Xəbər lenti


 

Giriş 

 

Ermənistanın enerji sektorunun idxal olunan yanacaqdan tam asılı olması ölkənin enerji təhlükəsizliyi fonunda müəyyən risklər yaradır. Qonşu ölkələrlə münasibətlər, onların mövcud infrastrukturunun vəziyyəti isə bu riskləri daha da artırır.

 

Qeyd etmək lazımdır ki, Ermənistanda yalnız elektrik enerjisi istehsal edilir. Bu səbəbdən ölkənin enerji strategiyası xaricdən yanacaq ehtiyatlarının tədarükünü təmin etmək və yerli bərpa olunan enerji mənbələrini inkişaf etdirməkdən ibarətdir. Xüsusilə neft məhsullarının və təbii qazın idxalı məsələsində ciddi məhdudlaşdırıcı amil onların Ermənistana yalnız Gürcüstan və İran ərazisindən daxil olmasıdır. Belə ki, Ermənistanla Azərbaycan və Türkiyə arasında infrastruktur işləmir. Eyni zamanda, İrandan keçən təbii qaz kəməri isə tam həcmdə istismar olunmur və olunsa belə Ermənistanın illik tələbatını ödəmir. 

 

Beləliklə, Ermənistanın Gürcüstan üzərindən idxal etməklə Rusiyadan ciddi enerji asılılığı mövcuddur. Bu nöqteyi-nəzərdən qeyd etmək olar ki, Ermənistanın enerji sektorunda stabilliyi təmin etmək üçün xüsusilə Azərbaycan alternativ kimi çıxış edə bilər, lakin Ermənistanın hələ də Azərbaycanla sülh müqaviləsini imzalamaması buna maneə olan başlıca amildir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel ayının 23-də ADA Universitetində baş tutan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda çıxışı zamanı qeyd edib ki, əgər Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoyulsa və lap yaxın zamanda sülh sazişi imzalansa, onda dayanıqlı sabitlik və təhlükəsizlikdən, region ölkələrinin əməkdaşlığından danışmaq olar. Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər.

 

Qeyd edək ki, faktiki olaraq, 1991-ci son aylarına qədər Ermənistan Azərbaycandan qaz alıb. Həmin qaz 1960-cı ildə inşa edilmiş Hacıqabul-Yevlax-Qazax-İcevan-İrəvan qaz kəməri ilə verilib. 1970-ci illlərdə Yevlax-Ağdam-Əsgəran-Xankəndi-Şuşa-Laçın-Gorus-Naxçıvan qaz kəməri işə düşüb. 80-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının sərhədindən İrəvana qədər əlavə 70 kilometrlik qaz boru xətti çəkilib. Nəticədə Ermənistan hər hansı qəza baş verməsindən asılı olmayaraq, Azərbaycan qazını fasiləsiz olaraq alıb. 

 

Bununla yanaşı, Prezident İ.Əliyev Ermənistanın əlavə enerji imkanlarını yaratmaq məqsədilə Qara dənizin dibi ilə çəkiləcək kabelə qoşulmaq istədiyini, lakin Azərbaycanla münasibətləri sahmana salmadığına görə qoşula bilmədiyini vurğulayıb. Ermənistanın bu layihəyə qoşulmağa imkanlarını təhlil edəcək olsaq, qeyd edə bilərik ki, burda iki amili göz qabağında saxlamaq lazımdır. Onlardan biri ölkənin bu sahədə potensialı, digər isə Azərbaycanın razılığıdır. Elektrik enerjisi istehsalı potensialına gəlincə, qeyd etmək lazımdır ki, Ermənistan hökuməti 2030-cu ilə qədər elektrik enerjisi istehsalını 12 milyard kVt/saat (2023-cü il məlumatlarına görə, 8,8 milyard təşkil edib), elektrik enerjisinin ixracını isə 5 milyard kVt/saata (2023-cü ildə təqribən 1,7 milyard kVt/saat təşkil edib) çatdırmağı hədəfləyir. Günəş və külək stansiyalarının gücünün isə 2040-cı ilə qədər ən azı 2000 MVt-a çatdırılması planlaşdırılıb. 

 

Qeyd edək ki, Ermənistanın Enerji İnfrastrukturları və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, ölkənin nəzəri olaraq 450 MVt külək enerjisi potensialı var. Günəş enerjisinə gəldikdə isə Ermənistan ərazisinin dörddə biri ildə 1850 kVt/m2 intensivliyə malik günəş enerjisi ehtiyatlarına malikdir. Üfüqi səthin 1 m2 üçün günəş enerjisi axınının orta illik dəyəri 1720 kVt/m2 -dir. Beləliklə, mövcud məlumatların təhlili onu deməyə əsas verir ki, Ermənistanın layihəyə qoşulmaq potensialı var. Lakin Azərbaycanla olan münasibətlərini normallaşdırmaq istiqamətində addım atmasa, 30 il olduğu kimi yenə də regional layihələrdən kənarda qalacaq. 

 

Ermənistanın xarici enerji asılılığını azaltmaq cəhdləri 

 

Ümumiyyətlə, son vaxtlar hadisələrin gedişi və baş verənlər onu göstərir ki, Ermənistan rəhbərliyi enerji təhlükəsizliyini təmin etmək və xaricdən asılılığı azaltmaq üçün fəaliyyətlərini intensivləşdirib. Belə ki, son bir neçə ildir ki, hökumət günəş enerjisi sektorunu inkişaf etdirməyə çalışır. Eyni zamanda, ABŞ-la modul tipli yeni atom elektrik stansiyasının tikintisi, İran və Gürcüstanla elektrik enerjisi ticarətinin genişləndirilməsi məsələlərini müzakirə edir. Qeyd edək ki, aprel ayının 5-də Brüsseldə baş tutan üçtərəfli görüş zamanı Ermənistana enerji təhlükəsizliyi sahəsində köməklik göstəriləcəyi barədə razılıq əldə olunub. İyul ayının 3-də isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata verdiyi müsahibə zamanı Ermənistanın ABŞ-la yeni modul tipli atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı substantiv danışıqlar mərhələsində olduğunu bildirib.

 

Təbii qaz tədarükü məsələsinə gəldikdə isə qeyd etmək olar ki, son vaxtlar İranın qaz ixracı ilə bağlı imkanlarının genişləndirilməsi Ermənistanda və ümumiyyətlə, iki ölkə arasında müzakirə edilir. Hətta 10 avqust 2023-cü il tarixində iki ölkə arasında “elektrik enerjisi müqabilində qaz” müqaviləsinin müddəti 2030-cu ilədək uzadılıb. Yeni müqaviləyə görə qaz və elektrik enerjisinin mübadilə həcmləri artırılıb. Hətta hakimiyyətə yaxın şəxslər tərəfindən İran qaz kəmərinin tam həcmdə istismarının mümkünlüyü barədə bəzi açıqlamalar verilib. Belə görünür ki, İrandan təbii qaz tədarükünü artırmaq üçün kifayət qədər əlverişli vəziyyət yaranıb. Lakin bununla belə, bu istiqamətdə nəzərdə tutulan layihələr müəyyən səbəblərə görə uzun illərdir ləngiyir və qaz tədarükü eyni səviyyədə qalmaqda davam edir. 

 

Qeyd edək ki, 2023- cü ildə Ermənistanın illik təbii qaz tələbatının əsas hissəsi (85%) Gürcüstandan keçən boru kəməri ilə Rusiyadan, kiçik bir hissəsi (15%) isə barter müqaviləsi əsasında İrandan idxal edilib. İrandan idxal edilən təbii qaz isə Ermənistanın Razdan və İrəvan İstilik Elektrik Stansiyalarında (İES) elektrik enerjisinə çevrilərək geri ixrac edilib. 

 

Ermənistan-İran enerji əməkdaşlığının tarixi və hazırkı vəziyyəti 

 

Energetika ənənəvi olaraq Ermənistan-İran əməkdaşlığının əsas istiqamətlərindən biri olub və iki ölkə arasında digər sahələrin inkişafı üçün lazımi şərait yaradıb. Qeyd edək ki, artıq 90-cı illərin ortalarında iki ölkə arasında enerji sahəsində əməkdaşlıq layihələri həyata keçirilib. Belə ki, 1995-ci ildə İran və Ermənistan arasında 1-ci yüksək gərginlikli elektrik ötürücü xətti çəkilib. Bu atom elektrik stansiyası (AES) və bir neçə su elektrik stansiyası (SES) sayəsində mümkün olub. 2004-cü ilin noyabr ayının sonunda isə Ermənistan və İran arasında ötürmə gücü 200 MVt olan 2-ci yüksək gərginlikli elektrik xətti istismara verilib. Qeyd edək ki, 2-ci xəttin tikintisi İran tərəfindən təqdim olunan vəsait hesabına həyata keçirilib. Bu xəttin inşasına 8,4 milyon ABŞ dolları sərf edilib. 11 iyun 2005-ci il tarixində isə İran-Ermənistan arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər 3-cü yüksək gərginlikli elektrik xəttinin çəkilməsi məsələsində razılığa gəliblər. Bu elektrik xəttinin Ermənistan hissəsinin uzunluğu 300 km (gərginlik 220 kVt), İran hissəsinin uzunluğu isə 100 km-dir (gərginlik 230 kVt). Elektrik xəttinin gələcəkdə 400 MVt olacağı planlaşdırılıb, bu da hazırda Ermənistan və İran arasında fəaliyyət göstərən iki elektrik ötürücü xəttinin ümumi gücünə bərabərdir. Qeyd edək ki, tərəflər mövcud elektrik xəttinin ötürmə qabiliyyətilə bağlı problemi həll etmək üçün hazırda da çalışır. Lakin uzun illərdir Ermənistan ərazisində bu istiqamətdə işlər aparılsa da, tikinti işləri davamlı olaraq təxirə salınıb. Bu günə olan məlumatlara əsasən, İran və Ermənistan arasında 3-cü yüksək gərginlikli elektrik xəttində işlər hələ də tamamlanmayıb. 

 

2015-ci ildə başlayan və 2019-cu ilin sonunadək başa çatdırılması planlaşdırılan 3-cü xəttin tikintisi bir sıra problemlərlə üzləşib. Üstəlik, problem yalnız elektrik xətlərinin çəkilməsi ilə bağlı deyil, həm də “Noravan” və “Ddmaşen” yarımstansiyalarının tikintisində də çətinliklər yaranıb. Qeyd edək ki, Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, Ermənistan-İran 400 kilovoltluq elektrik xəttinin tikintisi çərçivəsində işlərin 74% faizi, “Noravan” yarımstansiyasında isə 87% faizi yerinə yetirilib

 

Ermənistanın “Yüksək Gərginlikli Elektrik Şəbəkə” QSC-nin direktorunun müavini Razmik Xaçatrayan da tikinti işləri barədə mətbuata məlumat verib. O, “Noravan” yarımstansiyasının 2024-cü ildə təhvil veriləcəyini, lakin “Ddmaşen” yarımstansiyasının tikintisi başa çatmadan İrana elektrik enerjisinin tam həcmdə ötürülməcəyini bildirib. Qeyd etmək lazımdır ki, “Ddmaşen” yarımstansiyasının tikintisi hələ başlamayıb, bununla bağlı tender elan edilib, prosedura və müddətə əməl olunarsa, layihə 2026-cı ildə yekunlaşacaq. Tikintinin ləngiməsi ilə bağlı Ermənistanın Ərazi və İnfrasturktur naziri Qnel Sanosyan da açıqlama verib. Belə ki, o, iyun ayında parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan-İran elektrik xətlərinin çəkilişi sürəti heç də qənaətbəxş deyil və tərəflər İranlı həmkarları ilə müzakirələrdə həll yollarını tapmağa çalışır. 

 

Ermənistan-İran enerji əməkdaşlığını nəzərdən keçirərkən İrandan təbii qazın idxalı məsələsinə də toxunmaq vacibdir. İrandan Ermənistana qaz nəqlinin başlanqıç nöqtəsi kimi 1992-ci ildə imzalanmış sazişi hesab etmək olar. Belə ki, İran-Ermənistan qaz kəmərinin tikintisinə dair saziş 1992-ci ildə imzalanıb və 1995-ci ilin may ayında ona düzəlişlər edilib. Lakin 1992-ci ildən sonra uzun müddət iki ölkə arasında qaz kəmərinin tikintisi ilə bağlı silsilə danışıqlar aparılıb. Nəticədə 2004-cü ilin may ayında İrəvan şəhərində İran-Ermənistan qaz kəmərinin tikintisi ilə bağlı əsas müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ermənistan 20 il ərzində İrandan aldığı təbii qazı “İrəvan İES”-də elektrik enerjisinə çevirərək İrana ixrac etməyi öz öhdəsinə götürüb. Belə ki, hər il idxal ediləcək 1,1 milyard kubmetr qaz müqabilində Ermənistanın elektrik enerjisi ixrac edəcəyi qeyd edilib. Layihənin dəyəri həmin dövrün məzənnəsinə uyğun 200-250 milyon ABŞ dolları məbləğində təşkil edib. 

 

Qeyd edək ki, birinci mərhələdə İran ərazisindən 100 km və Ermənistan ərazisindən (Meğri-Kacaran) 41 km uzunluğunda qaz kəmərinin tikintisi başa çatdırılıb. İkinci mərhələdə isə Kacaran-Sisian-Cermuk-Ararat boru xətti tikilib. Qaz kəmərinin birinci hissənin tikintisi üçün İran tərəfi Ermənistana qaz kəməri istifadəyə verilən andan 5 il ödəmə müddəti ilə 28,2 milyon ABŞ dolları məbləğində kredit verib. 19 mart 2007-ci il tarixində 141 km-lik İran-Ermənistan qaz kəmərinin açılış mərasimi baş tutub. Qaz kəmərinin istismara verilməsi nəticəsində Ermənistan təbii qaz müqabilində İrana elektrik enerjisi ixrac etməyə başlayıb

 

Qeyd etmək lazımdır ki, qüvvədə olan müqaviləyə əsasən, Ermənistan hər 3,4 kVt/saat elektrik enerjisi müqabilində İrandan 1 kubmetr qaz alır. Ermənistan idxal etdiyi 1 kubmetr qazdan 4,8-5 kVt/saat elektrik enerjisi istehsal edir ki, nəticədə Ermənistana 1,4-1,6 kVt/saat elektrik enerjisi qalır. Ümumiyyətlə ötürmə qabiliyyəti ildə 2,3 milyard kubmetr (günlük 8 milyon kubmetr) olan bu qaz kəməri hətta tam gücü ilə işləsə belə, Ermənistanın illik qaz tələbatını ödəmək iqtidarında deyil. Belə ki, 2022-ci ildə Ermənistan 2,971 milyar kubmetr qaz idxal edib. Bunun 87,5% Rusiyadan, 12,5% isə İrandan olub. 2023-cü ilin yanvar-dekabr aylarında isə yalnız Rusiyadan Ermənistana tədarük olunan təbii qazın həcmi 2,444 milyard kubmetr təşkil edib. Bugünədək İran-Ermənistan qaz kəməri ən yaxşı halda 30-35% həcmində istifadə edilib. 2019-cu ildən etibarən qaz kəmərindən idxal edilən illik qaz həcminin 2,3 milyard kubmetrə çatacağı qeyd olunsa da, bu gün Ermənistana cəmi illik 350-400 milyon kubmetr qaz idxal edilir. Qeyd edək ki, İran-Ermənistan qaz kəmərinin Ermənistana aid hissəsi “Gazprom Armenia” QSC-nin qazpaylayıcı sisteminə bağlıdır. Kəmərin en kəsiyi 711 mm-dir. 

 

2008-ci ildən etibarən Ermənistan-İran arasında neft kəmərinin tikintisi də müzakirə mövzusu olub. Hətta 22 dekabr 2008-ci il tarixində Ermənistanın energetika və təbii sərvətlər naziri A.Movsesyan bəyan edib ki, neft məhsullarının İrandan Ermənistana idxalı üçün neft kəmərinin tikintisinə dair razılıq əldə olunub. Lakin bugünkü günə kimi bu istiqamətdə də heç bir iş görülməyib və bu məsələ hər iki tərəfin rəsmilərinin açıqlamalarından o tərəfə keçməyib. Ümumiyyətlə layihənin həyata keçirilməsində bir sıra ciddi maneələrin olduğu vurğulanıb. Bu maneələr ilk növbədə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar ilə bağlı olub.

 

Bununla yanaşı, qeyd edək ki, Ermənistanın təbii qazın idxalının şaxələndirilməsi səyləri arasında İran üzərindən Türkmənistan qazını svop sistemi ilə idxalı da mövcuddur. Svop sistemi dedikdə Türkmənistanın İranın şimal rayonlarını, İranın isə Ermənistanı qazla təmin edilməsi nəzərdə tutulur. Qeyd edək ki, Türkmənistan qazının svop vasitəsilə Ermənistana nəqli ilə bağlı fikirləri ilk dəfə 20 oktyabr 2017-ci il tarixində Ermənistanın Energetika İnfrastrukturu və Təbii Sərvətlər naziri A.Manukyan səsləndirib. O, bildirib ki, Aşqabad, İrəvan və Tehranın təbii qazın İran ərazisindən keçməklə Türkmənistandan Ermənistana tranzit nəqlinin təşkili ilə bağlı danışıqlar aparır. Daha sonra, 09 fevral 2020-ci il tarixində Ermənistanın XİN rəhbərinin müavini Şavarş Köçəryan bununla bağlı fikir bildirib. Ş.Köçəryan qeyd edib ki, Türkmənistan qazının svop vasitəsilə Ermənistana nəqli ilə bağlı danışıqlar aparılmaqdadır. Son olaraq isə 2022-ci ilin may ayında İranın Neft naziri Cavad Övci yerli metbuata verdiyi müsahibədə, İranın svop vasitəsilə Ermənistana qaz ixracını artırmağa hazır olduqlarını bildirib. O, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Q.Sanosyanla görüşün nəticələrinə dair açıqlama verərkən, vurğulayıb ki, Türkmənistandan Ermənistana qaz nəqli ilə bağlı danışıqlar başlayıb və biz bu ölkənin qaz şəbəkəsinin yüksək tutumu sayəsində yaxın vaxtlarda yaxşı nəticələr əldə edəcəyik. Lakin bu tarixdən sonra iki ölkə rəsmiləri tərəfindən svop ilə bağlı hər hansı bir açıqlama müşahidə olunmayıb. 

 

Ümumiyyətlə Türkmənistan qazının svop vasitəsilə Ermənistana nəqli nəticə etibarı ilə heç bir şeyi dəyişmir. Belə ki, İrandan Ermənistana gedən boru xəttinin qazı nəqletmə imkanları bəllidir və Ermənistanın illik qaz tələbatını ödəmir. Bu da onu deməyə əsas verir ki, bu variant da Ermənistanın təbii qaz sektorunun diversifikasiyası üçün kifayət edə bilməz. 

 

Digər bir layihə Araz çayı üzərində Meğri və Qaraçılar SES-lərin tikintisi layihəsidir. Qeyd edək ki, SES-lərin tikintisi ilə bağlı 2007 və 2008-ci illərdə dövlətlərarası iki saziş imzalanıb və bu sazişlər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub. 14 aprel 2009-cu il tarixində Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın İrana səfəri zamanı Meğri SES-in tikintisinin maliyyələşdirilməsi ilə bağlı memorandum imzalanıb. 8 noyabr 2012-ci il tarixində isə Meğri SES-in təməlqoyma mərasimi baş tutub. 2015- ci ildə İran tikilməkdə olan SES-in gücünü 100 MVt-a (130 MVt nəzərdə tutulub) qədər azaltmağı təklif edib. 2019-cu ilin mart ayında isə SES-in tikintisi ilə bağlı elan verilsə də, bu günə kimi hər hansı bir işin görülmədiyi müəyyən edilib. 

 

Qeyd edək ki, Ermənistan Energetika Agentliyi tərəfindən nəşr edilən “Ermənistanın energetika sisteminin uzunmüddətli inkişafının istiqamətləri” (2036-cı ilə qədər) adlı təhlilində Meğri SES-in tikintisinin 2033-cü ildə başa çatacağı proqnozlaşdırılıb. Lakin Ermənistan hökumətinin 14 yanvar 2021-ci il 48-L nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının Energetika Sahəsinin İnkişafı Strategiyası Proqramı”nda (2040-cı ilə qədər) isə Meğri SES-in tikintisi ilə bağlı ümumiyyətlə heç bir şey qeyd olunmayıb. 

 

Nikol Paşinyan hakimiyyəti dövründə İranla enerji əməkdaşlığı 

 

Nikol Paşinyan rəhbərliyə gəldikdən sonra İran və Ermənistan arasında energetika sahəsində gedən prosesləri anlamaq üçün hadisələrin xronologiyasına nəzər yetirməkdə fayda var. Qeyd edək ki, N.Paşinyan İrana ilk səfərini 27 fevral 2019-cu il tarixində edib. İrana rəsmi səfəri zamanı, İranın keçmiş prezidenti Həsən Ruhani ilə görüşdən sonra iki ölkə liderləri birgə mətbuat konfransında iqtisadi əlaqələrdən, eləcə də İran qazının Ermənistana nəqlinin həcminin artırılmasından danışıblar. İranın Ermənistana qaz tədarükünü artırmağa hazır olmasına gəlincə, N.Paşinyan qazın qiyməti məsələsinə diqqət çəkib. O, bildirib ki, gələcək müzakirələr və danışıqlar zamanı qiymətlə bağlı ortaq məxrəcə gələ bilmək vacibdir. Bu onu deməyə əsas verir ki, İrandan idxal edilən qazın qiyməti daxili bazar qiymətinə Rusiyadan alınan qazdan bahadır və Ermənistan tərəfini qane etmir.  

 

01 noyabr 2019-cu il tarixində isə İranın keçmiş Prezidenti Həsən Ruhani Avrasiya İqtisadi İttifaqı (Aİİ) Şurasının iclasında İranın Ermənistanla həyata keçirilən qaz-elektrik mübadiləsi proqramının əhatə dairəsini genişləndirməyə hazır olduqlarını vurğulayıb. O, əlavə edib ki, İran həmçinin Ermənistanda qaz, külək və günəş enerjisi istehsalı layihələrini həyata keçirməyə hazırdır

 

01 noyabr 2022-ci il tarixində N.Paşinyanın İrana növbəti səfəri baş tutub. Tehranda İranın mərhum prezidenti İbrahim Rəisi arasında görüş keçirilib. Görüş çərçivəsində ikitərəfli münasibətlər müzakirə edilib. İki ölkə arasında mövcud olan “Elektrik enerjisi müqabilində qaz” sazişinin uzadılmasına dair Anlaşma Memorandumu imzalanıb. N.Paşinyan çıxışı zamanı, iki ölkə arasında aparılan danışıqların əhəmiyyətli bir hissəsinin iqtisadi əlaqələrə, ticarət həcminin artırılmasına və enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına aid olduğunu bildirib.

 

28 mart 2022-ci il tarixində isə İranın Neft naziri Cavad Övci Ermənistana səfər edib. Səfər çərçivəsində C.Övci Ermənistanın baş nazirinin keçmiş müşaviri Artaşes Tumanyanla görüşüb. Həmsöhbətlər enerji sahəsində uzunmüddətli əməkdaşlığın inkişafını müzakirə ediblər. 17 may 2022-ci il tarixində isə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyanın İrana işgüzar səfəri baş tutub. Səfər çərçivəsində Q.Sanosyan İranın Neft naziri Cavad Övci ilə görüş keçirib. Görüş zamanı tərəflər elektrik enerjisi müqabilində qaz ixracı, neft emalı, Ermənistanda yol tikintisi işləri üçün bitumun tədarükü məsələlərini müzakirə ediblər. 

 

Qeyd etmək lazımdır ki, hazırda Ermənistan ərazisində dövlətlərarası avtomobil yollarının yenidən inşası və asfaltlanması işlərində müşahidə olunan fəallıq təsadüf deyil. 31 yanvar 2023-cü il tarixində Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan İrana səfər edib. Qeyd edək ki, səfər çərçivəsində M.Qriqoryan Ermənistan-İran hökumətlərarası komissiyasının 17-ci iclasında əldə edilmiş razılaşmaların icrasının monitorinqi üçün komissiyanın iclasında iştirak edib. İranın vitse-prezidenti Seyid Məsud Mirkazeminin həmsədrliyi ilə iclasda ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin, Aİİ çərçivəsində ticari-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. 10 avqust 2023-cü il tarixində Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyində “Elektrik enerjisi müqabilində qaz” sazişinin müddətinin uzadılması və həcminin artırılması haqqında sənəd imzalanıb. Müqaviləni “İrəvan İstilik Elektrik Stansiyası” QSC-nin baş direktoru Aram Ğazaryan və İran İslam Respublikasının neft nazirinin müavini, İran Milli Qaz Şirkətinin baş direktoru Məcid Çegeni imzalayıblar. Müqavilə 2030-cu ilə qədər uzadılıb. 

 

15 fevral 2024-cü il tarixində Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan İran-Ermənistan hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək üçün növbəti dəfə İrana səfər edib. Qeyd edək ki, iclas İranın Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzurun həmsədrliyi ilə keçirilib. İclasın nəticəsi olaraq iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin inkişafına yönəlmiş razılaşmaların qeydə alındığı anlaşma memorandumu imzalanıb. Davud Mənzur mətbuata verdiyi müsahibə zamanı Ermənistanla 19 müxtəlif sahəni əhatə edən 21 bəndlik əməkdaşlıq sənədinin imzalandığını bildirib. Hazırda İranın 21 dövlət qurumu Ermənistanla məsləhətləşmələr apardığını əlavə edib. İki ölkə arasında razılaşmalara nəzarət edən xüsusi komissiyanın yaradılmasına da toxunub. 

 

10 iyul 2024-cü il tarixində isə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib. Görüş zamanı yol tikintisi, energetika və digər sənaye sahələrində birgə 10 həyata keçirilən layihələrin icrasının gedişi müzakirə olunub. Ermənistandan İrana gedən üçüncü elektrik ötürücü xəttinin tikintisinin tezliklə başa çatdırılmasının zəruriliyi vurğulanıb. 

 

Nəticə: 

 

Ermənistan hakimiyyətinin energetika sektorunun diversifikasiyası ilə bağlı səylərinə baxmayaraq yaxın gələcəkdə ölkənin bu sektoru xaricdən öz asılılığını qoruyacaq. Bu kontekstdə alternativ olaraq düşünülən İran və Ermənistanın energetika əməkdaşlığının isə perspektivli və dinamik inkişaf etmək iddiasında olmasına baxmayaraq, ümumilikdə maliyyə, coğrafi və çox vaxt geosiyasi xarakter daşıyan maneələrlə üzləşmə ehtimalı yüksəkdir. Hazırda Ermənistanda gedən tikinti işlərinin həcmini nəzərə alsaq, ehtimal etmək olar ki, ölkənin təbii qaza olan tələbatı yaxın gələcəkdə artacaq. Bu fakt onu deməyə əsas verir ki, İran-Ermənistan qaz kəmərinin tam həcmdə işə salınması belə ölkənin enerji təlabatın və enerji təhlükəsizliyinin təmin edilməsinə kifayət etməyəcək. Bu isə Ermənistanın iqtisadi inkişaf templərinə təsir edəcək. 

 

Digər tərəfdən, Ermənistanın hazırkı hökumətinin Qərb ölkələri ilə münasibətləri inkişaf etdirməklə bağlı xarici siyasət kursuna paralel olaraq Rusiya kapitalının Ermənistanın energetika sektoruna təsiri və hazırda İrana tətbiq edilən sanksiyalar Ermənistanın bu ölkələrlə istər energetika, istersə də digər sahələrdə mövcud əməkdaşlığına mənfi mənada təsirsiz ötüşməyəcək. Ermənistanda nüfuzu artan ABŞ-ın mövqeyi, eyni zamanda İranın bu məsələyə münasibəti də Ermənistan-İran enerji dialoqunun inkişafına mane ola bilər. Xüsusilə 2024-cü ildə ABŞ-da baş tutacaq seçkilərdən sonra respublikaçıların hakimiyyətə gəlməsinin Ermənistan-İran münasibətlərinə ciddi təsir göstərəcəyi ehtimalı yüksəkdir. 

 

Nəticə etibarilə, Ermənistanın yaxın gələcəkdə dünyada və regionda baş verə biləcək geosiyasi dəyişikliklər qarşısında stabilliyini qoruması, regional layihələrə qoşularaq inkişafını davam etdirməsi və enerji təhlükəsizliyini təmin etməsi yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması ilə mümkün görünür. Lakin bunun baş verməsi üçün Ermənistan qonşu ölkələrə ərazi iddialarından əl çəkməli, sülh müqaviləsinin bağlanmasına mane olan Konstitusiya dəyişikliyinə getməli, həmçinin regional kommunikasiya və nəqliyyat xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasına diplomatik yolla razılıq verməlidir. 

 

Müəllif: Fuad Abdullayev, 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

 




Ana səhifəyə qayıt        Baxış: 5 091          Tarix: 25-07-2024, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma