Bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat açıqlanıb.
Publika.az bildirir ki, Trend xəbər agentliyinə "InvestAZ" İnvestisiya şirkətindən verilən məlumata görə, maliyyə bazarlarında EUR/USD məzənnəsi son bir həftə 1.1880$-a kimi təqribən 2% ucuzlaşıb. Məzənnə üzrə texniki təhlillər isə onu göstərir ki, qiymət 1.1824$-a kimi ucuzlaşarsa, əlavə olaraq 1.1730$-a kimi də ucuzlaşa bilər.
Bu həftə investorlar üçün xüsusilə önəmlidir. Belə ki, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da Avropa Mərkəzi Bankının sədri Mario Draqinin mətbuat konfransı keçiriləcəkdir və sədrin yumşaq monetar siyasətin gələcəyi ilə bağlı verəcək mesajları investorlar böyük maraqla gözləyirlər.
Funt sterlinqin qiyməti keçən həftə 1.30$-ın altında ticarət olunub. GBP/USD qiyməti üzrə təhlillər isə onu göstərir ki, qiymət bu həftə də 1.30$-ın altında ticarət olunmağa davam edərsə, 1.2770$ və 1.2690$-a kimi ucuzlaşmağa başlaya bilər.
Bununla yanaşı, keçən həftə baş tutan üçüncü “BREKSİT” danışıqları da Avropa Birliyinin İngiltərəyə qarşı sərt tələbləri ilə yadda qalıb.
Türkiyə valyuta bazarlarında Türk lirəsi qiyməti də bahalaşmaqda davam edir. Lakin maliyyə bazarlarında qiymətin əlavə olaraq 3.40TL-ə kimi bahalaşmaqda davam edə biləcəyi gözləntiləri olsa da, qiymətin ilin sonuna doğru istiqamət dəyişərək, 3.55TL-ə kimi ucuzlaşa biləcəyi proqnozları da güclənməkdədir.
Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftənin ilk yarısında 50$-a kimi ucuzlaşsa da, yenidən 52$-ın üzərində ticarət edilir. Gələcək günlər ərzində qiymət 52.80$-a kimi dəyər qazanarsa, artım dalğasının 53.33$-a kimi də sürətlənə biləcəyi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, ABŞ-da neft ehtiyatlarının azalması dinamikasının güclənməsi və ABŞ-da baş verən güclü təbii hadisələr, keçən həftə neft qiymətlərinə dəstək olan amillər olub.
Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşmaqda davam edir. Dünyada siyasi və iqtisadi risklərin artması, qızılın bir unsiya üzrə qiymətinin 1338$-a (42.9 $/qram) kimi dəyər qazanmasına təsir edib. Təhlillərə əsasən, maliyyə bazarlarında qızıl qiymətləri 1352$-a (43.4 $/qram) kimi də bahalaşa bilər.
Paylaş: