
Rusiya və Azərbaycan İrana qaz kəməri tikintisi layihəsini müzakirə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Azərbaycan ərazisindən keçəcək bu layihə ilə bağlı görüş Rusiya Energetika Naziri Sergey Sivilyov ilə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında baş tutub. Məlumat Rusiya Energetika Nazirliyi tərəfindən paylaşılıb.
Görüşdə tərəflər texnoloji həllər mübadiləsi, Azərbaycan ərazisindən keçəcək qaz kəməri tikintisi layihəsi, həmçinin yanacaq-energetika kompleksinin bütün sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Sergey Sivilyov qeyd edib ki, Rusiya və Azərbaycan energetika sahəsində uzun illər ərzində qazanılmış birgə təcrübəyə və ortaq tarixə əsaslanaraq, həm neft-qaz məsələləri, həm də digər istiqamətlər üzrə konstruktiv dialoqu gücləndirir.
"Biz Azərbaycanla dostluq münasibətlərimizi yüksək qiymətləndiririk", - deyə o bəyan edib.
Rusiya Energetika Nazirliyindən bildirilib ki, bu layihə ölkələr arasında energetika əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addım ola, həmçinin regionda infrastrukturun və iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər. Azərbaycan ərazisindən keçəcək qaz kəməri enerji resurslarının ixracı üçün yeni imkanlar yarada və regionun energetika təhlükəsizliyini gücləndirə bilər.
Bu kimi təşəbbüslər? həmçinin Azərbaycanın Avropa və Asiyanı birləşdirən energetika layihələri üçün əsas nəqliyyat qovşağı kimi strateji əhəmiyyətini bir daha vurğulayır.
Paylaş: