Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
MSŞA milli koalisiyası Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) 2021-ci üçün TRİ indeksi ilə bağlı sənədə münasibət bildirib.
25 Noyabr 2021-ci il tarixli Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) açıqladığı indekslər haqqında, MSŞA milli koalisiyası 8 Fevral 2022-ci il Şura iclasında mövqe sənədi qəbul etmişdir.
“Azərbaycanın neft və qazsektoru 2021-ci il Təbii Resursların İdarə Edilməsi İndeksi” qiymətləndirməhesabatıiləbağlıİctimai Birliklərin MSŞA Koalisiyasının
Mövqe Sənədi[1]
25 noyabr 2021-ci ildə Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu (NRGI) tərəfindən hazırlanmış Azərbaycanın neft və qaz sektoru üzrə 2021-ci il üçün Təbii Resursların İdarəedilməsi İndeksi (TRİİ) açıqlanıb. Bu sənədə görə, Azərbaycanın neft və qaz sektoru 2021-ci il Təbii Resursların İdarəedilməsi İndeksində (TRII) 100 mümkün baldan 56 bal toplayaraq, 2017-ci illə müqayisədə 9 pillə yüksəlib. Bu yüksəliş üç komponent üzrə (dəyərin reallaşması, əlverişli mühit və gəlirlərin idarə olunması) dəyişiklik sayəsində mümkün olub. Belə ki, ölkənin neft və qaz sektorundan yaranan dəyərin reallaşması qabiliyyəti 10 bal geriləmə ilə 39 balla son qiymətləndirmədən sonra pisləşsədə, ümumi“mühit”göstəricisi 1 bal irəliləmə ilə 50 bal,gəlirlərin idarə olunması üzrə göstərici isə 35 pillə irəliləmə ilə 43 baldan 78 bala yüksəlib və hazırda “yaxşı” icra əlverişli qrupuna daxil olub.
NRGI açıqladığı sənəddə “Gəlirlərin idarə edilməsi sahəsindəki irəliləyişlərə baxmayaraq, Azərbaycanda resurs idarəçiliyi zəif olaraq qalır” qənaətini ifadə etsə də və “dəyərin reallaşması“ komponenti üzrə qiymətləndirmə ümumən reallığa yaxın hesab edilsə də hesabatın bir çox vacib göstəricilərinin, xüsusilə də 2017-ci ilə nisbətdə TRİİ tərkib balının 9 bal, gəlirlərin idarə olunması üzrə komponent göstəricisinin 35 bal, əlverişli mühit göstəricisinin 1 bal olsa da yüksəlməsinin ifadə olunması Azərbaycan ictimaiyyətində, vətəndaş cəmiyyətində, xüsusilə də QHT-lərin bu sahədəki ixtisaslaşmış birliyi olan və gəlirlərin şəffaflığı prosesini 2003-cü ildən izləyən, ona ictimai nəzarəti həyata keçirən İctimai Birliklərin MSŞA Koalisiyasında birmənalı qarşılanmayıb.
Məlumat üçün qeyd edək ki, indeksi hazırlayanlar qiymətləndirmə üçün nəticələrı beş göstərici aralığında qruplaşdırıblar: “yaxşı” (75 baldan yuxarı), “qənaətbəxş” (60-74 bal), “zəif” (45-59 bal), “qeyri-qənaətbəxş” (30-44 bal) və “uğursuz”(30 baldan aşağı). TRİİ 2021-ci il üçün təbii resurslarla zəngin 18 ölkənin neft, qaz və mineral sərvətlərini necə idarə etdiklərini qiymətləndirir. İndeksin tərkib balı üç komponentdən ibarətdir. Bunlardan ikisi hasilat sektorunun əsas xüsusiyyətini -dəyər reallaşması və gəlir idarəçiliyini ölçür; üçüncüsü isə idarəetmənin daha geniş məzmununu – əlverişli mühiti əhatə edir. İdarəçiliyin bu üç ümumi ölçüsü 136 suala cavabın cəmlənməsi ilə hesablanan 51 indikatordan ibarət 14 altkomponentdən təşkil olunub. NRGI-nin indeksin hazırlanma metodologiyası ilə bağlı qeydlərinə görə, 18 ölkənin hər birində müstəqil tədqiqatçılar dəyər reallaşması və gəlir idarəçiliyinə dair ilkin məlumatları toplamaq üçün sorğunu cavablandırıblar. Üçüncü komponent üçün isə NRGI, 20-dən çox beynəlxalq təşkilatın məlumatlarına əsaslanıb. Təbii Resursların İdarəedilməsi İndeksinin Azərbaycan neft və qaz sektoruna 2021-ci il üzrə verdiyi ballar 2017-ci illə müqayisədə təqdim edilib.
Sənədə görə, ökənin neft-qaz sektorunda yaranan dəyərin reallaşması qabiliyyəti göstəricisi son qiymətləndirmədən sonra pisləşib. Və bunu lisenziyalaşdırma prosesində qaydaların və məlumat açıqlılığının olmaması, habelə, vəzifəli şəxslərin maliyyə məlumatlarının açıqlanmaması və bu sektorda iştirak edən şirkətlərin benefisiar sahiblərinin müəyyən edilməməsi, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməməsi, eyni zamanda, ətraf mühitə təsirlərin azaldılması planları ilə bağlı qanunlar və məlumat açıqlanması məsələləriylə bağlı ciddi problemlərin mövcud olması ilə əlaqələndiriblər. Qiymətləndiricilər ARDNŞ-in hesabatlılığının zəiflədiyini, şirkətin məhsul satış qaydaları və açıqlamalarının xüsusilə problemli hesab etsələr də Şirkət (aşağı hissədə olsa da) “qənaətbəxş” qrupunda yer alıb.
Qeyd etmək vacibdir ki, 2021 Resursların İdarəedilməsi İndeksi: seçilmiş dövlət müəssisəsi göstəricilərinə görə dövlət müəssisəsinin idarə olunması təkmilləşdirilmiş olsa da, korrupsiyaya qarşı həssaslıq qalmaqdadır. Dövlət müəssisələrinin idarə olunması demək olar ki, 10 bənd yaxşılaşıb, seçmə üzrə qiymətləndirilən 21 dövlət şirkətindən 14-ü son beş ildə göstəricilərini yaxşılaşdırıb. Lakin, cəmi dörd dövlət müəssisəsi (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Mərakeş OCP, Meksikanın Petroleos Mexicanos (PEMEX) və Tanzaniya Neft İnkişaf Korporasiyası (TPDC) idarəçilik göstəricilərinin pisləşdiyini nümayiş etdirib. Hesabata əsasən qiymətləndirilən 21 dövlət şirkətindən 19-da gəlirlərin transferini tənzimləyən hüquqi qaydalar var. Yalnız ARDNŞ (SOCAR) və Konqo Demokratik Respublikasına məxsus dövlət şirkəti bunları qanunvericilikdə təsbit etmir, baxmayaraq ki, şirkətlər gəlirlərin bölüşdürülməsi ilə bağlı məlumatı praktikada açıqlayır. Bu nüans Azərbaycanda müvafiq sahə üzrə şəffaflıq və hüquqi öhdəliklərin təminatı üzrə hüquqi çərçivənin çatışmazlıqlarından biri kimi qiymətləndirilməlidir.
MSŞA Koalisiyasının mütəxəssisləri hesab edir ki, TRİİ hesabatında SOCAR-ın İdarə Heyətinin və Müşahidə Şurasının əksər üzvlərinin hökumətdən müstəqil olmaları haqda hesabatdakı iddia doğru deyildir. SOCAR-ın İdarə Heyətinin üzvləri (Prezident və vitse-prezidentlər) və Müşahidə Şurasınınüzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və azad edilir. Şirkət öz nizamnaməsinə görə hökumət və parlament qarşısında hesabat öhdəliyi daşımasa da, ali icra hakimiyyətinin rəhbəri olan ölkə prezidentinin qarşısında hesabat öhdəliyi daşıyır.
SOCAR illik hesabatlarını ictimaiyyətə açıqlama öhdəliyini də hüquqi çərçivədə məyyən etməyib və bu resursların idarə edilməsində şəffaflığın təmini üçün hüquqi çərçivənin yaxşlaşması iddiasına zərər vuran nüansdır.
Yuxarıda təqdim olunan rəqəmlərdən də göründüyü kimi, “Gəlirlərin idarəedilməsi” üzrə göstəricinin kəskin dəyişməsi Azərbaycan üçün TRİİ-nin “yaxşı” icra əlverişli qrupuna keçidini təmin edib. “Gəlirlərin idarəedilməsi” göstəricisi üzrə belə kəskin dəyişiklik iki altkomponentin yüksəlişi sayəsində mümkün olub. Sənədə görə, “Milli Büdcə” altkomponentinin 2017-ci illə müqayisədə (33 bal) 2021-ci ildə 37 bal artaraq 70 bal olub, “Suveren Rifah Fondları” altkomponenti isə 34 bəndlik artımla (2017-ci ildə 52 bal) 2021-ci ildə 86 bal toplayıb.
Qiymətləndiricilər “Milli büdcə” altkomponenti üzrə balların 37 bənd yaxşılaşmasını, 2019-2020-ci illər üçün büdcə və hökumət xərclərinin açıqlanması, Maliyyə Nazirliyinin həm neft -qaz sektorundan əldə edilən gəlirlərin, həm də neft gəlirlərinin proqnozlarını göstərən sənədlərin dərc edilməsi, fiskal qaydaların qəbulu, bu qaydalara əməl edilməsi və nəzarət orqanı kimi Hesablama Palatası tərəfindən təsdiqlənməsi ilə izah ediblər.
NRGI “Suveren Rifah Fondları” altkomponentinin 86 balla “yaxşı” göstəricilər kategoriyasına düşməsini ARDNF-nun idarə edilməsində əhəmiyyətli irəliləyişlərin qeydə alınması ilə əlaqələndirib. Sənəddə 2018-ci ilin dekabrında qəbul edilən qərarlarla fonddan vəsaitlərin çəkilməsini tənzimləyən qaydaların təkmilləşdirilməsini, Büdcə Sistemi haqqında Qanunun həm depozitlər, həm də pul çəkilmələrinin illik büdcədə qeydə alınmasını və hökumətin qanunvericilik çərçivəsinə daxil edildiyini müəyyən etməsini, Fondun hesabatlılıq qaydalarının təkmilləşdirilməsini, Mühasibat Uçotu haqda Qanunun illik hesabatın dərci, eləcə də, ARDNF-in maliyyə hesabatlarının illik xarici maliyyə auditi tələb etməsini yüksəlişi təmin edən faktorlar kimi dəyərləndiriblər.
Lakin MSŞA Koalisiyası bu qiymətləndirmənin reallığa adekvat olmadığı qənaətindədir və qeyd etməyi vacib hesab edir ki, 2019-2020-ci illərdən əvvəl də Azərbaycanda büdcə və hökumət xərcləri açıqlanır, Maliyyə Nazirliyi neft -qaz sektorundan əldə edilən gəlirləri də, neft gəlirlərinin proqnozlarını da ehtiva edən sənədləri dərc edirdi. Hesablama Palatası isə dövlətin ali maliyyə nəzarəti orqanı funksiyasını 2001-ci ildən bəri yerinə yetirməkdədir və hər maliyyə ilində fiskal qaydalara əməl edilib-edilməməsini qiymətləndirir və MM-ə hesabat verir.
Azərbaycan büdcə qaydasını 2018-ci ilin yayında qəbul edib[2]. Həmin qayda cəmi 1 il – 2019-cu ilin icmal büdcəsinə münasibətdə tətbiq edilib. 2020-ci ildə pandemiyanın neqativ təsirlərinin aradan qaldırılması üçün büdcə xərclərinin artırılmasına yaranan ehtiyac əsas gətirilərək qaydanın tətbiqi 2022-ci ilədək dayandırılıb. Hazırda isə yeni büdcə qaydasının tətbiqi ilə bağlı “Büdcə sistemi haqqında” Qanuna dəyişiklik[3] təsdiq edilsə də yeni qayda Neft Fondundan büdcəyə transfertlərin məhdudlaşdırılmasına gətirib çıxarmayıb, əksinə cari ildə Neft Fondundan dövlət büdcəsinə transfertlər 510 milyon manat artırılıb. Koalisiyanın mütəxəssisləri hesab edir ki, 2018-ci ildə qəbul edilən fiskal qaydanın hesabat dövründə cəmi 1 il işləməsi, sonra təxirə salınması heç cür bu komponent üzrə mövcud artımı şərtləndirə bilməz.
Digər tərəfdən, Azərbaycanda milli büdcə prosesində ictimai iştirakçılıq yox səviyyəsindədir. Belə ki, hesabat dövründə nə İctimai Birliklərin MSŞA Koalisiyasının, nə də digər ixtisaslaşmış QHT-lərin milli büdcə prosesində iştirakı qeydə alınmayıb. Bundan başqa, Parlamentdə büdcə prosesi 2019-cu ildə təxminən on gün, 2020-ci ildə isə cəmi üç gün davam edib və heç bir QHT bu müzakirələrdə iştirak etməyib.
ADRNF-nin hesabatlılığına gəlincə isə, burada da heç bir keyfiyyət dəyişikliyi yoxdur, 2017-ci ilə qədər də qüvvədə olan qaydalara uyğun olaraq hesabatlar açıqlanmaqda davam edir və bu istiqamətdə heç bir təkmilləşdirmə aparılmayıb, əksinə Neft Fondu 2018-ci ilə qədər EITI hesabatlarını da açıqlasa da sonradan bunu da dayandırıb. Eyni zamanda, Koalisiya üzvləri olan QHT-lərin verdiyi məlumatlara görə, son illər Dövlət Neft Fondundan informasiya almaq çətinləşib, hətta bəzi Koalisiya üzvləri 2019-cu ildə göndərdiyi informasiya sorğularına indiyədək cavab almadıqları üçün Fondu məhkəməyə də veriblər.
Sənədə görə, hökumət 2018-ciildə Fondun vəsaitlərinin idarə olunmasıyla bağlı fiskal qaydaları təkmilləşdirib. Lakin qiymətləndiricilər “unudublar” ki, hökumət fonddan vəsaitlərin çəkilməsi qaydasını cəmi 1 il tətbiq edib sonra dayandırıb. Yəni, qanunvericilikdəki dəyişiklik, demək olar ki, praktikada tətbiq edilməyib. Bundan başqa, dövlət budcəsinin ARDNF-dən transfer edilən vəsaitlərdən asılılığını azaltmagı və 2025-ci ilədək 15 faizə endirməyi nəzərdə tutan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” 2016-ci ildə qəbul edilsə də ona da əməl olunmayıb. Təəssüf ki, bu gun dövlət sektorunda xərclənən hər manatın 45 qəpiyi ARDNF-dən edilən transfertlər hesabına maliyyələşdirilir (dövlət büdcəsinin gəlirləri 26407 milyon, ARDNF-dən büdcəyə transfertlərin həcmi 11860 milyon manat).
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 8 sentyabr 2021-ci il tarixdə “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair” Açıqlama sənədində 2022-2025-ci illər üzrə bir sıra vacib makroiqtisadi göstəricilər, o cümlədən, dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlir və xərcləri, habelə, Neft fondundan dövlət büdcəsinə ediləcək transfertlərlə bağlı proqnozlar açıqlanıb. Bu sənədə görə 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 27127,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 10840,0 milyon manat, Neft Fondunun gəlirləri 10092,4 milyon manat, xərcləri isə 10862,9 milyon manat həcmində
Bu rəqəmlərdən bəlli olur ki, 2025-ci ildə dövlət budcəsinin ARDNF-dən transfer asılılığı“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə4 nəzərdə tutulduğu kimi 15% deyil, 40% proqnozlaşdırılır. Eyni zamanda, onu da qeyd etməliyik ki, 2025-ci ilin proqnoz rəqəmlərinə görə, bu ildə Neft Fondunun xərcləri gəlirlərini 8% qabaqlayacaq, yəni xərclər gəlirlərdən 8% çox olacaq. Deməli, hətta proqnoz rəqəmlər belə ARDNF-n “gələcək nəsillərin fondu” fəlsəfəsini və “idarə etmədəki praktik irəliləyişlərin” mvcud olmasını inkar edir.
ARDNF-nun idarə edilməsində əhəmiyyətli irəliləyişləri təmin etdiyi iddia olunan digər arqumentlərə əksarqument kimi isə aşağıdakıları qeyd etmək istərdik:
- ARDNF 2017-ci ildən sonra deyil, fəaliyyətə başladığı ildən bəri təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlir və xərcləri, investisiya fəaliyyəti haqqında rüblük, Fondun fəaliyyəti barədə illik hesabatları mütəmadi olaraq dərc edir. Fond maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılmasını təmin edir və onun nəticələrini də açıqlayır. Yəni, səthi analizlə belə, hesabatlılıqda əhəmiyyətli hər hansı inkişaf olmadığını deməyə əsas verir.
- Ölkə üçün əhəmiyyətinə baxmayaraq, ARDNF–in fəaliyyəti ayrıca qanunla deyil, ölkə Prezidentinin (yəni bir nəfərin) fərman və sərəncamları ilə tənzimlənir, Fond yalnız prezident qarşısında hesabat verir və məsuliyyət daşıyır. ARDNF-in İcraçı Direktoru və müavini ölkə prezidenti tərəfindən bu vəzifəyə təyin və azad edilir. ARDNF-in nəzarətedici orqanı olan Müşahidə Şurasının üzvlərini prezident sərəncamla təsdiq edir. Müahidə Şurası 6 nəfər yüksək səviyyəli hökumət və parlament nümayəndələrindən ibarətdir, halbuki Şuranın əsasnaməsində bu tərkib müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət olacağı qeyd edilmişdir. Müşahidə Şurasının formalaşdırılması mexanizmi isə (seçki və ya təyinat) Fondun əsasnaməsində göstərilməmişdir. Fondun Müşahidə Şurasının Prezident Administrasiyasının rəhbər üzvlərindən, Baş Nazir və hökumət nümayəndələrindən, parlament üzvü və Mərkəzi Bank rəhbərindən əsasnamədə müəyyən edilməmiş qaydalarla formalaşdlırılması Fondun idarə edilməsində beynəlxalq şəffaflıq prinsip və meyarlarının nəzərə alınmadığını, prosesdə ictimai nəzarət mexanizminin qurulmadığını açıq-aşkar göstərir.
- ARDNF-nin büdcəsi parlamentdə ayrıca müzakirə olunmur. Belə ki, ARDNF-nin gəlir və xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsi olaraq ölkə parlamenti tərəfindən dövlət büdcəsi layihəsi ilə birlikdə müzakirə edilir və təsdiq edilir. “Büdcə Sistemi Haqqında” Qanun Hesablama Palatasına ARDNF-i audit etmək səlahiyyəti versə də indiyədək belə bir fakta rast gəlinməyib. Hesablama Palatası yalnız ARDNF-nin büdcəsinin layihəsi və icrasına dair hesabata rəy verir.
- Nəhayət, hesabat dövründə əhəmiyyətli dəyişikliklərdən biri də Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EİTİ-dan) çıxması və vətəndaş cəmiyyətinin bu prosesdə iştirakına son qoyulmasıdır. Belə olan halda “Gəlirlərin idarə edilməsi” üzrə göstəricinin 35 pillə irəliləməsinə beynəlxalq səviyyədə tanınmış universal yaxşı idarəetmə prinsiplərindən olan açıqlıq, şəffaflıq, səmərəlilik və effektivlik prinsiplərinə əməl olunması baxımından yanaşma da çoxlu sualar və sorğulama ehtiyacı yaradır. Belə ki, Azərbaycan 2017-ci ilin mart ayında MSŞT-ni tərk etdikdən sonra ölkədə mədən sənayesində şəffaflıq standartlarının tətbiqi və bu sahəyə ictimai nəzarətin təşkili sahəsində vəziyyət pisləşib. Həmin ilin aprel ayında iki tərəfin- aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxslərin və mədən sənayesi şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffalıq Komissiyası yaradılmışdır. Yeni yaranmış Komissiya VC-ni tərəf kimi tanımayıb, yalnız fərdi qaydada toplantıları müşahidə etməyə izn verib. 2020-ci ilin iyulunda hökümət Komisiyası da ləğv olunub və şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilib. Beləliklə də, 2017-ci ildən sonra Azərbaycanda yerli VCT-lər şəffaflıq prosesdə iştirak imkanını tamamən itirib. MHŞT üzrə son hesabat 2018-ci il üçün dərc olunub. Bundan sonra hasilat sənayesi ilə bağlı statistik məlumatlar açıqlanmayıb və bu informasiyalara çıxış məhduddur.
- “Gəlirlərin səmərəlilik və effektiv idarə edilməsinə gəldikdə isə rəqəmlərə nəzər salmaqla mövcud durum haqda aydın təsəvvür əldə etmək mümkündür. Belə ki, ARDNF-in 2019-cu ildə gəlirləri 15.45 mlrd manat, o cümlədən, valyuta aktivlərin idarə edilməsindən 1 mlrd. 442 mln. 497 min manat, dövlət büdcəsinə transfer- 11.36 mlrd.manat (yəni illik daxilolmaların 73.5 faizi həcmində): 2020-ci il üzrə gəlir – 12,38 mlrd. manat, valyuta aktivlərinin idarə edilməsi- 1 mlrd.31 mln. 271 min manat, dövlət büdcəsinə transfer- 11.35 mlrd.manat (yəni illik daxilolmaların 91.6 faizi həcmində); 2021-ci il üzrə gəlir – 8 mlrd. manat, o cümlədən, valyuta aktivlərin idarə edilməsindən 759 mln. 717 min manat, dövlət büdcəsinə transfer- 12.2 mlrd. Manat (yəni illik daxilolmaların 150 faizi həcmində) təşkil edib. Göründüyü kimi, həm Fondun vəsaitlərindən dövlət büdcəsinə transferlərtin həcmi artıb: 2019-cu ildə bu rəqəm illik daxilolmaların 73.5 faizin təşkil edirdisə, 2021- ci ildə artaraq 150 faiz olub. Fondun valyuta aktivlərinin yerləşdirilməsi və idarəedilməsindən əldə edilən gəlirlər 2019- cu ilə nisbətən 2021-ci ildə düz 48 faiz azalıb.
Bütün bunlara görə, MSŞA Koalisiyası Azərbaycanın “Suveren Rifah Fondları” altkomponentində 86 bala yuksəlib “yaxşı” göstəricilər kategoriyasına keçməsini qeyri-real hesab edir və ARDNF-nun idarəedilməsində əhəmiyyətli irəliləyişlərin təmin edilməsi müddəasını əsaslandırılmamış və qeyri-obyektiv sayır.
Həmçinin, MSŞA Koalisiyası hesab edir ki, “Əlverişli mühit” göstəricinin 1 ballıq da olsa yüksəliş göstərərək 50 balla qiymətləndirilməsi də real vəziyyəti əks elətdirmir. Bu göstəricinin altkomponentlərindən “Hökumətin effektivliyi”nın 61-dən 65-ə, “Korrupsiyaya nəzarət”in 37-dən 38-ə, “Siyasi sabitlik və zorakılığın olmaması”nın 40-dan 42-yə, “Acıq məlumat”ın 70-dən 74-ə yüksəlməsi də qəbul edilən deyil. Çünki, ölkədəki mövcud durum iqtisadiyyatının xammal ehtiyatlarından yüksək səviyyədə asılılığı[4], monopoliyalar[5], korrupsiya[6], kölgə istisadiyyatı[7], məmur özbaşınalığı, məhkəmə-hüquq sisteminin icra hakimiyyətinin təsiri altında olması[8], mərkəzləşmiş siyasi və iqtisadi sistem[9] və s.-lə xarakterizə olunur. İndiki siyasi durum vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün əlverişli deyil. QHT-lər tərəfindən beynəlxalq vətəndaş cəmiyyəti və ixtisaslaşmış təşkilatlarla birlikdə grant layihələrinin həyata keçirilməsinə hüquqi, bank və praktiki baryerlər var.[10]Ölkədə vətəndaşların azad toplaşmaq, birləşmək, söz və ifadə azadlığı hüququ təhlükə altına düşüb. Müstəqil media tamamilə sıradan çıxarılıb. İnsan hüquqlarının pozulması, söz, fikir, ifadə, birləşmək və digər azadlıqlarının məhdudlaşdırılması ilə bağlı ciddi faktlar mövcuddur və s.[11] Bütün bu sadalananlar (bu faktlar beynəlxalq təşkilatların hesabatlarında da ifadə olunub) əlverişli mühit komponenti üzrə də qiymətləndirmənin obyektivliyi ilə razılaşmamağa əsas verir.
MSŞA Koalisiyası bu qənaətdədir ki, ümumən 2021-ci il üzrə Azərbaycan üçün Təbii Resursların İdarəedilməsi İndeksi reallığa adekvat deyil. NRGİ-nin TRİİ-də əsaslandırılmış yanlışlıqları düzəltmək üçün əməkdaşlığa hazır olması bəyanına əsaslanaraq Koalisiya mövqeyinin və bu sənəddə ifadə olunan arqumetlərin diqqətə alınacağına ümid edir. Eyni zamanda, Koalisiya nüfuzlu beynəlxalq təşkilatları reallığın əksinə Azərbaycanı ”inkişafda” göstərən hər bir qiymətləndirmənin ölkədəki mövcud əlverişsiz mühiti dəyişməmək üçün hökümətin (siyasi hakimiyyətin) əsaslandığı arqumentləri möhkəmləndirdiyini nəzərə almağa çağırır.
İctimai Birliklərin MSŞA Koalisiyası
[1]Mövqe sənədi 08 fevral 2022-ci ildə MŞSA Koalisiyası Şurasında qəbul edilib
[2]http://e-qanun.az/framework/39838
[3]https://www.meclis.gov.az/news-layihe.php?id=1621&lang=az&par=0&fbclid=IwAR34fxtp4qQglObrs29j82YcEamBUTXX4o4s-gJyxZCtPHbJz6Ke7aEB1JY
[4]https://www.economy.com/azerbaijan/indicators
[5]https://bakuresearchinstitute.org/en/socar-big-problems-at-the-largest-company-in-azerbaijan/
[6]https://www.transparency.org/en/countries/azerbaijan
[7]https://www.theglobaleconomy.com/Azerbaijan/shadow_economy/#:~:text=Azerbaijan%3A%20Shadow%20economy%2C%20percent%20of%20GDP%2C%201991%20%2D%202015%3A&text=The%20average%20value%20for%20Azerbaijan,from%202015%20is%2043.66%20percent
[8]https://www.nhc.nl/assets/uploads/2017/07/Functioning-of-the-Judicial-System-in-Azerbaijan-and-its-Impact-on-the-Right-to-a-Fair-Trial.pdf
[9]https://www.ebrd.com/documents/strategy-and-policy-coordination/azerbaijan-diagnostic.pdf?blobnocache=true
[10]https://www.icnl.org/resources/civic-freedom-monitor/azerbaijan
[11]https://www.state.gov/reports/2020-country-reports-on-human-rights-practices/azerbaijan/
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar