
Bu yaxınlarda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində neft nasos stansiyalarından birinin zədələnməsinə görə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ixrac sistemi ətrafında yaranmış vəziyyət Qazaxıstan üçün neft ixrac marşrutlarının şaxələndirilməsi mövzusunu yenidən aktuallaşdırıb.
Həmçinin CPC-in əsas marşrut olduğu Qazaxıstan neftinin ixracına məhdudiyyətlərin olub-olmayacağı sualı da yaranıb. Məlum olub ki, görünüşcə sadə olan suala ziddiyyətli, hətta bir-birini inkar edən cavablar verilir.
Məhdudiyyətlər yoxdur, məhdudiyyətlər olacaq?
“Report”un Qazaxıstan bürosu xəbər verir ki, fevralın 18-i axşam ölkənin Energetika Nazirliyi bəyan edib ki, Qazaxıstan nefti üçün CPC-də heç bir məhdudiyyət yoxdur.
Eyni zamanda, CPC-in səhmdarlarından biri olan "Transneft" şirkətindən fevralın 18-i günorta bildirilib ki, hücumun nəticələrinin aradan qaldırılması bir yarımdan iki aya qədər çəkəcək və bu, Qazaxıstandan edilən neft nəqlinin həcminin təxminən 30 % azalmasına səbəb ola bilər.
Qazaxıstan neftinin bütün ixracının 80 %-nin (2023-cü ildə 55 milyon tondan çox) CPC vasitəsilə keçdiyini nəzərə alsaq, hətta iki ay ərzində 30 % azalma ciddi itkilərə səbəb ola bilər. Qazaxıstanlı ekspert Oljas Baydeldenovun hesablamalarına görə, ölkə büdcəsinin itkiləri təxminən 300 milyard təngə (599,4 milyon dollar) təşkil edə bilər.
“Report”un "Transneft"in bəyanatı ilə bağlı Qazaxıstan Energetika Nazirliyinə sorğusuna cavab olaraq bildirilib: "Məhdudiyyətlər yoxdur. Neftin qəbulu normal rejimdə davam edir".
CPC-in mətbuat xidmətindən isə qeyd edilib: "Biz səhmdarın (“Transneft”) məlumatını təkzib edə bilmərik".
"Transneft"in məlumatına görə, yeddi PUA-nın hücumu nəticəsində neft nasos stansiyasının damı, qapalı paylayıcı qurğu, qaz turbini qurğusu, kabel xətləri, su çəni zədələnib, iki transformator, filtrlər və yanğınsöndürmə sistemi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı CPC-ə hücumu təsdiqləyib.
CPC-in məlumatına görə, hazırda hücumdan sonra təcili təmir işlərinin aparılması məsələsi müzakirə olunur.
Xəzər Boru Kəməri Konsorsiumu Rusiya, Qazaxıstan, ABŞ və bir sıra Qərbi Avropa ölkələrinin ən böyük yanacaq-energetika kompleksi müəssisələrini birləşdirir. Konsorsiumun əsas istehsal vəzifəsi Qazaxıstan yataqlarında hasil edilən neftin nəqlidir. 2024-cü ildə bu boru kəməri ilə nəqletmə həcmi 63 milyon ton neft təşkil edib ki, bunun da 55 milyon tondan çoxu Qazaxıstan neftinin payına düşüb.
Göstərilən həcmlərin təxminən 74 %-i ABŞ və digər Qərb ölkələrindən olan yük göndərənlərinin payına düşür. Xüsusilə, “Chevron” 2024-cü ildə KTK vasitəsilə 26,8 milyon ton neft nəql edib ki, bu da ABŞ korporasiyasının ümumi dünya hasilatının təxminən 20 %-ni təşkil edir.
Paylaş: