“Türkiyə milli təhlükəsizliyini bəhanə edərək bölgədəki terror qruplaşmalarına dəstək verməyə davam edir və həmlələrilə regional terrorizmi maliyyələşdirir”.
Ovqat.com xəbər verir ki, bu iddialar Suriya Xarici İşlər və Mühacirlər Nazirliyinin bir rəsmisi tərəfindən irəli sürülüb.
Adı açıqlanmayan rəsmi şəxs ölkənin rəsmi xəbər agentliyi SANA-ya müsahibəsində Suriya rəhbərliyinin bölgədəki böhranı dərinləşdirməyi hədəfləyən ABŞ müdaxiləsini sərt bir dillə qınadığını da xatırladıb.
ABŞ-ın Suriyanın suverenliyinə və bütövlüyünə açıq şəkildə müdaxilə etməyə çalışdığını deyən mənbə, ABŞ - Türkiyə arasında bağlanan sazişi qəti şəkildə rədd etdiklərini açıqlayıb.
Regiondakı böhranın həlli üçün bütün tərəflərin milli sərhədlərinə qayıtmasının lazım olduğunu söyləyən qaynaq bildirib ki, 8 il boyu hər cür terrorizmlə mübarizə aparan Suriya Ərəb Respublikası öz torpaqlarında terror tamamilə məhv olana qədər vuruşacaq.
“Suriya xalqı bundan sonra ölkənin birliyini, müstəqilliyini və milli iradəsini qorumaq üçün daha qərarlı və əzmli olacaq”.
Paylaş: