Xəbər lenti

 

Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsiylə, onun rentabellik dərəcəsi də müzakirə edilməyə başlayıb. Azərbaycan hakimiyyəti bununla tarixi “İpək yolu”nun bərpa edildiyini bildirsə də, eks-spiker Rəsul Quliyev saytımıza açıqlamasında layihənin deyildiyi qədər əhəmiyyətli olmadığını vurğulamışdı.

ADR Hərəkatının lideri Qubad İbadoğlu da bu gün layihə ilə bağlı müzakirələrə qoşuldu. Qubad bəyin öz facebook səhifəsində BTQ ilə bağlı yaydığı açıqlamasını Ovqat.com oxucularına təqdim edirik:

 

 

Tikintisi 10 ildən çox davam edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın və regionun iqtisadiyyatı üçün önəmli hadisədir. Azərbaycanın əlverişli və strateji cografi mövqeyindən, bu sahədə malik olduğu təbii üstünlüklərdən regional layihələr vasitəsilə bəhrələnmək siyasətini düzgün hesab edirəm. Amma, mən belə layihələrin nə qlobal və nə regional əhəmiyyətini kiçiltmədən demək istərdim ki, nəqliyyat infrastrukturu xidmət sahəsi olaraq həmişə real sektorda məhsullarının istehsalından, hərəkətindən və daşınmasından asılı olaraq inkişaf edir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin praktikliyini və səmərəliliyini artıran vacib həlqə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infratsurkturunun yaradılmasıdır. BTQ işə salınsa da liman kompleksində 7 ildən artıqdır ki, tikinti işləri davam edir. Hər iki layihəniin tikintisi korrupsiya ilə müşahidə olunduğundan illərlə yubanıb. Əslində nəqliyyat infrastrukturunun birinci həlqəsinin tikintisi hələ 5 il bundan əvvəl başa çatmalı və bu ilə qədər də xərclərinin bir hissəsini də örtməli idi. Vaxtında korrupsiyaya yol verilməsəydi və gecikdirilməsəydi bu layihə tam zamanında 2012-ci ildə işə düşsə idi, hazırda bölgə üçün daha çox əhəmiyyət kəsb edərdi. Bu layihənin uzanması həm də onun xərclərinin artırdı. Bu xərclərin bir hissəsinin mənimsənilməsi də onu smeta dəyərini daha da çoxaltdı. İstənilən halda daha bir layihə başa çatdı. Bu həm də ona görə sevindiricidir ki, həmin sahədə korrupsiya imkanları azaldı.

   Dövlət Neft Fondunun məlumatına görə, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinə birbaşa olaraq 569,1 mln. manat vəsait ayrılıb ki, onun da 165 milyon 825 min manatı bu ilin büdcəsinin payına düşür. Bununla yanaşı, BTQ layihəsinin Gürcüstan hissəsinin tikintisi və rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan höküməti tərəfindən 775 milyon dollar, o cümlədən, illik dərəcəsi 1 faiz olmaqla 25 il müddətinə 200 milyon dollar və illik dərəcəsi 5 faiz olmaqla ikinci tranş üzrə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. Bütövlükdə bu layihəyə Azərbaycan tərəfi 1 milyard 344 milyon manat vəsait xərclənib. Bundan başqa Türkiyə tərəfi də bu layihəyə əlavə olaarq 500 milyon dollaradək vəsait ayırıb. Təxminən 2 milyard manatdan çox dəyəri olan bu layihənin yaxın gələcəkdə xərclərini ödəcəyi gözlənilən deyil. Bunu gecikdirən əsas səbəblərdən də biri də bölgədə sosial-iqisadi durumun və biznes şəraitinin pisləşməsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infratsurkturunun yaradlmasına büdcədən ayrılan vəsait də 100 milyonlarla ölçülür. Hesab edirəm ki, bütövlükdə nəqliyyat dəhlizinin rentabelliyini təmin etmək üçün Azərbaycan vergi və gömrük qanunvericiliyində, nəqliyyatda daşınma tariflərndə islahatlar aparılmalı, ümumilikdə isə Ələt Azad Ticarət Zonasında avtonom hüquqi rejim yaradılımalı, sərbəst valyuta və əlverişli biznes mühiti formalaşdırılmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 962          Tarix: 2-11-2017, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma