Xəbər lenti

 

Ağciyər İnstitutundan redaksiyamıza edilən şikayətlərlə əlaqədar bizdə yaranmış suallarla bağlı Səhiyyə Nazirliyinə bir neçə sual ünvanlamışdıq. Bunun səbəbi sözügedən xəstəxanın nazirliyin icazəsi olmadan heç bir suala cavab verməməsi ilə əlaqədar idi. Biz də səhiyyə sistemimizdəki bu daxili qaydaları nəzərə alıb nazirliyə müraciət etmişdik.

Səhiyyə Nazirliyindən isə bizə cavab əvəzinə link göndərildi-Virtualaz.info saytında çıxan “Аğсiyər İnstitutunda nə baş verir?” sərlövhəli yazının linkini.

(http://virtualaz.org/olke/111653)

Doğrusu, bir sayt olaraq digər mətbu orqanlarda dərc olunan yazıları oxucularımızın diqqətinə çatdırmaqda heç bir qüsur görmürük və əksər zamanlarda bunu edirik də. Əsas məqsəd cəmiyyəti maarifləndirməkdirsə, yazının harada çıxmasının məsələyə az dəxli var.

Bununla belə, həmin yazıda bizim sualların tam əhatəli şəkildə əks olunmadığını gördük. Biz də məcburən əlimizdəki şikayət məktublarından yaranan həmin suallarla yanaşı, verilən cavabları da dərc etmək qərarına gəldik. Suallarımıza nə qədər cavab aldığımıza buyurub Oxucular qərar versin:

Sual məktubumuz:

“Hörmətli Səhiyyə Nazirliyi!

Redaksiyamıza Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu barədə çoxsaylı şikayət məktubları daxil olub. Şikayətçilər son 10 ay ərzində institutdakı vəzifələrindən kənarlaşdırılan həkimlərdir.

Onların məktublarında qələmə aldıqları bəzi məqamlarla bağlı Nazirliyin mövqeyini öyrənmək istərdik. Zəhmət olmasa, aşağıdakı suallara cavab vermənizi xahiş edirik.

-Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ümumiyyətlə nə baş verir? Bizə verilən məlumata görə, son 10 ayda xeyli həkim işdən çıxarılıb, bir çoxlarına da töhmət verilib. Məlumat nə qədər əsaslıdır və həkimlər niyə cəzalandırılıblar?

-Şikayətçilərin bildirdiyinə görə, cəzalandırılanların hamısı 30-40 yaşları arasında gənclərdir. Gənclərə qarşı bu münasibət nə ilə əsaslandırıla bilər?

-İnstitutda antisanitariya mühitinin yaxşı olmadığı barədə məlumatlar var. Sağlam adamlarla xəstələr eyni otaqlarda müayinə olunurlarmış. Hətta bu səbəbdən 5 rezident həkimin vərəmə yoluxduğu iddia edilir. Məlumat doğrudurmu?

-Əsgərliyə çağırılan gənclərin də eyni qaydada müayinə edildiyi barədə iddialar var. Ordunun təhlükəsizliyi doğrudanmı risk altındadır?

-Diqqətimizi çəkən məqamlardan biri işdən azad edilənlərin əksəriyyəti cərrahiyyə ilə bağlı şəxslərdir. Aralarında cərrahlar və anestezioloq-reanimatoloqlar üstünlük təşkil edir. Ağciyər İnstitutu cərrahisizləşdirilirmi?

-Həkimlərin fəaliyyətini yoxlayan komissiya heyətinin heç birinin ftiziatr olmadığı bildirilir. Başqa sahə mütəxəssislərinin kiminsə peşə bacarığına qiymət verməsi nə dərəcədə doğrudur?

-Bu cür mənfi tendensiyaların qarşısını almaq üçün Səhiyyə Nazirliyi hansı tədbirləri görür?

Hörmətlə, Ovqat.com-un Baş redaktoru Heydər Oğuz”

Cavab linkindəkilər:

Аğсiyər İnstitutunda nə baş verir?

 Son günlərin ən çox müzakirə olunan mövzulardan biri də xalq arasında “vərəm xəstəxanası” kimi tanınan Elmi-Tədqiqat Аğсiyər Xəstəlikləri İnstitutunda bir qrup həkimin işdən uzaqlaşdırılmasıdır. Sosial şəbəkələrdə, saytlarda institutun direktoru Həqiqət Qədirovanın keçirdiyi iclasda baş verən qalmaqalın görüntüləri yayılıb. Həmin videoda həkimlər Xatirə Əliyeva, Arif Qurbanov və Səbinə Məmmədova direktorun qərarlarına qarşı çıxır, hətta Səbinə Məmmədova etiraz etməyən həkimləri ittiham edir və həmkarlarını “qoyun” adlandırır. İttihamlardan biri də Həqiqət Qədirovanın direktor təyin edildiyi vaxtdan keçən 11 ay ərzində xəstələrin sayının kəskin azalması, illərdir şöbə müdiri işləmiş mütəxəssislərin işdən çıxarılması ilə bağlıdır.

Virtualaz.org saytı xatırladır ki, qalmaqaldan bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında vərəmlə mübarizə sahəsində görülən işlər müsbət qiymətləndirilmişdi. İlkin vərəm xəstələrinin, eləcə də vərəmdən ölüm hallarının azaldığı bildirilmişdi.

Saytın əməkdaşları baş verənləri araşdırmaq məqsədilə institutda olub, həkimlərin fikirlərini öyrəniblər.

Vərəm xəstəsi imtahana buraxılıb

Direktor Həqiqət Qədirova deyir ki, yalnız uşaq vərəmi şöbəsinin həkimi Səbinə Məmmədova işdən kənarlaşdırılıb. Çünki Məmmədovaya yol verdiyi nöqsanlara görə bir neçə dəfə xəbərdarlıq edilib. Onların biri də vərəm xəstəsi olan tələbəyə saxta arayış verilməsidir. Tələbənin imtahanda iştirak etməsinə şərait yaratmaq məqsədilə arayışda onun vərəm xəstəsi olmadığı qeyd edilib. Beləliklə də, digər tələbələrin və müəllimlərin yoluxma təhlükəsi yaranıb. Bundan sonra Məmmədova işdən kənarlaşdırılıb.

İnstitutun anesteziologiya-reanimatologiya şöbəsinin həkimi Vüqar Səfərovun da işdən kənarlaşdırılması nəzərdə tutulubmuş. Lakin Səfərov xəstəlik vərəqəsi açdığına görə onun haqqında əmr verilməyib. Qədirova deyir ki, V.Səfərov nazirliyin əmrinə zidd olaraq dəfələrlə vərəm xəstələrini rəsmi qeydiyyata almadan qeyri-qanuni müalicə edib. Nəticədə, xəstələrin vəziyyəti pisləşib, hətta ölüm halı olub. Bundan əlavə, iki həkimə töhmət verilib.

Narazılığa səbəb nə olub?

Ölkədə vərəmlə mübarizə sahəsində görülən işlərə nəzarətedici orqan bu institutudur. Direktorun sözlərinə görə, institutda müəyyən nöqsanlar olub və nazirlik tərəfindən həmin nöqsanların aradan qaldırıması tapşırılıb. “Məsələn, infeksion nəzarət deyilən qaydalar var, yəni xəstələrin, tibbi persionalın, bura gələn insanların bir-birindən yoluxmaması üçün müəyyən qaydalara riayət edilməlidir. Təəssüf ki, bəzən buna əməl edilmirdi. Məsələn, mikrob ifraz edən xəstə mikrob ifraz etməyən xəstə ilə, yaxud yeni vərəmə tutulan xəstə ilə xroniki xəstə eyni palatada yerləşdirilirdi ki, bu, mövcud qaydalara ziddir”, - Həqiqət Qədirova deyir.

Vərəm sahəsində ən böyük problemlərindən biri - çoxsaylı dərmanlara davamlı vərəm və genişsaylı dərmanlara davamlı vərəm xəstələridir. Direktor qeyd edir ki, bu, vərəmin daha ağır formasıdır, bu zaman bakteriya vərəm əleyhinə istifadə edilən dərmanlara davamlıdır. Belə xəstələrin müalicəsi başqa dərmanlarla, başqa sxemlərlə aparılmalıdır: “Həssas xəstələr 4 dərmanla 6 ay ərzində müalicə olunurlar. Burda isə müalicə fərqlidir. Əgər mikrob 4 dərman preparatının artıq 2-nə qarşı davamlıdırsa, həmin dərmanı istifadə edə bilmərik. Bunları bilə-bilə həmin dərmanları xəstəyə təyin etmək ən azı səhvdir, ən çoxu isə cinayətdir. Bu məsələdə Səhiyyə Nazirliyi sərt mövqe tutub. Dəfələrlə deyilənlərə baxmayaraq, səhv diaqnoz, yanlış müalicə aparan bəzi həkimlərə qarşı inzibati tədbirlər görülməlidir”.

Həmin şikayətçilər...

Səhiyyə Nazirliyinin əmri ilə vərəm xəstələri mütləq qeydiyyata alınmalıdır. Bu, başqasını yoluxdurmaq üçün qabaqlayıcı tədbirlərdən biridir. Vərəmin müalicəsi üçün təyin edilən dərmanlar satışda yoxdur, yalnız qeydiyyatda olan xəstələrə vərəm əleyhinə dərmanlar pulsuz verilir. Lakin şikayətçi olan bəzi həkimlər xəstələrin etibarından sui-istifadə edirlər, onları qeydiyyatdan kənar saxlayıb müalicə edirlər. Xəstələr rəsmi qeydiyyata alınmadığından, hərtərəfli müayinə də aparılmır. “Ən azından, vərəm əleyhinə 2 əsas dərmana davamlılığın olub-olmadığını yoxlamayıblar. Xəstələrə lazım oldu-olmadı dərmanlar təyin edilib. Nəticədə, xəstənin vəziyyətinin ağırlaşması baş verir”.

Həkimlər də təsdiqləyirlər ki, Səfərov anestezioloq olduğu halda vərəmli xəstələrə dərman təyin edib. “Səfərov ftiziatr deyil, amma xəstə qəbul edib, müalicə yazırdı”, - həkimlərdən biri açıqlayır.

“Xəstələrin etibarından sui-istifadə edən həkimlərə qarşı nazirlik həmişə sərt mövqedədir. Belə həkimlərlə mübarizə apardığımıza görə, onlar sosial şəbəkələrdə yanlış məlumatlar yayırlar, hətta böhtan atmaqdan çəkinmirlər”, - bunu isə Qədirova deyir və əlavə edir ki, qeydiyyatsız xəstə həm də yoluxma mənbəyidir, ilk növbədə onunla birgə yaşayanlar, işləyənlər təhlükədə olurlar.

İnstitutda yatan xəstələrin sayı niyə kəskin azaldı...

İttihamlardan biri də direktorun təyinatından sonra xəstəxanada müalicə alan xəstələrin sayının kəskin azalmasıdır. Qədirova deyir ki, nazirlik çoxsaylı dərmanlara davamlı vərəm və genişsaylı dərmanlara davamlı vərəm xəstələri üçün infeksion nəzarət qaydalarına uyğun xüsusi xəstəxanalar ayırıb. Zığ, Türkan və Mərdəkan qəsəbələrində yerləşən 6, 8 və 9 saylı xəstəxanalar tam təmirlidir, ən son texnologiya, tibbi avadanlıqlarla təmin olunub. “Bu xəstələr əvvəllər institutda müalicə olunurdu. Biz həmin xəstələri xüsusi xəstəxanalara köçürdük. Hazırda institutda yatan xəstələr həssas vərəmə tutulanlardır. Həssas ilkin və ya təkrar vərəm xəstələri 6 aya tam müalicə olunurlarsa, digərləri 20, bəzən 24 aya qədər ciddi rejimdə müalicə olunmalıdırlar. Bundan başqa, mikrob ifraz edən xəstələrlə mikrob ifraz etməyən xəstələri ayrı-ayrı şöbələrə yerləşdirdik”.

Direktor əlavə edir ki, vərəm müalicə olunan xəstəlikdir. Hətta hazırda dünyada vərəmin birdəfəlik ləğvi ilə bağlı tədbirlərə başlanılıb. Azərbaycan da bu tədbirlərə qoşulub: “Əhalinin hər 100 min nəfərinə xəstələnmə faizi 47,9-dan 38,9-a düşüb. Yeni vərəm xəstələrinin qeydiyyata alınmasında, vərəmdən ölüm hallarında azalma var. Səhiyyə Nazirliyinin məqsədi vərəmin tamamilə azalmasına nail olmaqdır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri hər il Azərbaycanın vərəmlə mübarizə sahəsində gördüyü işləri qiymətləndirir. Ekspertlər ötən ilin ortasında vərəmlə mübarizə sahəsində aparılan işləri yüksək qiymətləndiriblər. İndi institutda xüsusi qrup yaradılıb, ÜST-nın tövsiyələri araşdırılır, protokollarla bağlı tədbirlər aparılır.

Vərəmin ölkədə vəziyyətinə gəldikdə, bu xəstəliyə yoluxanların əksəriyyəti 25-44 yaşlılardır. Əvvəllər vərəm kasıb xəstəliyi kimi tanınsa da, son illər status dəyişilib. Hazırda mikrob daha çox miqrasiya nəticəsində yayılır. Rusiya, Ukrayna və bir neçə qonşu ölkələrdə vərəmə yoluxma çoxdur.

 

“İclasdakı qalmaqal əvvəlcədən planlaşdırılmışdı”

İnternetdə yayılan görüntülərdə direktorun laboratoriya həkiminin xalatına irad bildirməsi də əksini tapıb. Həkimlər deyirlər ki, həmin qalmaqal məqsədli şəkildə təşkil edilib - məqsəd iclasda dava salmaq, sonra da rəhbərliyi idarəçilikdə günahlandırmaq olub. “Tibbi heyətin özünün mikrobdan qorunması üçün qaydalar var. Həmin həkim uzunqol köynəyin üstündən qolu qısa xalat geyib, papaq və respirator taxmayıb. Bir neçə dəfə həmin həkimə xəbərdarlıq etdim, dedim ki, nəzərə alın, ən azı mikrobu evinizə aparırsınız. Axı həkim bilməlidir ki, xalat geyməli, saçını toplamalı, papaq qoymalıdır, respiratordan istifadə etməlidir”, - direktor söyləyir.

İnstitutun baş həkimi İman Rzayev isə deyir ki, şikayətçi həkimlərlə ayrı-ayrılıqda söhbət edib. “Vərəm xəstəliyinə yoluxan tələbəyə saxta arayış verib ki, guya onda vərəm deyil, pnevmoniya olub. Rektor isə zəng vurub etirazını bildirib. Həmin o vərəmli tələbə digər tələbələri də yoluxdura bilərdi. Buna görə də həmin xanım şöbə müdiri vəzifəsindən kənarlaşdırıldı”.

Həkimlər etiraf edirlər ki, son bir ilə qədər bəziləri işə vaxtında gəlmirdi. Rentgen şöbəsinin müdiri Qiymət Mürsəlova deyir ki, yeni direktor qeydiyyatsız, xəstəlik kartları açılmayan şəxslərin müayinədən keçirilməməsini tapşırıb: “Biz də həmin qaydalara riayət etməliyik, çünki əslində belə də olmalıdır. Bütün şöbələr tək-tək yoxlanılıb, nöqsanlara yol verənlərə xəbərdarlıq edilib. Bəziləri bundan ibrət götürüb, bəziləri isə narazılıq edir”.

Həkim Vasif Abdullayev bildirir ki, baş verən hadisə onları qəzəbləndrib. “İllərdir bu institutda çalışıram. Doğrudan da, son vaxtlar nizam-intizamda çatışmazlıqlar yaranmışdı, işə gecikmələr olurdu. Bu nöqsanların aradan qaldırılması bir neçə nəfərə sərf etmədi. İclasda heç kim etiraz etmədi, hətta “qoyun” sözünə reaksiya verən olmadı. Çünki məqsəd həkimləri təxribata cəlb etmək olub”. Cərrahiyyə şöbəsinin müdiri İlqar Məmmədov da həmkarlarının dediklərini təsdiqləyir: “İclasda baş verənlər əvvəlcədən planlaşdırılıb, çəkilişə hazırlaşıblar. Çəkiliş lazım olan nöqtədən aparılıb, məqsəd iclası bazara döndərmək idi”.

Baş tibb bacısı söyləyir ki, Cəmil və Vüqar həkim növbə vaxtı işdə olmurdular, Vüqar həkim işə sərxoş vəziyyətdə gəlmişdi.

Xatirə Əliyevanın çıxışı da həkimləri narazı salıb. “Bütün institut bilirdi ki, Əliyeva keçən ilin iyun ayında həkimlərin sertifikasıya imtahanında 0 bal toplamışdı. Nazirliyin qərarı ilə imtahandan kəsilən həkim 6 ay müddətində praktiki işindən kənarlaşdırılır, kursa gedib, yenidən imtahan verir”, - həkimlərdən biri danışır. Direktor isə əlavə edir ki, nazirliyin qərarı ilə Xatirə Əliyevanın işdən müvəqqəti kənarlaşdırılmasından sonra USM müayinəsinə mütəxəssis tapmaq çətin olub. Çünki heç kim onun yerində işləmək istəməyib. “Şüa diaqnostika şöbəsinin həkimləri dedilər ki, biz Əliyevanın yerində işləyə bilmirik, çünki ondan çəkinirik. Lakin xəstələri müayinəsiz qoymaq olmaz. Biz də kurs keçib, sertifikat alıb, USM edən digər həkimə tapşırdıq. Əliyeva təkrar imtahan verdi, bal toplayandan sonra işə qayıtdı. Amma iclasdan sonra 6 ay onu əvəzləyən həkimin üstünə hücum çəkib, təhqir edib. Bu faktı aktlaşdırmışıq”.

Həkimlərdən biri deyir ki, uzun illərdir bu institutda çalışır. İclasda səsləndirilən “qoyun” kəlməsinə görə özünü təhqir olunmuş sayır. “Hər şey bir anda baş verdi. Uzun illər bizimlə işləmiş həkimin hər kəsi “qoyun” adlandırılması doğru deyil. Buna görə onların cəzalandırılmasını tələb edirik”.

Həkimlər onu da əlavə edirlər ki, rəhbərliyin ünvanına məcburi təmirlə bağlı iddialar böhtandır: “Son 1 ilə qədər xəstəxanada su məhdudiyyətlə verilib. Bəzən əl yumağa belə su tapılmırdı. Bu barədə institutun keçmiş rəhbərliyi xəbərdar olub. Amma indi şəbələrdə su çənləri quraşdırılıb və problem aradan qaldırılıb. İnstitutun sanitar qovşaqları nazirliyin köməyi ilə təmir olunub”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi bütün ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sistemi tətbiq olunmasına qərar verib və bu barədə bütün tibb müəssisələrinə xəbərdarlıq olunub.

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org 




Ana səhifəyə qayıt        Baxış: 1 723          Tarix: 26-01-2018, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma