Xəbər lenti
Dünən, 23:00
Dünən, 21:00
Dünən, 19:55
Dünən, 18:19
Dünən, 17:49
Dünən, 15:26
Dünən, 12:00
Dünən, 09:55
Dünən, 09:09
6-10-2024, 23:26
6-10-2024, 22:29
6-10-2024, 21:53
6-10-2024, 20:43
6-10-2024, 19:36
6-10-2024, 18:27
6-10-2024, 17:55
6-10-2024, 16:56
6-10-2024, 15:58
6-10-2024, 14:29
Foto: Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti MBH üzvləri Tripolinin cənub-qərbindəki əl-Vətiya aviabazasına nəzarəti ələ alırlar. 18 May 2020. REUTERS / Hazem Ahmed
May ayının əvvəllərindən etibarən Liviya münaqişəsində qüvvələr balansını əsaslı şəkildə dəyişən hadisələr cərəyan edir. Belə ki, Xəlifə Həftərə sadiq silahlı qüvvələrin paytaxt Tripolidə yerləşən mərkəzi hökumətə qarşı başlatdığı irimiqyaslı hücumu uğursuzluqla yekunlaşıb. Bu, ümumilikdə Həftər qüvvələrinin ikinci ağır məğlubiyyətidir. Türkiyənin hərbi dəstəyindən sonra manevr imkanlarını artıran mərkəzi hökumət qüvvələri hələ 2019-cu ilin yayında çox vacib strateji əhəmiyyətə malik Qəryan şəhərində Həftər ordusunu məğlub etmişdi. Ötən həftə isə xüsusilə, Türkiyənin silahlı pilotsuz uçan aparatlarının dəstəyi ilə keçirilən əks-hücum nəticəsində Tripolinin cənub-qərbində yerləşən əl-Vətiyə hərbi hava bazasında yerləşən Həftər qüvvələri məhv edilib və baza mərkəzi hökumət tərəfindən ələ keçirilib. Bu qələbə nəticəsində bir ildir ki, davam edən status-kvo mərkəzi hökumətin xeyrinə dəyişib. Lakin, artıq 6 ildir davam edən Liviya vətəndaş müharibəsi konstruktiv həll prosesindən çox uzaqdır. Afrikanın ən böyük neft ehtiyatlarına malik bu ölkədəki qarşıdurmalar Yaxın Şərqin ən mürəkkəb vəkalət müharibələrindən birinə çevrilməkdədir.
Vətəndaş Müharibəsinə aparan yol
Hazırda Liviyada mərkəzi hakimiyyət uğrunda iki fərqli hökumət mübarizə aparır və hər biri ərazisində fəaliyyət göstərən müxtəlif silahlı qruplar və xarici qüvvələr tərəfindən dəstəklənir. Qeyd edim ki, sabiq lider Müəmmar Qəddafinin öldürülməsindən sonra 2012-ci ildə Liviyada Ümumilli Konqres (ÜK) adlanan mərkəzi hökumət (parlament) qurulmuşdu. 2014-cü ildə Xəlifə Həftər komandanlığındakı Liviya Milli Ordusu (LMO) hərbi çevrilişə cəhd etsə də, uğursuzluğa düçar oldu. Paytaxt Tripoli şəhərini ələ keçirə bilməyən ordu qüvvələri ölkənin şərqindəki Tobruq şəhərinə çəkildi və burada Həftərin himayəsi altında Nümayəndələr Məclisi (NM) quruldu. Tripolidəki ÜK və mərkəzi Tobruq şəhərində yerləşən NM arasında davam edən silahlı mübarizənin dayandırılması üçün 2015-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə sülh sazişi imzalandı və Tripolidə Milli Birlik Hökuməti (MBH) yaradıldı. Lakin 2016-cı ildə Tobruq hökumətinə nəzarət edən Liviya Milli Ordusunun (LMO) rəhbəri Həftər MBH-nı tanımadığını bildirirək, Tripolini radikal İslamçı qruplardan təmizləmək bəhanəsi ilə yenidən irimiqyaslı əməliyyatlara başladı. Dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənən Həftər ordusu son üç il ərzində ölkə ərazisinin böyük hissəsini ələ keçirdi və 2019-cu ilin aprel ayında isə son zərbəni endirmək üçün bütün gücü ilə Tripoli istiqamətində hücuma başladı.
Xəlifə Həftəri kimlər dəstəkləyir?
Bir zamanlar Qəddafinin ən yaxın silahdaşı olan Xəlifə Həftər Liviya-Çad müharibəsində birincinin məğlubiyyətində baş günahkar elan olunmuş və ölkədən sürgün edilmişdi. ABŞ-a köçən Həftər burada Mərkəzi Kəşfiyyat İdarəsi ilə isti münasibətlər qurmuş, Qəddafiyə qarşı müxalif mövqedən çıxış etməyə başlamışdı. 2011-ci ildə Qəddafinin devrilməsi ilə nəticələnən hadisələr zamanı Liviyada yenidən peyda olan Həftər Qərbin dəstəyi ilə Liviya ordusunda sürətlə yüksəlmişdi. Həftərin 2014-cü ildə hakimiyyəti ələ keçirmək cəhdi Misirdə baş vermiş proseslərlə birbaşa əlaqəli idi. Həmin dövrdə Misir prezidenti Məhəmməd Mursini devirərək hakimiyyətə gələn Misir Ordusunun komandanı Əbdül Fəttah əl-Sisi, Mursinin əsas dəstəkçisi olan “Müsəlman Qardaşları” (MQ) təşkilatına qarşı təzyiqi artırmışdı. MQ həm də Liviyadakı Ümumilli Konqresdə əsas söz sahibi idi. Bu səbəbdən, Misirdəki ssenarinin Liviyada da gerçəkləşdirilməsinə ehtiyac vardı. Lakin Liviyadakı cəhd uğursuz oldu. 2015-ci ildə Səudiyyə Ərəbistanı kralı Abdullanın ölümündən sonra MQ Körfəz ölkələrində də sərt təqib edilməyə başladı. Nəticədə, Həftər qüvvələri Liviyada yenidən aktivləşməyə imkan tapdı. Həftərin bu dəfəki cəhdi artıq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şahzadəsi Məhəmməd Bin Zayed tərəfindən idarə olunurdu. Bundan əlavə, Məhəmməd Bin Salmanın 2017-ci ildə Səudiyyə vəliəhdi seçilməsindən sonra MQ-a qarşı kampaniya daha sərtləşmişdi. Sünni-ümmətçi ideologiyaya əsaslanan MQ ərəb ölkələrində monarxiyaların ləğv edilərək şəriət qanunlu sistemlərin qurulmasını tələb edir və anti-Qərb, anti-İsrail ritorikasından çıxış edir. Qərblə yaxın münasibətləri olan BƏƏ və Səudiyyə kimi Körfəz monarxiyaları isə MQ qarşısında ərəb millətçiliyini gücləndirməyə çalışır. Bu istiqamətdə Körfəz ölkələri ABŞ və İsrail tərəfindən dəstəklənir. Elə Xəlifə Həftər də Liviyada ərəb millətçiliyini təmsil edir və onun əsas dəstəkçiləri ABŞ, İsrail, BƏƏ və Səudiyyə krallığıdır. Lakin, ABŞ və İsrail Həftərə əsasən siyasi dəstək verməklə kifayətlənir. Xüsusilə Donald Trampın prezident seçilməsindən sonra Vaşinqton hərbi münaqişələrdə birbaşa iştirak etməyə həvəsli deyil.
ABŞ-ın ehtiyatlı strategiyasının Liviyada yaratdığı hərbi boşluğu isə Fransa və Rusiya doldurmağa çalışır. Fransa Şimali Afrikadakı nüfuzunu qorumaq və inqilabçı ab-havanın digər Afrika ölkələrinə yayılmasının qarşısını almaqda maraqlıdır. Bu səbəbdən, rəsmi Paris Həftər qüvvələrinə həm siyasi-iqtisadi, həm də hərbi dəstək verir. Rusiya isə Liviya münaqişəsinə birbaşa müdaxilə etmək əvəzinə, Həftərlə hərbi ticarəti artırmağa çalışır. Ötən həftə hökumət qüvvələri tərəfindən ələ keçirilən əl-Vətiyə hərbi hava bazasında rus istehsalı olan “Pantsır” sistemlərinin aşkar edilməsi bu ticarətin mövcudluğunu sübuta yetirir. Bununla belə, rus muzdlulardan ibarət “Vaqner” qrupunun da Həftər qüvvələrinə dəstək vermək üçün Liviyada ön cəbhələrdə iştirak etdiyi bildirilir. Təbii ki, “Vaqner”in Kremlin razılığı olmadan bu addımı atması inandırıcı deyil. Lakin bütün hallarda Liviyanın gələcək siyasi və iqtisadi həyatında yaxından iştirak etmək istəyən Rusiya, münaqişənin hər iki tərəfi ilə münasibətlərini qorumağa çalışır. Hətta, cari ilin yanvar ayında Rusiyanın vasitəçiliyi ilə Moskvada Xəlifə Həftər və MBH-in rəhbəri Fayez əl-Sərrac arasında danışıqlar aparılmış, lakin nəticəsiz qalmışdı.
Milli Birlik Hökumətinin dəstəkçiləri…
Məlum olduğu kimi, MBH BMT-nin vasitəçiliyi ilə Tripolidə yaradılan keçid hökumətidir və Liviyanın legitim hökuməti kimi beynəlxalq səviyyədə tanınır. Ancaq, Tripoli hökuməti uzun müddət qlobal və regional aktorlardan iqtisadi və hərbi dəstək ala bilmirdi. Qəddafi dövründə Liviya iqtisadiyyatında böyük pay sahibi olan İtaliya, mövqelərini yenidən bərpa etmək məqsədilə Sərrac hökumətinə dəstək verir. Fransa başda olmaqla, bir çox regional gücün Həftər vasitəsilə Liviyada möhkəmlənməsi italyanları narahat edir. Bundan başqa, İtaliya həm də Liviyadan gələn kütləvi miqrant axınının qarşısının alınmasında maraqlıdır.
Körfəzin zəngin ölkəsi olan Qətər də Tripoli hökumətinin əsas sponsorlarında biridir. Qətər Əmirliyinin Liviyadakı maraqları MQ ilə əlaqəlidir. Rəsmi Doha MQ-nın başlıca dəstəkçisi hesab olunur və elə buna görə də, Körfəz qonşuları tərəfindən 2017-ci ildən bəri blokadada saxlanılır. İtaliya və Qətərin dəstəyinə baxmayaraq, Liviya düyümündə MBH üçün əsas dönüş nöqtəsi Türkiyənin münaqişəyə qoşulması ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, Türkiyə hələ MBH-nin ilk qurulduğu dövrlərdə sülh prosesinə aktiv siyasi dəstək verirdi. Lakin Həftər qüvvələrinin ölkə ərazisinin böyük hissəsini ələ keçirməsinin ardınca Ankara Tripoli hökumətinə çox geniş müstəvidə hərbi dəstək göstərməyə başlayıb. Xüsusilə, 2019-cu ildə Türkiyə Ordusunun birbaşa müdaxiləsindən sonra Liviyadakı hərbi gedişatda ciddi dəyişikliklər baş verir. Bəs Ankaranın Liviyada qabarıq şəkildə hərbi iştirakını şərtləndirən səbəblər nələrdir? Burada iki fərqli geosiyasi məqam mövcuddur. Birincisi, Türkiyə-Qətər müttəfiqliyi fonunda MQ-na yaxın siyasi qrupların dəstəklənməsidir. Rəcəb Tayyib Ərdoğan dövründə İslam dünyasında Türkiyənin liderlik imicinin formalaşdırılması Ankaranın xarici siyasətinin əsas prioritet istiqamətidir. Bəzi siyasi təhlilçilər bu siyasəti Neo-Osmanlıçılıq da adlandırır. Təbii ki, bunu təmin etmək üçün ərəb ölkələrindəki nüfuzlu dini yumşaq güc ünsürlərinə ehtiyac var və MQ həmin ünsürlərin ən önəmlisidir. Ankaranın liderlik iddiası Səudiyyə başda olmaqla, Körfəz monarxiyalarında ciddi narazılıq yaradıb və onlar da əks-həmlə olaraq ərəb millətçiliyini ön plana çıxarmağa çalışır. Elə bu səpkidə Misir hadisələrində Mursinin devrilərək Sisinin hakimiyyətə gətirilməsi Türkiyənin ərəb dünyasındakı nüfuzuna ciddi zərbə vurdu. Ona görə də, hazırkı situasiyada Liviyadakı prosesin Ankaranın planlarına uyğun yekunlaşması Türkiyənin Yaxın Şərqdəki imici üçün çox böyük əhəmiyyət kəsb edir.
İkinci məqam, geoiqtisadi cəhətdən birincidən daha önəmlidir. Belə ki, Qəddafinin öldürülməsindən sonra Liviya dəniz donanması Aralıq dənizindəki mövqelərdən geri çəkildi. Yaranmış fürsətdən istifadə edən yunan donanması Liviyaya aid dəniz sahəsini işğal etdi. Bununla da, Türkiyə-Liviya arasında dəniz sərhədləri də deformasiyaya uğradı. Sonrakı mərhələdə isə Aralıq dənizinin şərq sahillərində zəngin enerji ehtiyatlarının mövcudluğu dəqiqləşdi. Enerji ehtiyatlarının yerləşdiyi bəzi bloklar yeni sərhəd rejiminə əsasən Yunanıstanın payına düşürdü. Lakin Ankara bununla razılaşmaq fikrində olmadığını açıqladı. Hazırda beynəlxalq münasibətlər ədəbiyyatında “Şərqi Aralıq dənizi məsələsi” kimi adlandırılan bu böhran son dövrlər Türkiyə gündəmini ən çox məşğul edən problemdir. Məhz bu çərçivədə, müzakirə mövzusuna çevrilən “Mavi Vətən” (Mavi Vatan) doktrinası Türkiyənin Aralıq dənizində varlığını təmin etmək məqsədi daşıyır. Buna qarşılıq olaraq Misir, İsrail, Yunanıstan, Cənubi Kipr, Körfəz ölkələri və Avropa Birliyi Türkiyənin Şərqi Aralıqdakı fəaliyyətini məhdudlaşdırmaq üçün əməkdaşlıq edirlər. Xüsusilə, İsrailin “Leviatan” qazını Kipr adası vasitəsilə Avropaya daşıyacaq “EastMed” layihəsinin taleyi Şərqi Aralıq dənizindəki güc mübarizəsinin nəticəsindən asılı olacaq. Bundan əlavə, ABŞ və Rusiya da Türkiyənin Şərqi Aralıqda dominant gücə və enerji ölkəsinə çevrilməsini qətiyyən istəmir. Vaşinqton başda İsrail olmaqla, müttəfiqlərinin maraqlarını qorumaq və Türkiyənin müstəqil gücə çevrilməsinin qarşını almağa çalışır. Moskva isə Türkiyənin zəngin enerji ehtiyatları əldə etməsindən narahatdır və ən böyük enerji istehlakçılarından olan Türkiyə bazarını itirmək istəmir. Elə bu səbəbdən, Ankara hazırkı konyukturda dəniz sərhədlərini bərpa etmək və Aralıq dənizində mühüm strateji müttəfiq qazanmaq üçün Tripoli hökumətinə çox ehtiyac duyur. Artıq Türkiyə və Liviya (MBH) arasında 2019-cu ilin dekabrında sərhədlərin yenidən demarkasiyası və müstəsna iqtisadi zona ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, Liviya itirdiyi 40 min kv.km. dəniz ərazisini geri qaytaracaq.
Nəticə
Liviya-Türkiyə arasında imzalanan sərhəd müqaviləsi Ankara üçün böyük diplomatik qələbə hesab oluna bilər. Artıq kimliyindən asılı olmayaraq, Liviya münaqişəsinin qalibi olacaq siyasi qüvvə bu müqavilədən geri çəkilə bilməyəcək. Çünki bu, Liviyaya məxsus ərazilərinin Yunanıstana verilməsi deməkdir. Bundan əlavə, son günlər Türkiyə və İsrail arasında yumşalma prosesi müşahidə olunur və iki ölkə arasında analoji dəniz sərhəd müqaviləsinin imzalanmasının gizli şəkildə müzakirə olunduğu bildirilir. Digər yandan, Türkiyə Liviyada hərbi-strateji cəhətdən daha əlverişli mövqelərə nəzarət edir ki, bu da müdafiə taktikasında qalmağa imkan yaradır. Başqa sözlə, Liviyanın gələcəyində söz sahibi olmaq üçün Türkiyəyə əlindəki əraziləri qorumaq kifayət edəcək. Ümumiyyətlə, Suriyadan fərqli olaraq Liviyada legitim hökuməti dəstəkləyən Türkiyənin bu ölkədəki fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. Lakin son dövrlər Ankaranın üzləşdiyi iqtisadi çətinliklər fonunda Türkiyənin Liviya strategiyasının hansı müddətdə davamlı ola biləcəyi barədə suallar yaranır.
Həftər cəbhəsində isə vəziyyət daha mürəkkəbdir. Ümumiyyətlə, 77 yaşlı zabitin Liviyanın gələcəyində hansısa rol oynayacağını düşünmək çətindir. Eyni zamanda, son vaxtlar LMO-nun ardıcıl məğlubiyyətləri Həftərin tezliklə Liviyanın lideri olmaq barədəki arzularını da şübhə altını salır. Belə ki, Misir ordusunun əsgərlərindən və BƏƏ-nin maddi dəstəyi ilə Çad və Sudan ərazisindən toplanan muzdlulardan təşkil edilmiş Həftər qüvvələrinin Tripoli və Misrata kimi şəhərləri ələ keçirmək imkanları xeyli məhduddur. Hətta, son günlərdə Türkiyə mətbuatında LMO-na dəstək verən xarici dövlətlərin Həftərə alternativ axtardıqları barədə məlumatlar da dərc olunur.
Buna baxmayaraq, onu da vurğulamaq lazımdır ki, Liviya oyununun əsas mükafatı olan neft yataqları hələ də Həftərin nəzarətindədir…
Cavidan Əhmədxanlı
Ekspert
(Cavidan Əhmədxanlı Ankara Universiteti Siyasi Biliklər Fakültəsinin (Məktəb-i Mülkiyə) Siyasi Elm və Dövlət İdarəetməsi ixtisasının məzunudur. Magistr təhsilini Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dünya Siyasi Prosesləri ixtisası üzrə alıb. Strateji Araşdırmalar Mərkəzində (SAM) Türkiyənin daxili və xarici siyasəti üzrə ekspert kimi çalışıb. Araşdırma mövzularına Türkiyə, Yaxın Şərq və Şimali Afrika regionlarında baş verən siyasi proseslər daxildir.)
top-center.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar