ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Birləşmiş Ştatlarda azı 81 321 koronavirusa yoluxma qeydə alınıb. Bu rəqəm Çin və İtaliyadan, eləcə də dünyanın istənilən ölkəsindən çoxdur.
***
Koronavirus yoluxmaları ABŞ ordusundan da yan keçməyib.
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” təyyarə daşıyan gəmisinin azı 25 hərbçisi koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən CNN teleşirkəti məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, təyyarədaşıyanın içində daha onlarla yoluxmuş aşkarlana bilər. ABŞ-ın Hərbi Dəniz Qüvvələri naziri vəzifəsini icra edən Tomas Modli bildirib ki, “Theodore Roosevelt”də 3 yoluxma hadisəsi aşkarlanıb. Cümə axşamı isə o qeyd edib ki, virusa yoluxanların sayı artıb.
Modlinin sözlərinə görə, yaxın vaxtlarda gəmidə olanların hamısı koronavirus testindən keçəcək. “The Hill" qəzetinin məlumatına görə, “Theodore Roosevelt” gəmisində 5 min hərbçi xidmət keçir.
***
“Birləşmiş Ştatların koronavirusa yoluxma hallarının sayı üzrə dünyada birinci yerə çıxması yaxşı işləyən sistemlə izah olunur”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə keçirdiyi brifinqdə deyib.
ABŞ prezidentindən Birləşmiş Ştatların koronavirusa yoluxanların sayına görə Çini ötməsi barədə son məlumatları şərh etməyi xahiş ediblər. “Düşünürəm ki, bu, bizim sınağı necə keçirməyimizlə izah olunur. Biz inanılmaz sayda insanı yoxlayırıq", - ABŞ prezidenti bildirib.
"Əminəm ki, Çində kimi yoxlamalarını və kimi yoxlamadıqlarını demək mümkün deyil. Düşünürəm ki, bu, kifayət qədər çətindir", - Tramp iddia edib. "Heç kim bilmir ki, Çində hansı rəqəmlər mövcuddur", - ABŞ prezidenti deyib.
ABŞ-ın federal və yerli hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə koronavirusa 83,8 mindən çox yoluxma qeydə alınıb. Bu, dünyanın bütün ölkələrindən yüksək göstəricidir. Birləşmiş Ştatlarda 1,2 mindən çox insan pandemiyanın qurbanı olub.
Paylaş: