
Son zamanlar Azərbaycan neftinin ciddi qiymət itkisi və Bakı-Tbilisi-Ceyhan boru kəmərindən imtinalarla bağlı sensasion iddialar yayılıb.
Bakı-Tiflis-Ceyhan boru kəməri ilə axan neftin üzvi xlorlarla çirklənməsi aşkar edildikdən sonra Qazaxıstan xam neftinin ixracını yenidən Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) istiqamətləndirməyə məcbur olub. Halbuki, Qazaxıstan elə Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycan marşrutuna yönəlmişdi..
Bu barədə “S&P Global Commodities at Sea” məlumat yayıb.
Xatırladılıb ki, iyulun 24-də BTC operatoru BP-nin Türkiyənin Ceyhan terminalında neft çənlərində yoxlama apararkən orqanik xlor aşkar etdiyi barədə məlumat yayılıb. “Azəri Layt” markalı neft tankerində də çirklənmə aşkar edilib. İddiaya görə, bundan sonra Azərbaycan nefti ciddi qiymət itkisinə məruz qalıb (barrel üzrə 4-5 dollar), halbuki dünya bazarında həmin müddətdə neft qiymətləri heç 1 dollar da ucuzlaşmamışdı…
Bu insident 1800 km-lik BTC boru kəməri ilə Qazaxıstan və Türkmənistandan tədarüklərə təsir edən fors-major iddialarına səbəb olub. Nəticədə, iyulun sonundan etibarən hər iki ölkədən Xəzər dənizi vasitəsilə boru kəmərinə daşınmalar faktiki olaraq dayandırılıb və Qazaxıstanı Rusiyanın cənubundan keçən boru kəmərinə yönəlməyə məcbur edib.
Baş verənlərlə bağlı iki versiya var:Təsadüfi çirklənmə, və Rusiya xüsusi xidmət orqanlarının təxribatı..Və bu, Azərbaycan nefti ilə bağlı ilk təxribat ehtimalı deyil.
5 avqust 2025-də Rumıniya Energetika Nazirliyi Azərbaycandan gətirilən neftdə xlor-üzvi birləşmələr aşkar edildiyi üçün energetika sahəsində fövqəladə vəziyyət elan etdi. Bu səbəbdən Petrobrazi neft emalı zavodu (OMV Petrom) itirilən 184 min ton neft yerinə strateji ehtiyatlardan – 80 min ton xam neft və 30 min ton dizel – istifadə edilməsinə qərar verdi Aşkar olunan çirklənmə daha sonra Avropanın digər ölkələrində — İtaliyada, Avstriyada və Çexiyada da qeydə alındı ki, bu ölkələr də Azərbaycanın əsas neft satdığı dövlətlər siyahısında yer alır.
Rumıniya tərəfi bu hadisədə Rusiyanı sabotaj əməliyyatında şübhəli bilərək ittiham edir. Ölkə mediası yazır ki, neftə çoxlu xlor tərkibli maddələr əlavə olunması ehtimal edilir — sanki boru kəmərinə bir neçə tank xlor basılmışdır.
Moskva-Bakı gərginliyi və Rusiyanın Ukraynada da SOCAR obyektlərini açıq şəkildə hədəf alması təxribat versiyasını gücləndirir. Ola bilər ki, Azərbaycanın ən strateji sahəsi olan neft-qaz sektorunu hədəf almaqla Moskva təzyiqlərlə Bakının müqavimətini qırmağa və güzəştlərə məcbur etmək istəyir.
Paylaş: