Xəbər lenti

 

“Türkiyə gözünü İŞİD-dən ayırıb, PKK-nın ardınca düşüb. Biz Türkiyəni də, başqalarını da digər qruplarla deyil, İŞİD-lə mübarizəyə çağırırıq”.

Ovqat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bu gün Ağ evdə keçirdiyi mətbuat konfransında deyib.

O, Türkiyənin PKK ilə bağlı təhlükəsizlik qayğılarını anladığını və bunu hörmətlə qarşıladığı bildirərək, bir məsələyə aydınlıq gətirmək istəyib: “Bizim ABŞ olaraq Afrində heç bir hərbi qüvvəmiz yoxdur. O regionda baş verənlərin tərkib hissəsi deyilik. Biz Suriyanın şərqində İŞİD-lə döyüşmək üçün Suriya Demokratik Qüvvələri ilə birlikdə çalışırıq və buna davam edəcəyik”.

Xanım diplomat dövlət katibi Reks Tillersonun Suriyanın şimalında 39 km-lik təhlükəsizlik zolağı yaratmaq fikrinə də münasibətini bildirib:

“Cənab dövlət katibi görüşlərində bir çox varinatı müzakirə etdiklərini, ancaq özünün şəxsən hər hansı təklif vermədiyini deyib. Biz bu açıqlamanın arxasındayıq. Eyni zamanda prezident Trampın Türkiyəyə Afrin bölgəsində gərginliyin artırılmaması üçün etdiyi xəbərdarlığın da arxasındayıq. Dövlət katibi Tillerson keçirdiyi görüşlərdə NATO-dakı müttəfiqimiz olan Türkiyənin nəyə ehtiyacı olduğunu anlamağa çalışırdı. Eynilə kürdlərlə danışdığı kimi. O, bu gün də Nəçirvan Bərzani ilə görüşündə də bunu etmişdi. Bütün tərəflərlə danışaraq, kimin nəyə ehtiyacı olduğunu anlamaq istəyirik”.

Sözçü Türkiyənin Münbiçdə hərbi əməliyyat başlaması ehtimalına da münasibət bildirib:

“Türklərə qarşı bu mövzuda çox açıq olmuşuq. Həm dövlət katibimiz Tillerson şəxsi görüşlərində, həm də prezident Tramp, Ərdoğan ilə söhbətində Menbiçi əhatə edəcək gərginliyin yüksəlməsini istəmədiyimizi çox aydın şəkildə ifadə edib”.

Bəs, Türkiyə ABŞ-ın xəbərdarlığına qulaq asarmı? Heather Nauert qulaq asacağına ümid edir:

“Biz bu mesajları veririk və ümid edirik ki, NATO müttəfiqimiz və tərəfdaşımız Türkiyə bunlara qulaq asar. Qulaq asmasının lazım olduğunu düşünürük. Qulaq assalar, yaxşı olar. Bölgədəki gərginliyin yüksəlməsindən narahat olan yeganə ölkə biz deyilik. Suriyadakı sabitlik baxımından və İŞİD-lə mübarizə mərkəzinin başqa yönə çəkilməsindən narahat olan bir çox müttəfiq ölkə var”.

Bununla belə, O, Türkiyənin Menbiçə girməyəcəyi barədə ABŞ-a heç bir zəmanət vermədiyini də etiraf edib.




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 26-01-2018, 04:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma