
Xəbər lenti
Bu gün, 21:25
Bu gün, 20:17
Bu gün, 19:15
Bu gün, 18:28
Bu gün, 17:31
Bu gün, 13:13
Bu gün, 11:24
Dünən, 23:55
Dünən, 21:18
Dünən, 18:46
Dünən, 18:19
Dünən, 17:18
Dünən, 15:27
Dünən, 13:41
Dünən, 12:26

***
Ümumi partiya və fəallar yığıncağı qurtardı. Camaat dağılışdı. Ərsən sərxoş adamlar kimi hara və nə üçün getdiyini bilmirdi. Səndələyirdi. Qəlbində ancaq bir söz, bir cümlə ömrünü meyxanalarda keçirmiş Ramizin sözü dolanırdı. “Dünyanın üzü badoşdu, bala!” Həqiqət susduruldu. Hər şey bir an içində, necə də asan imiş. Böyük insanları ləkələmək, qanun adından danışıb müqəddəs qanunları tapdalamaq professor Həsənov kimilər üçün necə asan, su içmək kimi bir şey idi.
Ərsən bütün bunları qəlbinə sığışdıra bilmir, yuxu ilə reallıq arasında çıxılmaz vəziyyətlərə düşür, rəzil, iyrənc və olduqca murdar işlərin həqiqətə çevrildiyinə inana bilmirdi. Musa Nəcəfli – bu müqəddəs, pak ada ləkə yapışarmı? Ah, heyf ondan. Necə gözəl insan, qayğıkeş müəllim, tələbkar rəhbər idi. Tələbələr onu necə də sevirdilər. Yox, bu qədər ədalətsizlik ola bilməzdi. Yox, yoldaşlar bu işə razışılıq verməzlər. Nə olsun ki, professor Həsənovun qohumuluğu yuxarı dairələrə gedib çatırdı. Bəs vicdan? Bəs namus? Bəs qeyrət? Bu ola bilməzdi, heç cür ola bilməzdi.
Ərsən buna inana bilmirdi.
Bir neçə gündən sonra şəhər partiya komitəsinin bürosu universitet partiya təşkilatının ümumi yığıncaq qərarını təsdiq etdi. Professor Həsənov universitetə rektor əvəzi təyin edildi. Ərsəndən fərqli olaraq bu hadisə Mətləbin ürəyincə oldu. Axşamdan hazırlıq görüb bu münasibətlə Mətləb boğazını da yaşladı. Ərsən isə qəm dəryasına qərq olmuşdu, yata bilmirdi.
***
Yaz gəlmişdi, ağaclar çiçəkləmiş, tarlalar yaşıllaşmışdı. Yazın gəlişi ilə bazarlarda da bir canlanma yaranmışdı. Bazarlara çıxarılan göyərti, süd məhsulları adamın üzünə gülürdü. Ərsən Yasamal bazarından göyərti, təzə inək pendiri və lavaş çörəyi alıb yataqxanaya getdi. Çoxdan göyərtili pendir dürməyi yeməmişdi. Lavaş çörəyin birinin arasını göyərti və pendirlə doldurub ləzzətlə yedi. Sonra yenə bir lavaşın arasına suda qaynadılmış yumurta ilə göy-göyərti və pendir qoyub daha bir dürmək düzəltdi. Onu da ləzzət ilə yeyib doydu.
Axşama yaxın qarnında sancılar əmələ gəlmişdi, əvvəl-əvvəl göyərtinin təsirindən ola biləcəyini düşündü, ürəyi bulanır, halsızlaşırdı. Uzanıb yatmaq istədi, ha çaılışdısa gözlərinə yuxu gəlmədi. Mixail Şoloxovun “İnsan taleyi” povesti stolun üstündəydi, onu götürüb təkrar oxumağa başladı. Qəhrəmanın mübarizliyini xatırlayıb bir müddət özünü ona oxşatmağa çalışdı. Hansı şərtlər altında Solovyovun öz dəyanətini saxladığını düşündükcə balaca bir qarın ağrısına dözə bilmədiyi üçün özünü qınadı. Nə vaxt yuxuya getdiyini bilmədi.
Mətləb gecədən xeyli keçmiş yataqxanaya gəlmişdi. Səssizcə qapını açıb içəri girmişdi, Ərsəni oyatmaq istəməmişdi. Yerinə təzəcə uzanmışdı ki, Ərsən hövlank yerindən qalxıb öcüyə-öcüyə otaqdan çıxdı. Mətləb yatağından qalxıb işığı yandırdı. Saat 3-ə qalırdı, Ərsən öcüyə-öcüyə də otağa qayıtdı, ayaq üstə dayana bilmirdi, özünü bir təhər çarpayının üstünə yıxıb uzandı. Mətləb Ərsənin halının yaxşı olmadığını görüb soruşdu:
- İçmisən?
- Yox...
- Nə olub sənə?
- Bilmirəm...
Mətləb Ərsənə yaxınlaşıb əlini onun alnına qoyub hərarətini yoxladı. Ərsənin
alnı da, əlləri də soyuq idi, amma tərləyir və üşüyürdü.
Keçirdiyi əsəbi hallar Ərsənin səhhətinə təsir göstərmişdi, yaddaşı zəifləmiş, bədənində ağrılar başlamışdı. Ərsənin sümükləri sızladayırdı, ayaqları keyimişdi, dişləri biri-birinə dəyib şaqqıldayırdı.
Bakıda bu il qış sərt üzünü göstərirdi. Ərsən soyuğa tab gətirə bilmir, gözlərinin qarşısında kölgələr uçuşur, yer-göy gah qapqara pərdəyə bürünür, gah da işıqlaşırdı. Başında, kürəklərində küt ağrılar göz açmağa imkan vermirdi.
Bayırda külək getdikcə şiddətlənirdi. Ərsənın sızıltıları güclənib sayıqlamalara çevrilir, küləyin səsinə qarışıb vahiməli uğultuya dönürdü. Mətləb Ərsəni bu ağır vəziyyətdə görüb təcili yardım maşını çağırdı. Ərsəni xəstəxanaya apardılar.
Ərsəni kəndlilər xəstəxanasına yerləşdirdilər. Aparılan müayinələr nəticəsində məlum oldu ki, o, brüsülyoz xəstəliyinə tutulubdur. Bir ay xəstəxanada yatsa da, halı hələ də özündə deyildi. Həkimlər doğulduğu yerə getməyi, orada dincəlməyi məsləhət bilirdilər. Universitetdən möhlət almaq üçün lazım olan sənədləri Mətləb hazırlayıb qaydaya saldı.
***
Şahsənəm ana neçə müddət idi ki, narahatlıq keçirirdi. Oğlunun başına bir hadisə gələcəyindən qorxurdu. Soraqlaşıb Bakıya gedib-gələnlərdən Ərsənin vəziyyətini öyrənmək istəyirdi. Lakin heç kəsdən müsbət bir cavab ala bilmədiyi üçün fikrində qoymuşdu ki, bu gün rayon mərkəzinə gedib qatara bilet alsın. Bu düşüncələrlə evdə yır-yığış edirdi.
Həyət qapısının cırıltı ilə açılması diqqətini cəlb etdi. Pəncərədən boylananda həyətdə Ərsəni gördü. Qaça-qaça pillələri enib Ərsənin boynunu qucaqladı. Ərsən özünü zorla ayaqda saxlayır, yıxılacağından qorxurdu. Ana oğlunun pərişən halını, zəiflədiyini görüb hönkür-hönkür ağladı.
- Anan qurban... nə olub sənə?..
- Heç... elə belə...
Şahsənəm ana oğlunun qoluna girib otağa qaldırdı. Ərsən uzanmaq istədiyini bildirdi. Ana başa düşdü ki, oğlunun taqəti bitmək üzrədir, tez çarpayını düzəldib Ərsənin uzanmasına kömək etdi. Ərsənin bədəni suyun içindəydi, aramsız olaraq tərləyirdi. Ana əl-ayağa düşdü, qantəpər çayı dəmləyib oğluna içirtdi.
- Nə yemək istəyirsən, anan qurban, pişirim...
- İştahım yoxdu... ana...
- Anan qurban...
Əldəqayırma elektrik pilətəsinin bir tərəfində çaydan dızıldaya-dızıldaya öz nəğməsini oxuyurdu. Otaqda milçək uçsaydı eşidilərdi, ana bir tərəfdə səsizcə oturub için-için ağlayır, göz yaşlarını oğlundan gizlətməyə çalışırdı. Ərsən də gözlərini yummuş, yatmağa çalışırdı. Lakin aramsız olaraq bədənini soyuq tər basır, halını qarışdırırdı.
Ana oturduğu yerdən qalxıb taxçadan iki bıçaq götürüb bayıra çıxdı. Əvvəlcə bıçaqları biri-birinə sürtüb itilədi. Sonra toyuqların saxlandığı dəmir setkanın yanına gəlib qapını açıb içəri girdi. Beçələrdən birini tutub bayıra çıxdı. Şahsənəm ana bıçaqlardan birini paçasının arasına qoyub o biri ilə beçənin başını kəsdi. Tüklərini yolub düyülü aş bişirdi. Amma Ərsənin iştahı heç nə çəkmir, soyuq tər və halsızlıqdan başını balıncdan qaldıra bilmirdi.
Ərsənin bu cür gəlişini eşidən qonşular, xüsusilə də yaşlı qadınlar Şahsənəm anaya baş çəkir, bildikləri türkəçarə dərmanlar və bitkilər haqqında məlumat verir, bəzilərini də özləri ilə gətirirdilər. Şahsənəm ana Ərsənin Bakıdan gətirdiyi dərmanlarla birlikdə türkəçarə ilaclara da ciddi yanaşırdı, müxtəlif ot çayları dəmləyib oğluna içirdirdi.
Ana kəndin həkiminə sifariş edib evə çağırdı. Məmməd həkim kənddə Mamed doxtur kimi ad azanmışdı. Həkim gələndə Ərsəni huş aparmışdı. Məmməd həkimin xırıltılı səslə danışığını Ərsən hiss edib gözlərini açdı. Yerində dikəlmək istəsə də, gücü çatmadığından gözlərini yana çevirdi. Uşaq vaxtı Ərsən bir balaca xəstələnən kimi anası Məmməd həkimi çağırardı. Məmməd həkim ilə Ərsənin arasında hələ o vaxtdan dostluq yaranmışdı. İndi öz həkim dostunun ayağına qalxa bilmədiyindən Ərsən daxilən xəcalət çəkirdi. Bütün bunları yaxşı anlayan Məmməd həkim bir zarafat etmək istədi:
- Dost adam, bu nə haldır özünü salmısan?!
Ərsən nə isə deməyə çalışdı, lakin anlaşılmadı. Məmməd həkim Ərsənin çox ciddi şəkildə xəstələndiyinin aydın görürdü. Bununla belə xəstədə bir ümid yaratmağa çalışırdı. Şahsənəm ananın köməyi ilə Ərsəni yerində yarımoturmuş halda müayinə etməyə başladı. Nəbzini yoxlayıb, ciyərlərini dinlədi. Bakı həkimlərinin yazdığı reseptlərə baxıb müalicəni davam etdirməyi məsləhət bildi. Əlavə olaraq bitki çayları içməsini məsləhət bildi. Ayrılıb gedəndə ümid verməyə çalışdı.
- İnşallah tezliklə sağalıb ayağa duracansan.
Məmməd həkim dediklərinə özü də inanmırdı. Evdən aralananda özü özünü qınadı. Həkim olasan amma bir çarə tapa bilməyəsən, daha nə oldu ki... Bakıdakı həkimlər ki, Ərsəni bu halda kəndə göndərmişdilər, deməli, bu xəstəlik düşünüldüyündən də çox ağırlaşmışdı. Amma ümid Allahdan üzülməz deyərlər, Ərsənin xəstəliyini də zamana buraxmaq istəyirdi. Məmməd həkim Şahsənəm ananın nigaran baxışlarını həyət qapısından çıxana qədər öz üzərində hiss edir, əlacsız qaldığından xəcalət çəkirdi.
***
Ərsən uzandığı yerdə bəzən mürgüləyir, bəzən də gözlərini otağın qaralmış tirlərinə dikib düşünür, xəyalən ötən günlərə qayıdırdı. Son dəfə yataqxanaya getməmiş Sədaya zəng edib görüşmək üçün vədələşmişdilər. Bulvarda görüşüb xeyli gəzdilər, yorulub gözdən uzaq, bir kənarda qoyulmuş skamyada əyləşdilər. Elə bil ki, kimsə bu skamyanı qəsdən belə kənara qoymuşdu ki, sevənlər burada gözdən- könüldən uzaq, sakitcə öz dünyalarına qapıla bilsinlər. Ərsən Sədanın kürəklərinə tökülən gur saçlarını oxşadı, qoxuladı. Neçə müddət idi ki, bu saçların ətrinə həsrət qalmışdı. Sədanın saçlarının ətri əvəzedilməz bir rayihə ilə Ərsənin bütün vücuduna yayılırdı. Ərsənin sağ əli Sədanın kürəklərində gəzdikcə qızın bədəni uçunurdu, içindən indiyə qədər duymadığı bir hiss keçir, xoş bir ovqat yaradıırdı. Səda birdən ayağa qalxıb Ərsənin əllərindən yapışdı, özünə tərəf dartıb, boynunu qucaqladı. Səda Ərsənə elə sarıldı ki, elə bil kimsə onları aralamaq istəyirdi, özündən asılı olmayaraq dedi:
- Ərsən...məni sevirsən?..
- Mən səni sevirəm... həm də çox sevirəm...
- Lap çox?...
- Lap çox...
- Mən də...
***
Günlər keçir, lakin Ərsənin sağlıq durumu get-gedə fənalaşır, hərdən də sayıqlayırdı. Ana diqqətini cəmləyib sözləri ayırd eləmək istəsə də, oğlunun səsi o qədər zəif və gücsüz idi ki, Səda, Nəcəfli sözlərindən başqa bir şey anlaya bilmirdi. Son günlərdə Ərsənin ümumi vəziyyəti daha da ağırlaşmışdı, çoxlu tərləmələr onun yatağını tez-tez dəyişdirməyi tələb edirdi. Həftə sonlarında rayon mərkəzində tibb təhsili alan Güllü də gəlib anaya kömək edirdi. Güllü Ərsən üçün müxtəlif güllər, çiçəklər yığıb gətirir, mənzilin havasını dəyişir, kəkotu, qantəpər çayları dəmləyib içirməyə çalışırdı. Ərsən ilə bağlı uşaqlıq xatirələri bir an da olsun xəyalından çıxmır və hətta, gələcək xoş günlərin arzusu ilə yaşayırdı. Ərsən isə Güllüyə gözünün ucu ilə də baxmır, suallarına cavab vermir, huşsuz vəziyyətdə sayıqlayırdı. Bir dəfə sayıqlamalarında Güllü Ərsənin Səda çağırışını eşitdi, yanaqları pörtdü, özünü itirdi, az qala yıxılacaqdı, öz-özünə fikirləşdi ki, görəsən bu kimdir. Fikirləşdiyini də dilinə gətirdi:
- Səda kimdir?
Şahsənəm ana sözə qarışdı:
- Heç danışığını başa düşmürəm, elə sayıqlayır. Gah Səda deyir, gah Nəcəfli deyir, gah da əclaflar. Bilmirəm heç bu əclaflar kimdir... deyirəm, ay bala, axı bunlar kimdi ki, sən belə özünü üzürsən, kimə deyirsən, heç məni eşidir?.. Güllü, qızım, mən də belə naçar qalmışam... Anası ölmüş də o qədər tərləyir ki, döşək su olur. Qızım, kömək elə bu yatağı dəyişək...
Demək olar ki, Ərsənin yatağı hər gün dəyişilirdi. Dəmir çarpayıda yatağı dəyişdirmək üçün mütləq ən azı iki adamın köməkliyi ilə mümkün olurdu. Ana isə tək olduğundan kimsəyə əziyyət vermək istəmirdi, ona görə də Ərsənin yatağını məcbur olaraq döşəməyə köçürdülər. Belə hallarda ana yeni döşəyi yatağın yanına yerləşdirir, Ərsəni döşəkdən döşəyə keçirirdi.
Şahsənəm ana dolmuş gözlərini Ərsəndən gizlətməyə çalışırdı. Onsuz da Ərsən yarımhuş şəkildə ətrafa nəzarətini itirmişdi. Ana son çarə fikirləşirdi, gözlərinin qarşısında şam kimi əriyən bircəsinin aqibətini xəyalına gətirəndə havalanırdı. Göz görə-görə oğlunun ölümünə razı ola bilməzdi, öz canı bahasına olsa da onu xilas etməyi düşünürdü. Belə gedə bilməzdi, ana nə isə etməliydi... Ürəyində çox alış-veriş edəndən sonra üç dəfə Ərsən uzandığı çarpayının başına dolanıb sakitcə evin qapısından həyətə çıxdı. Çadrası həyətdəki ərik ağacının budağından asılmışdı. Şahsənəm ana yaz-yay mövsümlərində çadrasını evə aparmazdı, eləcə ərik ağacının budağına keçirərdi. Ana çadrasını başına atıb sürətli addımlarla məscidə getdi. Məscidin həyətindəki su kranın qabağında dəstəmaz aldı, sonra da qapının qabağında çustlarını çıxarıb içəri girdi. Namaz vaxtı olmadığından məsciddə tam sakitlik hökm sürürdü. Minbərin yaxınlığına gəlib iki rükət namaz qıldıqdan sonra əllərini göyə qaldırıb Allaha yalvarmağa başladı:
- Ey yeri-göyü yaradan! Ey kimsəsizlər kimsəsi! Sənin hüzurunda özümü
bircə balama qurban deyirəm, qoy Əzrayıl mələyin mənim canımı alsın, məni bu dünyadan aparsın. Balama qıyma, cavandır, Ya Rəbbim! Balamın günahlarını bağışla, ona şəfa ver. Səni and verirəm, tavansız, sütunsuz dayanan göylərə, çaxan şimşəklərə, ildırımlara, səni and verirəm Günəşin işığına, ulduzların ziyasına, Ayın şöləsinə, gecənin qaranlığına, apar, məni apar, balama qıyma! Mənim ki, ələyim ələnib, xəlbirim göydə fırlanır, halvam da çoxdan çalınıb. Balam cavandır, dünyada nə görüb ki?.. Balama qıyma, Ya Rəbbim!..
Ana qəşş eləyib özündən getdi. Nə qədər bihuş halda qaldığını bilmədi, gözlərini açanda başının üstündə məhəllə qadınlarını gördü, hərə bir tərəfdən Şahsənəm anaya yardım etməyə çalışırdı. Kimi su içirir, kimi əllərini və ayaqlarını ovurdu. Gəlinlərdən biri dedi:
- Ay xala, bizi yamanca qorxutdun, dur, dur ayağa, səni evinizə aparaq...
Şahsənəm ana çətinliklə də olsa yerindən qalxdı:
- Heç bilmədim, necə oldu. Siz Allah, bağışlayın, sizi də qorxutmuşam...
Qadınlar Şahsənəm anaya kömək etmək istədilər, lakin ana razı olmadı:
- Yox, yox, zəhmət çəkməyin, yaxşıyam, özüm gedərəm.
Şahsənəm ana evə qayıdanda Ərsənin üzündə bir işıq gördü. Uzun müddətli susqunluqdan sonra Ərsən gözlərini anasına dikib ilk dəfə dilləndi:
- Ana...
- Anan qurban, can bala... nə istəyirsən?..
- Ana, çay ...
Şahsənəm ana az qaldı sevincindən qışqırsın, göz yaşları ixtiyarsız olaraq yanaqlarından axdı. Tez əl-ayaq eləyib çay dəmləyib Ərsənin qarşısına qoydu. Ürəyində min dəfə Allaha şükür eylədi, yaxşı ki, duaları müstəcab oldu, bundan sonra ölsə də dərd eləməzdi. Təki Ərsəni ayağa dursun, təki bu evin çırağını yandıran olsun. Ana heç vədə özünü qurban deməsini Ərsənə bildirməyəcəkdi, axı, nə üçün deməliydi?!. Ərsən onun öz canından bir parçası deyildimi? Adam öz balasından ötəri canından keçməzmi?
Şahsənəm ana qonşunun oğlu Elişi çağırıb bazara göndərdi. Pul verib tapşırdı ki, bir kisə un alıb gətirsin. Bazar xeyli uzaqda olduğundan kisəni gətirmək üçün mütləq nəqliyyat vasitəsindən istifadə etmək lazım gəlirdi. Kənd yerində də bu işlər üçün əsas nəqliyyat vasitəsi uzunqulaq sayılırdı. Ona görə də Eliş əvvəlcə Ramazan müəllimin qapısını döyüb uzunqulağı bir saatlığa istədi. Ramazan müəllimin qəribə xasiyyəti varıydı. Yaşlaşdığı üçün son illərdə bir uzunqulaq alıb saxlayırdı. Kəndin kənarındakı bağına gedəndə uzunqulağı minər, ayaqlarını yellədə-yellədə gedərdi. Bağdan qayıdanda uzunqulağın yükü çox olurdu, ot dərzləri, quru odun bağlaması, meyvə səbətləri və s. Kimsə də bir iş üçün uzunqulağı istəsəydi Ramazan müəllim o adamın nüfuzuna görə münasibət bildirərdi. Hətta bir dəfə belə bir iş də olmuşdu. Qonşulardan biri Ramazan müəllimin qapısını döyüb, ağır iş – daş daşımaq üçün ulağı istəyir. Ramazan müəllim qonşunun üzündən keçə bilmədiyinə görə deyir:
- Qonşu, icazə ver, gedim eşşəkdən soruşum, görüm nə deyir.
Ramazan müəllim qapını örtüb evə keçir. Mətləbi anlamayan qonşu bir qədər gözləyib qapını yenidən döyür. Ramazan müəllim bu dəfə də gəlib qapını açanda qonşunu görür. Qonşu soruşur:
- Məllim, nə oldu?
- Qonşu, vallah incimə. Ulağdan soruşdum, dedi ki, getmirəm, məni işlədib
yorub döyəcək, sahibi kimi səni də söyəcəkdir.
Eliş bütün bunları bilirdi, amma onu da bilirdi ki, Şahsənəm ananın adı olan yerdə kəsilən başa sorğu-sual olmazdı. Elə də oldu. Ramazan müəllim Şahsənəm ananın adını eşidən kimi ulağı həyətdəki ağacdan açıb “hoş-hoş” deyə-deyə gətirib Elişə verdi. Eliş də Ramazan müəllimin qapısından aralanan kimi qıçlarını aşırıb mindi ulağın belinə, sürdü bazara. Eliş ulağın belində dünyanın ləzzətini alırdı, görənlər təəccüblə Elişə baxırdılar. Eliş də bu baxışlardan bir qədər də qürrələnirdi. Zarafat deyildi, Ramazan müəllim ulağını Elişə etibar eləmişdi. Bu dünyada etibar məsələsi ciddi bir iş idi. Adamlar o qədər etibarsızlaşmışdılar ki, deməklə qurtarmaz. Amma Eliş gənc olsa da etibarlı oğlan idi.
Eliş hələ orta məktəbin 7-ci sinfində oxuyurdu, Ramazan müəllim də ona dərs deyirdi. Eliş dərs oxumazdı, amma məktəbin ictimai işlərində fəal iştirak edərdi. Hələ bu vaxta qədər elə bir iş olmazdı ki, Eliş canla-başla o işə kömək etməsin. Eliş canlı-cüssəliydi, ən ağır işləri görə bilirdi. Elə bu xasiyyətinə görə də müəllimlər bir qıçıqırıq üç verə-verə Elişi 7 – ci sinifə qədər gətirmişdilər. Eliş heç bir yoxlama yazı işini yazmazdı. Bir dəfə Ramazan müəllim Elişi lövhənin qarşısına çağırdı və dedi:
- Adını lövhəyə yaz görüm...
Eliş nə qədər hərf tanıyırdısa lövhəyə yazdı. Ramazan müəllim başını qaldırıb baxanda Eliş də yazısını bitirib gözləyirdi. Ramazan müəllim bir anlıq duruxdu, sonra yenidən Elişdən sordu:
- Adını yaza bilmirsən?!
- Məllim, yazdım də...
- Bura bütün əlifbanın hərflərini yazmısan, amma adını yazmamısan axı.
- Məllim, elə adım da bunların içindədi də...
Ramazan müəllimin üzündə gülüş yarandı, uşaqlardan bəziləri şaqqanaq çəkib güldülər. Bu əhvalat bütün məktəbə yayıldı, o gündən Ramazan müəllim Elişin üçünü soruşmamış yazırdı. Bu, həmin Elişiydi ki, Ramazan müəllim ulağı ona etibar eləmişdi. Bu, Elişin aləmində müəllimin ona olan hörmətinin göstəricisiydi. Bu, elə belə sadə iş deyildi. Bu, bir inam, bir nüfuz məsələsiydi və nəhayət Elişin kənd içində, necə deyərlər kənd cayılları arasında sayılmasına işarəydi.
Nə isə, uzun sözün qısası Eliş un kisəsini ulağa yükləyib Şahsənəm ananın evinə gətirdi. Şahsənəm ana Elişə bir xeyli dua etdi:
- Eliş, səni görüm neylim-neceliyim deməyəsən, Allah səni xoşbəxt eləsin.
Min budağ olasan. Çox sağ ol, ay oğul.
- Xala, sağ ol, başqa işin də varsa, de görüm.
- Eliş, vallah deməyə də utanıram, qadan alım, bu doğradığın ərik odunlarını
da ulağ burdaykən yükləyib Hacı Nisənin təndirinə apara bilərsənmi?
- Baş üstə, xala...
- Sənə xalan qurban, toyunda oynuyum, ay Eliş...
- İnşallah...
Eliş ulağın kəndirini səliqə ilə açıb palanın üstündən aşırdı. Ərik ağacının qol-budağından kəsdiyi odun bağlamalarını ulağın sağ-soluna yığdı. Ulağı tək yükləmək hər adamın işi deyildi, amma Elişin öz üsulu vardı. Belə işlər onun əlində uşaq oyuncağı kimi bir işiydi. Eliş bağlamanın birini qaldırıb ulağın belinə qoydu, kəndiri altdan çəkib yuxarı hissədə bərkitdi. Sol əli ilə kəndiri saxlaya-saxlaya ulağın o biri tərəfinə keçib sağ əli ilə yenə bir bağlama odunu qaldırıb yükü tarazladı, qalan odunları da ulağın belinin ortasına yığdı. Yükü o qədər qaladı ki, ulaq görünməz oldu. Ramazan müəllimin gözündən iraq, Eliş qabağa keçdi, ulağın kəndirindən yapışıb dartdı. Ulaq ağır yükün altında yavaş-yavaş yeriməyə başladı. Təndir yaxındaydı, Eliş ulağın yükünü açdıqca ulağın beli diçəlirdi. Təndirin qapısında xeyli odun yığışmışdı. Eliş işi tamam eləyib Şahsənəm anaya məlumat verdi, ulağı həyətə bağlayıb qabağına bir çəngə ot atdı. Sonra da Şahsənəm ananın arzusu ilə içəri keçib Ərsənin kefini soruşdu, çay içib söhbət elədi.
Şahsənəm ana işin belə tez əmələ gəlməsinə çox sevindi. Çörəkçi Sonaya sifariş göndərib evə çağırdı. Çörəkçi Sona gəlib una və təndirə baxdı. Şahsənəm ana cəvizli köçə və lavaş çörək bişirmək istəyirdi. Şah Abbas məscidində cəvizli köçə ilə ehsan verəcəkdi. On görə də bir kisə unun xəmirini hazırlamalıydı. Çörəkçi Sona lavaş və köçə üçün ayrı-ayrılıqda üsulunca xəmirin hazırlanması haqqında tövsiyyələrini söyləyib getdi. Gedəndə onu da dedi ki, bəs filankəsin qızını gördünüz? On günlüyünə Bakıya gedib, yerişin-duruşun tamam dəyişib, yeriyəndə elə bil filan yeriylə fındıq sındırır. Kasıb uşağı olmayasan də...
Şahsənəm ananın belə söz-sova fikir vermədiyini görüb çörəkçi Sona getməyə tələsdi, bir də tapşırdı ki, təndir ilə işiniz olmasın, sübh tezdən özüm gəlib təndiri odlayacağam. Təndir düşənə qədər evə gedib mal-heyvanı yerbəyer eləyib gələcəyəm. Allah qoysa, səhər saat 9 – da işə başlayarıq. Təndir də o vaxta qədər qızmış olar.
Bu ərazilərdə olan təndirlər digər rayonların təndirindən seçilirdi. Burada təndir yerin səthindən aşağıya doğru iki metr dərinliyində tikilirdi. Bu təndirlərin torpağı, palçığı xüsusi gilin keçi qəzili ilə qarışdırılmasından hazırlanırdı. Bu palçıq mütləq bir neçə gün dinləndirilməli, maya kimi gəlməliydi. Təndir tikmək hər ustanın işi deyildi, təndir gərək elə tikiləydi ki, istini qoruyub saxlaya biləydi. Təndirin badı elə qoyulmalıydı ki, yapılan çörəyin hər tərəfinin bişməsini təmin edəydi. Təndirin küfləsi odun alışıb yanmasında, yaxud qorunub saxlanmasında əhəmiyyətli rol oynayırdı. Od düşəndən sonra mütləq küflə bağlanmalıydı ki, od uzun zaman təndirin içində öz hərarətini saxlaya bilsin. Hacı Nisənin təndiri məhz belə təndiriydi, ona görə də bəzən kəndin o başından gəlib burada çörək bişirənlər olurdu. Hacı Nisənin təndirini heç vədə ikinci dəfə yandırmazdılar.
Hacı Nisə də ki XX əsrin əvvəllərində anasının qarnında Həccə getmişdi. Həcdən qayıdandan 3 ay sonra rəhmətlik anası Nisəni dünyaya gətirmişdi. Nisənin ayağı düşərli olmuş, ailənin ruzusu ildən ilə artmışdı. Nisə uşaqlığından hacı adını qazanmış, böyüyəndə də ehsana bir təndir tikdirmişdi. Bu, həmin təndir idi ki, məhəllə əhlinin hamısı ondan istifadə edirdi.
Bir dəfə təndiri qalamaq kifayət edirdi ki, axşama qədər iki kisə unun xəmirini yapıb qurtarasan. Təndirin qalanması işi də çörək yapanın işi sayılırdı, çünki hər adam təndiri sala bilməzdi, yaxud da salsaydı, görərdin ki, işin şirin yerində təndirin odu bitdi, çörəklər küt olub təndirə töküldü. Çörək yapanın qazancı da kündə açanların qazancından iki dəfə çox olurdu.
Şahsənəm ana qonşuluqda yaşayan Yasəməni çağırıb xəmir işini ona tapşırdı. Yasəmən gəlin gəldiyinin üçüncü ilində ərini itirmişdi. Elə o vaxtdan bir oğlu ilə tək yaşamağa alışmışdı. Qoçaqlığına görə kənd gəlinləri içərisində seçilirdi. Hamının da işinə kömək edərdi, kim nə versə, danışmaz, hörmət, izzət saxlayardı. Yasəmən axşamdan xüsusi vannanın içində xəmiri yoğurub mərfəcin arasına keçirdi. Sonra xəmirin üstünü örtüb ayaqlamağa başladı. Xəmir gərək tam gələydi, Yasəmən hərdən mərfəci aralayıb xəmirdən bir az kəsir, əlində yoxlayırdı. Nəhayət lavaşın xəmirinin gəldiyinə əmin olduqdan sonra cəvizli köçənin xəmirini də yoğurmağa başladı. Cəvizli köçənin xəmiri süd ilə hazırlanırdı. Bu işi də görüb qurtardıqdan sonra, səhər tezdən yenə də gəlib işini davam etdirəcəyini bildirən Yasəmən icazə istəyib evinə getdi.
***
Təndirin istisi, yaz havası çörək bişirənlərin özünü də bişirirdi. Çörəkçi Sona bu istidə zarafatlarından, məzəli söhbətlərindən qalmırdı. Yasəmənin ağ sinəsinə baxıb dedi:
- Ay qız, barı bir məmədan geyəydin, məmələrin gözümüzü deşdi.
Yasəmən qızara-qızara; - yaxşı da, xala – dedi.
Dilşad söhbətə qarışdı:
- Sona, nə düşmüsən qızın üstünə. Belə lap yaxşı eləyir. Onun gözəlliyi məndə
olsaydı, indi Kremldə birinci xanım özümüydüm... belə kefə baxırdım e...
Sona da söz altında qalmadı:
- Yavaş ud, boğazında qalar... elə bu göz-qaşıa yaraşır...
- Hə, nə var? Gül kimi güvənazandı, gözü yumulub bu kişilərin, yeməlidi,
şakalatdı e, şakalat...
- Bundan sonra buna baxıb çayımızı içəriy də...
- O qədər danışassan ki, çörəylərin yanacax ha...ağzının qıfılı olsun də...
- Ağzımın qıfılına nə olub ki?..
- Day nə olacax e... səhərdən dil boğaza qoymursan... Az qalırsan yazıq qızı
dərdəgər eliyəsən. Paxılığın tutur, qısqanırsan, kimə qısqanırsan e... yoxsa o qurumuş ərivə qısqanırsan, hə?..
- Ağzının danışığını bil, ərimnən işin olmasın.
- Pah qorxdum, ölən var sənin o qurumuşunnan ötəri... Yasəmən, qızım, sən
bunun danışığına fikir vermə, maşallah, gülsən e, qızılgül. Gətir çayımızı içəy, səhərdən bir loxma yeməmişəm.
- Day yeməyi neynirsən,- Sona dilləndi, - bax onun məmələrinə doy da...
- Belə qadasın alaram o məmələrin... Sən də çox danışırsan ha... hamısı
paxıllıxdandı... nə olacaxsan? Bu təndirin başında quruyub qalmısan də...
Çörəkçi qadınların bu zarafatlarından sifəti qızarsa da Yasəmən dinmədi, Şahsənəm ananın ara yeməyi üçün hazırladığı kərə yağı, pendir və soyutma yumurtaları süfrəyə düzüb bayaqdan qaynatdığı samovarı ortalığa çəkdi. Stəkanlara çay süzüb çörəkçi Sonanın, mədətçilərin qarşısına qoydu. Ayrı-ayrı sinilərdə təzə bişmiş çörək, yumurta, pendir, yağ payladı. Çörəkçi Sona stəkanına qənd salıb qarışdırdı: - Təzə çörək ilə gərək mütləq şirin çay içəsən, - dedi. Mədətçilər də şirin çay içdilər. Şahsənəm ana özü də bir stəkan çay içib – sizə nuş olsun, - dedi və bir dəstə çörək götürüb getdi.
Şahsənəm ananın cəvizli köçəsi, lavaş çörək hazırlığı bitəndən sonra Şah Abbas məscidində ehsan verdi. Ərsən günü-gündən dirçəlməyə başladı, daha bütün günü yataqda uzanmır, tez-tez həyətə çıxır, güllərə, ağaclara baxır, səhər-səhər Günəşdən enerji alır, xoşhallanırdı. Günlər keçir, yavaş-yavaş Ərsənin bədəni möhkəmlənir, qüvvəsi bərpa olunurdu. Şahsənəm ananın isə bədənində ağrılar baş qaldırırdı. Amma ana dərdini açıb ağartmır, dişini-dişinə sıxıb ağrı-acılara dözürdü. Bir müddətdən sonra Ərsən tamamilə sağalıb ayağa qalxdı, anası ilə sağollaşıb Bakıya qayıtdı.
Ardı var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər