Xəbər lenti

Hökumət və beynəlxalq qurumların mövqeyi uzlaşır - məzənnə...

2023-cü ilin son ayı Azərbaycanda dollara tələbatın artımı ilə yadda qaldı. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, dekabr ayı ərzində Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında valyuta satışının məbləği 603,8 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 1,3 faiz, əvvəlki aya nəzərən isə 2,7 dəfəyə yaxın çoxdur. Xatırladaq ki, noyabr ayında hərraclarda 234,7 milyon dollar satılmışdı. 

Mərkəzi Bankın məlumatına əsasən, ümumilikdə 2023-cü il ərzində valyuta hərraclarında 3 milyard 878,2 milyon ABŞ dolları məbləğində satış olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz azdır. Aylar üzrə götürsək, yanvarda 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar, apreldə 286 milyon dollar, mayda 277,2 milyon dollar, iyunda 78,9 milyon dollar, iyulda 272,7 milyon dollar, avqustda 93,9 milyon dollar, sentyabrda 164,5 milyon dollar və oktyabrda 202,6 milyon dollar valyuta satışı həyata keçirilib. Bu məbləğin heç də hamısı Neft Fondunun olmayıb. Məsələn, dekabrda satılan 603,8 milyon dolların yalnız 149,9 milyon dolları Neft Fonduna məxsus olub, qalanı Mərkəzi Bankın vəsaitləridir.

Rəsmi rəqəmlərin açıqlanması ölkədə dolların məzənnəsi ilə bağlı ajiotajın yaranması ilə müşayiət olunub. Dekabrın son günlərindən başlayaraq, xüsusilə işgüzar mühitdə, sahibkarlar arasında dolların bahalaşacağına dair iddialar və təşviş hiss olunmaqdadır. İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir: “Qeyd edək ki, Azərbaycanın idxalının artması da dollara tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollarlıq idxal qeydə alınıb. Yəni idxaldakı artımlar da dollar alışını artırır.

Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə də belə, dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir".

Qeyd edək ki, qlobal səviyyədə 2024-cü il ərzində dolların məzənnəsində artım deyil, əksinə, azalma gözlənilir. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FRS) Açıq Bazar Rəhbər Komitəsinin dekabrda keçirilən iclasında Komitə üzvləri bu il ərzində baza faiz dərəcəsinin aşağı salınmasının mümkünlüyünü elan ediblər. Komitə üzvləri belə bir addımın nə vaxt atılacağını dəqiqləşdirməsələr də, 2024-cü ildə faiz dərəcəsinin aşağı salınması ehtimalının “yüksək” olduğu qənaətinə gəliblər. İclas protokolunda bildirilir ki, iştirakçılar faiz dərəcəsi siyasətinin perspektivini müzakirə edərkən bunun iqtisadiyyatın necə inkişaf etməsindən asılı olduğunu qeyd etməklə yanaşı, faiz dərəcəsini bu sərtləşdirmə dövrü üçün pik nöqtədə və ya ona yaxın hesab etdilər. Sənədə görə, Komitə üzvləri növbəti üç il ərzində dərəcələrin ardıcıl azaldılmasını gözləyirlər. Maliyyə tənzimləyicisi ölkədə inflyasiya ilə mübarizədə əldə edilən irəliləyişlərə diqqət çəkib.

Qeyd edək ki, bazar analitikləri Amerika Mərkəzi Bankının bu il 6 dəfə faiz dərəcəsinə baxaraq, onu 3,75-4 faizə endirəcəyini gözləyirlər.

Doğrudur, Azərbaycanda dolların məzənnəsinə qlobal valyuta bazarındakı proseslərin təsiri yox dərəcəsindədir. Ölkəmizdə dollar/manat tarazlığını təyin edən əsas faktor dünya neft bazarındakı qiymətlərdir. Məhz bu qiymətlərin yüksək olması 1 faizdən də aşağı iqtisadi artımın əldə olunduğu 2023-cü ildə manatın məzənnəsini qorumağa imkan verib. Mərkəzi Bankın məlumatına görə, ötən il ərzində keçirilmiş valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib: “Bu şəraitdə bəzi ticarət tərəfdaşlarında məzənnənin yüksək dəyişkənliyinə baxmayaraq milli valyuta öz sabitliyini qoruyub saxlayıb. 11 ayda manatın nominal effektiv məzənnəsi 19,5 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur”.

Mərkəzi Bank bildirir ki, onun sterilizasiya əməliyyatları banklararası pul bazarındakı aktivliyi və orta faizlərin tənzimlənməsini dəstəkləməklə yanaşı, pul kütləsinin izafi artımını da məhdudlaşdırıb. 2023-cü ilin 11 ayında manatla pul bazası 5 faiz, manatla geniş pul kütləsi (M2) isə 15,7 faiz artıb. Pul təklifinin artımının başlıca mənbəyi əsasən fiskal sektorun ehtiyacları üçün Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələri olub. Əsasən alışyönlü valyuta müdaxilələri ilə əlaqədar Mərkəzi Bankın valyuta ehtiyatları 11 ayda 18 faiz artaraq 10,6 milyard dolları keçib.

AMB bildirir ki, ümumilikdə qiymətlərin gözlənilən dinamikası ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır: “BVF özünün son hesabatında əmtəə qiymətlərinə təsir ehtimalı yüksək olan bəzi mənfi şoklara toxunub. Belə ki, iqlim dəyişikliklərilə bağlı orta temperaturun gözləniləndən daha çox artması, geosiyasi gərginliklər fonunda dünya iqtisadiyyatının bloklara ayrılması əmtəə, xüsusilə də ərzaq və enerji qiymətlərinin yenidən artmasına səbəb ola bilər. İqtisadi artımın yavaşlaması qlobal ticarətin dinamikasına da təsir göstərməkdədir. Son proqnozlara görə, dünya ticarətində artımın 2024-cü ildə 3.5 faiz olacağı gözlənilir ki, bu da 2000-2019-cu illərin orta göstəricisi olan 4,9 faizdən xeyli aşağıdır. Dünya ticarətinin dinamikasına qlobal ticarətdə maneələrin artması, ötən dövrlərdə ABŞ dollarının bahalaşması təsir etməkdədir. Enerjidaşıyıcılarının dünya qiymətləri növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC+ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaq. OPEC+ tərəfindən xam neft hasilatının azaldılmasının uzadılması neft qiymətinə artırıcı təsir edəcək. Qlobal iqtisadi aktivliyin zəifləməsi isə dünya enerji qiymətlərinə azaldıcı təsir göstərəcək. BVF 2024-cü ildə neftin qiymətinin 80 ABŞ dolları ətrafında olacağını proqnozlaşdırır”.

Mərkəzi Bankın qiymətləndirməsinə görə,2024-cü ildə də Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir: “Baza ssenari üzrə son proqnozlara görə, 2024-cü ildə cari əməliyyatlar hesabının profisiti 7-8 milyard dollar olmaqla ÜDM-in 9-10 faizi səviyyəsində gözlənilir. 2024-cü ildə də qlobal geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq”. 

Bununla belə, qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır: “Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorlar çox dəyişkən ola bilər. Qlobal iqtisadi aktivliyin azalması və ayrı-ayrı ölkələrdəki maliyyə sabitliyi risklərinin qlobal miqyasda reallaşması da müxtəlif kanallarla ölkədəki makroiqtisadi sabitliyə təsir edə bilər. Xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycanın xarici şəraiti üçün təhdid yarada bilər. Məcmu tələbin izafi genişlənməsi, xərc amillərinin təsirilə inflyasiya gözləntilərinin artması isə inflyasiya hədəfinə nail olmaqda başlıca daxili risk mənbələridir. Mövcud meyillərin davam etməsi halında fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur”. 

AMB bildirir ki,2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən proseslər nəzərə alacaq: “Növbəti ildə də manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağı gözlənilir. İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-cü ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək. Tədiyə balansının vəziyyəti, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər olacaq.

Mərkəzi Bank məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcək. Habelə əhalinin milli valyutaya inamının daha da artırılması üçün dedollarizasiya siyasəti davam etdiriləcək. Növbəti ildə də valyuta ehtiyatlarının beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normaları nəzərə alınmaqla idarə edilməsi diqqətdə saxlanılacaq".

Azərbaycan hökumətində, həmçinin əksər beynəlxalq analitik mərkəzlərdə hesab olunur ki, yaxın 3 il ərzində ölkəmizdə dolların məzənnəsində hər hansı dəyişiklik olmayacaq. Müəyyən aylarda mövsümi şərtlərə bağlı tələbin artması müşahidə olunsa da, dünya neft bazarında qiymətlər büdcədə nəzərdə tutulan 60 dollardan aşağı düşməsə, dolların məzənnəsində hər hansı dəyişikliyin olacağı real görünmür...

Dünya SAKİT,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 401          Tarix: 8-01-2024, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma