Xəbər lenti

 

"Hazırda Suriya hökumətilə Rusiyanın vasitəçiliyində müzakirələr aparırıq, ancaq hələ də bir razılığa gəlmiş deyilik".

Ovqat.com xəbər verir ki, bu etirafı PYD lideri Saleh Müslim Almaniyanın DW televiziyasına açıqlamasında səsləndirib.

Dəməşqlə razılığa gələ bilməmələrini isə rejimin mürtəce mövqeyi ilə əsaslandıran Mülim deyib:

 "Suriya rejimilə razılığa gəlmək asan deyil. Çünki bizim üçün Türkiyənin müstəmləkəçi siyasəti ilə Suriyanın mürtəce mövqeləri arasında heç bir fərq yoxdur".

 PYD liderinin Moskvanın vasitəçilik missiyası barədə fikirlərni isə Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov təsdiqləməyib. Moskvada “Valday” polemika klubunda təşkil olunan Suriya müzakirələrində iştirak edən Boqdanov “Russia Today” tele-kanalına açıqlamasında PYD ilə Dəməşq arasındakı danışıqlarda Rusiyanın heç bir rol oynamadığını söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl kürd separatçıları ilə Dəməşq arasında Bəşər Əsədə bağlı güclərin Afrinə girməsi barədə məlumat yayılmışdı. Rusiya mediası tərəfindən yayılan məlumatda kürd separatçılarının Afrini Bəşər Əsəd qüvvələrinə ötürəcəkləri, özlərinin isə bölgəni tərk edəcəkləri açıqlanırdı. Daha sonra Livan mərkəzli media orqanları bu xəbəri bir qədər fərqli arqumentlərlə yaymışdı. Əl-Mayadin telekanalının bildirdiyinə görə, Suriya ordusu Afrinə nəzarəti tam ələ almaq üçün deyil, PYD-yə kömək etmək üçün bölgəyə gedir.

  

Ortalığı qarışdıran bu məlumatdan sonra dünən Suriyanın dövlət televiziyası da ordu birliklərinin bir neçə saat ərzində Afrinə girəcəklərini xəbər vermişdi. Bu xəbərdən az sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın rusiyalı həmkarıyla telefonla danışdığı məlum olmuşdu. Telefon danışığında Türkiyə prezidentinin Əsəd rejiminin bu addımı atacağı təqdirdə ağır bədəllərlə qarşılaşacağını həmsöhbətinin diqqətinə çatdırdığı bildirilirdi.

PYD liderinin bütün bu məlumatlardan sonra “DW” televiziyasına məlum açıqlaması həqiqətən də bu cür danışıqların getdiyini, amma tərəflərin son anda razılığa gəlmədiklərini göstərir. Görünür, Dəməşq həqiqətən də Afrinin onlara təhvil verilməsini separatçılar qarşısında şərt qoyub. Prinsip etibarilə bu təklif qəbul edilərdisə, Türkiyənin “Zeytun Budağı” əməliyyatının da əsas səbəbi ortadan qalxar və ara sakitləşərdi.

Nəzərə alsaq ki, PYD ABŞ-ın təsiri altındadır və öz dünya hegemoniyasını dənizlərə nəzarət prinsipi üzərində quran super güc Aralıq dənizinin şərqini tam ələ keçirmək, bunu isə Kürdüstan dövləti qurmaqla reallaşdırmaq istəyir, kürd separatçılarının problemin həllinə niyə məsafəli yanaşdıqlarının əsl səbəbi ortaya çıxır: görünür, “patron” icazə verməyib.

 

Eyni səbəb Suriya rejimi üçün də keçərlidir. Suriyanın şimalında Aralıq dənizinə çıxan “Kürdüstan” proyekti Rusiya Qara dəniz donanmasının Sivastopoldan Tartus limanına qədər uzanan marşrutunun qarşısını kəsəcəyindən, Moskva Afrinə nəzarəti separatçılara ötürmək istəməz. Bəşər Əsəd rejimi də Moskvadan gələn təlimatı yerinə yetirməlidir.




Ana səhifəyə qayıt        Baxış: 1 190          Tarix: 20-02-2018, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma