Rusiya Mərkəzi Bankının neftin ucuzlaşmasında həm də Azərbaycanla Qazaxıstanı səbəbkar göstərməsi ilə bağlı ötən gün yaydığı hesabat heç bir məntiqə söykənmir.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Axar.az-a danışarkən deyib. O bildirib ki, dünyada neftin qiymətinin dəyişməsinə Azərbaycanın heç bir təsiri yoxdur:
“Bilirsiniz ki, SOCAR bununla bağlı OPEK+ ölkələri ilə daim danışıqlar aparır. Azərbaycan tərəfindən OPEK-lə bağlı açıqlamalarda mərhum iqtisadiyyat naziri Natiq Əliyev iştirak edirdi, razılaşmaya özü qol çəkmişdi. Bu il ərzində nə qədər kvota verilibsə, Azərbaycan ona əməl edib. SOCAR da bu barədə məlumat verib, Azərbaycanın OPEK+ razılaşmasına uyğun addım atdığını bildirib. Azərbaycan vaxtaşırı rəsmi açıqlama yayaraq, razılaşmaya əməl etdiyini rəsmi statistika ilə də təsdiqləyir”.
Millət vəkili bildirib ki, Rusiya Mərkəzi Bankına da neftin qiymətini ABŞ-ın tənzimlədiyi yaxşı məlumdur:
“Amerika neftinin dünya bazarına çıxarılması və həcminin artırılması, digər tərəfdən dolların qiymətinin stabil qalmaması və s. kimi amilləri nəzərə almaq lazımdır. Bu amillərə nəzər salsaq görərik ki, dünya bazarlarında neftin qiymətinin dəyişməsi birbaşa ABŞ-ın nəzarətindədir”.
Qeyd edək ki, bu gün “Rosneft”in rəhbəri İqor Seçin də amerikalıların dolların devalvasiyası hesabına özünün slans nefti istehsalını gücləndirdiyini, bazara OPEK-lə digər neft ixracatçıları arasında razılaşmanın yox, ABŞ-ın təsir etdiyini bildirib və dolayısı ilə Rusiya Mərkəzi Bankının ötən gün yaydığı hesabatı təkzib edib.
Paylaş: