Xəbər lenti

 
 
“Bu gün Azərbaycanda virusun kıskin şəkildə yayılması hələ ikinci dalğa demək deyil. Amma bu gedişlə ikinci dalğa labüd ola bilər”.
 
AMİP Mərkəzi Şurasının sərdi, tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev Ovqat.com-a verdiyi açıqlamada belə deyib.
 
Bəs ikinci dalğaya yaxalanmamaq üçün nə etməliyik? Hakimiyyətin həyata keçirdiyi tədbirlər yetərlidirmi?
 
A.Əliyevin fikrincə, hökumət bu istiqamətdə müəyyən qərarlar verib, karantin müddəti elan edilib, izoliyasiya rejimini sərtləşdirilib, amma bunlar pandemiya ilə mübarizədə rəsmi qurumların gördüyü hüquqi tərəflərdir: “Həkimlər də fikirlərini bildirir, xəstəliyə qarşı mübarizədə ön sırada yer alırlar. Cəmiyyətdə isə, təəssüf ki, hələ də virusun olduğuna inanmayanlar var.  Onlar sanitar qaydalara əməl etmirlər. Halbuki indiki vəziyyət ciddi şəkildə sanitar-gigiyenik qaydalara əməl etməyimizi tələb edir.  Ərzaq mağazalarında satıçıların mütləq əksəriyyəti əlinə əlcək taxmır.  Gün ərzində çörəyə çoxsaylı əllər dəyir. Digər tərəfdən, şəhərin mərkəzi hissəsi əsaslı şəkildə dezinfeksiya olunsa da, əraf yerlərdə məsələyə ötəri baxırlar. Bu mənada insanların ciddi şəkildə məsuliyyətli olmasına ehtiyac var”.  
 
Pandemiya ilə mübarizədə sanitar-gigiyenik normalara ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayan Aydın həkimin fikrincə, çalışmalıyıq ki, qida məhsulları ilə öz-özümüzü təmin edə bilək: “Bu ölkə vətəndaşlarımızın immun sistemini gücləndirən əsas şərtdir. Təmiz su, təmiz qida və təmiz hava qəbul etməliyik.  İtirdiyimiz   enerjiyə  uyğun qidalanmalıyıq.  Düzgün istirahət və düzgün vitamin qəbulu da vacib elementdir.  Məhz immun sisteminin gücləndirilməsi  fonunda bədənimiz istənilən xəstəliyə qarşı dözümlü olur”. 
 
 
Ancaq əksər hallarda  adi qidaları belə xaricdən gətirib istehlak etdiyimizi deyən həmsöhbətinizin bildirdiyinə görə, bu da bizim immun sistemimizin zəifləməsinə yol açır: “Bu tövsiyələrə qulaq asmasaq, təbii ki,   yanımızdan yel keçən kimi xəstələnəcəyik.  İndiki şəraitdə xüsusən hər bir vətəndaşın ciddi səhiyyə mədəniyyətini gözləməsinə ehtiyac   var.  Amma təəssüf ki, cəmiyyətin sağlamlıq mədəniyyəti aşağı səviyyədədir.  Həkim   və rəsmi qurumların dediyinə qulaq asmalı, sanitar-gigiyenik normalara əməl etməliyik. Əks halda, pandemiyanın ikinci dalğası hər zaman gözlənilə bilər”.
 
   


Ana səhifəyə qayıt        Baxış: 3 983          Tarix: 1-07-2020, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma