Xəbər lenti

 

ABŞ əsgərlərinin Türkiyənin Afrindən sonrakı hədəf olaraq göstərdiyi Menbicdən çəkilmə planı yoxdur.

Ovqat.com xəbər verir ki, bu məlumatı Pentaqon Sözçüsü Erik Pahon Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

Sözçü, jurnalistin “Türkiyə Menbic əməliyyatına başlayacağı təqdirdə ABŞ-ın mövqeyi nə olacaq” sualına belə cavab verib:

-Türklərin Afrindən Menbicə keçməyəcəyinə ümid edirik. Bu məsələdən həqiqətən narahatıq. Bunun İŞİD ilə mübarizəni relsdən çıxartma potensialı var və indiyə qədər ortaya qoyduğumuz fəaliyyətdən diqqəti yayındıra bilər. Türkiyənin terrorizm və sərhədlərindəki terror qrupları məsələsində ciddi qayğılarının olduğunu anlayırıq. Türkiyə ilə əlimizdən gəldiyi qədər birlikdə çalışırıq, ancaq bu əməliyyat (Zeytun budağı) İŞİD-ə qarşı nailiyyətlərimizin bir hissəsini itirməyimizə səbəb olacaq potensial daşıyır.

 -Türkiyənin əməliyyatı Menbici əhatə edəcək şəkildə genişləndirmək ehtimalını nə qədər yüksək görürsünüz?

-Hazırda bunun olmaması və gərginliyin azaldılması üçün Türkiyə ilə danışıqlarımız davam edir.

-CENTCOM Komandanı Votel, Menbicdən çıxma niyyətiniz olmadığını açıqlayıb. Bu qətiyyət davam edirmı?

 -Bu, hal-hazırda planlaşdırdığımız bir şey deyil.

 -Türk və ABŞ əsgərləri arasında qarşıdurma riski varmı? SDG, ya da Menbic Şurası təcavüzə məruz qalarsa, ABŞ onları müdafiə edərmı?

-Türkiyə bir NATO müttəfiqidir və 1950-ci illərin ortasından bəri münasibətlərimizdə hər hansı bir toqquşma hadisəsi yoxdur. Bunun eynilə davam etməsini arzu edirik. Hökumətlərimiz bunun olmaması üçün ən yüksək səviyyədə təmasdadırlar.

 -Afrində Öcalan şəkilləri gördük. Raqqanın İŞİD-dən azad edilməsinin ardından da bənzər görüntülər yaşandı. Belə vəziyyətlərdə tərəfdaşlarınıza nə deyirsiniz?

 -PKK ABŞ üçün xarici bir terror təşkilatıdır. Nə PKK-nı, nə də bənzər terror təşkilatlarını dəstəkləyirik. Bizim müttəfiqlərimiz təhlükəsizlik yoxlamasından keçmiş Suriya müxalifətinin üzvləridir. Əgər bu qruplar İŞİD-dən başqa hədəfə yönəltməyə qərar versələr, - ki bu Türkiyə də ola bilər, rejim də ola bilər - dəstəkləri kəsilər.




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 6-02-2018, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma