Xəbər lenti

 

Nazim Əkbərov – bu böyük pedaqoqu Naxçıvanda Təhsil naziri olduğu vaxtlardan tanıyıram. Biz Türkiyə universitetlərinə qəbul olunmuşduq. Səbrsizliklə nə zaman qardaş ölkəyə gedəcəyimiz günü gözləyirdik. Bizdən daha çox səbrsizlənən bir adam vardı -Naxçıvan MR-nın Təhsil naziri Nazim Əkbərov.

Nazim müəllim Türkiyədən Azərbaycana təşrif buyuran ilk təhsil "qaranquşları"na ən ciddi dəstəyi verən adam idi. Sonrakı fəaliyyəti də onlarla bərabər oldu. Uzun illər “Çağ” Öyrətim təhsil müəssisəsinin aparıcı şəxsi kimi fəaliyyət göstərdi. Türkiyədə başlayan "FETÖ-cü ovu" Nazim müəlimi də Azərbaycanda işindən-gücündən etdi. O, indi təqaüdə ayrılmış pedaqoqdur.

Azərbaycanın təhsil problemlərini dərindən bilən bu adamla təhsilimizi masaya yatırtdıq. Nazim Əkbərovun Strateq.az və Ovqat.com-a verdiyi müsahibəsini təqdim edirik:

 

– Nazim müəllim, təhsil sahəsində çox ciddi təcrübələrə maliksiniz. İstənilən sahənin ən yüksək mərtəbəsi nazirlikdir ki, sizin iş karyeranızda təhsil naziri olmaq zirvəsi də var. Üstəlik, uzun müddət ölkəmizin alternativ təhsil siyasəti yürüdən bir müəssisəsinin aparıcı şəxslərindən olubsunuz. Dolayısıyla, təhsil problemləri ilə bağl hər iki siyasətin, necə deyərlər, cikini də bilirsiniz, bikini də. Azərbaycanın təhsil mənzərəsi sizin nöqteyi-nəzərinizdən necə görünür?

– Heydər bəy, əvvəla, məni yada saldığınıza, cəmiyyətin ən ümdə məsələlərindən biri olan təhsil sahəsində hamını düşündürən məsələlər barədə fikrimi öyrənmək istədiyinizə görə təşəkkür edirəm. Mən də çalışacağam ki, sizin suallarınıza bacardığım qədər ətraflı cavab verim.

Məktəbin, təhsilin hansı problem var? Sual mənə bir türk lətifəsini xatırlatdı. Deyir, Osmanlı ordusu hansısa bir döyüşdə qalib gələ bilmir. Padşah sərkərdəni çağırıb bunun səbəbini soruşur. Sərkərdə cavab verib deyir: “Padşahım, bunun iyirmi bir səbəbi var.” Padşah qaşlarını çatır, bu dəfə daha ciddi tərzdə soruşur: “Nədir o iyirmi bir səbəb?” Sərkərdə barmağının birini yumur, saymağa başlayır: “Birincisi, padşahım, barıtımız qurtarmışdı…” Padşah sərkərdəni saxlayır, deyir: “Kifayətdir, qalan iyirmi səbəbi saymağa gərək yoxdur.”

İndi, Heydər bəy, bizim təhsilin problemləri çoxdur, amma bunların başında gələni – “barıtı” desəm, yəqin ki, digərlərindən danışmağa ehtiyac qalmayacaq. Bu “barıt” fədakar müəllimdir. Bizim təhsilin fədakar müəllimi yoxdur. Müəllimdə fədakarlıq ruhu ölübdür, həm də bu gün yox, sovet dövrünün 30-cu illərindən sonra.

Təhsilə rəhbərlik etdiyim illərdə qəbula gələnlərin hansı sözünə çox əsəbiləşirdim, bilirsiz? “Qızıma (oğluma) bir iş verin, dolansın.” Müəllimlik dolanışıq vasitəsinə çevrildi, müəllimlik peşəsini əmək haqqına, gündəlik güzəran qayğılarına bağlayandan sonra fədakarlıq ruhu öldü. Mənim məktəbli olduğum illərdə – keçən əsrin 50-60-cı, qismən 70-ci illərində bu ruh bir az qalmışdı. Müəllimlər geridə qalan şagirdlərlə fərdi məşğul olurdular, onlara əlavə dərslər keçirdilər, imtahanlar ərəfəsində, imtahana iki ay qalmış bütün məktəb bu işə səfərbər olurdu, xəstə şagirdləri ziyarət edib onlara evdə dərsi izah edirdilər, kasıb şagirdlərə öz ciblərindən yardım edirdilər və s. və ilaxır. İndi belə müəllim göstərə bilərsinizmi? Bəlkə də rayonlarda, kəndlərdə tək-tük qalıb, amma Bakıda , demək olar ki, bütün müəllimlər şagird ovu ilə məşğuldur. “Pul, pul!”-deyib nərə çəkirlər.

– Bəs bunun təqsiri kimdədir, müəllimdə, yoxsa bir başqası da var?

– Təqsir sistemdədir. Sovet dövrü müəllimi partiyalı ziyalı idi, kommunist partiyasının, sovet hökumətinin yumşaq desək, xadimi idi. O sistem insanı düşünməyə qoymurdu. “Sən düşünmə, deyiləni icra et,”-deyirdi, – “Sənin əvəzinə partiya düşünür, hökumət düşünür, dövlət düşünür.” Ona görə də bizim bütün sovet adamları kimi, müəllimlərimiz də düşünmək vərdişinə sahib deyildirlər, icraçı idilər. Bu sistem müəllimi düşünməyə qoymadığı kimi, şagirdi də düşünməkdən məhrum etməyə alışıb. “Sənə nə deyirlər, onu et. Nə oxuyursan, onu yadda saxla, onu danış!” “Nə qədər çox bilsən, bir o qədər savadlısan.” İndi birdən-birə müəllimə deyəndə ki, şagirdi axtarışa, düşünməyə, sərbəst nəticə çıxarmağa yönləndir, bu, ona qəribə gəlir, qəbul edə bilmir və bütün bunları rədd edir, çünki bunun üçün ən başda özü düşünməli, özü təhlil aparmalıdır.

Deyir, “Gözəl ağa çox gözəl idi, vurdu, bir yandan da çiçək çıxartdı.” Müəllim onsuz da başını itirmişdi, bir tərəfdən də bu kurikulum düşdü ortaya. Müəllim kurikulumun məntiqini anlaya bilmədi, çünki ona məntiqi öyrətməyiblər, çaşıb qaldı ortada. Başladı kurikulumu söyməyə. Budur, on ildir vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə kurikulum çıxaranı söyür. Cəzasını kim çəkir? – Şagird, cəmiyyət, dövlət.

– Nazim müəllim, siz məni qabaqladınız. Mən kurikulum barədə bir az sonra sual verəcəkdim. İndi ki söz kurikulumdan düşdü, bu sahədə niyə biz istənilən nəticəni ala bilmədik?

– Heydər bəy, kurikulum zamanın tələbidir, iqtisadi, ictimai sistemin tələbidir. Biz cəmiyyət olaraq sosializmdən imtina edib kapitalist sistemə keçmişik. Kapitalist sistemə isə problemləri həll edə bilən, bacarıqlı adamlar lazımdır. O zaman bu cəmiyyətin təhsil sistemi də bu cür insanlar yetişdirmək vəzifəsini həyata keçirməlidir. Biz dünyaya inteqrasiya olunuruq – sərhədlər qalxmış, insanlarımız sərbəst hərəkət etmək hüququ qazanmışlar. Bu gün Azərbaycanda təhsil alan şagird sabah dünyanın başqa bir ölkəsində təhsilini davam etdirməlidir. Buna görə bizim də bu sistemə inteqrasiya oluna bilməmiz üçün ənənəvi təhsil sistemindən – hafizəyə əsaslanan təhsildən kurikulum sisteminə – bacarıqlara əsaslanan təhsilə keçməmiz lazım gəlirdi. Lakin biz düşünməyə deyil, yadda saxlamağa vərdiş etmiş sovet adamlarıyıq. Biz krosvord edə bilən adamı krosvordu tərtib edə bilən adamdan üstün tutan sistemin məhsuluyuq. Yuxarıda da dediyim kimi, bizə düşünmək imkanı verməyiblər. Düşünmədən isə bir sistemdən başqa bir sistemə keçmək mümkün deyildir.

Dərdimiz bir deyil, iki deyil ki! Biz ağzımızı açan kimi Avropadan, Qərbdən dəm vururuq. Amma bunu bilməliyik ki, Avropa, Qərb təhsili özünün əlaltısı etməyib, orada təhsil cəmiyyətin lokomotividir, cəmiyyəti arxasınca aparır. Bizdə isə müəllimin gözü direktordadır, şöbə müdirindədir, təhsil nazirliyindədir, icra başçısındadır və s. Bu münvalla o, sərbəst qərarlar qəbul etmək iqtidarında deyildir. Müəllimi pambıq toplamağa, barama yetişdirməyə, üzüm yığmağa, küçə süpürməyə, rayon, şəhər tədbirlərində görüntü verməyə elə alışdırıblar ki, onun Qərb həmkarları ilə ayaqlaşması üçün hələ çox var.

– Yəni deddiyinizdən belə başa düşülür ki, təhsildəki problemlərin həlli mümkün deyil?

– Mümkündür. Amma təhsildə islahat uzun zaman və külli miqdarda, milyardlarla manat pul tələb edir. Baxın, yenə sovet dövrünə qayıdacağam. Sovet təhsil sistemi didaktikanın sadədən mürəkkəbə, asandan çətinə, yaxından uzağa prinsipi üzərində qurulmuşdu. Fənlərin tədrisinə də belə yanaşılırdı. İbtidai məktəbdə şagird əsasən oxumağı, yazmağı və saymağı öyrənirdi. Natamam orta məktəbdə tədricən fənlərin tədrisi başlayırdı, yuxarı sinfə getdikcə digər fənlər ona qoşulurdu və son sinifdə, orta məktəbdə fənlərin tədrisi başa çatırdı. Bunun yarıtmaz cəhəti bunda idi ki, hamıya – marağı, qabiliyyəti, istedadı, meyli oldu, olmadı – eyni fənlər keçilir, hamıdan eyni səviyyədə tələb edilirdi. Buna görə də bir lövhə, bir parça təbaşir, bir-iki xəritə, laboratoriya aləti ilə kənd də, şəhər də bir təhər özünü çəkib çıxara bilirdi.

Amma indi tələb başqadır. Burada bilik yox, bacarıq öndədir. Şagird bacarıq – təlim standartlarına birinci sinifdə başlayır, ilbəil onu daha da təkmilləşdirir.

Digər bir məsələ: ibtidai sinif səviyyəsinin şagirdləri ilə ümumi orta, ümumi orta səviyyənin şagirdləri ilə tam orta səviyyəsinin şagirdlərinin bir binada təlim-tərbiyəyə çəlb edilməsi anormal hesab edilir. İbtidai sinif şagirdi ilə X-XI sinif şagirdinin eyni bufetdən, eyni yeməkxanadan, eyni dəhlizdən, eyni idman sahəsindən, eyni tualetdən istifadə etməsi doğrudurmu? Yox. O zaman bugünkü məktəb üçə ayrılmalıdır. Bunun nə demək olduğunu təsəvvür edə bilirikmi?

Eyni münasibət müəllimlərə də aiddir. Bu gün şagirddən ümumi orta səviyyədə fənlərlə tanışlığı bitirib tam orta təhsil səviyyəsində differensiallaşma tələb olunur. O zaman müəllimlər də ayrılmalıdır. Differensial siniflər üçün ayrı, ümumi orta üçün ayrı müəllimlər hazırlanmalıdır.

Dərsliklər, standartlar, vəsaitlər, vasitələr, hər şey yenidən təşkil edilməlidir, müəllimlə yanaşı valideyin də bu işə hazırlanmalıdır. Cəmiyyət bunu mənimsəməlidir, dövlət yükün bir hissəsini özəl sektora təhvil verməli, əvəzində təhsilə yardım edənlər vergidən azad edilməlidirlər. Məktəblər hamısı ən yüksək, son model (bu son model ifadəsi də nisbidir) elektron informasiya vasitələri ilə təmin olunmalıdır. Bunun üçün elektron baza qurulmalıdır. Təsəvvür edirsiniz, nə qədər iş görmək lazımdır?

Bu gün ucqarlarda müəllim çatışmazlığı davam edir, amma ora gənc kadrları göndərmək heç də asan olmur. O zaman çarə Türkiyədəki kimi hər kənddə müəllim evi tikməyə qalır. Mən nazir olanda buna başlamaq istədim. Çox istəyirdim ki, kəndlərdə müəllim evləri olsun. Müəllim o evlərdə pulsuz, yaxud cüzi ödəmə ilə yaşasın, əlavə maaş alsın. O zaman ucqarların problemini həll etmək olar. Amma bu gün elə məktəb var ki, orada müəllim heç kəsə hesabat vermədən 40, hətta 50 il işləyir. Elə kənd məktəbləri vardır ki, orada xarici dillər ümumiyyətlə tədris olunmayıb və s. və ilaxır.

Bir də bütün bunları edə biləcək adamlara – kadrlara ehtiyac vardır. Buyur, yenə döndük başa! Bunun üçün isə daha çox vəsaitə və daha çox zamana ehtiyac vardır. İnsanın dəyişməsi normal qaydada üç nəslə paylanır. Bizdə isə sovet nəslindən yeni nəslə dəyişməyə hələ çox – ən az iki nəslə ehtiyac var.

– Müəllimin düşünməsinə çox vurğu saldınız. Düşünmək deyərkən, konkret bir yol göstərə bilərsinizmi? Müəllim düşünüb nə etməlidir ki?

– Bəlkə bəziləri dini mənbəyə istinad edildiyini görüncə ağız büzəcək, amma indi ağlıma bundan daha yaxşısı gəlmir. Həzrəti-Əli təhsildən danışarkən belə deyib: "Müəllim şagirdini ən az qırx il bundan sonra üçün hazırlamalıdır".

İlk baxışda bu sözdə qeyri-adi heç nə olmadığı düşünülə bilər, amma bu çox ciddi tələbdir. Müəllim, yaxud təhsili idarə edənlər 35-40 il sonra Azərbaycanın, bölgənin, dünyanın necə olacağını, hansı inkişaf səviyyəsində çatacağını, bir sözlə, qarşıya hansı mənzərənin çıxacağını bilməsələr, təsəvvür etməsələr, məktəbin yetişdirdiyi məhsul bəri başdan zay olacaqdır.

İndi mənə deyə bilərsinizmi, 30-40 il bundan sonranı düşünə, görə bilən, bunun üçün strateji plan hazırlayan neçə müəllimimiz, pedaqoji kollektivimiz var? Hansı məktəb bu inamla valideyndən övladını alıb 30-40 il bundan sonra üçün hazırlayacağına söz verir?

Bir də müəllim dərdli olmalıdır, şagirdinin təlimi ilə, tərbiyəsi ilə dərdlənməlidir. Dərdsiz müəllim müəllim ola bilməz. Bir mütəfəkkirin dediyi kimi, dərdsizsinizsə, dərd sizsiniz. Dərdsiz müəllim özü dərddir. Mən hələ məcnun müəllimləri – peşəsinin aşiqi, peşəsinin dəlisi müəllimlərdən danışmıram.

– Müəllim-şagird münasibətlərində, sizcə, bu gün çatışmayan ən mühüm amil, yaxud qüsur nədir?

– Müasir məktəbin ən böyük qüsuru, – ki bu qüsur ona öz vəzifəsini yerinə yetirməyə əngəl olur, – insana yalnız maddi varlıq kimi baxmasıdır. İnsan maddi və mənəvi varlıqdır. Müəllimin vəzifəsi bu varlığı inkişaf etdirmək, təkmilləşdirmək, başqa sözlə dəyişdirməkdir. Müəllim şagirdi nəyə görə dəyişir? Boyunu ucaltmır, səsinin tonunu dəyişmir, görməsini təmin edə bilmir, bir sözlə onun fizioloji, bioloji varlığına müdaxilə edə bilmir. Bəs nəyə müdaxilə edir? Ruhuna!

Müəllim özünü sadəcə bilik öyrədən bir vəzifəli şəxs hesab edirsə, ona müəllim deməzlər, çünki bu gün şagird biliyi müəllimdən çox başqa mənbələrdən alır, ala bilir. Müəllim şagirdi dəyişərkən, onun ruhuna, qəlbinə sirayət edir, onun hiss və duyğularını şəkilləndirir. Kamilləşmə biliyə aid deyildir, ruha aiddir. Mənim məktəbdə aldığım biliklərin çoxu heç vaxt mənə lazım olmayıb. Amma müəllimimim mənə öyrətmədiyi çox hal və davranışlara görə əziyyət çəkmişəm və çəkirəm.

Bizim məktəb darvinizmdən, materializmdən xilas ola bilməmişdir. Buna görədir ki, məktəb psixologiyası da beyin üzərində təşəkkül tapmışdır və insanın halına, hiss və duyğularına maddə gözü ilə baxır. Halbuki, bu kökündən yanlışdır. İnsan bioloji varlıq olaraq bədəndən, mənəvi varlıq olaraq ruhdan ibarətdir. Lakin biz onun ruhi varlığına da maddi (beyin) olaraq baxırıq və buna görə də heç bir problemi həll edə bilmirik. İndi məktəblərimizdə psixoloq ştatı yavaş-yavaş öz yerini tutur, amma burada da biz Qərbin natamam psixologiyasını əsas götürdüyümüz üçün dərdə tam çarə edə bilmirik.

Əgər müəllim qarşısındakı şagirdi dəyişmək, formalaşdırmaq, başqa sözlə tərbiyə etmək, ona elmin əsaslarını mənimsətmə istəyirsə, o zaman qarşısındakı şagirdin daxilinə, qəlbinə, ruhuna sirayət etməyi bacarmalıdır, mənəvi dünyasını rentgen kimi görməlidir; onu hərəkətə gətirən mexanizmləri yoxlaya bilməlidir, lətifələrini görüb onları düzgün istiqamətləndirməyi bacarmalıdır. İndi deyin, bu gün neçə müəllim əlini vicdanının üstünə qoyub, “Mən psixoloji diaqnostika aparır, təhlil edir və qiymətləndirirəm,” – deyə bilər?

– Nazim müəllim, mən yaxşı xatırlayıram, siz nazir təyin ediləndə ilk icraatınızdan biri qız məktəbi açmaq oldu, bizim bir-iki müəllimi də ora verdiniz. Sonrakı iş yeriniz olan türk liseylərində də bu ayırım var idi, oğlanlarla qızlar ayrı məktəblərdə oxuyurdular. Bu fikir, bu seçimin səbəbi nə idi? Doğrudanmı, siz təhsildə cinsi ayırıma üstünlük verirsiniz?

– Elədir, məni nazir təyin edəndə ilk işlərimdən biri qız məktəbi açmaq oldu. Amma təkcə qız məktəbi deyil, idman-hərbi təmayüllü, biologiya-kənd təsərrüfatı təmayüllü, ilahiyyat təmayüllü, bir də türk liseyləri. Amma bunların içərisində qız məktəbi xüsusi yer tuturdu. Əlbəttə, bunun da səbəbi vardır. Bəşər tarixində məktəb həmişə cinsə görə ayrı olub – oğlanlar qızlardan ayrı təhsil alıb. Yalnız XX əsrin 30-cu illərində birdən əxlaqsız Qərb bolşevizminin təsiri ilə bəşəriyyət “yuxudan oyanıb” və qızlarla oğlanları eyni sinfə doldurublar. Səbəb? Bu sualın cavabı yoxdur. Sən məktəbsənsə, dərdin qızlar yox, elm, mərifət olmalıdır. Amma oğlanlarla qızların ayrı-ayrı məktəblərdə, yaxud ayrı-ayrı siniflərdə təhsil almalarının səbəbinin cavabı vardır.

Məktəb insan yetişdirməklə məşğul olduğuna görə, burada təlim-tərbiyə verdiyin insanın fiziologiyası ilə yanaşı psixologiyasını da nəzərə almalısan. Bu baxımdan oğlanlarla qızlar varlıq olaraq bir-birlərindən tamamilə fərqli yaradılmışlar! Bu fərqi aşağıdakından ibarətdir: Qızlarda yetkinlik yaşı təqribən doqquz yaşda, oğlanlarda on dörd yaşda olur. Bu o deməkdir ki, qızlar oğlanlardan həyata beş il əvvəl göz açır, onların fiziologiyası ilə bərabər hiss və duyğuları da beş il əvvəldən rəndələnməyə, yonulmağa, formalaşmağa başlayır. Onun əşya  və hadisələrə baxışı bambaşqa olur. Oğlanlar isə hələ beş il sonra bu hiss və duyğu dünyasına gəlib çıxacaqlar. Qızlarda növbəti dəyişiklik 14-15 yaşında, oğlanlarda isə 19-20 yaşlarında baş verir. Bundan başqa, axı cəmiyyətdə kişi və qadın cinsinin hərəsinin öz yeri, öz vəzifəsi vardır. Sən bu iki bir-birindən fərqli cinsə eyni tələblə yanaşa bilərsən? İndi özünüz deyin, bu qədər fərqli varlıqları bir yerə cəm edib onlardan istənilən eyni nəticəni almaq mümkündürmü?

– Dediyinizdən belə çıxır ki, məktəblər qız-oğlan olaraq bölünməlidir?

– Əgər biz demokratik cəmiyyətdə yaşayırıqsa, o zaman insanların seçim haqlarına hörmətlə yanaşmalıyıq. Qoy hər cür məktəb olsun, istəyən qarışıq məktəblərdə, istəməyən ayrı məktəblərdə oxutsun. Axı biz yuxarıda dediyim psixoloji amillər bir yana, insanlara vicdan azadlığı da vermişik!

– Sizin fikrinizcə, biz məktəbi yenidən qurmalıyıq? Qorxmursunuz ki, sizi geriçilikdə ittiham edərlər?

– Xeyir, mən qətiyyən bu fikirdə deyiləm və bu fikirlərimi ən yüksək tribunalardan elan etmişəm. Mən dünyanın qabaqcıl ölkələri bu gün həmin o geriyə qayıtmaq məsələsini gündəmə gətirirəm. Artıq Avropada, ümumən Qərbdə qızlarla oğlanları ayırmaq üçün addımlar atılır və bu da öz müsbət nəticəsini verir. Əminəm ki, çox keçməyəcək, dünya məktəbə baxışda özünün səhvini düzəldəcəkdir.

İnsan yetişdirməkdə metodlar, tətbiq edilən vasitə və vəsaitlər dəyişməlidir, buna şübhə yoxdur, amma insanı insan olaraq dəyişmək, onun xüsusiyyətlərinin üzərindən qələm çəkmək, bu tamamilə başqa şeydir.

Yaxşı xatırlayıram, rəhmətli Lidiya xanım Rəsulova Naxçıvana gəlib həmin o qız məktəbini, türk məktəbini gəzəndən sonra Bakıda bir iclasda təklif verdi ki, tədricən qızlarla oğlanları ayıraq. Fikrini də Avropa təcrübəsi ilə əsaslandırdı, amma elə bir etirazla qarşılaşdı ki!

Nə isə, bunlar bir gün olacaqmı, olmayacaqmı, bilmirəm, amma Heydər bəy, bilirsiniz adamın ürəyini ağrıdan nədir?

– Nədir, Nazim müəllim?

– Bizim məktəblərdə tərbiyə sürətlə silinib gedir. İnsanı ikiqanadlı quş kimi təsəvvür etsək, onun bir qanadı elm, digər qanadı tərbiyədir. Amma bu gün bizdə bu ikinci qanadı – tərbiyəni qırırlar. Məktəbdə artıq tərbiyədən söhbət getmir, olsa-olsa sosial fəaliyyətdən bəhs edilir ki, bu da tərbiyəyə xidmət etsə, dərd yarıdır, əksinə, uşağa sərhədsiz azadlıq verməyə xidmət edir ki, bunun da nəticəsi yuxarıda şərh etdiyim Qərbin gəldiyi tragediyadır. Nə üçün biz öz övladımızın qatilinə çevrilirik, bunu anlaya bilmirəm.

Çox istərdim ki, açıq, şəffaf bir diaqnostika aparıla, bizdə, məktəbyaşlılar və müəllimlər arasında siqaret, içki və narkotik maddələr qəbul edənlərin, azyaşlılar arasında cinsi münasibətdə olanların sayı və faizi elan edilə, mənzərəni tam olaraq görə bilək.

– Demək istəyirsiniz ki, biz Avropaya inteqrasiyadan uzaqlaşmalı, bir növ öz qınımıza çəkilməliyik? Bu barədə ciddisinizmi?

– Xeyir, elə demək istəmirəm. Biz elmi-texniki tərəqqidə Avropadan geridəyik və bunu etiraf edirik. Lakin insan yetişdirmək, insana münasibət, ailə, cəmiyyət məsələlərində biz sovet dövründə tökülüb dağılmağımıza baxmayaraq, bu gün yenə də onlardan çox irəlidəyik.

Biz bu günkü Qərb təhsilinin necə bir çöküntü içərisində olduğunu görmürük və ya görmək istəmirik, zorla onlar kimi olmağa çalışırıq. Qərbdə məktəb əxlaqdan məhrum olub. Vəziyyət o yerə çatıb ki, məktəblərdə terror hadisəsi olmasın, deyə dəhlizlərdə polislərin keçik çəkdiyi məktəblər var. Məktəblərdə narkotikin, üzr istəyirəm, prezervativin satıldığı ölkələr var. Bizdə isə buna azadlıq, demokratiya deyirlər və bizim məktəblərin də bu günə salınması üçün çalışanlar az deyil.

Bilirsiniz, biz qranit kimi mönkəm bir əxlaq üzərində qurulmuş təhsil sistemin məhsuluyuq. Bu sözlərim sovet təhsil sisteminə aid deyildir, daha qədim keçmişimizə aiddir. Amma indi liberal, eqoist, MƏN üzərində qurulan bir sistemə aşiq rolunu oynayırıq və klassik ədəbiyyatımızın dili ilə desək, aşiqin işinin ahü-fəğan olduğunu unuduruq.

Avropa Şərqin dəyərlərini kəşf etmiş, onlara sahib olmağın yollarını araşdırır. Biz onların xarabalığına aludə olmuş, o xarabanı Azərbaycana gətirmək üçün dəridən-qabıqdan çıxırıq. Demək istədiyim budur. Biz elm və texnologiyanı Avropadan gətirməli, əvəzində bizim dəyərlərimizi onlara tanıtmalıyıq. Amma bu bir xoş xəyaldan başqa bir şey deyildir.

Bu məsələdə ali məktəblərin təsiri böyükdür. Ən çox dəyişməsi gərək olan, məncə, ali pedaqoji məktəblərdir. Bu isə bambaşqa müzakirə tələb edir.

– Ali məktəb demişkən, başqa bir problem barədə də soruşmaq istəyirəm. Bu günkü ali məktəb tələbələri fərqli alt bazalardan ibarətdir və bu fərqlilik getdikcə artır. Bu fərqlilik gələcəkdə onlar arasında ünsiyyət probleminə yol aça bilərmi?

– Bu problem biz indidən yaşayırıq. Harada yaşayırıq? Məktəbdə… Bu gün özəl məktəblərdə təhsil alanlarla dövlət məktəblərində təhsil alanlar arasındakı ünsiyyət uçurumunun olduğunu görməməzlikdən gəlirik. Hətta özəl məktəblərin xüsusi çəkisinin artırılması ilə bu ünsiyyət problemini həll edəcəyimizi düşünürük. Amma bu günkü mənzərə bunun tam əksini sübut edir. Bizdə, cəmiyyətdə, cəmiyyət üzvləri arasında ünsiyyət problemi hər gün daha da dərinləşir, bu tərəfdəkilər o biri tərəfdəkilərdən daha uzaqlaşır.

Qəribədir ki, yuxarıda da toxunduğum kimi, biz hələ də XIX əsr xalqçıları, maarifçiləri kimi cəmiyyətdə elit təbəqə formalaşdırmaqla problem həll edəcəyimizə inanırıq. Bir bu günün mənzərəsinə baxın. XX əsrin başındakı Azərbaycanla fərqimiz nədir? Maddi imkanı olan təbəqənin övladları daha yaxşı təhsil alır, rus dili ana dilini sıxışdırıb aradan çıxarır, Avropada, Qərbdə təhsil alanlar bundan məhrum olanlara yuxarıdan aşağı baxır və sair və ilaxır. Amma unuduruq ki, təhsil sisteminin mövcud səviyyəsi cəmiyyətdə radikal təbəqələşməni, o da öz növbəsində cəmiyyət üzvlərini bir-biri ilə ayıran dərin uçurumlar doğrur və bu uçurumun qarşı tərəfində dayananlar bir-birlərinə sevgi ilə, qayğı ilə yox, qibtə və həsədlə, onun törəmələri olan  kin və nifrətlə baxırlar ki, bunun da son nəticəsi qarşıdurmadır. Amma bu uzaqlıq şərtidir, bir neçə ildən sonra “elitlər” ilə “çuşkalar”ın üz-üzə gələcəyi və bir-birlərinə nifrətlə baxacağı gün uzaqda deyildir. Bu gün onun rüşeyimlərini görürük, amma hələlik meyvəsini görmədiyimiz üçün narahat deyilik. Məgər XX əsrdə sosialist inqilabını doğuran və hərəkətə gətirən mexanizm XIX əsrdə əkilən toxumların bu cücərtiləri olmadımı?

– Yeri gəlmişkən, iyirmi ildən artıq çalışdığınız Türk litseyləri vaxtılə ölkənin ən reytinqli təhsil ocaqları kimi tanınır, istər-istəməz istedadlı uşaqları da özünə cəlb edirdi. Hər bir millətin zəka potensialını isə həmin şagirdlər təşkil edir. İndisə həm zəka gücü yüksək olan, həm də yaxşı yetişdirilmiş həmin uşaqların belində bir “damğa” mövcuddur-FETÖ-çü olmaq. Bu “damğa” gələcəkdə onların yüksəlişinin də önünü kəsə bilər. Sizcə, kimə gəldi yapışdırılan bu ittihamlar da elə cəmiyyətimizin say-seçmə övladlarının mənən zərərsizləşdirilməsinə xidmət etmirmi? Sizi istəməyənlər kimlərdir?

– Bu barədə danışmaq deyil, düşünmək belə çox ağırdır. Bilirsiniz, Heydər bəy, bu məktəblər havada, dənizin altında, gizli, qapalı bir yerdə fəaliyyət göstərmirdi. İyirmi iki il bir ölkədə fəaliyyət göstərən bu məktəblərin fəaliyyəti kifayət qədər şəffaf idi. Hər gün bu məktəbləri onlarla adam ziyarət edirdi, ildə bir-iki dəfə ictimaiyyətə onların fəaliyyəti barədə hesabat verilirdi. Ən başlıcası, bu məktəblərlə sıx bağlı on minlərlə, bəlkə, yüz minlərlə adam vardı. Bir də Azərbaycan müstəqil dövlət olaraq hər hansı bir fəaliyyəti izləmək, öyrənmək imkanlarına malikdir və heç şübhəsiz, türk liseyləri də nəzarətdən kənarda deyildi.

Ən əsası, bu məktəbləri Heydər Əliyev kimi bir dahi siyasi xadim, kəşfiyyatı və Yaxın Şərqi ovcunun içi kimi bilən bir adam açmışdı. Onun başının üstündən bu məktəbləri casusluqda, terrorçuluqda, nə bilim, daha nə qədər ağlasığmaz şeylərdə ittiham etmək, ən az onun ruhuna hörmətsizlik idi. Amma bəzi mətbuat orqanları bu sayqısızlığı kimlərinsə himayədarlığı ilə etdi. Etdi və itirən kim oldu, bunu yaxın gələcəkdə görəcəyik. Hətta görməyə başlamışıq. Ən yaxşısı, buna qiymət verməyi gələcək nəsillərə həvalə edək. Qoy onlar buna qiymət versinlər.

O ki qaldı FETÖ deyilən o mücərrəd, hələlik dünyanın bir çox ölkəsinin qəbul etmədiyi iddiaya, bunun qərarını fərdlər, mətbuat və yaxud icra orqanları verə bilməz. Doğrudanmı belə bir təşkilat vardır, ya yoxdur, buna məhkəmə qərar verməlidir.

Yenə bir misal çəkəcəyəm: Napoleona təklif edirlər ki, qazandığı qələbələri gələcək nəsllərə xatırladacaq Zəfər Tağı tiksinlər. Napoleon onlara belə cavab verir: “Qoy bunu gələcək nəsillərə saxlayaq. Lazım olsa, onlar bunu edəcəklər.” Bildiyimiz kimi, bu gün Parisin simvollarından biri “Zəfər tağı”dır.

Mən də baş verən hadisələri gələcək nəsillərə buraxmağın tərəfdarıyam. Qoy, onlar buna qiymət versinlər. Heydər Əliyev demişkən, tarix hər şeyi öz yerinə qoyur. Bir az geri dönüb baxsaq, buna misal olacaq o qədər hadisə ilə qarşılaşacağıq ki!

Məni istəməyənlərin kimlər olduğuna gəlincə, bunu deməyə çətinlik çəkirəm. Bu subyektiv məsələdir. Hər bir adamı istəyənlər və istəməyənlər var. Əxlaqsız olan əxlaqlı olanı istəmir. Savadsız olan savadlını sevmir. Oğru doğrunu görmək istəmir. Xain sadiqə nifrət edər. Siyahını çox uzatmaq olar. Mən bunlardan hansına aidəm, bunu Allah bilir.

Mən məni ittiham edənlərə cavab versəm, o biri tərəfdə Allah bəlkə “Ey qulum, sən mənim soruşacağıma inanmamısan, mənim əvəzimə soruşmusan,” – deyər, onlardan bu əməllərini soruşmaz. Mən bu sorğu-sualı Ona həvalə edirəm.

– Bir zamanlar Azərbaycanın təhsil sistemində öz uğurları ilə seçilən Türk litseylərinin bağlanması gələcəyimizin intellektual səviyyəsinə neçə təsir göstərə bilər?

– Mənim təhsil həyatımın iyimi ildən çoxu bu liseylərlə bağlı olub. Bu liseylərin bizim adət etdiyimiz, vərdiş etdiyimiz, alışdığımız məktəblərdən bir fərqi var idi – burada tərbiyə öndə, tədris ondan arxada idi. Yəni tədris işi tərbiyədən asılı idi və əsas məsələ də bunda idi. Bu məktəblərdə ideya nədən ibarət idi, bilirsinizmi? İdeya, bu günkü təbirlə missiya bundan ibarət idi: əxlaqsız adam elmli ola bilər, amma əxlaqlı adam elmsiz ola bilməz. Buna görə də əsas ağırlıq tərbiyəyə verilirdi və nəticə də hamıya məlum idi. Bu məktəblərin məzunları savadlı olurdu, amma savadın təməlində əxlaq dayanırdı. Mən sizə yüzlərlə yüksək ali təhsilli, elmi dərəcəli adam sayaram ki, əxlaqi baxımdan yaramazdır, naqisdir. Belələrinin savadından onun özündən başqa heç kəs xeyir görməz, əksinə hər kəs, xalq da, dövlət də zərər görər. O zaman bir el misalında deyildiyi kimi, “Neyləyim o qızıl teşti ki, içinə qan qusacağam?”

Türkiyənin özündə də təhsil sistemi bu deyildi. İndi sualınıza qayıdıram. Əxlaqlı intellektlə əxlaqdan kasıb intellekt arasındakı səviyyə fərqi nədirsə, gələcəyimizin intellekt səviyyəsi də ona uyğun olacaqdır. Bilmirəm, əxlaqdan kasıb olan birinə intellekt demək olarmı?

– Həmin təhsil ocaqlarının bir daha bərpa ediləcəyinə ümid edirsinizmi?

– Mən təhsil ocaqlarının bərpa edilməsini istəyirəm, amma buna ümid etmirəm. Axan suya ikinci dəfə girmək mümkün deyildir. Əgər çox istəyiriksə, ən əvvəl o suyun axmasının qarşısını almaq lazımdır.

 

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 005          Tarix: 2-05-2017, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma