyi qərara aldı. Sentyabrın 8-ə keçən gecə Tehranda və ölkənin daha 11 iri şəhərində hərbi vəziyyət elan edildi, kütləvi aksiyalar qadağan olundu. İran ordusunun ən nüfuzlu generalı Qulaməli Oveysi Tehranın hərbi qubernatoru təyin edildi.

Kökəncə azərbaycanlı, ata tərəfdən Qaraqoyunlu hökmdarı Qara Yusifin, ana tərəfdən isə Qacarların nəslindən olan general Oveysi maraqlı fiqur idi. Qərb diplomatları və hərbçiləri onun peşəkarlığını yüksək qiymətləndirirdilər. Dindar, namaz qılan və oruc tutan Qulaməli Oveysi monarxiyanın qatı tərəfdarı idi.

Hərbi vəziyyətin elan edildiyi elə ilk gündə İran inqilabında "Reks" faciəsi qədər önəmli, geriyə dönüşü və əvvəlki status-kvonun bərpasını mümkünsüz edən hadisə baş verdi.

***

 

Günorta saatlarında minlərlə insan Tehranın Jalə meydanında növbəti etiraz aksiyası keçirdi. Onlar hərbi vəziyyət elanında xəbərsiz idilər, yoxsa etinasız yanaşmışdılar, məlum deyil. Etirazçılar tezliklə əsgərlər tərəfindən mühasirəyə alındılar və atəşə tutuldular. Nəticədə xeyli adam həlak oldu.

General Oveysi "Qara cümə" adını alacaq hadisəni "Allaha və əsgər şərəfimə and olsun ki, ilk atəş qarşı tərəfdən açıldı" deyə şərh edirdi. Şahbanu Fərəh Diba Pəhləvi də öz xatirələrində günahı qarşı tərəfdə görür. Lakin hətta belə olduğu halda ictimai etimadsızlıq şahla acı kinayəsini davam etdirirdi.

Müxalifət "Qara cümə" zamanı yüzlərlə, hətta minlərlə nümayişçinin öldürüldüyünü iddia edirdi. O zamanTehranda olan tanınmış fransız filosofu və psixoanalitiki Mişel Fuko İtaliyanın "Corriere della sera" qəzeti üçün yazdığı məqalədə Jalə meydanında 4000 insanı öldüyünü bildirirdi.

Sanballı qəzetdə iddia edilən bu miqdar Qərbdə geniş əks-səda doğurdu, şaha nifrət, əleyhdarlarına isə rəğbət qazandırdı. Halbuki, sonralar İslam respublikası zamanı Şəhid ailələri fondunun apardığı araşdırma "Qara cümə"də 88 nəfərin həlak olduğunu aşkar etdi. Ancaq məlum səbəblərdən bu nəticələr ictimailəşdirilmədi.

Məhəmməd Rza şah Jalə meydanındakı qətliamdan dəhşətə gəldi. Bundan sonra onun qətiyyəti sarsıldı. Həmin dövrdə SSRİ-nin İrandakı səfiri Vladimir Vinoqradov öz xatirələrində şahı ilk dəfə çaşqın və qərarsız gördüyünü yazır.

"Qara cümə"dən sonra hərbi vəziyyət ləğv olunmasa da, de-fakto qüvvədən düşdü. Hökumət etiraz aksiyalarına müdaxilə etməməyə qərar verdi. Tarixçilərdən biri Şərif-Emami hökumətinin "müxalifətin tələblərini hətta onlar səslənməmiş" yerinə yetirdiyini yazırdı.

Sentyabrın 9-dan başlayaraq ölkəni etirazın yeni forması - tətil hərəkatı bürüdü. Dövlət büdcəsinin əsas donoru olan neft sənayesi işçilərinin tətili hökumətə xüsusilə ağır zərbə vururdu. Bəzi yerlərdə hətta dövlət idarələrində işləyənlər də tətilçilərə qoşulurdular.

Bu günlərdə şah və məmurları demokratik müxalifətlə, Milli Cəbhə və İran Azadlıq Hərəkatının nümayəndələri ilə anlaşmağa çalışırdı. Lakin illərlə davam edən repressiyalar sekulyar müxalifəti zəiflətmiş və kütlələrlə əlaqəsini zəiflədərək marginallaşdırmışdı.

İran Azadlıq Hərəkatı təşkilatının rəhbəri Mehdi Bazərgan bir zamanlar öz məhkəməsində "biz Konstitusiya yolu ilə mübarizə aparan son adamlarıq" demişdi. Lakin bu xəbərdarlığa etinasız yanaşılmışdı.

Şah hakimiyyəti Mehdi Bazərganı sonuncu dəfə siyasətlə məşğul olmamaq şərtilə vaxtından əvvəl azadlığa buraxmışdı. O da bu illər ərzində tikinti biznesilə məşğul idi. İndi isə vəziyyətdən çıxış yolunu tapmaq üçün Bazərgana az qala yalvarılırdı.

1977-ci ildə SAVAK agentləri İngiltərədə yaşayan sosioloq, dünyəvi müxalifətin ən tanınmış simalarından biri olan Əli Şəriətini "ürək tutması" imitasiyası ilə öldürə bilmişdilər. İndi isə, üstündən 1 il keçəndən sonra rejimin Şəriəti kimi müxalifətçiyə böyük ehtiyacı vardı.

***

 

Ayətullah Ruhulla Xomeyni 1964-cü ildə İrandan sürgün edildikdən sonra bir müddət Türkiyədə, Bursa şəhərində yaşamış, daha sonra isə İraqda, Nəcəf şəhərində məskunlaşmışdı. Bir müddət gərgin olan İran-İraq münasibətləri ölkələr arasında gediş-gəlişi əngəlləyirdi.

1975-ci ildə Əlcəzair müqaviləsilə İran və İraq arasındakı sərhəd ixtilafı həll edildi. Münasibətlər bir qədər normallaşdı. Xeyli iranlı Kərbəla ziyarətinə getmək imkanı qazandı. Qayıdanda isə onların bir çoxu Xomeyninin müraciəti yazılan audiokasetlər gətirir və İranda üzünü köçürərək yayırdılar.

Buna görə də Məhəmməd Rza şah Xomeynini ölkədən daha uzağa köçürülməsinə nail olmaq istəyirdi. İraq hərbçiləri arasında sui-qəsd planlaşdırılması barədə SAVAK-ın əldə etdiyi məlumatı Səddam Hüseynlə bölüşən şah, ondan üsyançı ayətullahı ölkədən çıxarmasını istədi.

Səddam şahın bu istəyini yerinə yetirdi. Suriya, Əlcəzair və bəzi başqa müsəlman ölkələrində məskunlaşmaq imkanı olan Xomeyni sonda qərara gəldi ki, daim tənqid etdiyi Qərbdə özünü daha təhlükəsiz hiss edər. O, oktyanrın 8-də Paris yaxınlığındakı Nofl-le-Şato şəhərciyinə köçdü.

Lakin şahın bu tədbiri fayda əvəzinə, zərərli oldu. Fransanın mükəmməl telefon əlaqəsi sayəsində Xomeyninin İranla əlaqələri daha da asanlaşdı. Üstəlik, o, burada tez-tez dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verir. İddia olunur ki, məhz dünya KİV-lərinin sayəsində Xomeyni Şəriətmədaridən daha önə keçdi.

Mətbuat nümayəndələri ilə görüşlərində Xomeyni olduqca düzgün taktika seçir. O, özünün yalnız ədalət uğrunda, istismara qarşı mübarizə apardığını söyləyir, dövlət idarəçiliyilə bağlı suallara yanında olan Əbülhəsən Bənisədr, İbrahim Yəzdi, Sadeq Qotbzadə kimi dünyəvi, Qərb təhsilli insanların cavab verməsini istəyir.

Şərq əsatirləri qarşısında ənənəvi həyəcan hiss edən Qərb cəmiyyətinə Xomeyni tərki-dünya mistik, Şərq nağıllarından çağdaş dövrə düşən müdrik təsiri bağışlayır. Tezliklə ictimai rəğbət tamamilə ayətullahın tərəfində qərar tutur.

Bir müddət sonra sekulyar Milli Cəbhənin liderlərindən Kərim Səncabi Parisə gələrək Xomeynilə müqavilə imzalayır. Bu müqavilə gələcək İran Konstitusiyasının "islamçı və demokratik" olmasını nəzərdə tuturdu.

Qeyd edək ki, İslam inqilabının qələbəsindən qısa müddət sonra Səncabi və Bənisədr repressiya qorxusundan İrandan qaçmalı oldular, Sadeq Qotbzadə sui-qəsd cəhdində günahlandırılaraq 1982-ci ildə edam edildi. İbrahim Yəzdi isə bir neçə dəfə həbs edildi, ölkədən çıxışına qadağa qoyuldu. Yalnız ölümcül xəstə olduğu aşkarlananda qadağa götürüldü, 2017-ci ildə İzmirdə xərçəngdən vəfat etdi

 

***

Məhəmməd Rza şah isə vəziyyəti normallaşdırmaq üçün müxtəlif cəhdlər göstərməkdə davam edir. Noyabrın 1-də Rəstaxiz partiyası buraxıldı. 1126 siyasi məhbus, o cümlədən Möntəziri və Tələqani kimi ayətullahlar azad edildi. Tətilçilərin iqtisadi tələblərinin hamısı qəbul olundu.

Lakin etirazlar nəinki səngimir, hətta daha da şiddətlənirdi. Noyabrın 5-də xeyli yeniyetmənin olduğu etirazçılar Tehranda bir çox obyektləri ələ keçirərək od vurdular. Xarici müşahidəçilər bu günü "Tehranın yandırılması günü" adlandırırdılar. Şah kütləyə atəş açmaq əmri verməyə cəsarət etmədi.

Ertəsi gün isə baş nazir Şərif-Emami istefaya göndərildi, onun yerinə general Qulamrza Əzhari təyin olundu. Həmin gün şah özü televiziya vasitəsilə xalqa müraciət etdi. Bu müraciətində şah buraxılan səhvlərə görə üzr istəyir, onların təkrar olunmayacağını vəd edir, koalisyon hökumət qurmaq üçün müxalifətlə əməkdaşlıq edəcəyini söyləyirdi.

Lakin şahın çıxışı əks effekt doğurdu. Onun tərəddüdləri aşkar hiss olunurdu. Xomeyni bəyanat verərək şahla hər hansı bir barışığın İslama xəyanət olacağını vurğuladı.

Noyabrın 8-də şah daha bir tədbirə əl atdı: 132 dövlət məmuru, o cümlədən 13 il hökumətə başçılıq edən Əmir-Abbas Hoveyda və ölkədə ən çox niftət edilən şəxs - SAVAK-ın keçmiş şefi Nemətolla Nəsiri müxtəlif ittihamlarla həbs olundular.

Yeni hökumət etiraz aksiyalarına elə də müdaxilə etməsə də, ölkənin əsas neft mədənlərinin yerləşdiyi Xuzistanda hərbi vəziyyət elan etdi və ora qoşun göndərdi. Nəticədə neft hasilatını etirazlardan əvvəlki həddə çatdırmaq mümkün oldu. Lakin qarşıdan hökumətin ən çox qorxduğu məhərrəm ayı gəlirdi.

***

  

Dekabrın 2-də məhərrəm ayı daxil oldu. Hərbi vəziyyət və komendant saatına baxmayaraq aksiyalar keçirilir, insanlar gecələr belə yürüşə çıxırıdlar. Ayətullah Şəriətmədarinin hökumətlə apardığı danışıqlar və heç bir zorakılığa yol verilməyəcəyini vəd etməsi qarşılığında Tasua və Aşura yürüşlərinə icazə verildi.

Dekabrın 10-da Tasua, ertəsi gün isə Aşura yürüşlərində milyonlarla adam iştirak etdi. Onlara ayətullah Tələqani və Kərim Səncabi rəhbərlik edirdilər. Vəd edildiyi kimi zorakılıq baş verməsə də, bu yürüşlər müxalifətin gücünü ortaya qoydu. Təkcə Tehranda 2 milyon insanın Aşura yürüşündə iştirak etdiyi təxmin edilir.

Dekabrın sonlarına doğru etiraz aksiyaları və tətil hərəkatı ölkənin bütün həyatını iflic etdi. Silahlanmağa nail olan bir sıra müxalif qruplar ordu, polis və digər dövlət strukturlarına qarşı terror hücumları həyata keçirir. Həbsxanalar tutularaq dustaqlar azad edilir.

Dekabrın 21-də ABŞ səfiri Uilyam Sallivanla görüşən baş nazir Əzhari "Siz bilin və hökumətinizi də xəbərdar edin ki, bu ölkə artıq itirilib. Çünki şah qərar qəbul edə bilmir" söylədi. Bir neçə gün sonra infarkt keçirən Əzhari istefa verdi və əməliyyat üçün ABŞ-a getdi.

Şah hökumətə başçılıq etməyi müxalif Milli Cəbhənin liderlərindən Kərim Səncabiyə, onun imtinasından sonra isə Şapur Bəxtiyara təklif edir. Yanvarın 4-də Bəxtiyar İran monarxiyasının son baş naziri təyin edildi. Yanvarın 16-da isə şah və ailəsi İranı tərk etdi.

Bəxtiyar İran monarxiyasının taleyini və ölkənin gələcək idarə üsulunu müəyyən etməkdən ötrü Müəssislər Məclisinə seçkilər keçirmək üçün 3 ay möhlət istəyirdi. O, bütün siyasi məhbusların azad edilməsi, senzuranın ləğvi, hərbi vəziyyətin şərtlərinin yumşaldılması barədə göstərişlər verdi. Etiraz aksiyaları zamanı həlak olanların ailələrinə ciddi kompensasiya vəd edildi. SAVAK buraxıldı.

Amma vəziyyəti xilas etmək mümkün deyildi. Fevralın 1-də ayətullah Xomeyni İrana qayıtdı. Mehrabad hava limanında onu sayı milyonu keçən kütlə qarşıladı. Bəxtiyar hökumətini tanımayan Xomeyni inqilabi hökumət yaratdığını elan etdi və Mehdi Bazərgan onun başçısı təyin olundu.

 

Bir neçə gün çəkən ikihakimiyyətlilikdən sonra Bəxtiyar hökumətinin son dayağı olan ordu bitərəfliyini elan etdi. Baş qərargah rəisi Abbas Qarabaği ordu qüvvələrinə kazarmalarına dönməyi əmr etdi. Bəxtiyar hökuməti süqut etdi və İran inqilabı qələbə çaldı.

Martın 30-da və 31-də keçirilən referendumda seçicilərdən "İranda İslam Respublikasının qurulması ilə razısınızmı?" sualına cavab vermək istənilirdi. İştirak edənlərin 99,3%-i "hə" cavabı verdi. Bundan sonra 1906-cı il konstitusiyasının qüvvədən düşdüyü elan edildi.

Yeni konstitusiya hazırlanandan sonra dekabrın 2-də və 3-də keçirilən referendumda səsverməyə çıxarıldı.

İştirakçıların 99,5%-i "Yeni İslam konstitusiyasını dəstəkləyirsinizmi?" sualına "hə" cavabı verdilər. Bununla da İran İslam Respublikası quruldu.


Yadigar Sadıqlı




Ana səhifəyə qayıt        Baxış: 5 990          Tarix: 9-02-2022, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma