Xəbər lenti

  

“Xarici şirkətlərin Azərbaycanı tərk etməsindən xoflanmağa dəyməz. Onlar Azərbaycan iqtisadiyyatına investisiya qoymayan şirkətlərdir. Sadəcə, öz məhsullarını ölkəmizdə satmaq üçün satış filialları qurmuşdular, indi isə əvvəlki kimi qazana bilmədiklərindən Azərbaycanı tərk edirlər”.

Ovqat.com xəbər verir ki, tanınmış iş adamı Mürvət Həsənli “Colgate” şirkətinin Azərbaycanda fəaliyyətini dayandırmasını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, hər ölkənin iqtisadi həyatında bir müddətdən sonra böhranlar baş verir: “Böhranlar əslində yeni bir mərhələyə keçmək zərurətinin xəbərçisidir və ölkələri buna təşviq edir. Azərbaycan da hazırkı mərhələdə neft erasından qeyri-neft erasına keçir və ölkə başçısı İlham Əliyev də bir neçə il əvvəl bunu açıq şəkildə bəyanlamışdı. Bu, yeni mərhələyə keşid zərurətinin siyasi hakimiyyət tərəfindən də başa düşüldüyünün  və bu istiqamətdə konkret addımlar atdığının göstəricisidir”. Qeyri-neft sektorunun inkişafı mərhələsində Azərbaycan iş adamlarının və hakimiyyətinin qarşısında mühüm vəzifələr dayandığını vurğulayan Mürvət Həsənli bəzi xarici şirkətlərin ölkəmizi tərk etməsini də bu amillə əsaslandırır:

“Onlar başa düşürlər ki, artıq Azərbaycan öz yerli sənaye müəssisələrini yaradacaq və yerli məhsullarını bazara çıxaracaq. Bu isə xarici şirkətlər üçün yeni rəqabət potensialının yaranması və qazanma imkanlarının azalması mənasına gəlir. Görünür, bu zamanadək Azərbaycana “rahat loxum” kimi baxan həmin şirkətlər əvvəlki kimi qazana bilməyəcəklərini anladıqlarından burda daha artıq tər tökmək arzusunda deyillər. Onların qarşısında hələ sənayeləşmə mərhələsinə qədəm qoymayan daha rahat bazarlar var. Həmin şirkətlər daha az əməklə daha çox qazanmaq potensialını nəzərə alıb bizim ölkəmizdəki fəaliyyətlərinə rentabelsiz kimi baxırlar və bu da onlar baxımından normaldır”.

Mürvət Həsənli xarici şirkətlərin ölkəmizi tərk etməsiylə yaranan boşluğu öz yerli müəssisələrimizin doldura bilməsi və onlar üçün daha rentabelli iqtisadi mühitin yaranması baxımından  daha faydalı sayır: “Vaxtilə erməni sərmayəsilə qurulan və Azərbaycana damazlıq yumurta satan “Emre Piliç” kimi şirkətlər də bizim bir çox yerli quşçuluq təsərrüfatları üçün əvəzedilməz sayılırdı. Lakin cənab Prezidentimizin təşviqiylə yerli damazlıq təsərrüfatları yaradıldı və qısa zaman ərzində Azərbaycanın tələbatını tam ödəyəcək qədər məhsuldar oldular. Bununla da həm öz ölkəmizdə xeyli iş yerləri açıldı, həm ölkə iqtisadiyyatımız inkişaf etdi, həm də qida təhlükəsizliyi məsələsi həll olundu. Artıq bu sahədə Azərbaycan heç bir ölkədən və şirkətdən asılı deyil. Eynilə, digər sahələrdə yaranan boşluqlar öz yerli təşəbbüskarlarımız tərəfindən rahatlıqla doldurula və Azərbaycan o zaman qeyri-neft sektorunun inkişafı dövlət proqramını layiqincə yerinə yetirdiyindən ağızdolusu danışa bilər. Hesab edirəm ki, Azərbaycana qaz vurub, qazan doldurmaq üçün gələn xarici şirkətlər ölkəmizi tərk etdikcə, yerli investorlarımız bu fürsətdən daha rahat yararlanacaqlar”.




Ana səhifəyə qayıt        Baxış: 2 062          Tarix: 5-10-2017, 00:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma