Xəbər lenti

5.Əvvəli “Ovqat.com” saytınıın 16-19- 26. 04.2021 və 03. - 11. 05.2021 tarixli saylarında
 
Pasan Əli dünyanın vəfasızlığından gileylənirdi. Bu necə dünyadı ki, dünən rektor olasan, hamı sənə bəli-bəli deyə, bu gün də nahaqdan işdən çıxaralar. Hələ üstəlik cəza da verələr. Belə də iş olar? Pasan Əlinin professor Həsənovu görən gözü yoxuydu. Haqqında eşitdikləri onu qəzəbləndirirdi. Günahsız tələbə qızların namusunu ləkələməsi, rüşvətxorluğu, qohum-əqrəbasına arxalanıb unversitetin nəcib rektoru Musa Nəcəfliyə qarşı törətdiyi alçaqlıqları sindirə bilmirdi. Pasan Əli bu işə son qoymaq qərarına gəlmişdi. Əvvəlcə təzə bazara gedib bir yaxşı bıçaq aldı. Bazarda kənd uşaqlarını görüb xeyli söhbət elədi, çay içib çörək yedilər. söhbət fırlanıb Ərsəndən düşdü. Kimsə Ərsənin təzəliklə kəndən qayıtdığını söylədi. Pasan Əli Ərsəni çox istəyirdi. Ərsənin istedadını yüksək qiymətləndirir, həmişə onunla oturub durmağı dostlarına da tövsiyyə edirdi. Universitetə gedən də mütləq Ərsənlə görüşməyi düşünürdü. Düşündüyü kimi də hərəkət elədi, Ərsəni axtarıb tapdı, universitetin yaxınlığındakı çayxanalardan birində əyləşib dərdləşdilər.
Pasan Əli mərdliyi, səxavəti ilə seçilən oğlandı. Bakıya gəldiyi  ilk günlərdə sıxıntıları olmuşdu. Elə o ilk günlərdə də yolu Təzə bazardan düşmüşdü. Burada quru meyvə satan kəndlilərini gördükdən sonra bazarla əlaqəsi genişlənmişdi. Bazarda alverlə məşğul olan kəndlilərinin bir yaxşı xüsusiyyəti vardı, imkansız kənd uşaqlarına köməklik edərdilər. İlk günlərdə Pasan Əliyə də kömək etmək istədilər, lakin Pasan Əli məğrur idi, havayı heç nəyi qəbul etməzdi. Odur ki, Pasan Əli şənbə, bazar günləri bazarda çalışmağa başladı. Qazandığı pullarını səmərəli şəkildə istifadə etməyə çalışdı, özünü içkidən, əyləncə və mənasız xərcləmələrdən qorudu. Sözünün bütövlüyü, mərdliyi və cəsarəti ilə tezliklə bazarda şöhrət qazandı. Mal gətirənlərin arasında etibar qazandıqdan sonra bazarda daimi yer götürüb kənd uşaqlarından birini özünə şərik elədi. Qazanmağa başladı, qazancı artıqca Pasan Əlinin tələbələr arasında da nüfuzu yüksəlməyə başladı. Bəzən tələbə yoldaşlarının hamısını universitetin yeməkxanasında qonaqlayardı. Get-gedə artan hörmət və izzəti ona tələbələr arasında avtoritet nüfuzu qazandırmışdı. Həm də Pasan Əli olan yerdə kimsə tələbə qızlara yanakı baxa bilməzdi, öz bacıları kimi qızları qoruyardı. Tələbələr arasında mübahisəli məsələlər mütləq sonda Pasan Əlinin iştirakı ilə çözülərdi. 
Söhbət əsnasında Pasan Əli cibindəki bıçağı çıxarıb oynatmağa başladı. Pasan Əlinin şakəri idi, əlində mütləq nəsə olardı, onu oynada-oynada söhbət eləyər, çay içərdi. Bu bəzən təsbeh, bəzən siqaret qutusu, bəzən də balaca bıçaq olardı. Amma bu dəfəki adi bıçağa  oxşamırdı. Ərsən Pasan Əlinin əhvalında qeyri-müəyyənliyi hiss edirdi:
-         Xeyir ola, Əli, bu bıçaq nədi?..
-         O it oğlunu öldürəcəyəm...
-         Kimi?
-         O it oğlunu deyirəm də, Həsənovu...
-         Niyə, sənə neyləyib ki?...
-   Gərək mənə nəsə eləsin? Görmürsən kaftar nə oyunlar çıxarır, qızların başına nə oyunlar açır. Hələ Musa Nəcəfli kimi bir  insanın başına nə oyunlar qaldı açmasın... canını alacam o alçağın...
-         Nə dediyini düşünürsən, Əli?! Ağlın çaşıbdı, nədi? Tutaq ki, sən Həsənovu
öldürdün, nə qazanacaqsan? Səni də tutub qoyacaqlar dama, sonra nə olacaq?.. özünə, valideynlərinə yazığın gəlsin...
-         Axı belə olmaz...
-   Hə olmaz, mən də bilirəm, amma olur, bir qədər ağıllı fikirləşmək lazımdır. Hər işin bir yolu var, yolunu tapmaq lazımdır.
Ərsən Pasan Əlinin əlindəki bıçağı alıb cibinə qoydu:
-         Yaxşı bıçaqdı, əsil çörək bıçağıdır, bizim də çörək bıçağımız yoxuydu.
Bıçağa görə təşəkkür edirəm... nədi, yoxsa bir bıçağı da mənə qıymırsan?!
Pasan Əli daha başqa söz deyə bilmədi:
-         Qurbandı sənə...
-         Çox sağ ol, indi də get dincəl...
-         Qardaşsan da, nə deyim... sənə söz deyənmirəm ki...   
   
***
Ərsən o gecə xeyli fikirləşdi, götür-qoy elədi. Pasan Əlinin bıçağına baxdıqca şükür elədi ki, onu lazımsız cinayətin bir addımlığından qaytara bildi. Belə hadisələr az da olsa baş verirdi. Bəzi gənclər heç nədən bütün ömrü boyu əzabını çəkəcəkləri cinayətlərə yuvarlanırdılar. Vaxtında qarşısı alınmayan xırda narazılıqların nəticəsi ağır olurdu. Professor Həsənovun naqis hərəkətlərinə bəlkə də onun ölümü son qoyardı, amma Əli kimi bir igidin də bir dəfəlik məhvinə səbəb ola bilərdi. Professor Həsənov nə zamansa cəzasını çəkəcəkdi.
Ərsənin fikirləşdiyi kimi də oldu. Çox çəkmədi, xəbər çıxdı ki, professor Həsənovu baltalayıblar, amma burada da Həsənovun bəxti gətirmişdi. Balta vuran tələsdiyindən professor Həsənovu ancaq yaralaya bilmişdi. Balta vuranı tapa bilmədilər. Buna baxmayaraq professor Həsənov uzun zaman xəstəxanada yatmalı oldu, ondan sonra da sağ çiynində zədə yeri qaldı, ölənə qədər  də sağ qolunda ağrı daşıdı. Amma bu işdə Pasan Əlinin rolu vardı, yoxdu, sir kimi qaldı. bilən olmadı.
***
Ərsən iki aylıq müalicədən sonra ayağı yer tutan kimi Bakıya qayıtdı. Universitetdə semestr imtahanları başlamışdı, hətta bir imtahanın vaxtı da keçmişdi. Möhlət hüququ olmağına baxmayaraq, ümumi hazırlığı, özünə inamı zaman itirmədən imtahanlara qatılmaq, kursu bitirməyi tələb edirdi. Boş-boşuna bir il oturub gözləmək, vaxt itirmək, yoldaşlarından geridə qalmağı özünə sığışdıra bilmirdi. Dekanlığa müraciət edib imtahanlara qatılacağını bildirdi. Dekan Fərziyev professor Həsənovun adamlarından sayılsa da, humanist adamdı, həmişə tələbələrə kömək edərdi. Ərsəni də mehribanlıqla qarşıladı, səhhəti ilə maraqlandı, zaçot və imtahanlara buraxılmasına icazə verdi.
Ərsənin rayondan qayıdandan sonra ilk görüşdüklərindən biri dayısı Səlim oldu. Şahsənəm ananın səliqə ilə hazırlayıb karton qutuda yerləşdirdiyi kənd sovqatlarına baxdıqca Səlim müəllim “bəh-bəh” deyirdi:
-         Bacım necədi?
-         Yaxşıdı, dayı, şükür...
-         Nə gözəl nemətlər göndərib bacım, zəhmət çəkibdi.
-         Nə zəhmət dayı...
-         Kənd lavaşı, bəh-bəh, qoyun pendiri... hələ bu göy-göyətinin iyinə bir bax,
cənnətdən gəlib e, cənnətdən...
-         Özün necəsən e...
-         Yaxşıyam dayı...
-         Universitetdə imtahanların necə olacaq?..
-         İmtahanlara girəcəyəm, dekanlıqda olub, razılıq aldım, elə bir problemim
yoxdur.
-         Şox şükür... çalış bir də xəstələnmə...
-         Sağ ol, dayı...
Dörd otaqlı mənzilin balaca mətbəxində dayı bacoğlu üz-üzə oturmuşdular. Səlim müəllim kənd lavaşıyla, qoyun pendiri, göy-göyərtili bir tikə tutub ləzzətlə yeyə-yeyə ayağa qalxıb elektrik samovarından özünə və Ərsənə çay süzdü, bahalı konfetlərlə dolu nimçəni ortaya qoydu:
-         Bacoğlu, çay iç, şokaladla iç.
-         Sağ ol, dayı, içərəm...
-         Bacoğlu, heç demirsən, mənim o dostum var – çoban Qədimi deyirəm, e, o
necədir?
-Yaxşıdı, dayı.
- Hə, o sağlam adamdı, 100 il yaşayacaq...
- Bacoğlu, buzbulağın suyu qurumayıb ki?..
- Yox, dayı, şükür bu il yaz yağıntılı keçdi, odur ki, bulaqların suyu gurdur.
- Danış görək, kənddə ta nə var, nə yox?..
  - Nə danışım, kənddi də, gördüyün kimi...
- İncimə, bacoğlu, səndən sözü məqqabıynan çıxartmaq olmur. Keçən günlərdə Təzə bazarda Mehdiqulunun oğlunu, adı da yadımdan çıxdı, görmüşdüm, maşallah dil boğaza qoymurdu. Öləndən, qalandan hamının haqqında məlumat verirdi. Sən isə elə bil ki, heç kənddən gəlmirsən...
Ərsən hiss edirdi ki, söhbət artıq onun üçün mənasızlaşır, ona görə də üzürxahlıq eləyib, ayağa qalxdı. Səlim müəllim də ayağa qalxıb qapıya qədər Ərsəni yola saldı. Ayrılanda – hərdən gəl, - dedi.
- Gələrəm...       
***
Sədanı universitetdə görə bilmədi. Günortadan xeyli keçmişdi, telefon budkasına girib ciblərini qurdaladı. 2 qəpiklik tapıb telefon avtomatına yerləşdirdi. Nömrəni yığdı: 4 -10 – 60. Telefon dəstəyindən dud... dud.. səslər gəldi. Bir qədər gözlədikdən sonra nömrəni təkrar yığdı. Dəstəkdən tanış olmayan bir qadın səsi gəldi:
-         Alo...
       Ərsən nə deyəcəyini ilk anda kəsdirə bilmədi. Səhv düşdüyünü güman edib dəstəyi asmaq istəyirdi ki, telefondakı səs yenidən eşidildi:
-  Buyurun, kimi istəyirdiniz?
Bu mədəni müraciətdən sonra özündə güc tapıb, - Sədanı olarmı? – dedi.
-         Burada belə adam yaşamır.
Ərsən fikirləşdi ki, telefon aparatları son zamanlar yaxşı işləmir, tələbə yoldaşlarından bəziləri də gileylənmişdi. Yenidən zəng etməyi düşündü. Daha 2 qəpiyi olmadığına görə aparatın sürməsinə 10 qəpik saldı. Dəstəkdən yenə də həmin qadının səsi gəldi. Dəstəyi asıb budkadan çıxdı. Səda yaşayan binaya tərəf gedib uzaqdan da olsa, onu görmək istədi.
 
***
Rəfiqə xanım qızı Sədanın hərəkətlərindən narahat idi. Bir neçə dəfə telefon danışıqlarında bu haqda qızına xatırlatsa da, onu necə böyük xoşbəxtlik gözlədiyini desə də, ürəyi dözməmişdi, bir həftə idi ki, yolu qabağına qatıb çıxıb gəlmişdi Bakıya. Qardaşı Hüseynin də hələ neçə ay bundan əvvəl dediklərini unutmamışdı. Hüseyn onu da bacısına demişdi ki, qızını yığışdır, yoxsa mən onun ipini yığmağın yolunu yaxşı bilirəm. Əlimdən xəta çıxmamış, gəl qızının yanında otur, başa sal. Gülümüz varsa, bülbülümüz də var. Rəfiqə xanım da qardaşının sözündən sonra hər dəfə Sədanın ağzını aramaq istəsə də, bir sir qopara bilməmişdi. Görünür qızı ondan nəyisə gizlədirdi. İndi budur tanımadığı cavan bir oğlan zəng edib Sədanı soruşurdu. Bu işi belə qoymaq olmazdı. Köklü-köməkli bir ailənin qızı kim gəldi oturub dura bilməzdi. Nəinki rayonda, hətta respublikada sayılıb-seçilən Bəylərovlar ailəsinin öz ənənəsi vardı. Bu ailənin içərisinə girməyə çoxları təşəbbüs etsə də, ailə gələnəkləri həssaslıqla qorunub saxlanılırdı. Rəfiqə xanım əziz xələf qızını küçədən keçənin birinəmi etibar edəcəkdi?  
        Səda anasının telefona cavab verməsindən başa düşmüşdü ki, zəng edən Ərsəndir. Lakin anasının yanında özünü elə göstərirdi ki, guya zəngin kimdən gəldiyi onu maraqlandırmır. Rəfiqə xanım da telefonun dəstəyini yerə qoyandan sonra qızını tərs-tərs süzdü:
-         Bir oğlan səni soruşurdu, kimdi o oğlan?..   
-         Bilmirəm.
-         Necə bilmirsən? Evin telefon nömrəsini kimə veribsən?
-         Mən heç kəsə telefon nömrəsi verməmişəm.
-         Bax, sənə deyirəm, yaxşı-yaxşı eşit, atan bilsə, səni tikə-tikə doğrayar.
Sənin atanın adı-sanı var, özün də bilirsən ki, professor Həsənov atanın doğmaca dayısı oğludur. O, bilsə nə deyər bizə... həm də sənin gül kimi qismətin var, bu yaxınlarda söz almağa gələcəklər, elə Həsənovun bacısı oğluna. Kişilər öz aralarında bu söhbəti dağ eləyiblər.
-         Ay ana, sən nə danışırsan, mən hələ oxuyuram, ərə getmək haqqında
düşünmürəm.
-         Kəs səsini, sən oxuyansan? Öz başınla girmisən universitetə? Professor
Həsənov olmasaydı sən heç universitetin qapısından da baxa bilməzdin.
-         Niyə elə deyirsən, ana? Oxuyuram də...
-         Görürəm, necə oxuyursan. Elə bilirsən heç nədən xəbərim yoxdu? O şəkil
kimindi paltarlarının arasında gizlətmişdin.
Səda anasının paltarlarına qədər axtarış apara biləcəyini güman etmirdi, belə bir vəziyyətlə qarşılaşacağını düşünməmişdi, üzü bir anın içində qızardı, gözlərini aşağı dikib susdu. Rəfiqə xanım bir qədər sakitləşməyə çalışdı, aralığa dərin bir səssizlik çökdü. Ana ilə qızı arasında olan bu bir anlıq sükut hər ikisinə illər qədər uzun gəldi. Səda anasının necə hərəkət edəcəyini bilmədən gözləyirdi. Bir xeyli müddət keçəndən sonra Rəfiqə xanım dilləndi:
- Mənim ağıllı qızım, biz də cavan olmuşuq. Valideynlərimiz necə məsləhət biliblər, atanla məni elə də evləndiriblər. Sən də başını aşağı sal, dərslərini oxu. O gədəni də rədd elə, atan bilsə, onun başına elə oyun açar ki, ömrü boyu yadından çıxmaz. Bilirsən ki, atanın sözü birdi, iki deyil. Dua elə ki, atanın bu işlərdən xəbəri yoxdu, baxmaz gözünün yaşına, səni də tikə-parça eliyər... özün ki, bilirsən...
Rəfiqə xanım qızını qucaqlayıb üzündən öpdü, divana tərəf çəkib yanında oturtdu:
- Mənim ağıllı qızım...
Rəfiqə xanımın bu cür yanaşması qızını sarsıtdı, Səda anasına sığınıb ağladı...
***          
Səda nə edəcəyini bilmirdi. Anası daha iki gün qalıb rayona qayıtdı. Gedəndə də bərk-bərk tapşırdı ki, sözlərimi qulağında sırğa elə, yolundan çaşma. Hüseyn dayına tapşırmışam ki, səndən muğayat olsun, nə sözün olsa, ona deyərsən. Səda isə od ilə su arasında qalmışdı, neçə gündən bəri Ərsənin Mətləb ilə göndərdiyi məktublara cavab yazmır, görüş yerinə gedə bilmirdi. Bu düşüncələrlə evdən çıxıb həyətə endi, bir az gəzib dolaşmaq istəyirdi. Qarşısında taksi maşınını görüb diksindi. Ərsən taksidən enib ona yaxınlaşdı, taksiyə dəvət elədi. Lakin Səda taksiyə minmək istəmədi, Ərsən taksi maşınını yola salıb yenidən Sədanın yanına qayıtdı. Sədanın təklifi ilə bir qədər aralı getdilər. Avtobus dayanacağında gözlədilər, “Bakı Soveti” metrosu tərəfə işləyən avtobuslardan birinə ayrı-ayrı adamlar kimi oturub bulvara getdilər. Orada sahilin lap kənarında, gözdən-könüldən uzaq bir guşədə skamya qoyulmuşdu. Sanki bu skamyanı Ərsənlə Səda üçün qoymuşdular. Burada onların xatirələri yaşayırdı. İlk görüşləri, daha neçə-neçə sonrakı görüşlərinin şahidiydi bu skamya. Burada nəfəs nəfəsə dayanıb Ərsən Sədanın saçlarını oxşamışdı. Yenə də yanaşı oturmuşdular, Ərsən Sədanın kürəyinə yayılmış qara saçlarını oxşayır, öpür, qoxulayırdı:
-         Saçlarından yasəmən ətri gəlir, çox sevirəm bu rayihəni...
  Ərsən çox dəyişilmişdi, arıqlamışdı. Sifətinin rəngi uzun illərin xəstəsinə
bənzədirdi onu. Ərsən danışdıqca Sədanın qəlbindən min fikir gəlib keçirdi, anasının sözləri, vəd olunan xoşbəxtlik düşüncələrinə təsirsiz qalmamışdı. Ərsən ilə gələcək birgə həyatlarının necə olacağını, ailənin bu izdivaca münasibəti indidən anasının dilindən tam aydınlığı ilə ona çatdırılmışdı. Başı dumanlanmışdı, nə deyəcəyini, necə deyəcəyini ayırd edə bilmirdi. Bu minvalla axşam qaranlıq düşənə qədər sahildə oturdular. Ərsənin təkidli suallarına Səda – “başım ağrıyır, özümü yaxşı hiss etmirəm” – deyə qısa cavab verir, evə getməyə tələsirdi.
***
Hüseyn Rəfiqənin balaca qardaşıydı, dəli-dolu bir gəncdi, qalın qara bığ saxlayırdı. Üzünün sərt ifadəsi onu yaşından böyük göstərirdi, qətiyyəti ilə tayfa içərisində seçilirdi. Rəfiqənin Səda haqqında tapşırığından sonra bacısı qızını kənardan izləyirdi. Bir neçə dəfə evə zəng etsə də, cavab ala bilməmişdi. Məcbur evə gəlmişdi, qapının zəngini basıb gözləmişdi. Amma Sədadan xəbər yox idi, Hüseynin gözləməyə səbri çatmırdı. Dostları ilə vədələşdiyi məclisə getmək vaxtı  keçirdi. “Axşamın xeyrindən sabahın şəri yaxşdır” – deyib dostlarının dəvət etdikləri kafeyə getdi. 
***                 
İmtahanlar qurtarmışdı, tələbələr bir-bir yataqxananı tərk edir, rayonlara gedirdilər. Yataqxanada qalan bir neçə nəfər ya imtahanlardan kəsiri olanlardı ki,  kəsirlərini düzəltmək istəyirdilər, ya da şəhərdə işi olanlar. Əslində Ərsən də  rayona qayıtmaq haqqında düşünürdü. Ağır, üzücü xəstəlikdən sonra Bakının cırhacır istisində qalıb işləmək cəhənnəm əzabı kimiydi. Nəşriyyata gedib məzuniyyət məsələsini həll edə bilsəydi, çox yaxşı olardı. Gedib anasının yanında qalar, təsərrüfat işlərinə kömək edərdi. Bu düşüncələrlə gecədən xeyli keçmiş yatağına girdi. Mətləb çoxdan yatmışdı, dünyadan xəbəri yoxdu. Ərsən xeyli müddət yerində o tərəf bu tərəfə döndü, sanki yuxusu ərşə çəkilmişdi. Gecə keçir, istər-istəməz Ərsənin zəif bədəni qaranlığın ağır yükünə tab gətirə bilmir, gözləri yumulurdu.
Atalar demişkən; -“dərd gələndə batmannan gələr”. Ərsən hövlnak yerindən qalxdı, nəfəsi təngiyirdi. Saata baxdı, səhər 6-ya az qalırdı. Mətləb şirin-şirin yatırdı. Mətləbin çarpayısına yaxınlaşıb onu silkələdi, – Mətləb, dur!- dedi.
– Ayə, qoysana yataq  ə...
Mətləb yerində qurcalandı, yenidən xoruldamağa başladı. Ərsən Mətləbi oyada bilməyəcəyini, bir az da onun şirin yuxusuna haram qatmaq istəmədiyini düşünərək, bir parça kağıza bunları yazıb stolun üstünə qoydu: 
“Qəribə qarma-qarışıq yuxular görmüşəm, Mətləb! Görürəm anam uca bir dağın başından məni səsləyir, əllərini mənə tərəf uzadıb havada mənə tərəf gəlir, mən isə nə qədər qaçıramsa ona çata bilmirəm. Anamın başında bir iş olmasa yaxşıdı, Mətləb! Mən daha burada qala bilmərəm.  Anamdan bərk nigaranam. Səda ilə də görüşə bilmədim. Sən ona çatdırarsan ki, mən rayona getməli oldum. Sənə xəbər göndərərəm”.
Ərsən səhər-səhər dəmiryol vağzalına gedib bilet aldı. Sonra iuniversitetdə işlərini qaydaya salıb, redaksiyaya dəydi. Redaksiyada müqavilə ilə işlədiyini bir daha ona xatırlatdılar, ştatlı işçi olmadığına görə məzuniyyət verilməyəcəyini dedilər. İstədiyi yerə gedib gəlməkdə sərbəst idi, sadəcə maaş almayacaqdı. Atalar demişkən, “İslanmışın yağışdan nə qorxusu”... daha bu haqda fikirləşməyə belə dəyməzdi. Bu düşüncələrlə nə vaxt Təzə Bazarın üst tərəfində yerləşən Zabitlər bağındakı çayxanada Pasan Əli üçün ayrılmış stolun arxasında oturduğunu və bura necə gəldiyini belə bilmədi.
Pasan Əli ilə söhbətləri xeyli çəkdi. Qatar axşam saat 6 - da yola düşəcəkdi. O vaxta qədər Ərsən üçün darıxdırıcı olsa da, Pasan Əli onun başını qatmağa çalışdı. Birlikdə bulvara enib “Göyərçin” restoranında nahar etdilər. Qatar vaxtına yaxın gəzə-gəzə dəmiryol vağzalına gəldilər. Ayrılanda Pasan Əli 3 dənə 100  - lük əskinazı Ərsənin köynəyinin döş cibinə basdı. Bu nədir, mən bunu qəbul edə bilmərəm – deyə Ərsən etiraz etdi, -  belə olmaz.
-         Olar
-         Olmaz.
Ərsənin etirazlarını qəbul etməyən Pasan Əli dedi:
-         Biz  qardaşıq. Rayona gedirsən, hər dəqiqə lazım ola bilər. Elə bil ki, borc
verirəm, işləyəndə qaytararsan,  götürməsən, vallah, inciyərəm...
-         Onda bu şərtlə ki, mütləq qaytaracağam...
-         Əlbəttə...  
Qatar fit verdi. Vaqonun qapısının ağzında iki dost bir-birinə sarılaraq heç
ayrılmaq istəmirdilər. Vaqon bələdçisi axırıncı çağırışını edirdi:
-         Sərnişinlərdən xahiş edirəm, vaqona keçib yerlərini tutsunlar. Cavan oğlan,
siz də tələsin...
Ərsən dilləndi:
-         Salamat qal, Əli...
-         Yaxşı yol, qardaş...
 
*** 
Yolboyu Ərsənin xəyalından cürbəcür fikirlər keçdi. Ürəyi  bir an da olsun sakitləşmirdi. Yol acı bağırsaq kimi uzandıqca uzanır, qatar isə sürətini dəyişmirdi ki, dəyişmirdi. Nigarançılıq Ərsəni əldən salırdı. Həmişə bu yolu gedəndə qatarda yatardı. Amma indi elə bil yuxusu ərşə çəkilmişdi. Yanındakı ortayaşlı kişi də fıshafıs fısıldayır, onun əsəblərini daha da gərcinləşdirirdi.
Qatar mənzil başına çatanda Günəş də gizləndiyi dağların arxasından yüksəlir, al şəfəqlərini vağzal boyu yayırdı. Vağzaldan kəndlərinə 5-6 km-lik yol vardı. Ərsən tanış taksi sürücüsü axtara-axtara bufetə girdi.
Susuzluqdan da ürəyi yanırdı. Bir stəkan su içmək istədi. İçəridə künc stollardan birində üç nəfər əyləşib pivə içirdilər. Oturanlardan biri ona tanış gəldi. Xatırlamağa çalışdı. Avtobus sürücüsü Ramiz, özüdür ki, var. Həmişəki kimi əlində stəkan tost deyirdi.
İçirəm küzə ilə meyi-meyxanədə hər gün,
Dağılır çərxi-fələkdən nəki mey, xanə də hər gün.
Ərsən tanış taksi sürücüsü ilə salamlaşıb razılaşdı.  Vağzaldan evlərinə qədər yolu necə gəlmişdisə, yol boyu nələrdən danışmışdılarsa, xəbəri də olmamışdı. Bir də gördü ki, həyətlərindədir. Otağa girdikdə anasını yorğan-döşəkdə gördü. Ana deyib qiyyə çəkdi və özünü onun üstünə atdı. Hönkürdü.
Şahsənəm ananın çuxura düşmüş gözləri yaşla doldu. Solğun dodaqları titrədi:
– Ağlama, oğlum, keçib gedər, – dedi. – Bu gecə yuxuda görmüşdüm səni, bilirdim ki, gələcəksən, ürəyimə dammışdı. Bu ürək, bu ürək yıxdı məni, oğlum. O gün həyəti süpürdüyüm yerdə elə bildim bəs günəş parçalanıb başıma düşdü. Başımdan bir ağrı, bir alov qalxıb məni sardı. Necə yıxılmışam bu qız, Güllü necə görüb, necə məni evə gətirib bilməmişəm.
Ərsən bayaqdan divara söykənib durmuş qonşu qızı Güllünü hələ indi gördü. Ərsənin gəlməsi xəbərini eşidən qonşular hamısı tökülüşüb gəlmişdilər. Ərsən rayondan həkim gətirdi. Ağsaçlı qocaman həkim xəstənin yanından çıxanda Ərsənə dedi ki, tərpətməyin mənası yoxdur, vaxtı keçmişdir.
Ərsən özünə yer tapa bilmirdi. Axşamüstü həyətdə ala-qaşqa inəyin böyürtüsü eşidildi. Bu səsi eşidən kimi Şahsənəm ana bir azca dikələn kimi oldu. Anaların qəribə bir duyğuları var, övladının başı ağrısa duya bilirlər. Anaların həssaslığı bəzən onların təmasda olduqları heyvanlara, ağaclara, güllərə, çiçəklərə də keçir. Onların arasında yaranan qəribə bir hissiyatın təsirindən onlar bir-birlərini daha yaxşı anlayırlar. Ala-qaşqa inək də satılan gündən Şahsənəm ananın həsrətini yaşayırdı. Şahsənəm ana bu ağır günündə ala-qaşqa inəyin səsini duysa da, tam anlamı ilə idrak səviyyəsində deyildi.
Şahsənəm ana bilmədi ki, bu ala-qaşqa inək onun nəvazişini sevmişdi. Bilmədi ki, onun tumarının həsrətindədir. Bilmədi ki, bu inəyin əmcəklərinin südü quruyub, elə o gündən quruyub ki, ona başqasının əli dəyibdir. Axı illərlə ona eydirmə deyə-deyə alnının qaşqasını, böyürlərini sığallayan yiyəsini necə unuda bilərdi, necə ata bilərdi bu inək?.. Şahsənəm ana bilmədi, bilmədi ki, bu qaşqa inək bəlkə də, bu həsrəti, bu ayrılığı duyurdu. Bəlkə də elə buna görə bu gün belə yanıqlı-yanıqlı böyürürdü.
Gecə keçirdi. Şahsənəm ananın yanaqları solur, gözləri gah qapanır, gah açılırdı. Boğazından xırıltılı səslər çıxırdı:
-Hanı Səlim? Səlim, boyuna qurban olum, qardaş! Bircə qardaşım, arxam-ümidim qardaş! Evimin dirəyi oğul! Gözlərim qaralır.
– Yox, can vermərəm. Balamı evləndirməyincə can vermərəm. Hanı mənim balam? Hanı mənim gəlinim? Yox... bağçamın gülü hanı? Ay adamlar! Ay Səlim! Balamın toyunu görməmişəm. Məni ölməyə qoymuyun. Yox, - yox, yox, can vermərəm, ver...mərəm, ver...mə...rəm...
Göylərmi dağıldı, yerlərmi silkələndi? Neyçün ay Allah, fəqir bəndələrə zülm eliyirsən? Niyə insanların arzularını gözlərində qoyursan. Yoxsa bu varlılara, zənginlərə, altunlara sən də satıldın? Niyə bu məzlum insanların həsrətləri gözlərində qalır? Məzlumlar var ikən bu acgözləri, tamahkarları, qaniçən zalimləri neyçün yaratdın? Niyə nadirlər, şahsənəmlər dərd çəkməli, murtuzovlar, həsənovlar harınlamalıdır? Niyə? Bu sözləri deyə-deyə Ərsən ağladı.
Bu necə ağlamaq idi, Ərsən ağladı? Bu necə fəryad idi, Ərsən fəryad etdi?
– Ana, ana..! Məni tək qoyma, ana....
Göylər mənim fəryadımı eşitməzmi? Şimşəklər çaxmazmı? İldırımlar şaqqıldamazmı? Göylər guruldamazmı? Buludlar dağılmazmı? Leysanlar yağmazmı? Niyə?!. Dünya niyə dağılmır, niyə?..
Ərsənin fəryadını göylər eşitmədi. Şahsənəm ana əbədi olaraq gözlərini bu dünyaya yumdu. Kəndin baş mollasının rəhbərliyi ilə Şahsənəm ananı dəfn etdilər.  Molla Hüseyn ananın qəbrinin yanında çöməltmə oturub Qurandan surələr oxudu.
Mirzə Zəki molla Hüseynin yanında durub mərasimin gedişini izləyirdi. Baş molladan sonra Mirzə Zəki cib dəftərini çıxarıb həmdi-surə oxudu, ananın ərvahına dualar söylədi.
 Mirzə Zəki digər mollalardan fərqlənirdi. Az savadlıydı, bir-iki surəni kril əlifbası ilə cib dəftərinə yazmışdı. Qəbirüstünə gələnlərin mərhum qohum-əqrəbasının ərvahına dua oxuyub 5-10 manat pul qazanırdı. Hamı Mirzə Zəkiyə xüsusi diqqətlə yanaşırdı. Ona görə yox ki, Mirzə Zəkinin savadı, səsi yaxşıydı. Yox... Ona görə ki, Mirzə Zəkinin evində düz 5 qız uşağı böyüyürdü. O qızların xətrinə adamlar Mirzə Zəkini yola verirdi, elə Mirrzə Zəki də adamları yola verirdi, yəni ötüşdürürdü. Söz də düşəndə Mirzə Zəki deyirdi ki, mənimki həmdi-surəni oxumaqdı, gedib çatıb-çatmadığını deyə bilmərəm.
Bir zamanlar Mirzə Zəki xırda çərçilik də edərdi. Hər gün səhər obaşdan durar, həyət-bacadan yığdığı lobya, kələm, tərəvəz, göyərti və bu kimi şeyləri bir kisəyə doldurub atardı dalına, düz avtobus dayanacağına qədər dayanmadan gedərdi. Mirzə  Zəki sovet hökumətinin bütün zamanlarında öz kiçik alverini davam etdirdi. Bir neçə dəfə milislər onu bu işdən çəkindirməyə çalışsalar da nail ola bilmədilər. Çünki Mirzə Zəkinin iş yeri, evlərinə də özündən başqa qazanc gətirən yoxuydu. Mirzə Zəki həm də baməzə adamıydı, nə desələr zarafata salar, dərinə getməzdi. Hərdən də deyərdi ki, “özüm narodnı-kontrol olacağam, onda görüm siz neynicəksiniz”?
Son zamanlarda Mirzə Zəkinin işləri ağırlaşdı, daha kəndə əvvəlki kimi avtobuslar müntəzəm işləmirdi, gərək taksilərlə gedib gələydi. Bu da ona baha başa gəlirdi. Səhhətində də yaranan xəstəliklər ona əziyyət verir, alıb-satacağı yükləri daşıya bilmirdi. Belə olan təqdirdə Mirzə Zəki daha rahat yol aramağa başladı. Mirzə Zəkinin babası bir zamanlar çox məşhur din xadimi olmuşdu. Mirzə Zəki də uşaq vaxtı babasından eşitdiklərindən bəzi əhvalatları yadında saxlamışdı. Yas mərasimlərində aparıcı mollanın yanında oturar, yeri gələndə bir hədis deyər və cib dəftərini açıb həmdi-surə oxuyardı. Belə-belə adamlar Mirzə Zəkini qəbul etdilər.
Dəfn mərasimi el adətincə həyata keçirildi. Torpaq qəbrin üstündən su axıtdılar, sanki bu ağır dərdin yanğısını azaltmaq istəyirdilər. İşi olanlar elə qəbir üstündən də dağılışdılar. Kəndin baş mollası Hüseyn, Mirzə Zəki, yaxın qohum və qonşular Ərsəni əhatəyə alıb onunla birlikdə evə qayıtdılar. Eliş məhəllə gəncləri ilə birlikdə Şahsənəm ananın həyətində mərasim keçirmək üçün lazım olan bütün işləri görmüşdü. 
  Uzaq, yaxın adamlar, eşidib bilənlər dəstə-dəstə gəlib Ərsənə başsağlığı verir, səbir dilədilər. Dostlar gəldi, Ərsənin yanını kəsib oturdular, hər dərdinə şərik oldular! Pasan Əli düz bir həftə Ərsənin yanından ayrılmadı, mərasimin bütün işlərində fəal iştirak etdi.
Ərsənin gözləri iki adamı axtarırdı, iki adamı gəzdi, görmədi ancaq. Səlim – dayısı Səlim gəlmədi. Rəhmətlik Şahsənəm ananın qırxı da çıxdı, Səlim gəlmədi ancaq. Səda da gəlmədi. Bu da belə... Bu da dar gün...
İllər keçsə də o dərd, o ağrı – ananı itirmək yanğısı əksilmədi, Ərsənin ürəyində yuva qurdu,  zaman-zaman dodaqlarından pıçıltı ilə ətrafa yayılan sözlər sanki inci kimi sapa düzüldü və bir çələngə çevrildi:
                        Ana
Doqquz ay bətnində gəzdirdin məni,
Sən məni özündən ayırmadın ki...
Sonra qucağında, kürəklərində,
Yapışıb əlimdən gəzdirin məni.
Sən məni özündən ayırmadın ki...
Yolum düşdü şəhərlərə,
Dönənmədin o yerlərə.
Qəlbində, fikrində gəzdirdin məni,
Sən məni özündən ayırmadın ki...
Öpdün dodaqlarında qaldım.
Gözündən nur axdı,
Yanaqlarında qaldım.
Saçlarımı oxşadın
Əllərində qaldım.
Su verdin çiçəklərə,
Elə bildin sən mənə süd verirsən,
Çiçəklərində gördün məni,
Çiçəklərində, güllərində qaldım.
Sən məni özündən ayırmadın ki...
Sənsiz yaşayıram, gör neçə ildi,
Sən mənsiz yaşaya bilməzdin ana.
Əksimi gözlərində apardın bu dünyadan,
Sən məni özündən ayırmadın ki... 


Ana səhifəyə qayıt        Baxış: 2 622          Tarix: 17-05-2021, 08:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma