
Xəbər lenti
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37
22-02-2025, 18:46
22-02-2025, 18:19
22-02-2025, 17:18
22-02-2025, 15:27
22-02-2025, 14:36

Əvvəli “Ovqat.com” saytınıın 16-19. 04.2021 tarixli saylarında
***
Ərsən sənədlərini ADU-nun filologiya fakültəsinə vermişdi. Qəbul imtahanları başlamışdı. Bakının bu qızmar günlərində imtahanın çətinliyi Ərsənın qəlbini bir o qədər sıxmırdı ki, nəinki abituriyentlərin yanına gələnlərin baxışları, hər şeyə diqqətlə nəzər yetirmələri onu incidirdi. ADU-nun həyətində iynə atsan yerə düşməzdi. Abituriyentlərin qohum-qardaşları, valideynləri abituriyentlərin özlərindən iki dəfə çox idi. Həyətdə bir parça boş yer tapmaq mümkün deyildi.
Birinci imtahan Azərbaycan ədəbiyyatından yazılı idi. Ərsən qabaq stollardan birində oturub sərbəst mövzuda verilmiş inşa yazı haqqında fikirləşirdi. Cavan, ucaboy, Musayev familiyalı müəllim Ərsənə yaxınlaşıb onun oturduğu stolu axtarmağa başladı:
– Cavan oğlan, şparqalkalarını çıxart görək.
Elə bil Ərsənın başına qaynar su tökdülər. Eşitdiklərinə inanmaq istəmədi. Ərsənə elə gəlirdi ki, Bakıda, bu boyda şəhərdə, özü də universitetdə işləyən bir müəllim heç şparkalka haqqında düşünmək istəməz. O ki qaldı tələbə olmaq istəyənlərdə şparqalka axtarışı edə... Ərsənə elə gəlirdi ki, özünü və kimsəni aldatmaq insan adına yaraşmazdı. Ömründə belə bir rəzil işin köməyinə arxalanmamışdı. Orta məktəbdə sinif yoldaşları min bir hoqqa çıxardaraq inşa yazılarını ya hazır mətnlərdən, ya da çırılıb partanın altında gizlədilmiş kitab vərəqlərindən köçürürdülər. Ərsən heç vaxt belə işlərə getməmişdi. İndi ali məktəbə qəbul imtahanında belə bir şeydən istifadə etməyi heç təsəvvürünə belə gətirə bilmirdi. Yerindən qalxdı:
– Axtara bilərsiniz, müəllim, mənim şparqalkam beynimdədir, - dedi.
Müəllim bir qədər duruxdu, sonra diqqətlə, xüsusi bir məna ilə Ərsənə baxdı, daha heç nə demədi. Ərsən sərbəst mövzunu seçdi. Mövzu belə idi: “Azərbaycan gözəlliklər diyarıdır”. Ərsən duyğularını, təbiət təsvirləri ilə birlikdə ağ kağıza köçürdü. Mövzu onun qəlbinə yatmışdı. Hisslər bir-birindən doğurdu. Bu hisslər Ərsənın əlindən tutub doğulduğu kəndə, bu kəndin başı qarlı dağlarına aparırdı. Buz bulaqların suyu ürəyindən axır, elə bil ona nəğmə oxuyurdu. Nəhayət, son nöqtəni qoydu, yazını təhvil verib otaqdan çıxdı.
Şahsənəm ana yadına düşdü. Tənha gecələrdə başını anasının dizinə qoyar, uzanardı. Şahsənəm ana oğlunun saçlarını tumarlayar, ötən günlərdən danışardı. Atası Məmmədi yad edərdilər. Ərsən atasını yaxşı xatırlamırdı. O hələ uşaq ikən, üç yaşı tamam olmamış atası ölmüşdü. Amma Şahsənəm ana Məmmədi xatırlayanda elə danışırdı ki, elə bilərdin, Məmməd elə buradaca oturub onlarnan bir yerdədir. Şahsənəm ana Məmməd haqqında keçmiş zamanda danışa bilmirdi. Elə danışırdı ki, elə bil bu dəqiqə Məmməd qapının arxasından çıxıb deyəcəkdi ki, nə olub, nə var, niyə belə fikrə getmisiniz? Elə danışırdı ki, sanki Məmməd onları eşidirdi, onları duyurdu. Ona görə də indiyə qədər bir dəfə də şikayətlənməmişdi, bir dəfə də olsun giley-güzar etməmişdi. Hər işin öhdəsindən də özü təkbaşına gəlməyə çalışmışdı. Ərsən böyüdükcə Şahsənəm ananın da işi bir qədər yüngülləşmişdi. İndi Ərsən təsərrüfat işlərində anasına kömək edirdi. Bağın əkilib suvarılmasında, məhsulun toplanıb yığılmasında, ala qaşqa inəyə yem toplanmasında anası ilə əl-ələ verib birgə çalışırdılar.
Şahsənəm ana uca boylu, incə belli, qaməti düz qadın idi. Düşdüyü həyat tərzi ilə adının arasında böyük bir təzad olmasına baxmayaraq, əslində şahlara yaraşan bir gözəl idi. Gəncliyindən saçlarını iki hörük edərdi. Qoşa hörükləri arxa gərdənində belinin qurtaracağına qədər uzanırdı. Gəncliyində arxasınca düşənlər çox olmuşdu. Qoşa hörüklər çoxunun ağlını başından çıxarmışdı. Amma Şahsənəm onların heç birinə əhəmiyyət verməmişdi, heç gözünün ucuyla da baxmamışdı. Ərsənın atasını sevmişdi və bu sevgi əbədi olaraq onun taleyinə yazılmışdı. Məmməd də Şahsənəmi çox sevmişdi, elə sevmişdi ki, onu söz ilə ifadə etmək asan deyildi. Bu sevgi dildən-dilə düşmüş, “Leyli-Məcnun” əfsanəsi yalan olmuşdu.
***
Ərsən rahatlıq tapmırdı. Sabah ikinci imtahan olacaqdı, lakin onun qiyməti hələ məlum deyildi. Səlim müəllim də şəhərə qayıtmışdı. Ərsənı axtarıb tapmış, dilucu da olsa, evə dəvət etmişdi. Lakin Ərsən bu dəvətdən boyun qaçırmış, qaldığı evdə imtahanlara daha rahat hazırlaşdığını söyləmişdi. Ərsənin evə getməkdən imtina etməsi əslində Səlim müəllimin ürəyincə olmuşdu. Səlim müəllim özü də evə getməyə tələsmirdi. Ərsəni bu dəfə yaxınlıqdakı kababxanaya dəvət etdi. Bir neçə şiş kabab hazırlanması haqqında qarsona sifariş verib ədəb-ərkanla masanın arxasına keçdi. Yemək hazır olana qədər dayısı Ərsəni sorğu-suala tutur və axırda gözlənilməyən nəticələrə gətirib çıxarırdı. Söhbət əsasən Ərsənin yazılı imtahanından gedirdi. Səlim müəllimin fikrinə görə Ərsənin sərbəst mövzuda yazdığı inşada gərək Azərbaycanın bütün bölgələrinin qısa təsviri veriləydi. Ərsən bildiklərini yazıb ümumiləşdirmələrlə Azərbaycanın gözəlliklər diyarı olduğu haqqında fikirlərini çatdırmağa çalışmışdı. Səlim müəllim isə Ərsənə ümid, toxtaxlıq vermək əvəzinə, boş və mənasız deyingənliyi ilə Ərsənin psixoloji durumuna təsir edir, nigarançılığını artırırdı. Səlim müəllimin sualları bitib tükənmirdi:
– Bacoğlu, deyəsən, işləri korlamısan. Əgər Lənkəranın limonundan, çayından yazmayıbsansa, bəs Azərbaycanı necə təsvir etmisən? Şahdağı necə, yazmısanmı?
– Yox, Kəpəzdən yazmışam.
– Kəpəzin öz yeri var, Şahdağın öz yeri, gərək onu da yazaydın. Pambıq tarlalarından necə yazmısanmı?
– Yox, neft buruqlarından yazmışam.
– İnanmıram, yaxşı qiymət verələr. Tanış tapmaq lazım idi, tanış. Onsuz iş keçmir, bala...
Səlim müəllimin bu cür sözləri Ərsəni tamam özündən çıxartmış, onda bir inamsızlıq yaratmışdı. Dayısından ayrılandan sonra kirayə qaldığı evin balaca həyətini dörd dolanır, özünə gələ bilmirdi. Oxuduğu kitabları başa çıxsa da, yadında heç nə qalmırdı. İmtahanın nəticəsini gözləmədən qaçıb kəndə, o saf, təmiz aləmə qayıtmaq istəyirdi.
Gecə çox sıxıntılı keçirdi. Hər an bir il kimi ağır və üzüntülü idi.
Nəhayət, səhər açılar-açılmaz Ərsən yerindən qalxdı, yuyunub universitetə getdi. Universitetin həyətində asılmış elanlara baxdı, adını heç yerdə tapa bilmədi. Qanı daha da qaraldı, bu nə işdi düşmüşdü? Bilmirdi... İndi üzüqara şəkildə kəndə qayıtmaq da ölümdən betər gəlirdi ona. Axı, necə ola bilərdi ki, onun qiyməti məlum olmasın, lap elə kəsilmiş olsa da, bu qiymət bilinməliydi. Bir də niyə də kəsiləydi, inanırdı ki, yaxşı yazıbdı. Bəs belə olan vaxtda onun qiymətini niyə qeyd etməmişdilər?! Bəlkə onun yazdığı imtahan vərəqini itirmişdilər? Qəbul komissiyasındakı qızlara yaxınlaşdı, dərdini anlatdı, müsbət cavab ala bilmədi. Heç kim onun qiyməti haqqında bir söz deyə bilmədi. Yenidən universitetin həyətinə çıxdı və gözləməyə başladı. İkinci imtahan başlamışdı, amma Ərsən hələ də həyətdəki daş səkinin üstündə oturub gözləyirdi. Universitetin radiosu bir neçə elan verdi. Bu elanlardan biri də ona aidiydi. İlk əvvəl qulaqlarına inanmadı, amma elan bir neçə dəfə təkrar edildi.
“Diqqət! 289№-li imtahan vərəqəsi olan abituriyent Əsədov Ərsən Məmməd oğlu qəbul komissiyasına dəvət olunur!”.
Elan təkrar olundu. Şübhəsiz, onu çağırırdılar. Ərsən yerində donub qalmışdı, başı ağırlaşmışdı. Ayaqları küt kimi ağır idi, yerindən tərpənə bilmirdi. Bir tərəfdən də bu elan verən dil-boğaza qoymurdu: “Diqqət! Əsədov Ərsən Məmməd oğlu qəbul komissiyasına dəvət olunur!”
Güclə ayaqlarını sürüyərək qapıya yaxınlaşdı, adamların arasından sivişib içəri keçdi. Təqribən bir saat bundan qabaq qəbul komissiyasında olmuşdu, amma heç kəs ona bir qənaətləndirici söz deyə bilməmişdi. İndi onu bura çağırmaqda məqsəd nə ola bilərdi? Bəlkə qiymət vəsiqəsi tapılıbdır? Yəqin ki, belə ola bilərdi. Yox, əgər belə olmasa? Bəlkə qiymət ala bilməyib, çağırırlar sənədlərini qoltuğuna verib desinlər; yaxşı yol, “kənd uşağı”, get. Get, bala, buralar sənlik deyil, get qoyun-quzu otarmağının dalınca. Nə bilmək olardı?.. Amma belə olsa, dayısı Səlim müəllimin danlaqlarından yaxasını qurtara bilməyəcəkdi. Ürəyində yüz dəfə Allaha yalvardı ki, belə olmasın.
“Qəbul komissiyası” yazılmış qapıya yaxınlaşıb döydü. İçəridən səs gəldi: “Buyurun!”. İlk gözünə dəyən ucaboy, cavan müəllim Musayev oldu.
– Mən Əsədov Ərsən Məmməd oğluyam.
– Naxçıvanlı balası.
– Bəli, müəllim.
– Səni təbrik edirəm, əla almısan.
Hər tərəfdən ona qarşı əllər uzandı, fotoqraf aparatını çıqqıldatdı. Təbriklər bir-birinə qarışdı. Ərsən birinci imtahandan əla qiymət almaqla universitetin birinci kursuna qəbul olunmuşdu. Sabahı günü Ərsənın şəkli qəzetdə çap olundu, ondan xeyli yazıb təriflədilər. Bu, Ərsənın həyatında ilk uğur idi. Xoşbəxtlik qanadlarını açıb onu qucaqlamışdı. Sevinc özüylə bərabər dağların ətrini, çiçəklərin rayihəsini də onun üçün gətirmişdi. Ağ buludların qoynunda uçmaq nə qədər də gözəl idi, İlahi. Tələbə olmaq, bu adı daşımaq İlahidən bəxş olunmuş hikmət idi. Hər kəsə nəsib olmasa da, Ərsənə qismət olmuşdu. Ərsənın bütün vücudu od tutub yanır, qəlbi riqqətlə vururdu. “Kaş atam sağ olaydı. Mənim bu xoşbəxt günümü görəydi. Sevin anam. Sevinin ey yerlər, göylər, sevinin. Dünya mənimdir bu gün; göylər mənimdir bu gün, mənimdir...”
İnsafən demək lazımdır ki, Səlim müəllim Ərsənin qəzetdə şəklini görəndən sonra yenidən universitetə gəlib onu tapdı və təbrik etdi. Sonra mavi rəngli “Qaz-21” volqasında dənizkənarındakı yeməkxanalardan birinə gedib dayı bacoğlu birlikdə bu “qələbəni” qeyd etdilər.
Ərsən fikirləşdi ki, dayısı insanlığını itirməyibdi, amma görünür bu insanlıq adına yaraşan hərəkətlərini evdəkilərdən gizlində edirdi. Çünki, Zemfira xanımın Səlimin qohum-ərəbasını görməyə gözü yoxuydu.
***
Ərsənin uğuruna ən çox sevinən anası Şahsənəm oldu. O illər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi ilk illər idi. Heydər Əliyevin təhsil sahəsində apardığı ilk islahatlar kasıb balalarının, fəhlə-kəndli uşaqlarının həyatına Allahın lütfü olaraq daxil oldu. İlk bəhrələnənlərdən biri də Ərsən idi. Dayısı professor Səlim Axınlınun təbirincə desək, universitetə qəbul olunmaq üçün “küllü miqdarda pula” ehtiyac olmadı. Haqq, ədalət zəfər çaldı. Ərsən kimi kimsəsiz uşaqlar da universitetlərin qapısından nəinki baxa bildi, hətta, ən yaxşı sayılan fakültələrdə oxudular.
Şahsənəm ana cəvizli təndir çökəsi bişirib nəzir payladı, çay süfrəsi açdı, Şah Abbas məscidinə gedib iki rükət namaz qılıb Heydər Əliyevə dua etdi:
- Ya Rəbbim, sən adilsən, mərhəmətlisən, hər şeyi görənsən, yaradansan, mərhəmətini biz kasıb bəndələrdən əsirgəmə. Ya Rəbbim, Heydər Əliyevin bayrağını uca elə, ömrünü duz dağına döndər, lütfünü, inayətini ondan əskiltmə. Ya Rəbim, sən mənim bir balamı min budaq eylə. Ya Rəbbim, Şah Abbasa da rəhmət elə, bu məscidi tikdirib, biz burada ibadət edirik. Ya Rəbbim, padişah sənin yerdə kölgəndir deyirlər. Bizim də padişahımız Heydər Əliyevi dünya padişahlarının hamısından böyük elə. O bizi sevindirdi, sən də onu sevindir, Ya Rəbbim!
Şahsənəm ana məsciddə ibadətdən qayıdıb həyətdə daş pilləkənin üstündə oturdu. Ana sevinc içindəydi, oğlundan şad xəbər gəlmişdi. Bu elə sevinc idi ki, bu hissi yaşamayan onu dərk edə bilməzdi. Ərsən tələbə omuşdu, Bakının ən yaxşı ali məktəbində təhsil alırdı. Şahsənəm ana oğlunun gələcək gözəl həyatı haqqında fikirləşir, xəyalən əri Məmməd ilə danışır, ona gözaydınlığı verirdi.
Ərinin ölümündən sonra Şahsənəm anaya kəsilən təqaüdü artırdılar. Əvvəl 20 manat, sonra 30 manat və son nəhayətdə 40 manat elədilər. Şahsənəm ana səhər tezdən durandan axşam qaş qaralana qədər çalışır, toyuq-cücəni dənləyir, həyət-bacanın təsərrüfat işləri ilə məşğul olur, kolxoz işinə də gedirdi. Günlər adi qaydada keçirdi. Narahatçılıq oğlu Ərsən tərəfdən idi. Dişindən, boğazından kəsib artırdığı on manat, düşəndə 20 manat pulu oğlu Ərsənə göndərirdi. Nə qədər əziyyət və məhrumiyyətlərə məruz qalsa da bir qapıya getməzdi. Yeganə təsəllisi oğlundan gələn məktublar və ara-sıra Ərsənın qəzetlərdə verilən məqalələri olurdu. Şahsənəm ana tamam tək və yalqız qalmışdı.
Ərinin ölümü Şahsənəm ananın dizini qırmış, ona çox böyük iztirablar bahasına başa gəlmişdi. İkiqat cəfalara dözən Şahsənəm ana oğlu Ərsəni böyütmək üçün gecəni gündüzə qataraq kolxozun ağır işlərində çalışmış, yoruldum deməmişdi. Ağır, üzüntülü iş qadın bədəninə təsir etmiş, onda ürək çatışmazlığı və bədənində şişlər əmələ gətirmişdi.
Şahsənəm ananın bu dünyada oğlu Ərsəndən və qardaşı Səlimdən başqa kimsəsi yox idi. Bu divarları qara suvaqlı, tirlərinin arasındakı qara pərdiləri vahimə yaradan tavanlı evin qapısını Ərsəndən başqa kimsə açıb örtməzdi. Əvvəllər Səlim müəllim də subay olanda həmişə bacısını yoxlayar, ona tez-tez bağlamalar göndərərdi. Elə ki, o əfi ilana (Şahsənəm Zema xanımı özlüyündə belə adlandırırdı) rast gəldi-gəlmədi Səlimin ayağı da, bağlamaları da bu qapıdan kəsildi. Yaydan-yaya Səlim müəllim ailəsi ilə birlikdə ata yurduna istirahətə gələndə də Zema xanım Şahsənəmə üz verməz, tikanlı sözləri ilə onun qəlbini incidərdi. Şahsənəm ana da öz növbəsində Zema xanımı görəndə çox qədimdən qalma bir ata sözünü xatırlayardı: “Südünü əmdiyi zatına çəkər”. Rəhmətlik əri bu sözü bir az da başqa formada işlədirdi: “Südünü ...diyim zatına çəkər”. Bərk hirslənəndə heç nəyə baxmazdı, beləcə də söyərdi. Kişi dünyagörmüş adamıydı. Ömrü boyu zəhmət, əzab-əziyyət ilə yaşamışdı. Özü bu dünyada tək qalsa da, qazandığını tək yeməmişdi, süfrəsi çörəkli, evi qonaq-qaralı olmuşdu. Ermənilər 1918- ci il davasında atasını güllələmişdilər. İki qardaş bir bacı anaları ilə birlikdə didərgin düşmüşdülər. Böyük Vətən müharibəsi zamanı böyük qardaşını müharibəyə aparmışdılar. Üstündən bir il keçməmiş özünü də səfərbərliyə almışdılar. Bacısı dədə-baba qohumlarından birinə ərə getmiş, lakin bəxti gətirməmiş, birinci uşağını dünyaya gətirəndə ölmüşdü. Bütün bu məhrumiyyətlər dərdli anasını da dünyadan tez aparmışdı.
Məmmədi müharibə qurtarandan da üç il sonra buraxmışdılar. Məmməd kəndə qayıdanda yurdunu boş görmüşdü, böyük qardaşının cəbhədən ölüm xəbəri gəlmişdi, anası, bacısı da ölmüşdü. Məmməd tək və kimsəsiz qalmışdı. Qonşular yığışıb Məmmədə təskinlik vermişdilər. Kolxoz sədri də gəlmişdi, Məmmədi işə dəvət etmişdi. Sonra kəndin ağsaqqalları Məmmədi qınamışdılar ki, evlən, ev-eşik sahibi ol, təklik Allaha yaraşan sifətdir. İnsan gərək tək olmasın. Məmməd də xeyli fikirləşəndən, daha bir neçə illəri də küləyə sovurandan sonra Şahsənəm ilə evlənmişdi.
Yenə axşamın qərib vədəsində Şahsənəm ana dağlarda batan günəşin son zərrələrinə, saralan buludların qəmli təbəssümünə baxıb xəyalında ötən illəri çözələyirdi. Qəlbinə, hissinə hüznlü bir səs yol açır, vücudunu titrədirdi. Ağaran yollar gözlərində uzandıqca uzanır, əlçatmazlığa qovuşur, dodaqlarının arasında qeyri-ixtiyari olaraq hansısa bir qəribin söylədiyi bayatı süzülürdü:
Küləyi əsən dağlar,
Ha bu mən, bu sən dağlar.
Dərd vurdu, mən qocaldım,
Sən elə osan, dağlar.
***
Universitetin qapılarından hər gün minlərlə tələbə auditoriyalara daxil olurdu. Müxtəlif geyimli, müxtəlif sifətdə oğlanlar, qızlar deyib-gülür, şənlənir, axşamları birlikdə kinolara, teatrlara gedirdilər. Təkcə Ərsənın sifəti həmişə buludlu olar, dərsdən sonra heç bir teatra, kinoya getməzdi. Ona görə də qrup yoldaşları onu qaraqabaq, adamayovuşmaz adlandırırdılar. Ancaq bir nəfər o biri qrupdan olan dostu Mətləbdən başqa kimsə onu başa düşməzdi. Mətləb birinci kursa gələn gündən yataqxanada yaşayırdı. Sonra Ərsən ilə dostlaşandan sonra onu da öz yanına apardı. Beləliklə də dostlar yataqxanada bir otaqda yaşamağa başladılar. Dostlar biri-birinə həmişə hörmət göstərər, dərslərini bir yerdə hazırlayar, günlərini birlikdə keçirərdilər. Mətləb ilk gündən Ərsənın iqtisadi çətinliyini gördüyündən axtarıb Ərsən üçün iş tapmışdılar. Bu, qəzetlərdən birində gecə növbətçiliyi idi. Ərsən bir müddət bu işə yarımştat qəbul edildi. Yeni ildən həmin ştat tamlaşdırıldıqdan sonra Ərsənın vəziyyəti bir qədər düzəldi və universiteti qurtarana qədər gündüzlər oxuyub, gecələr qəzetdə əvvəl növbətçi, sonra isə korrektor kimi çalışdı. Bu işdə Mətləb də ona kömək edir, Ərsən rayona, anasını görməyə gedəndə onun əvəzinə növbələrini çəkir, bir dost, bir qardaş kimi bütün köməyini əsirgəmirdi. Dostların hörməti bütün tələbə və müəllimlərin içərisində artırdı. Artıq universitetdə elə bir tədbir olmazdı ki, dostlar orada iştirak etməmiş olsun. Şairlərdən birinin yubiley gecəsində Ərsənın çıxışı dərin maraqla qarşılanmış, universitetdə əks-səda yaratmışdı. Bundan sonra dekan Kamalov Ərsənə xüsusi diqqətlə yanaşır, ona hər tərəfli qayğı göstərirdi.
Amma necə deyərlər: - Sən saydığını qoy, gör, fələk nə sayır. Növbəti sessiya imtahanları başlamışdı. Azərbaycan ədəbiyyatı tarixindən imtahan gedirdi. Professor Həsənov cibindən qatı açılmamış dəsmal çıxartdı, eynəyini gözündən götürüb şüşələrini hovxurdu, bərk-bərk sildi və yenidən gözünə qoyub altdan-yuxarı Ərsənə, sonra onun zaçot kitabçasındakı qiymətlərinə baxdı. Qiymətlərinin hamısı “əla” idi. Fikrə getdi, necə ola bilərdi ki, bütün qiymətləri “əla” olan bu tələbənin xahişini ondan heç kəs etməmişdi. Bəs bu kimin adamıydı? Kimin olur olsun, tezliklə bilinəcəkdi.
Ərsən bilet çəkib hazırlaşdı, lakin verdiyi cavabları dinləmədən belə professor Həsənov qərar qəbul etmişdi, dolaşıq bir sual verdi və Ərsənin biliyini öz bildiyi kimi qiymətləndirdi:
– Kafi, get.
Ərsən etiraz etmək istədi, lakin professor Həsənov ona danışmağa imkan vermədi, assistentə üzünü tutub dedi:
– Mən belə başa düşürəm ki, bununla vaxt itirməyə dəyməz.
Assistent cavan Səməd müəllim çıxılmaz vəziyyətdə qalmışdı. Qəlbində Ərsənın cavablarını əla qiymətləndirsə də, üzdə professor Həsənovun sözlərini təsdiqləmək məcburiyyətində idi. Ərsənə “kafi” yazdılar. Ərsən hiddətlənir, özündən çıxmaq dərəcəsinə gəlir, rektorluq qarşısında məsələ qaldırmaq, haqqını tələb etmək istəyirdi. Amma yaxşı başa düşürdü ki, bu universitetdə kimsə professor Həsənovun bir sözünü iki eləyə bilməzdi. Hətta, dəfələrlə şahidi olmuşdu ki, rektor professor Həsənovla ehtiyatlı hərəkət edir, ondan çəkinirdi.
Professor Həsənovun saçları çallaşmışdı, 55-60 yaşlarında uca boylu, dolu bədənli kişiydi. Domba gözləri bir az da qıyıq idi. İyirmi il əvvəl hazırladığı mühazirələrini hər il təkrar-təkrar oxuyar, hərdən, ümumiyyətlə mühazirələrini boş buraxar, yaxud da kafedrada olan gənc aspirantlardan birini onun əvəzindən mühazirə oxumağa göndərərdi.
Professor Həsənovun bəxti gətirmişdi. Oğlu Moskvada ali təhsil almışdı, tələbəlik zamanı rastlaşdığı, sonradan evləndiyi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsini katiblərindən birinin qızıydı, beləliklə də beynəlmiləl bir ailənin başçısı kimi Həsənov arxasını dağa söykəmişdi. Hər dediyi söz universitetdə qanuna çevrilmişdi. Professor Həsənov belə adamıydı.
Ərsənin əsəbləri gərilmişdi, bıçaq vursan qanı çıxmazdı. Həyatında rastlaşdığı amansız zərbələrdən birini almışdı. Professor Həsənovun qeyri-etik hərəkətini sinirə bilmirdi. Dayısı professor Səlim Axınlınun “bəzən elə hadisələrlə rastlaşırsan ki”... sözlərinin cücərdiyini görürdü. Nə etmək? Çıxış yolunu necə tapmaq? Belə anlarda xəyalpərvər gənclər utopik sosialistlər kimi nümunəvi cəmiyyət qurulması haqqında fikirləşirdilər. Sosialist quruluşu ideal bir cəmiyyətin formalaşmasına gətirib çıxartmalıydı. Ərsənə elə gəlirdi ki, proletariatın dahi rəhbəri V.İ.Leninin siyasi irsi bütünlüklə bu suallara cavab versə də, amma yerlərdə bəzi rəhbər kadrlar tərəfindən pozulurdu. Yerlərdən gedən şikayətlər nə Bakıda, nə də Moskvada birinci şəxslərə çatmırdı. Professor Həsənovun da hərəkətləri, universitetdə yeritdiyi qeyri-etik tərbiyə metodu, yaratdığı qruplaşmalar eyni zamanda sosialist prinsiplərinin pozulmasıydı.
Ərsən təslim olmaq istəmir, professor Həsənovun universitet müəlliminə yaraşmayan hərəkətlərinin ən azından islah edilməsi yollarını düşünürdü. V.İ.Leninin “Nə etməli?” əsərini yenidən oxuyub öyrənmək, mübarizə metodlarını mənimsəmək və təkmilləşdirmək gərəkirdi. Bu düşüncələrlə xəyallar qurur, həyatın acı zərbələrinin ağrılarını azaltmağa çalışırdı. Amma gəncliyin gözlənilməyən özünəxas xüsusiyyətləri var ki, kimi harada, hansı məkanda yaxalaması taleyin təqdiridir. Belə bir tale Ərsəni də gözləyirdi.
Universitetin həyətindən çıxıb avtobus dayanacağına gəldi. Yorulmuşdu, ona görə də həmişə piyada getdiyi bu qısa yol gözünə dururdu. 39 nömrəli avtobusa mindi. Özünü tez yataqxanaya çatdırmaq, uzanıb dincəlmək, hər şeyi unutmaq istəyirdi. Amma ... Gözləri iki gözə sataşdı, bu gözlərin qapaqları ani də olsa açılıb ona baxdı, daha sonra yerə dikildi.
Bu gözlər İlahidənmi yaranmışdı, qüdrətdənmi çəkilmişdi, bilmədi. Bir onu hiss etdi ki, bu gözlərin əsiri olub, necə olursa olsun bir də, bir də baxmaq, bir də o gözləri görmək istəyirdi. Lakin avtobusda adamların sipəri ona mane olur, bu gözlərin sahibini yaxından görməyə imkan vermirdi. Təkcə o gözləri və sifətin bir hissəsini görürdü. Uzun kipriklərin üstündən dartılmış qaşlar, ağ ilə bir az buğdayi rəngin qarışığında olan alnının üstündə qıvırcıqlanmış olan qara tellər nə deyirdi görəsən? İlahi, bu gözlərin sahibi kim idi. Bəlkə mənim taleyimdə doğulmuş bəxt ulduzumdur. Bu gözlər məni rahat qoymur! Bu nə baxışdır, qəlbimdə tabım qalmadı. Mən həmişə belə bir oda düşəcəyimdən qorxurdum, İlahi! Nə üçün sən məni belə oda mübtəla etdin? – Ərsən qəlbində vuruşan hisslərin təsirindən özünü zorla saxlayırdı. Artıq hansı dayanacaqda avtobusdan enməli olduğunu unutmuşdu. Diqqəti yalnız o gözlərə dikilib qalmışdı, barmağını kəssəydin xəbəri olmazdı.
Avtobus dayandı, bu gözlərin sahibi tərpəndi. Ərsən da tərpənib avtobusdan yerə endi. O gözlərin sahibi gedirdi. Ərsən isə bir yerdə dayanıb durmuşdu, əqli başından çıxmışdı, gedən qızın ardınca baxırdı. O gözlərin sahibi yaxındakı döngəni burulub gözdən itdi. Xeyli müddət Ərsən yerindən tərpənə bilmədi, elə bil yerə mıxlamışdılar onu, professor Həsənovun haqqında düşündüklərini unutmuşdu, bəlkə özünün də bir fərd olaraq mövcudluğunu unutmuşdu, anlayırdı ki, həyatında yeni bir mərhələ, yeni dövr başlayırdı.
Ardı var
--
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər