“Bakı-Tiflis-Qars dəmir yolu xətti istənilən variantda Avropa və 2 Zaqafqaziya respublikası arasında və həmçinin İrana qədər ucuz yükdaşımasını intensivləşdirməyə imkan verə bilər. Əgər Xəzərdən Turkmənistana parom yükdaşımaları müasir səviyyəyə çatdırılsa, bu əlaqələri Avropadan Çinə, Hindistana, Koreyaya, Pakistana qədər də davam etdirmək olar”.
Ovqat.com xəbər verir ki, eks-spiker Rəsul Quliyev yeni açılan Bakı-Tiflis-Qars dəmir yolu xəttini əməkdaşımıza şərh edərkən, belə deyib.
Bununla belə, Rəsul Quliyev haqqında bəhs etdiyimiz dəmir yolu xəttinin arzulanan səviyyədə işləməsi üçün müəyyən şərtlərin olduğunu da bildirib. Onun fikrincə, başlıca şərtlərdən biri yükdaşımasının sürəti və qiymətidir:
“Bu transportun işləməsi malların hansı sürətlə və hansı qiymətə daşınmasından asılıdır. Dəmir yolu gəmi və avtomobil nəqliyyatı ilə rəqabətdədir. Əgər dəmir yoluyla yük daşımaq baha olsa və daha gec müştəriyə çatsa, onun işləmə şansı azalacaq. Mənim fikirimcə, dəmir yoluyla yuklərin daşınmasının yaxın gələcəkdə perspektivi çox da yuxarı deyildir.
Üstəlik, avtomobillə yük daşınmasının bir çox üstün cəhətləri var. Birincisi, yüklər göndərənin anbarından götürülüb birbaşa alıcıya çatdırılır. Yük dəmir yolu stansiyalarındakı anbarlara, oradan isə vaqonlara yığılmır. Digər tərəfdən, alıcı yükləri yenidən dəmir yolu stansiyasının anbarından götürmür. Əgər yanacaqın qiyməti aşağı olsa, TIR-larla mal daşımaq (TIR-ların bir üstünlüyü də özəl olmasıdır) daha əlverişlidir. Böyük tonnajlı malların daşınmasında isə gəmi əvəzedilməzdir”.
Bir sözlə, Rəsul Quliyevin fikrincə, dəmir yolu nəqliyyatı getdikcə əhəmiyyətli itirən vasitələrdəndir. Bəs, o zaman Bakı-Tiflis-Qars dəmir yolu üzərində bu qədər təntənə qurmaq nəyə lazımdır? Ən önəmlisi isə Qərbin bu qədər strateji layihəni görməzdən gəlməsi nəylə izah edilə bilər?
Məlum olduğu kimi, Azərbaycan hakimiyyəti bu xətti tarixi “İpək yolu”nun yenidən bərpası kimi təqdim edir və onun Çindən Avropaya qədər uzanan ticarət əlaqələrində mühüm yer tutacağı perspektivinə bel bağlayır. Amma nədənsə, Qərb ölkələri üçün də bu qədər böyük əhəmiyyəti olan dəmir yolunun açılmasına Avropa ölkələrinin xəbər agentlikləri tam laqeyd qaldılar. Qərb üçün “canıyananlığımızın” bu cür laqeyd qarşılanması isə Azərbaycanın məşhur atalar sözünü yada salır: “Qız evində toydur, oğlan evinin xəbəri yox”.
Eks-spiker ilk baxışdan xeyli qəribə görünən bu ziddiyyətə də aydınlıq gətirib: “Fikirimcə, layihənin deyildiyi kimi, qlobal əhəmiyyəti yoxdur. Bu layihə iqtisadi cəhətdən səmərəli olacaqsa, ondan yalnız 3 ölkə müəyyən dividentlər əldə edəcək, əks halda, iflasla üzləşəcək”.
Həmsöhbətimizin fikrincə, Bakı-Tiflis-Qars dəmir yolundan ən çox Gürcüstanın qazanacağı aksiomadır: “Çünki istənilən variantda Azərbaycandan Türkiyəyə və ya əksinə mal daşınacaq və Gürcüstan da yol pulunu yığacaq. Divident əldə edəcək ikinci ölkə Türkiyədir. Onun isə başında Osman imperiyası yaratmaq (Qardaşı Putin isə Rus imperiyası, ən azı, Sovet ittifaqı qurmaq eşqinə düşüb) xəstəliyinə tutulmuş Ərdoğan dayanıb və bu dəmir yolunu imperiyanın yaradılmasında vacib addım kimi qəbul edir. Nəzərə alsaq ki, ətrafındakı yaltaqlar hər gun bunu təsdiqləyir və onu yeni imperiyanın başçısı kimi təqdim edirlər, Ərdoğanın ruhi vəziyyətini təsəvvür etmək olar.
Azərbaycan rəhbərliyi isə özünü yeni “İpək yolu”nun yaradıcısı kimi qəbul edir. Və ətrafınfakıların məddahlığından feyziyab olub Qərb ölkələrinin bunu anlamamasının səbəbini erməni lobbisinin oyunpozucu fəaliyyətində axtarır”.
Nəzərə alsaq ki, Bakı-Tiflis-Qars dəmir yolu Çindən Avropaya uzanan ticarət xəttinin Rusiyadan keçməsi proyektinə alternativdir, o zaman belə bir sual meydana gəlir: Moskva bu layihəni sıradan çıxarmağa çalışa bilərmi?
Rəsul Quliyev bu perspektivə də inanmır. Onun fikrincə, Rusiyaya hələ uzun müddət Ukrayna problemini həll etməklə uğraşmaq lazım gələcək: “Ən azı 6 il. Çünki Putinin növbəti 6 illik diktatorluğu başlayır. O isə 24 illik fəaliyyətində ən böyük nailiyyətini Ukraynanın torpaqlarını işğal etməkdə görür. Ona görə də Putinin bu proyektə müqavimət göstərmək şansı yoxdur. Nəzərə alsaq ki, onun bugünkü böyük qardaşı Çin də bu proyektdə tərəf ola bilər, heç bir maneçilikdən söhbət gedə bilməz”.
Paylaş: