Xəbər lenti



Azərbaycanın xarici siyasət idarəsində baş verənlərin ortaya çıxartdığı suallar; “təhlilçilər islahatların davamını istəyirlər...

Son zamanlar Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı ortaya çıxan həqiqətlər və dəhşətli faktlar cəmiyyətdə nifrətlə qarşılanıb. Düzdür, digər nazirliklərlə bağlı aşkarlanan korrupsiya və rüşvət faktları da birmənalı şəkildə etirazlar doğurub, dövlətin büdcəsini dağıdanlar, xalqın pullarını mənimsəyənlər birmənalı olaraq lənətlənib. Lakin cəmiyyətini adətən, fərqli münasibət bəslədiyi bir qurum ətrafında yaşananlar heyrət doğurub.

Bu həm də ordan irəli gələn münasibətdir ki, xarici siyasət idarəsi təkcə ölkəmizin digər dövlətlərlə münasibətinə cavabdeh deyil, həm də bu qurumun adı Qarabağ danışıqlarında on illərdir ki, öndə gəlir. Məhz nazir Elmar Məmmədyarov başda olmaqla, XİN-ə bağlı şəxslərin fəaliyyətinə həssas münasibət sərgilənir. Qısası, Azərbaycan xalqı Ermənistanla saysız-hesabsız görüş keçirən baş diplomatdan Qarabağla bağlı milli maraqlarımıza uyğun xəbərlər gözləməkdə ikən məlum oldu ki, XİN-də rüşvət və korrupsiya tüğyan edirmiş. Bu mənada Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatın müstəsna əhəmiyyəti var. Proses gizli şəkildə davam etsə, kim bilir nə kimi daha ciddi fəsadları olardı.
Təsəvvür edin, Azərbaycan diplomatiyasının 101-ci ildönümündə media XİN-də keçirilən əməliyyatdan yazır, bu hadisə gündəmin baş mövzusu olub. Rəsmi məlumata görə, Bakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Nurupaşa Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb və onların şikayəti təmin edilməyib. DTX tərəfindən tutulan Səlim Əlizadə isə barəsində seçilən həbs-qətimkan tədbirindən şikayət verməyib. Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Amma hər kəsi düşündürən suallara hələ cavab verilməyib. XİN-dəki əməliyyatdan sonra bu qurumda nə dəyişəcək? Həbslər bitdimi, yoxsa davamı gələcək? Baş verənlərə görə məsuliyyət daşıdığı əksəriyyət tərəfindən bildirilən cənab Məmmədyarovun taleyi necə olacaq?

Hələlik nazir ondan gözlən istefa ilə bağlı addım atmağa tələsmir. Amma artıq hər kəs əmindir ki, nazir bunlardan sonra ən azı Azərbaycanı işğalçı ölkə ilə danışıqlarda təmsil edə bilməz. Bu, həm də mənəvi məsələdir. Reallıq budur ki, hazırda hakim komanda “köhnələr”dən təmizlənir. Prezident İlham Əliyev rüşvətsiz, korrupsiyasız sistem yaratmaq qətiyyətini ortaya qoyub. Düzdür, bu, elə də asan deyil, çünki vaxtaşırı islahatlara qarşı müqavimətin olması barədə də xəbərlər yayılır. Prosesi irəli aparmaq çətindir, bəs uğurla sona çatdırmaq mümkün olacaqmı?
Bütün bu sualların cavabını həm də zaman verəcək, şübhəsiz ki. Görünən budur ki, cəmiyyət prezidentin həyata keçirdiyi islahatlar prosesinə dəstək verir. Hansısa məmur həbs ediləndə, işdən çıxarılanda millətin sevinci aşkar görünür, sosial şəbəkələri “yaxşı oldu” tipli status və şərhlər başına alır. Bəs bütün bu rəyin, ictimai dəstəyin yekuna təsiri olacaqmı? Yoxsa müqavimət göstərən, yeniliyi, islahatları qəbul etməyən, Prezidentlə ayaqlaşmayan məmurlar prosesi əngəlləyəcəklər?

BAXCP sədrinin müavini, siyasi analitik Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, XİN-dəki əməliyyatdan sonra bu qurumda nəyin, yaxud nələrin dəyişəcəyini istintaqın yekunu və buna uyğun veriləcək qərarlar göstərəcək: “Əslində dövlətçilik təfəkküründən azacıq anlayışı olan istənilən yüksək rütbəli məmur rəhbərlik etdiyi qurumda baş verən korrupsiya halları ilə bağlı məqamlar aşkara çıxdıqdan sonra prezidentdən və xalqdan üzr istəməli, istefa verib getməlidir. Yaxud istefa ərizəsi ilə dövlət başçısına müraciət etməlidir. Amma təəssüf ki, Azərbaycanda bu mədəniyyət hələ formalaşmayıb. Təsəvvür edin, sənə həvalə olunan bir nazirlikdə dövlətin təhlükəsizlik qurumları əməliyyat keçirir, vəzifəyə təyin etdiyin adamların cinayətkar əməlləri faktlarla üzə çıxır və sən bütün bunlardan sonra hələ də öz postunda qalmağa davam edirsən, hətta keçirdiyin görüşlərlə, iştirak etdiyin tədbirlərlə bağlı məlumatlar yayırsan. Xarici İşlər Nazirliyi başdan-ayağa rekonstruksiya olunmalıdır. Xüsusi olaraq qeyd edim ki, bu günədək ölkənin xarici siyasətində əldə olunan bütün uğurlar birbaşa Azərbaycan prezidentinin nüfuzu, fəaliyyəti, qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə bağlıdır. Ölkənin imicinin formalaşması, Azərbaycan mədəniyyətinin təbliği və digər humanitar tədbirlər müstəvisində ölkəmizin əldə etdiyi uğurlar isə istisnasız olaraq, Birinci vitse-prezidentin xidmətləridir. Xarici İşlər Nazirliyinin fəaliyyəti isə keçirilən əməliyyatlardan bəlli olduğu kimi, əsasən viza satmaqdan, faiz almaqdan və digər korrupsiya əməllərindən ibarət olub”.

E.Mirzəbəyli kadr bankı ilə bağlı fikirlərini də bölüşdü: “Bu gün Xarici İşlər Nazirliyində, ayrı-ayrı dövlət qurumlarında və bu qurumlardan kənarda kifayət qədər təcrübəli, yetkin, ölkənin maraqlarını qorumaq potensialında olan, korrupsiyaya bulaşmamış peşəkar diplomatlar, siyasətçilər var. Yəni Xarici İşlər Nazirliyinin rekonstriksiyası üçün yetərli sayda kadrımızın olduğu qənaətindəyəm”.

Cəmiyyətin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tətdbirləri çərçivəsində həyata keçirilən əməliyyatlara dəstəyinə gəldikdə isə, politoloq qeyd etdi ki, bunu elə vətəndaşların prezident İlham Əliyevin islahatlarına dəstəyi kimi qiymətləndirmək lazımdır: “İslahatların və bu istiqamətdə yürüdülən siyasətin geriyə dönüşü yoxdur. Prezident və komandası bu islahatları həyata keçirməkdə qətiyyətlidir, cəmiyyət də prosesə birmənalı dəstək verir. Yəni islahatların həyata keçrilməsi və effektiv nəticələrin əldə olunması üçün lazım olan bütün amillər yerli-yerindədir”.
BAXCP funksioneri qeyd etdi ki, aparılan islahatların uğur qazanacağına inanır: “Mənsub olduğum siyasi partiya və onun lideri 2008-ci ildən başlayaraq, islahatların labüdlüyü və prosesin yuxarıdan aşağı aparılmasının vacibliyi barədə mesajlar verir. Bu gün biz çox şadıq ki, islahatlar yuxarıdan aşağı, kataklizmlər olmadan aparılır və təbii ki, biz də bu prosesi açıq şəkildə dəstəkləyir, islahatların indikindən daha sürətli aparılmasını arzulayırıq”.

Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyanın müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun qənaəti budur ki, XİN ətrafında baş verənlər yuxarıdakı suallarda qeyd olunanlardan daha çox digər məqamlarla bağlıdır: “Bu gün daxili siyasi proseslər təkcə daxili amillərdən asılı deyil. Müxtəlif ölkələrin ən müxtəlif sahələrə qədər ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışması, müxtəlif təzyiq və təsir vasitələrinin işə salınması da dünyada adi hala çevrilib. Düşünürəm ki, XİN-in mərkəzi binası və xaricdəki səfirliklərimiz barəsində tezliklə qərar qəbul ediləcək. Hər halda, aidiyyəti qurumların bu istiqamətdə araşdırmaları davam edir. Hər kəs bilməlidir ki, bu xalqa və dövlətə sədaqətlə qulluq etmək lazımdır. Prezident məmurlar qarşısında mühüm vəzifələr qoyub, Azərbaycan dövlətçiliyi yeni mərhələdədir. Biz hətta pandemiya dövründə belə ölkədəki dəyişikliklərin şahidyik. Bundan sonra da davamını görəcəyik”.
Z.Məmmədov düşünür ki, XİN-də əməliyyatlar davam edir, bu, sadəcə, vəziyyətin görünən və ilk hissəsidir: “Görünən odur kı, qurumda köklü dəyişikliklərə ehtiyac var. Məmmədyarov barəsində son zamanlar yayılan məlumatlar və bu fonda nazirin susması onun əleyhinə olan məsələdir. Hər halda, xarici İşlər naziri çox mühüm vəzifədir. Görünən odur kı, başdan-ayağa dəyişikliklər labüddür”.

Oxucularımızın nəzərinə çatdırırıq ki, “Yeni Müsavat” olaraq israrla XİN-dən, konkret olaraq nazir E.Məmmədyarovdan mövqe almağa cəhd edirik. Lakin hələ ki, cəhdlərimiz nəticə vermir. Nazir media qarşısına çıxıb özü ilə əlaqədar bir çox məsələlərə aydınlıq gətirə bilər, heç olmasa Qarabağla bağlı durumun nə yerdə olduğu barədə sualları cavablandıra bilər, nə qədər ki, nazir postundadır, bu, onun birbaşa vəzifəsidir...
Axşam saatlarında Xarici İşlər naziri unikal.org saytına açıqlama verib. E.Məmmədyarov qısa açıqlamasında baş verənlərə təəssüfləndiyini bildirib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.
Hər halda, nazir sükutu pozdu...
Elşad PAŞASOY,
“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 837          Tarix: 11-07-2020, 13:51      


Paylaş:   

Ən çox oxunanlar